Məhkəmə qərarları › İş №e-2-2(113)-1778/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1778/2025

04.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1778/2025 04.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əşyaların geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh götürdüyü qızıl zinət əşyaları üzrə yaranmış 23.370 manat borcun və ya həmin qızıl zinət əşyalarının ona geri qaytarmasını və 161 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar kimi təxminən 25 ildir ki Laçın Ticarət Mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Barəsində iddia qaldırdığı şəxs Cavabdeh əvvəllər müştərisi olmuş İsgəndərova Üzər adlı xanımın vasitəsilə tanımışdır. Daimi alıcı kimi X1 Nigar da, mütəmadi Laçın Ticarət Mərkəzinə gedib gəlmişlər, nisyə mal götürərək qısa vaxt ərzində pulu ödəyirdilər. Cavabdeh özünü daimi iş görən adam kimi tanıdaraq etibarı qazanmış və sonda qızıl-zinət əşyaları götürərək bugünədək nə dəyərinin tam ödənilməsini təmin etmiş, nədəki həmin əşyaları geri qaytarmışdır. Cavabdeh 2017-ci ilin noyabr ayında satmaq adı ilə 25430 (iyirmi beş min dörd yüz otuz) manat dəyərində 5 ədəd komplekt qızıl-zinət əşyaları götürmüşdür. Qarşılıqlı razılıq əsasında həmin mallar satıldıqdan dərhal sonra dəyəri qaytarılmalı idi. Lakin Cavabdeh tərəfinizdən qızıl zinət əşyalarının dəyərindən müxtəlif vaxtlarda ümumilikdə 2060,0 (iki min altmış) manat məbləğində ödənişlər olunmuş və 23370,0 (iyirmi üç min üç yüz yetmiş) manat məbləğində borcu qalmışdır. Belə ki, 2017-ci ilin noyabr ayından başlayaraq 4 dəfə 10625 manat, 4205 manat, 3700 manat və 6900 manat olmaqla, cəmi 25430,0 (iyirmi beş min dörd yüz otuz) manat məbləğində müxtəlif qızıl zinət əşyaları götürmüşdür. Belə ki, 1 ədəd 2400 manat dəyərində qarnitur, sep, klon, üzük, sırğa və qolbağ; 1 ədəd 1300 manat dəyərində qızıl sep; 1 ədəd 880 manat dəyərində qızıl sep; 1 ədəd 625 manat dəyərində komplekt - yəni üzük, sırğa; 1 ədəd 560 manat dəyərində qızıl sep; 1 ədəd 730 manat dəyərində qızıl sırğa; 1 ədəd 400 manat dəyərində qızıl sırğa; 1 ədəd 560 manat dəyərində qızıl sırğa; 1 ədəd 670 manat dəyərində komplekt; 1 ədəd 420 manat dəyərində üzük; 1 ədəd 270 manat dəyərində qızıl üzük; 1 ədəd 350 manat dəyərində qızıl üzük; 1 ədəd 590 manat dəyərində qızıl sep; 1 ədəd 720 manat dəyərində qızıl sep; 1 ədəd 650 manat dəyərində klon; 1 ədəd 285 manat dəyərində klon; 1 ədəd 360 manat dəyərində qızıl klon; 1 ədəd 550 manat dəyərində brilliant qaşlı üzük; 1 ədəd 2015 manat dəyərində qızıl sep, brilliant qaşlı üzük; 5 dəst qarnitur (2300 manat bir dəstin qiyməti, 2400 manat bir dəstin qiyməti, 2200 manat bir dəstin qiyməti, 2550 manat bir dəstin qiyməti, 1645 manat bir dəstin qiyməti). Qeyd olunan qızıl zinət əşyalarından 300 manat xx.xx.2017-ci il, 100 manat xx.xx.2018-ci il, 100 manat xx.xx.2028-ci il, 200 manat xx.xx.2018-ci il, 200 manat xx.xx.2018-ci il, 150 manat xx.xx.2018-ci il, 200 manat xx.xx.2018-ci il, 100 manat xx.xx.2019-cu il, 160 manat xx.xx.2019-cu il, 160 manat xx.xx.2019-cu il, 200 manat xx.xx.2019-cu il və 200 manat xx.xx.2019-cu il tarixlərində ümumilikdə 2.060 manat məbləğində ödənişlər yerinə yetirmişdir. Beləliklə, müxtəlif dövrlərdə Cavabdeh verilmiş bir neçə adda qızıl-zinət əşyaları üzrə qızılın həmin dövrə olan qiymətinə görə hesablandıqda 23.370 manat borcu qalmışdır. Lakin ötən dövr ərzində qızılın qiyməti kəskin bahalaşmışdır. Belə ki, dünya bazarlarında 2017-2018-ci illərdə qızılın bir unsiyasının qiyməti 1200-1300 ABŞ dolları olduğu halda 2024-cü ildə qızılın bir unsiyasının qiyməti təqribən 2600 ABŞ dolları təşkil etmişdir. Burdan da göründüyü kimi cavabdeh mənə ikiqat ziyan vurmuşdur. Dəfələrlə xəbərdarlıqlara, müxtəlif vasitələr və adamlar vasitəsilə məsələnin həllinə çalışsam da heç bir nəticə verməmiş və cavabdeh boyun qaçırmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

8. İddiaçı tərəf Cavabdeh 2017-ci ilin noyabr ayında satmaq məqsəd ilə 25.430 manat dəyərində 5 ədəd komplekt qızıl-zinət əşyaları verdiyini, Cavabdeh tərəfinizdən qızıl zinət əşyalarının dəyərindən müxtəlif vaxtlarda ümumilikdə 2.060 manat ödədiyini və 23.370 manat borcun qaldığını bildirir.

9. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddiaçıdan 25.430 manat dəyərində deyil, cəmi 4.500 manat dəyərində qızıl aldığını, qeyd edilmiş məbləğdən isə 500 manat borcun qaldığını bildirir.

10. Bundan başqa, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə verərək, 3 illik iddia müddətinin keçdiyini və iddianın rədd edilməsini xahiş etdi.

11. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf, cavabdehə 25.430 manat dəyərində qızılların verilməsi ilə hər hansı bir sübutu, yəni, qiymət razılaşma protokolu, təhvil-təslim aktı, elektron qaimə, sadə qaimə faktura və yaxud sadə yazılı şəkildə tərtib edilmiş hər hansı bir akt və yaxud iltizamı Məhkəməyə təqdim edə bilməmişdir.

12. Ona görə də, Məhkəmə, cavabdehin 4.500 manat dəyərində malın alınmasını etiraf etməsini nəzərə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 25.430 manat dəyərində deyil, 4.500 manat dəyərində qızıl əşyaları verilmişdir.

13. Cavabdeh tərəf qeyd edilmiş qızıl əşyalarından 4.000 manat ödədiyini, 500 manat borcunun qaldığını bildirir.

14. Məhkəmə bu xüsusda da, qeyd edir ki, cavabdeh tərəf 4.000 manat ödədiyini bildirsə də, 4.000 manat pulun ödənilməsi ilə bağlı hər hansı bir sənədə təqdim edə bilməmiş və bu halı sübuta yetirə bilməmişdir.

15. Ona görə də, Məhkəmə, iddiaçının özünün qeyd etmiş olduğu yəni, cavabdehin 2.060 manat ödədiyini qeyd etməsi halını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin götürmüş olduğu mallara görə, ödənilməmiş 2.440 (4.500-2.060) manat borcu qalmış və ona görə də, qeyd edilmiş məbləği ödəmək öhdəliyi yaranmışdır.

16. Məhkəmə qeyd edir ki, iddianın 20.930 (23.370-2.440) manat dəyərində malların verilməsi və dəyərinin ödənilməsi hissəsi, iddiaçı tərəfin qeyd etmiş olduğu malların verilməsini sübut edə bilməməsi əsası ilə rədd edilməlidir.

17. Bundan sonra Məhkəmə qeyd edir ki, cavabdehin təqdim etmiş olduğu iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməlidir.

18. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

19. Belə olan halda hazırki iş üzrə müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Hazırkı işdən də, görünür ki, tərəflər arasında yazılı alqısatqı müqaviləsi olmamışdır. Ona görə də, müddətin axımının başlamasını iddiaçının özünün qeyd etmiş olduğu sonuncu 200 manat ödəniş tarixi olan xx.xx.2019-cu il tarixdən hesablanmalıdır.

20. Ona görə də, iddiaçı tərəf xx.xx.2022-ci il tarixinədək Məhkəməyə müraciət etməli olduğu halda, Məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmiş və bununda da, iddia müddətini 2 ildən çox müddət ötürmüşdür.

21. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.

22. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “əşyaların geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar