Məhkəmə qərarları › İş №e-2-2(113)-178/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-178/2023

02.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-178/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 XXXX qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi, xidmət müqaviləsi, sübutetmə vəzifəsi, subyektiv hüquq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 Mirvaliollahın nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 XXXX qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 XXXX qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Mirvaliollahdan 18 000 manat əsas vəsait və 2100 manat dəymiş zərər olmaqla, cəmi 20 100 manat, Cavabdeh1 isə 10 000 ABŞ dolları əsas vəsait və 1125 ABŞ dolları dəymiş zərər olmaqla, cəmi 11 125 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı “A-Medikal” klinikasında direktor vəzifəsində çalışır. Əvvəlcədən tanıdığı Cavabdeh1 onu İran İslam Respublikasının vətəndaşı olan həkim-fizioterapevt Cavabdeh2 Mirvaliollah ilə tanış etmişdir. 2020-ci ilin yanvar ayında X10 iddiaçıya “A- Medikal” klinikasını işlətmək istədiyini demişdir. Həmin vaxt klinika işləmədiyindən iddiaçı onun klinikanı işlətməsinə razılıq vermişdir. Bununla bağlı aralarında olan şifahi razılaşmaya görə, cavabdeh həkim kollektivinin təşkil edilməsi, tibbi ləvazimatın alınması və klinikanın kütləvi informasiya vasitələrində reklamı üçün 18 000 manat pul istəmiş, iddiaçı da həmin pulu 2020-ci ilin yanvar ayında adı çəkilən klinikada ona vermişdir. Cavabdeh 3-4 ay ərzində vəd etdiyi prosesi tamamlayacağını bildirsə də, heç bir tədbir görməmişdir. 2.2. 2019-cu ilin dekabr ayında Cavabdeh1 iddiaçıdan 10 000 ABŞ dolları borc istəmişdir. İddiaçı 5-6 aya qaytarmaq şərti ilə onunla razılaşmış və 10 000 ABŞ dollarını borc vermişdir. 2.3. İddiaçı sonradan aldadıldığını görərək cavabdehlərdən verdiyi pulu geri istəsə də, cavabdehlərin heç biri pulun qaytarılması istiqamətində tədbir görməmişdir. Borclular Cavabdeh2 Mirvaliollah və Cavabdeh1 iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, vəsaiti qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişlər. Belə ki, Cavabdeh1 2019-cu ilin dekabr ayında 5-6 aylıq aldığı pulu 2020-ci ilin 6-cı ayından qanunsuz saxlamışdır. 2022ci ilin sentyabr ayı da nəzərə alınmaqla 27 ay ərzində ödəniş edilməmişdir. X10 isə aldığı pul müqabilində vədini 3-4 ay ərzində yerinə yetirməmiş, 2020-ci ilin may ayından tələb edilsə də, 18 000 manat vəsaitini qanunsuz olaraq 28 ay özündə saxlamışdır. Bu səbəbdən iddiaçının verdiyi pulu, o cümlədən dəymiş zərərin əvəzini geri almaq hüququnun təmin olunması üçün məhkəmə qətnaməsinin qəbul edilməsinə zərurət vardır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443, 449.1-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

a) İddiaçının mövqeyi

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, hər iki cavabdehə müvafiq məbləğdə pul verilmişdir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh2 XXXX pul vəsaiti ixtisaslı həkimlərin klinikaya gətirilməsi, reklam işlərinin aparılması və klinikanın fəaliyyət göstərməsi üçün digər xidmətlərin göstərilməsi məqsədi ilə verilmiş, lakin sonuncu heç bir xidmət göstərməmiş, üzərinə götürdüyü vədlərin heç birinə əməl etməmişdir. Eyni zamanda, Cavabdeh2 Mirvaliollah oğlu ilə yazılı xidmət müqaviləsi bağlanmalı olsa da, bu baş tutmamışdır. Cavabdeh1 iddiaçını digər cavabdehlə tanış edən şəxsdir və iddiaçı tərəfindən Cavabdeh1 avtomobil alması üçün 10 000 ABŞ dolları borc verilmiş və 5-6 aya qaytarılması şərtləndirilmişdir. Lakin verilən borc geri qaytarılmamışdır. Hər iki cavabdehə müvafiq pulların qaytarılması barədə tələb irəli sürülmüş, daha sonra Nərimanov Rayon Polis İdarəsinə müraciət edilmiş, tərəflər polis idarəsində öz izahatlarını verərək pul vəsaitlərini aldıqlarını təsdiq etmişdir. Lakin Cavabdeh2 Mirvaliollah pul vəsaitini X4 alması əsası ilə onu qaytarmaqdan imtina edir.

5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili elan etdi ki, iddiaçı hüquqi şəxsin direktoru və təsisçisidir, lakin iddiaçı ilə cavabdehlər arasında danışıqlar aparılarkən hüquqi şəxs artıq təsis olunmuşdu, amma fəaliyyətə başlamamışdı. Cavabdeh2 Mirvaliollah iddiaçıya klinikanın açılmasında köməklik göstərməli idi və vəsait də bu məqsədlə ona verilmişdi. İddiaçı öz vəsaiti hesabına klinikanın fəaliyyət göstərməsi istiqamətində çalışırdı. Cavabdehlərə verilən pul vəsaitinin məhz iddiaçıya məxsus olması üçüncü şəxs X9 tərəfindən də təsdiqlənmişdir. Hər iki cavabdeh pulu X4 aldıqlarını qeyd etdikləri üçün sonuncu, məhkəmələrə ünvanladığı ərizələrdə pulları özünün verdiyini qeyd etmişdir. Əslində isə Cavabdeh2 XXXX 10 000 manatı Əmiraslanov Azər, 8 000 manatı isə iddiaçı, Cavabdeh1 isə 10 000 ABŞ dollarını iddiaçı özü vermişdir. İddiaçı ilə üçüncü şəxs arasındakı münasibət isə dostluq münasibəti olub, sonuncu isə sadəcə köməklik göstərmişdir.

6. İddiaçının nümayəndəsi və vəkili Cavabdeh2 Mirvaliollah tərəfindən göstəriləcək xidmətlərin dairəsi barədə qeyd etdi ki, cavabdeh reklam xidmətləri göstərməli – televiziya və qəzetlərdə klinakanın fəaliyyətini təbliğ etməli, klinika üçün internet səhifəsi – sayt hazırlanması üçün şəxsləri cəlb etməli, İran İslam Respublikasından həkimlər gətirməli idi. Lakin, ümumiyyətlə, heç bir xidmət göstərilməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi iddiaçı ilə Cavabdeh2 arasında vatsap vasitəsilə aparılmış yazışmalarda olan səs yazılarına etiraz etdi, qeyri-qanuni əldə edildiyindən sübut kimi qiymətləndirilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, yazışmaların aparıldığı nömrə və səs yazıları iddiaçıya məxsusdur, lakin bu heç nəyi dəyişmir. Belə ki, iddiaçı ilə Əmiraslanov Azər dost olub, ona görə də iddiaçı klinika ilə bağlı hər şeyi onunla məsləhətləşib.

b) Cavabdeh1 mövqeyi

7. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək qeyd etdi ki, cavabdehlərin iddiaçı ilə heç bir münasibətləri olmayıb. Klinikanın sahibi – qohumu və həmkəndlisi olan X6r. Sonuncunu Cavabdeh2 Mirvaliollah ilə tanış etmiş və yeni klinakının fəaliyyətə başlamasında hər ikisi kömək etmişdir. İddiaçı isə XXXXun köməkçisidir. Bütün işlərə nəzarət etmə cavabdehə tapşırıldığından iddiaçı prinsipə düşmüş və hər vəchlə onlara mane olmuşdur. Cavabdeh həmçinin bildirdi ki, X9 onu ofisinə dəvət edib avtomobil alması üçün 10 000 ABŞ dolları pul verərək jest etmiş, yəni bağışlamışdır.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh elan etdi ki, “A-Medical” adlı klinika açılacaqdı, həkimlər dəvət edilib həmin klinakada fəaliyyət göstəriləcəkdi. Cavabdeh2 Mirvaliollah klinikanın sahibi – X7 bisnes planı təqdim etmiş və həmin bisnes planına uyğun olaraq cavabdehlər klinika açılana qədər təmir işlərini başa çatdırmalı, klinikanın reklamını həyata keçirməli və həkimlərin gətirilməsi məsələsini həll etməli idi. Bütün xərcləri X9 qarşılayacaqdı. Belə ki, sonuncu Cavabdeh2 Mirvaliollah ilə şərik idi, Cavabdeh1 isə baş həkim kimi təyin olunacaqdı. X2 üçün Cavabdeh2 XXXX 15-16 min manat pul vermişdi. Cavabdeh2 Mirvaliollah da İran İslam Respublikasından 10-a yaxın həkim gətirmişdi, onlar həftələrlə Bakıda qalmışdı. Eləcə də Tibb Universitetinin şöbəsinin birində mayalanma avadanlığı təmir olunmalı idi, klinikanın təbliğatı üçün rayonlara maşınlar ayrılmalı, rayonlara işçilər göndərməli idi. Nəzərdə tutulan bütün bu işlə görüldü. Pandemiya dövrünə təsadüf etdiyi üçün klinika fəaliyyətə başlamadı.

9. Məhkəmənin sonuncu iclasında cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

c) Cavabdeh2 Mirvaliollahın mövqeyi

10. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 Mirvaliollahın nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz etdi və bildirdi ki, ilkin olaraq müəyyən edilməli hal iddiaçının Cavabdeh2 XXXX münasibətdə hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququnun olub-olmamasıdır. Belə ki, Cavabdeh2 XXXX 18 000 manat məbləğində pul məhz X9 tərəfindən verilmiş, həmçinin klinika üçün müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi üçün ilkin danışıqlar da məhz onunla aparılmışdır. Eləcə də göstərilən xidmətlər barədə də hesabatlar məhz X7 verilmişdir. Lakin sonradan layihədən imtina edilmiş, iranlı həkimlərlə yox, türkiyəli həkimlərlə işləmək qərarına gəlinmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili eyni zamanda göstərdi ki, cavabdehlə X9 arasındakı münasibət şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibət olmuş və həmin münasibətdə vəkalət alan – cavabdeh xidmətləri əvəzsiz olaraq göstərmişdir. Belə olan halda, onun məsuliyyəti Mülki Məcəllənin 779.2-ci maddəsi ilə məhdudlaşır. Həmçinin müqavilə münasibətlərinə xitam verən də məhz X9 olmuşdur. Həmin müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmiş, İran İslam Respublikasından həkimləri dəvət etmiş, onları klinikanın şəraiti ilə tanış etmiş, internet səhifəsinin domenini almış, instaqram səhifəsinin yaradılması, həmin həkimlərin orada tanıdılmasını həyata keçirmiş, xəstəxananın loqosunun hazırlanmasını təmin etmişdir.

12. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili qeyd etdi ki, iddiaçı klinikanın direktoru olduğuna görə onunla cavabdehin müəyyən münasibətləri olmuş, lakin cavabdehin xidmət göstərməli olduğu şəxs məhz X9 idi. İddiaçı subyektiv hüququ olmayan şəxsdir. İş üzrə sübut etmə vəzifəsi iddiaçının üzərindədir və səs yazıları dinlənilsə, aydın olacaq ki, iddiaçı orada sadəcə icraçıdır. Bütün danışıqlar, bütün münasibətlər X9 ilə aparılıb. Bu səbəbdən iddia rədd olunmalıdır.

13. Məhkəmənin ikinci baxış iclasında iştirak edən Cavabdeh2 Mirvaliollah izahatında bildirdi ki, X8 daha əvvəl tanımamış, sonuncu ilə Cavabdeh1 vasitəsi ilə tanış olmuşdur. İddiaçını isə X5 nümayəndəsi, işçisi kimi tanımışdır. X9 ilə danışıqlar aparılmış, biznes plan tərtib olunmuşdur. Daha sonra sonuncu Rusiya Federasiyasına getməsi ilə əlaqədar müqavilənin tərtib olunmasını iddiaçının vəkilinə həvalə etmiş, iddiaçı da əlaqələndirici şəxs olmuşdur. Razılıq isə belə olmuşdur ki, klinika fəaliyyətə başlayandan sonra əldə olunan qazanc yarı-yarıya bölünəcəkdir. X9 biznes planında nəzərdə tutulan işlərin görülməsi, xidmətlərin göstərilməsi üçün hissə-hissə (2 və ya 3 dəfə olmaqla) 18 000 manat pulu cavabadehə təqdim etmişdir. Tapşırığın icrası üçün xidmət haqqı kimi klinikanın açılışına qədər hər ay 3000 manat pul ödənilməli olsa da, heç bir ödəniş edilməmişdir. Göstərilən xidmətlərin dəyəri 10 000 manat civarında olmuş, qalan pul razılaşdırılmış xidmət haqqı, əldə edilmiş avadanlıqların dəyəri ödənilmədiyindən onun tərəfindən qaytarılmamışdır.

d) Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 mövqeyi

14. X5 nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qeyd olunan pul vəsaiti İddiaçı İmadəddin oğluna məxsus idi və sonuncu həmin pul vəsaitini X7 vermiş və cavabdehlərə təqdim etməyi ondan xahiş etmişdir. Həmin pul vəsaiti İddiaçı İmadəddin oğlunun şəxsi vəsaitidir, üçüncü şəxs X3 olaraq qeyd olunan vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təqdim etmişdir.

15. Məhkəmənin iclaslarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və ya onun nümayəndəsi iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mübahisəyə üçüncü şəxsin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

19. İddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılarkən mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı, sübut etmə yükü düzgün müəyyən edilməlidir.

20. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

22. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).

23. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

24. Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh1 və Cavabdeh2 XXXX qarşı tələbləri bir-biri ilə bağlı olan ayrı-ayrı tələblər olduğundan hər bir tələb üzrə ayrı-ayrılıqda məhkəmənin qəti mövqeyi şərh olunmalıdır.

a) Cavabdeh1 pulun tutulması tələbi ilə bağlı

25. İddiaçı 10 000 ABŞ dolları pul vəsaitinin məhz onun tərəfindən Cavabdeh1 borc verildiyini qeyd edərək, həmin pulu və dəymiş zərəri tələb edir. İddiasının əsası kimi istinad etdiyi halı təsdiq edən sübut kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırma zamanı və məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatlara və üçüncü şəxsin məhkəmələrə təqdim etdiyi ərizədə qeyd etdiyi yazılı izahata istinad edir.

26. Cavabeh isə iddiaya etiraz edərək, iddiaçı ilə aralarında hər hansı öhdəlik münasibətinin olmadığını, 10 000 ABŞ dolları pul vəsaitinin X9 tərəfindən ona bağışlandığını qeyd edir.

27. Sübutetmə vəzifəsi və yükünün bölüşdürülməsi qaydasına dair yuxarıda (bax §18-22) göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitinin qəbul edilməsi cavabdeh tərəfindən etiraf edildiyindən, lakin həmin pulun iddiaçıya məxsus olması və borca verilməsi inkar olunduğundan (Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir), qeyd edilən məbləğin məhz borc münasibətlərindən irəli gələrək öz vəsaiti hesabına verildiyini sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı iddia tələbinə uyğun olaraq onun tərəfindən cavabdehə borc pul verilməsi faktının mövcud olduğunu sübut etməlidir. Çünki işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü tələb edilən 10 000 ABŞ dolları pul vəsaitinin ona məxsus olması və onun tərəfindən cavabdehə borc verilməsi faktının sübut edilməsidir.

28. Məhkəmə qeyd edir ki, iddiaçının müqavilənin bağlanmasını sübut etmək vəzifəsi sübutetmənin predmeti və vasitələri baxımından Mülki Prosessual Məcəllənin 81, 82 və 106.3-cü maddəsi ilə tənzimləndiyi kimi, həm də maddi hüquq normaları ilə əhatə olunmuşdur. İddia tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 739.1-ci maddəsi çıxış edir.

29. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

30. Məhkəmə qeyd edir ki, sübutların mümkünlüyü qaydalarına uyğun olaraq, predmeti 3000 manatdan artıq olan borc müqaviləsinin bağlanması məhz yazılı müqavilənin təqdim olunması ilə təsdiq oluna bilər. Lakin iddiaçı cavabdehə 10 000 ABŞ dolları məbləğində borc pul verdiyini təsdiq edən yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçıdan 10 000 ABŞ dolları aldığını və həmin məbləği borc kimi aldığı faktını da qəbul etməmişdir. Borc müqaviləsinin bağlanması sübut edilmədiyi kimi, təqdim edilən pulun mülkiyyətçisi qismində məhz iddiaçının olduğu, pula mülkiyyət hüququnu borc məqsədi ilə cavabdehə verdiyi təqdim edilən sübutlarla təsdiqlənmir.

31. Belə ki, məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 27 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən görünür ki, cavabdeh istintaqa izahatında “XXXX ona avtomaşın almaq üçün 10 000 ABŞ dolları pul vermişdir....İddiaçı pul almamış və həmin 10 000 ABŞ dolları pulu XXXX Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “A-Club” deyilən ofisində verib bildirmişdir ki, bu pulu götür özünə avtomaşın al, piyada gəzmə. Bu söhbət ikimizin arasında qalacaq və bu jesti mən sənə edirəm. O isə həmin pulu ilkin ödəniş ödəyib özü üçün kreditlə Hyundai Accent markalı avtomaşın almışdır” bildirmişdir.

32. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı cavabdeh hazırkı kommersiya mübahisəsi üzrə məhkəmədə verdiyi izahatla oxşar izahat vermiş, 10 000 ABŞ dolları vəsaitin X9 tərəfindən ona “jest” edildiyini qeyd etmişdir.

33. X5 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə, qeyd olunan pul vəsaitinin İddiaçı İmadəddin oğluna məxsus olduğu, sonuncunun həmin pul vəsaitini X7 verdiyi və cavabdehlərə təqdim etməyi ondan xahiş etdiyi, həmin pul vəsaitinin İddiaçı İmadəddin oğlunun şəxsi vəsaiti olduğu, üçüncü şəxs X1 olaraq qeyd olunan vəsaiti cavabdehlər X10 və Cavabdeh1 təqdim etdiyi qeyd olunmuşdur.

34. İddiaçı tərəfindən elektron iş materiallarına əlavə olunan X5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizədə qeyd olunmuşdur ki, X10 və Cavabdeh1 müxtəlif vaxtlarda onun tərəfindən verilən 18 000 manat və 10 000 ABŞ dolları pul İddiaçı İmadəddin oğluna məxsus olmuşdur.

35. Məhkəmə ilk növbədə qeyd edir ki, üçüncü şəxsin ərizədə qeyd etdiyi hallar da izahatdan ibarət olub hər hansı başqa sübutlarla öz təsdiqini tapmır.

36. Bundan başqa, üçüncü şəxs 18 000 manat və 10 000 ABŞ dolları pulun onun tərəfindən cavabdehlərə verildiyini qeyd etsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh2 XXXX 10 000 manatı Əmiraslanov Azər (üçüncü şəxs), 8 000 manatı isə iddiaçı, Cavabdeh1 isə 10 000 ABŞ dollarını iddiaçı özü vermişdir. 27 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən isə görünür ki, İddiaçı İmadəddin oğlu izahatında 18 000 manat pulu Cavabdeh2 XXXX 2020-ci ilin yanvar ayında klinikada özünün verdiyini qeyd etmişdir.

37. Göründüyü kimi, iddiaçı və üçüncü şəxsin izahatları, eyni zamanda iddiaçı tərəfin müvafiq şikayət əsasında aparılan araşdırma zamanı verdiyi izahatla məhkəmədə verdiyi izahatlar ziddiyyətlidir, eyni fakt barəsində bir-birinə zidd ifadələrin verilməsi isə anlaşılmazdır. Belə olan halda üçüncü şəxsin ərizə ilə məhkəməyə təqdim etdiyi yazılı izahatı mötəbər sübut kimi qiymətləndirilə və cavabdehin əleyhinə yozula bilməz.

38. İddiaçı cavabdehlə aralarında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin olduğunu, ona məxsus pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə keçirdiyini, borc pul verdiyini sübuta yetirə bilmədiyindən, beləliklə də, subyektiv hüquqa malik olmadığından məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 10 000 ABŞ dolları əsas vəsaitin tutulması hissəsində əsassızdır, təmin olunmamalıdır. Eləcə də, 1125 ABŞ dolları dəymiş zərərin tutulması tələbi əsas borcun tutulması tələbi ilə bağlı olduğundan və əsas borcun tutulması hissəsində tələb əsassız olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

b) Cavabdeh2 Mirvaliollahdan pulun tutulması tələbi ilə bağlı

39. İddiaçı müvafiq xidmətlərin göstərilməsi üçün cavabdehə verilən 18 000 manat və dəymiş zərərin əvəzi olaraq 2100 manat məbləğində pul vəsaitini tələb edir. İddiasının əsası kimi istinad etdiyi halı təsdiq edən sübut kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırma zamanı və məhkəmə iclasında verilən izahatlara və üçüncü şəxsin məhkəmələrə təqdim etdiyi ərizədə qeyd etdiyi yazılı izahata istinad edir.

40. Cavabdeh iddiya etiraz edir və iddiaçının subyektiv hüququnun olmadığını, xidmət müqaviləsininin X9 ilə bağlanıldığını və lazımınca icra edildiyini qeyd edir.

41. Məhkəməyə təqdim olunan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Ceyhun Hüseynovun 27 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsviri hissəsindən görünür ki, cavabdeh istintaqa izahatında “söhbət zamanı XXXX Xətai rayonu ərazisində yerləşən “Azər-Türk” Klinkasını və Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən “Azər-Türk” Klinikasının lahiyəsinin işlənib hazırlanmasını, tibbi avadanlıqlarla təchiz olunmasını və İranlı həkimlərin həmin Klinikalara cəlb olunmasım təklif etmiş onlar isə onun təklifini qəbul edib ümumi razılığa gəlmişlər. Bundan sonra o biznes plan hazırlayıb ilkin olaraq işlərə başlamışdır. Bunun üçün hissə-hissə XXXX ona 18 000 manat pul vermişdir. Bu pulun verilməsində məqsəd Klinikanın fəaliyyətə başlamasına qədər birgə işlərin görülməsi və reklam işləri, İranlı həkimlərin Bakı şəhərinə gətirilməsi və digər işlərin görülməsi olmuşdur. O, işə başlayıb İranlı həkimləri Bakı şəhərinə dəvət etmiş, onların Bakı şəhərində qalmaları üçün otel xərclərini və digər xərclərini çəkmiş və diplomlarının sutərlərini çıxanb XXXXin işlərini aparan şəxs kimi tanıdığı Vüqar adlı şəxsə vermişdir. İrandan dəvət olunmuş həkimlərin miqrasiya sənədlərinin qaydaya salınması üçün bir ayadək vaxt çəkməsini bəhanə edərək Vüqar aralarında olan razılaşmanı pozaraq Azər mülllimin verdiyi 18 000 manat pulun qaytarılmasını tələb etməyə başlamışdır. O isə təklif etmişdir ki, Klinikanın açılması üçün xərclənən pulları hesablayıb ümumi məbləğdən çıxaq və yerdə qalan pulun əvəzinə isə bahalı tibbi avadanlığı veriləcək pulun təminatı kimi həmin Klinikaya yerləşdirək satılandan sonra həmin pul onlara qaytarılar” bildirmişdir.

42. Göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırma zamanı cavabdeh hazırkı kommersiya mübahisəsi üzrə məhkəmədə verdiyi izahatla oxşar izahat vermiş, xidmət münasibətlərinin X9 ilə olduğunu bildirmişdir.

43. Məhkəmə üçüncü şəxsin ərizədə qeyd etdiyi izahatla bağlı yuxarıda (bax §38- 40) mövqeyini bildirmişdir və hesab edir ki, üçüncü şəxsin izahatı tələbin əsasını təşkil edən halı təsdiq edən sübut kimi nəzərə alına bilməz.

44. Eləcə də cavabdeh məhkəməyə iddiaçı və üçüncü şəxs ilə cavabdeh arasında vatsap vasitəsilə aparılan audio yazışmalar təqdim etmişdir. Məhkəmə əvvəlcə həmin sübutların qəbul edilməsi ilə bağlı iddiaçının nümayəndəsi və vəkilinin etirazlarına münasibətdə aşağıdakıları qeyd edir.

45. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərar).

46. Belə olan halda, hazırkı audio sübutlar birbaşa əlaqədar tərəflər arasında olan danışıqları əks etdirdiyindən məhkəmə həmin sübutları yolverilən hesab edir.

47. Təqdim olunan səs yazıları və yazışmalarından görünür ki, iddiaçı ilə cavabdeh arasındakı audio yazışmalarda göstərilən xidmətlərlə bağlı cavabdehin suallarına iddiaçı tərəfindən “XXXXlə danışaram”, “XXXXlə dəqiqləşdirərəm” cavabları verilir, klinikanın adı üçüncü şəxslə dəqiqləşdirilir, loqo ilə bağlı iddiaçı məhz üçüncü şəxsin istəklərini cavabdehə çatdırır, “XXXX verilən pulun hesabatını istəyir”.

48. Eləcə də vatsap danışıqlarının aparıldığı mobil telefon nömrələrindən 055 *** ** ** nömrəsinin iddiaçıya məxsus olduğu sonuncunun nümayəndəsi və vəkili tərəfindən də təsdiq olunur.

49. Məhkəmə qeyd edir ki, hazırkı tələbin qanuni əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı normaları nəzərdən keçirilməlidir.

50. Mülki Məcəllənin 777-ci maddəsində göstərilmişdir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

51. Göründüyü kimi, tapşırıq müqaviləsi mülki qanunvericiliyin xidmətlərin göstərilməsi kateqoriyasına aid müqavilələrdən biri olmaqla, şifahi və ya yazılı formada bağlana bilər.

52. Qeyd edilməlidir ki, iddiaçının xidmət müqaviləsindən irəli gələn hər hansı subyektiv hüquqa malik olub-olmaması tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin məzmununu təşkil edən subyektiv hüquqlar və vəzifələrin təqdim olunan sübutlar əsasında müəyyənləşdirilməsi yolu ilə aydınlaşdırıla bilər.

53. Məhkəməyə təqdim edilən sübutlar əsasında müəyyən olunur ki, tapşırıq müqaviləsi üzrə vəkalət verən qismində məhz üçüncü şəxs çıxış edir. Belə ki, görülməsi planlaşdırılan istənilən iş üçüncü şəxsə təqdim edilir, göstərilən istənilən xidmət üçüncü şəxslə dəqiqləşdirilir və müvafiq pulların hesabatı da məhz üçüncü şəxsə verilir. Bu isə Mülki Məcəllənin 781-ci maddəsində nəzərdə tutulmuş vəzifənin məhz vəkalət alana – üçüncü şəxsə yönəlməsi ilə də təsdiq olunur. Həmin maddədə göstərilir ki, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. İş materiallarında olan audio yazışmalarla da təsdiq olunan tapşırıq müqaviləsindən irəli gələn subyektiv hüquqların məhz üçüncü şəxsdə cəmləşməsi – verilən pulların hesabatının üçüncü şəxsə verilməsi, tapşırığın məzmununu təşkil edən klinikanın loqosu barədə layihələr üzrə yekun razılığı üçüncü şəxsin verməsi, klinikanın adının məhz sonuncu ilə dəqiqləşdirilməsi və s. kimi hallar vəkalət alının informasiya və hesabat vermək vəzifəsinin məhz üçüncü şəxsə istiqamətləndiyini təsdiq edir.

54. İddiaçının nümayəndəsi tanınmış həkim olan üçüncü şəxslə iddiaçının dostluq münasibətində olduğu, bu səbəbdən sonuncunun tibb sahəsində onlara köməklik göstərdiyini bildirsə də, klinikanın fəaliyyət göstərməsinin təmin edilməsi üçün maliyyətexniki – loqonun müəyyənləşdirilməsi, maliyyə hesabatının verilməsi kimi qeyri-tibbi məsələlərin də məhz üçüncü şəxslə razılaşdırılması nəzərə alındığında iddiaçının arqumentlərinin əsassız olduğu, sözügedən tapşırıq müqaviləsinin tərəfi – vəkalət verəni qismində iddiaçının çıxış etmədiyi aydın olur.

55. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı adıçəkilən xidmət müqaviləsinin tərəfi olmadığından, ondan irəli gələn hər hansı subyektiv hüquqa da malik deyildir.

56. İddiaçı tapşırıq müqaviləsindən irəli gələn subyektiv hüquqa malik olmadığından cavabdeh tərəfindən təqdim edilmiş, müqavilənin lazımınca icra olunmasını göstərən sübutların tədqiq edilməsinə zərurət yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.

57. Məhkəmə həmçinin nəzərə alır ki, tələb etmək hüququ (obyektiv mənada) olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin üzərinə hər hansı bir vəzifə qoyulması və ya üçüncü şəxsin digərlərindən tələb etmək hüququ qanunla nəzərdə tutulmamışdır.

58. Məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə ki, iddiaçının Cavabdeh2 Mirvaliollahdan 18 000 manat məbləğində pul vəsaitinin tutulması tələbi əsassız olduğundan rədd edilməlidir. Eləcə də, 2100 manat dəymiş zərərin tutulması tələbi əsas borcun tutulması tələbi ilə bağlı olduğundan və əsas borcun tutulması hissəsində tələb əsassız olduğundan iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

V. Nəticə:

59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 XXXX qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar