Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1781/2020 21.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 4988 manat (4534.10 manat + 453.9 manat) məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 4988 manat (4534.10 manat + 453.9 manat) məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi sahibkarlığla məşğul olur. 2018-ci ilin mart ayında cavabdeh müraciət edərək, sahibkarlıqla məşğul olmasında ona kömək etməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq, ona kömək məqsədilə sahibkarlıqla məşğul olmasına şərait yaratmışdır. Belə ki, iddiaçının istifadəsində olan ərzaq və sanaye malların müəyyən bir hissəsini cavabdeh xüsusi blanklara imza ataraq iddiaçıdan götürmüş və satandan sonra isə razılaşdırılmış qiymətlə onların pulunu qısa bir müddətdə ödəməli idi. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, mallar bankdan alınan kredit vasitəsilə gətirilir, kredit xətti üzrə faiz borcu illik 7% şərtilə hər ay ödənilməlidir. Cavabdeh iddiaçıya məxsus olan malları satmaq üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək götürmüş, əvəzində xx.xx.2018-ci İl tarixindən xx.xx.2020-ci ilə tarixinədək pulları qismən ödəmişdir. Həmin vaxtdan sonra cavabdeh iddiaçının telefonlarına cavab verməmiş və pulu verməkdən yayınmışdır. Cavabdeh iddiaçıya söz vermişdir ki, iddiaçıya olan borcunu qaytaracaq, bu barədə dəfələrlə qəbz yazdığı halda pulu verməmişdir. Cavabdeh tərəfindən ərzaq və sənaye malların iddiaçıdan nisyə götürülməsi, lakin əvəzinə ödəməli olan pulunu tam və vaxtında ödəməsindən yayınması, iddiaçı borc aldığı bank kreditin qaytarılması təhlükə altına olması kimi də qiymətləndirilməlidir. İddiaçı banka həmin ərəfədə həmin 453.90 manat artıq pul ödəmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən banka ödənilmiş 453.90 manat hissədə təmin olunmamasını istəyir. Sonda iddiaçının nümayəndəsi iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı ona vaxtı keçmiş malları vermişdir. İddiaçı ona malları götürəcəyi təqdirdə faizi aşağı salacağını bildirmişdir. Köhnə mala görə iddiaçıya borclu qalmışdır. Satacağına ümid edərək malı götürmüşdür. Pandemiya dövründə işlər zəiflədiyindən borcunu ödəyə bilməmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq, ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. 278 ədəd qaimədən görünür ki, iddiaçı tərəfindən müxtəlif adda müxtəlif sayda mallar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qəbzdən görünür ki, cavabdehin iddiaçıya 9787,80 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, cavabdehin iddiaçıya 14186,42 manat borcu olmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, cavabdehin iddiaçıya 6417,12 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, cavabdehin iddiaçıya 4940,60 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən 2018-2019-cu illər ərzində satmaq məqsədi ilə cavabdehə müxtəlif adda müxtəlif sayda mal təhvil verilmiş, cavabdeh tərəfindən həmin mallar iddiaçıdan təhvil alınmışdır. Cavabdeh tərəfindən sonuncu tərtib edilmişxx xxxxxx 2019-cu il tarixli qəbzlə iddiaçıya 4940,60 manat borcu olmasını etiraf etmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 4534.10 manat təşkil edir. Məhkəmə 2018-2019-cu illər ərzində tərtib olunmuş 278 ədəd qaimələrlə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatları ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında qaimələrdə göstərilmiş malların alqı-satqısı ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında müxtəlif adda mal sonuncuya satılmış və alqı-satqının nəticələri ikitərəfli qaimələrlə və qəbzlə rəsmiləşdirilərək cavabdeh sözügedən pul vəsaitini iddiaçıya ödənilməsinə təminat vermiş, lakin üzərinə götürdüyü bu öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Buna görə də məhkəmə hesab edir ki, alınmış mallara görə cavabdehin iddiaçıya ödəməli olduğu 4534.10 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 453.9 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən məbləğ iddiaçı tərəfindən götürdüyü kredit üzrə banka ödənilmiş pul məbləğidir ki, iddiaçı da həmin pul məbləğini cavabdehdən tələb edir. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin borc məbləğinin cavabdehdən tutulmasını istəməmiş və iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (4534.10 manat) iddia tələbinin (4988 manat) 90,9 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,27 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,73 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4534,10 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,27 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 2,73 manat məbləği isə İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1781/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1781/2020
21.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver