Məhkəmə qərarları › İş №e-2-2(113)-1783/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1783/2021

11.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1783/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, “xxxx” MMC işə cəlb edilməklə) qarşı icarə haqqı üzrə borcunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 446.182, 68 manat borcunun “xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Cavabdeh" MMC-nin dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 446182,68 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilməsinə baxmayaraq cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Qanununun 14-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin, “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət qaydasında aparılan təhlillər zamanı müəyyən edilmişdir ki, "Cavabdeh" MMC tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə ümumilikdə dövlət büdcəsinə 446182,68 manat icarə haqqı ödənilməlidir. Bununla bağlı "Cavabdeh" MMC-yə “Torpaq sahələrinə görə icarə haqqının ödənilməsi barədə” aidiyyəti üzrə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu tərəfindən xəbərdarlıq məktubu ilə tanış olunmasına baxmayaraq, yaranmış borc dövlət büdcəsinə ödənilməmişdir. 08.04.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” MMC Sumqayıt şossesi, 3 və 6 ünvanlarda olan torpaq sahələri üzərindəki tikili və binaları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 30.01.2018-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Buna görə də iddiada göstərilən torpaq sahəsi həmin tarixdən “xxxx” MMC-nin istifadəsində olmuşdur. Bu Şirkət həmin torpaqların 2018-2020-ci illərdə torpaq vergisini ödəmişdir. Hazırda həmin Şirkətin istifadə etdiyi torpaq və binalara görə iddia məbləğindən xeyli çox - 759.000 manat ödənilməmiş borcu vardır. Buna görə də “xxxx” MMC-nin hazırki kommersiya işində, torpağın onun istifadəsində olduğu dövr üzrə cavabdeh qismində cəlb edilməsi lazımdır. 2019-cu ilin sentyabr ayından сavabdeh “xxxx” MMC-nin bəzi aktivləri, o cümlədən sözügedən torpaq sahəsi üzərində yerləşən tikili və binalar bölünmə nəticəsində yaradılmış “xxxx” MMC-nin mülkiyyətinə verilmişdir. Buna görə də iddiada göstərilən həmin tarixdən torpaq “xxxx” MMC-nin istifadəsində olmuşdur. Buna görə də “xxxx” MMCnin hazırki kommersiya işində, torpağın onun istifadəsində olduğu dövr üzrə cavabdeh qismində cəlb edilməsi lazımdır. İddiada sözügedən torpaq sahəsinin bir hissəsi (22,25713 ha) mülkiyyət hüququ ilə İddiaçıya keçmişdir. Buna görə həmin torpaq sahəsinə aid icarə haqqı iddia tələbindən çıxarılmalıdır. İcarə haqqının hesablanmasında anlaşılmazlıqlar var. Belə ki, əlavə edilmiş icarə haqqının hesablama сədvəlində hesablama və azalma statusları vardır, habelə 2019-cu il hesablamalarından sonra əvvəlki 2012-2018-ci illərə aid hesablamalar vardır. Bu illər üçün hesablamalarına yenidən qayıdılmasına da izah verilməlidir. İddia üzrə icarə haqqı tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddianın verildiyi 10.03.2021 -ci il tarixdən əvvəlki dövrə aid icarə haqlarına qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həmin torpaq sahəsi 3 ildir ki, başqa şirkətlərə icarəyə verildiyindən, həmin icarə haqqını "Cavabdeh" MMC ödəməli deyildir. Yuxarıda göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15.03.2004-cü il tarixli 49 saylı sərəncamı ilə Binəqədi rayonu, Sumqayıt şossesi, “Motodrom”un şərqində avtovağzal layihələşdirilməsi və tikintisi üçün 3,7 ha torpaq sahəsi icarə əsasında "Cavabdeh" MMCnin istifadəsinə verilmişdir. - Həmin sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "Cavabdeh" MMC (icarəçi) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 12 aprel 2004-cü il tarixli 0301 saylı müqaviləyə əsasən Binəqədi rayonu, Sumqayır Şossesi, Motodromun şərqində 3700 kv.m. torpaq sahəsi icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin: 1.3-cü bəndinə əsasən torpaq sahəsi avtovağzal tikintisi üçün verilir. 7.1-ci bəndinə əsasən müqavilə 49 il müddətinə bağlanır. 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. 7.3-cü bəndinə əsasən icarə haqqı 01 aprel 2014-cü il tarixdən hesablanır. 7.4-cü bəndinə əsasən icarəçi hər il 79.564,800 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. 7.7-ci bəndinə əsasən icarə haqqı hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilir. -Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 10.01.2008-ci il tarixli 09 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15.03.2004-cü il tarixli, 49 saylı sərəncamı ilə "Cavabdeh" MMC-yə ayrılmış 3,7 ha əraziyə bitişik, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda avtovağzal tikintisinin layihələndirilməsi üçün 17,69 ha torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə verilmiş, Binəqədi rayonu, Motodromun qərb hissəsində Qərb Universitetinə idman kompleksinin tikintisi üçün ayrılmış Bakı şəhər İcra Hakimiyyətinin 07.01.2004-cü il tarixli, 02 saylı və Biləcəri qəsəbəsi, Sumqayıt şossesində Dövlət Yanacaq Komitəsinə yanacaqdoldurma məntəqəsinin tikintisi üçün ayrılmış Bakı şəhər İcra Hakimiyyətinin 22.02.1993-cü il tarixli, 311 saylı sərəncamların ləğv edilmiş və həmin ərazilərdə yerləşən tikililərin köçürülməsi mövcud qanunvericiliyə əsasən "Cavabdeh" MMC tərəfindən həyata keçirilməsi qərara alınmışdır. 12.04.2004-cü il tarixli 0301 saylı torpaq icarə müqaviləsinə 11.01.2008-ci il tarixli dəyişikliklərə əsasən, həmin müqavilənin 1.1, 7.3,7.4-cü bəndlərinə dəyişiklik edilmişdir. Müqavilənin 1.1-ci bəndində 37000 kv.m. 213900 kv.m. kimi oxunması, 7.3-cü bəndində icarə haqqı 10.01.2008-ci il tarixdən hesablanması, 7.4-cü bəndinə əsasən icarəçi tərəfindən hər il 91994,11 manat hüquqi şəxsin uçotda olduğu vergi orqanın müvafiq xəzinə hesabına ödənilməsi nəzərdə tutulmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Reyestrinin MA seriyalı, ******* saylı, 13.08.2010-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3 ünvanında xüsusi mülkiyyətdə olan 23,05073 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 140448,6 m2 olan əmlak kompleksinin üzərində "Cavabdeh" MMC-nin xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. “xxxx” MMC-nin direktoru tərəfindən "Cavabdeh" MMC-yə ünvanlanmış 7-1392/17 saylı ləğvetməyə dair bildiriş ilə müəyyən edilir ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Reyestrindən MA ******* seriyalı, 13.08.2010-cu il tarixli çıxarışını əsas tutaraq, Bakı şəhər İcra Hakimiyyəti ilə "Cavabdeh" MMC arasında 49 saylı, 15.03.2004-cü il tarixli və 09 saylı, 10.01.2008-ci il tarixli sərəncamları ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3 ünvanında 213.900 kv.m. torpaq sahəsinə bağlanmış 0301 saylı,12.04.2004-cü il tarixli torpaq icarə müqaviləsinə və ona edilmiş 11.01.2008-ci tarixli dəyişikliyə 13.08.2010-cu il tarixdə xitam verilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Reyestrinin RX seriyalı, ******* saylı, 30.03.2013-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yol 3 ünvanında xüsusi mülkiyyətdə olan 22,25713 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 140.448,6 m2 olan əmlak kompleksi kimi müəssisə(Avtovağzal kompleksi) üzərində "Cavabdeh" MMCnin xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Cavabdeh" MMC-yə vergi ödəyicisinin dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, torpaq icarə haqqı üzrə borcunu 7 gün müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, icarə haqqının məcburi qaydada tutulması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. -"Cavabdeh" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, 06.04.2020-cı il tarixə dövlət torpaq sahələrinin icarəsi üzrə “Cavabdeh" MMC-yə 446.182,68 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "Cavabdeh" MMC-dən dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 446.182, 68 manat borcun ödənilməsini tələb edir. İş materiallarında olan sənədlərdən isə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15.03.2004-cü il tarixli 49 saylı sərəncamı ilə Binəqədi rayonu, Sumqayıt şossesi, “Motodrom”un şərqində 3,7 ha torpaq sahəsi avtovağzal layihələşdirilməsi və tikintisi üçün icarə əsasında "Cavabdeh" MMC-nin istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti ilə "Cavabdeh" MMC arasında 12 aprel 2004-cü il tarixli 0301 saylı torpaq icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 10.01.2008-ci il tarixli 09 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin 15.03.2004-cü il tarixli, 49 saylı sərəncamı ilə "Cavabdeh" MMCyə ayrılmış 3,7 ha əraziyə bitişik, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda 17,69 ha torpaq sahəsi avtovağzal tikintisinin layihələndirilməsi üçün icarə əsasında "Cavabdeh" MMC-yə verilmiş və bununla bağlı torpaq icarə müqaviləsinə müvafiq dəyişikliklər edilmişdir. Digər tərəfdən iş materiallarına əsasən müəyyən edilir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda yerləşən mübahisəli torpaq sahəsi üzərində Avtovağzal Kompleksi inşa edilmiş və həmin əmlak kompleksi üzərində xüsusi mülkiyyət hüququna dair "Cavabdeh" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda kompleksin yerləşdiyi torpaq sahəsinin də xüsusi mülkiyyətdə olması qeyd edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Göstərilən normativ hüquqi aktların məzmunundan göründüyü kimi Dövlət Vergi Xidmətinə hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ verilməmişdir. Həmin torpaqlara münasibətdə torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırkı işdə torpaq icarə müqaviləsinə əsasən hüquqi şəxsin icarəsinə verilmiş mübahisəli torpaq sahəsi üzərində hüquqi şəxs tərəfindən inşa edilmiş müəssisə (avtovağzal kompeksi) yerləşdiyindən iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi sözügedən torpaq sahəsindən istifadəyə görə icarə haqqı borcunun tutulmasına dair iddia qaldırmaq hüququna malik deyil. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı icarə haqqı borcunun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar