Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1791/2022 27.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən DCS00174496-01 saylı kredit müqaviləsi üzrə 18,190 manat əsas borc, 2705,78 manat faiz borcu, 767,42 manat cərimə borcu olmaqla, cəmi 21663,20 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli DCS00174496-01 nömrəli kredit müqaviləsi imzalanmış və kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun “30” sentyabr 2020-ci il tarixli zm-188/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə 18.250 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli DCS00174496-01 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsasən Kreditor Borclu tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət edir və bunu Borcludan tələb edir, borclunun fəaliyyətinin (biznes proseslərin qurulması, fəaliyyət mühiti, mövcud və potensial istehsal gücü və s.), o cümlədən kreditin təyinatı üzrə istifadə edilib-edilməməsinin yoxlanılması məqsədilə təklikdə və ya Fondla birgə baxışlar təşkil edir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən Borclu kreditdən müqavilənin 1.3-cü bəndində göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə Bank müqaviləyə vaxtından əvvəl bir tərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı fondu tərəfindən İddiaçı ASC-yə ünvanlanmış zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair məktub və monitorinq aktından aydın olur ki, Fond tərəfindən keçirilmiş monitorinq zamanı müəyyən edilmişdir ki, cavabdehə ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməmiş, nəticədə Fond kredit üzrə verilmiş zəmanəti ləğv etmişdir. Göründüyü kimi Borclu DCS00174496-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1791/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etdiyini, həmin borcu ödəmək iqtidarında olmadığını, bu səbəbdən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş, bu barədə yazılı ərizə təqdim etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (kreditor) ilə cavabdeh (borclu) arasında bağlanmış 16 oktyabr 2020-ci il tarixli DCS00174496-01 saylı kredit müqaviləsinə əsasən kreditor Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun 30 sentyabr 2020-ci il tarixli zm-188/2020 nömrəli məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 18250 manat məbləğində illik 15 % faiz dərəcəsi ilə 24 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 ay olmaqla) kredit verir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün borclunun Quba rayonu, Quba şəhəri Qəçrəş yolu Yaşayış massivi ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir. Müqavilənin 2.1-ci bəndinə əsasən kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli əsasında ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəyir. Faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən cədvəldən görünür ki, xx.xx.2020-ci il tarixli DCS**********1 nömrəli kredit müqaviləsi üzrə subsidiya dərəcəsi illik 7,50 %, yekun subsidiya ödənişi isə 1808,08 manat təşkil edir. Dövlət zəmanəti verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə dair 22 oktyabr 2021-ci il tarixli monitorinq aktından görünür ki, iddiaçı tərəfindən dövriyyə məqsədilə cabadehə verilmiş kredit vəsaitinin istifadə vəziyyətinə dair investisiya layihəsinin həyata keçirildiyi ünvanda monitorinq keçirilmiş və kreditin hesab üzrə nağdlaşdırıldığı, sahibkarla görüşün baş tutmadığı, əlavə təsdiqləyici sənədlərin təqdim olunmadığı, sahibkarlın görüşə gəlməkdən imtina etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş zəmanətli kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə dair 04 noyabr 2021-ci il tarixli SİF-X/O-12/02-12/879/2021 saylı məktubdan görünür ki, "xxxx" MMC-yə, "xxxx" MMC-yə və X3 verilmiş dövlət zəmanətli kreditlər üzrə zəmanətlər Fond tərəfindən alınmış kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi aşkar edildiyindən ləğv edilmişdir. İddiaçı tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli PB/PBL-OUT-00440-2022/3 nömrəli maliyyə arayışından görünür ki, 13 aprel 2022-ci il tarixə cavabdehin iddiaçı qarşısında kredit üzrə öhdəlikləri DCS0014496-01 saylı kredit müqaviləsinə əsasən 18,190 manat əsas borc, 2705,78 manat faiz borcu, 767,4 manat cərimə borcu olmaqla, cəmi 21663,19 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehrin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bundan əlavə, hazırkı iddia tələbi də cavabdeh tərəfindən etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən ... cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 16 oktyabr 2020-ci il tarixli DCS00174496-01 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 767,42 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya əsas borc üzrə 18190 manat, faiz borcuna görə 2705,78 manat, dəbbə puluna görə 767,42 manat, cəmi 21663,20 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 DCS00174496-01 saylı kredit müqaviləsi üzrə 18,190 (on səkkiz min bir yüz doxsan) manat əsas borc, 2705,78 (iki min yeddi yüz beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 767,42 (yeddi yüz altmış yeddi manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 21663,20 (iyirmi bir min altı yüz altmış üç manat iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1791/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1791/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver