Məhkəmə qərarları › İş №e-2-2(113)-1793/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1793/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1793/2025 21.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Yusibova Günel Umudvar qızına və X2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Yusibova Günel Umudvar qızına və X2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 390,45 AZN, kredit üzrə faiz borcunun məbləği 142,07 AZN, kredit üzrə hesablanmış cərimə məbləği 6,53 AZN olmaqla, cəmi 539,05 AZN məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 AZN məbləğdə dövlət rüsumunun cavabdehlər - Yusibova Günel Umudvar qızı, Cavabdeh1 və X1 müştərək qaydada tutularaq iddiaçı - “X8 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh - Yusibova Günel Umudvar qızı arasında 05 noyabr 2019-cu il tarixli 614 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Yusibova Günel Umudvar qızına biznes üçün 24 (iyirmi dörd) ay müddətinə, illik 27% (iyirmi yeddi faiz) olmaqla, 2000 (iki min) AZN məbləğdə kredit verilib. 05 noyabr 2019-cu il tarixli 614 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdehlər – Cavabdeh1 və X3 arasında 05 noyabr 2019-cu il tarixli 614 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh –Cavabdeh1 və X3 05 noyabr 2019-cu il tarixli 614 nömrəli Kredit Müqaviləsinə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh - Yusibova Günel Umudvar qızı uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. Son ödənişi xx.xx.2023-cü il tarixdə 30 (otuz manat) AZN, xx.xx.2023-cü il tarixdə 20 (iyirmi manat) AZN olmuşdur. İddiaçı - "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Yusibova Günel Umudvar qızının 05 noyabr 2019-cu il tarixli 614 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 390,45 AZN, kredit üzrə faiz borcunun məbləği 142,07 AZN, kredit üzrə hesablanmış cərimə məbləği 6,53 AZN olmaqla, cəmi 539,05 AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb (bildiriş məktubu və onların cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. 05 noyabr 2019-cu il tarixli 614 nömrəli kredit müqaviləsi üzrə borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair: İşin təkzibedilməz halıdır ki, iddiaçı - "xxxx" MMC və cavabdeh - Yusibova Günel Umudvar qızı arasında 05 noyabr 2019-cu il tarixli 614 nömrəli Kredit Müqaviləsi bağlanıb. 05 noyabr 2019-cu il tarixli 614 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 54 (əlli dörd) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. İddiaçı 05 noyabr 2019-cu il tarixli 614 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini tam icra edərək cavabdeh Yusibova Günel Umudvar qızına kredit verib. Lakin buna baxmayaraq o, müqavilədə nəzərdə tutulmuş qaydada bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq ödənişi həyata keçirmir. (iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışda da qeyd olunduğu kimi) Yusibova Günel Umudvar qızı tərəfindən son ödənişi xx.xx.2023-cü il tarixdə 30 (otuz manat) AZN, xx.xx.2023-cü il tarixdə 20 (iyirmi manat) AZN olmuşdur. 05 noyabr 2019-cu il tarixli 614 nömrəli Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borclu (cavabdeh) əsas məbləğə hesablanacaq faizlərin və cərimələrin ödənilməsinə razılıq verib. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli “C.Əzimovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Plenum qərarı). 05 noyabr 2019-cu il tarixli 614 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - “Monetri BOKT MMC” ilə cavabdeh –Cavabdeh1 və X4 arasında 05 noyabr 2019-cu il tarixli 614 nömrəli zaminlik müqaviləsi bağlanıb. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə zaminlər özlərinə məxsus bütün daşınar və daşınmaz əşyaları ilə BOKTla Borc alan arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 614 nömrəli Kredit Müqaviləsiüzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik Müqaviləsinin 2.3-cü maddəsinə əsasən,Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımında icra etmədikdə Zamin və Borc alan BOKT qarşısında birgə məsuliyyət daşıyır. Zaminlik Müqaviləsinin 2.4-cü maddəsinə əsasən, Borc alanın BOKT qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə tam məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 3.1.1-ci maddəsinə əsasən, borcalan BOKT qarşısında öz öhdəliklərinin icrasını lazımı səviyyədə təmin etmədikdə, BOKT Zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Yusibova Günel Umudvar qızının 05 noyabr 2019-cu il tarixli 614 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 390,45 (üç yüz doxsan manat qırx beş qəpik) AZN, kredit üzrə faiz borcunun məbləği 142,07 (bir yüz qırx iki manat yeddi qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 6,53 AZN olmaqla, cəmi 539,05 (beş yüz otuz doqquz manat beş qəpik) AZN təşkil edir təşkil edir. Nəticə etibarilə, ümumilikdə, 539,05 (beş yüz otuz doqquz manat beş qəpik) AZN məbləğdə kredit borcu cavabdehlər – Yusibova Günel Umudvar qızı, Cavabdeh1 və X1 tutularaq iddiaçıya ödənilməlidir.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 614 saylı kredit müqaviləsinə əsasən Yusibova Günel Umudvar qızına biznes üçün 24 ay müddətinə, illik 27% olmaqla, 2000 AZN məbləğdə kredit verilmişdir.

5. Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir.

6. Müqavilənin 2.5-ci bəndinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 54 (əlli dörd) % olmaqla faiz hesablana bilər.

7. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır.

8. “Monetri BOKT MMC” ilə –Cavabdeh1 və X3 arasında bağlanmış 05 noyabr 2019cu il tarixli 614 nömrəli zaminlik müqaviləsinə əsasən:

9. Müqavilənin 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminlər özlərinə məxsus bütün daşınar və daşınmaz əşyaları ilə BOKT-la Borc alan arasında bağlanmış 05 noyabr 2019-cu il tarixli 614 nömrəli Kredit Müqaviləsiüzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən, Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımında icra etmədikdə Zamin və Borc alan BOKT qarşısında birgə məsuliyyət daşıyır.

11. Müqavilənin 2.4-cü maddəsinə əsasən, Borc alanın BOKT qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borc, faizlər, cərimə faizi, dəbbə ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə tam məsuliyyət daşıyır.

12. Müqavilənin 3.1.1-ci maddəsinə əsasən, borcalan BOKT qarşısında öz öhdəliklərinin icrasını lazımı səviyyədə təmin etmədikdə, BOKT Zamindən verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.

13. 31.10.2024-cü il tarixli, 1360 saylı maliyyə arayışına əsasən cavabdeh Yusibova Günel Umudvar qızının ümumi borcu 539,05 manat təşkil etmşidir.

14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

21. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya xx.xx.20219-cü il tarixli, 614 saylı kredit müqaviləsi üzrə 390,45 manat əsas borc məbləği, 142,07 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 6,53 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdeh Yusibova Günel Umudvar qızının ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

30. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından 6,53 manat məbləğində müəyyən edilməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

33. Məhkəmə hesab edir ki, təmin olunan iddia məbləğinə mütənasib olaraq iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu xərci cavabdehlərə aid edilməlidir.

IV. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Yusibova Günel Umudvar qızından, Cavabdeh1 və X1 müştərək qaydada 390,45 manat əsasən borc, 142,07 manat faiz borcu, 6,53 manat dəbbə pulu, cəmi 539,05 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar