Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1794/2020 02.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında rəsmiləşdirilmiş “əmtəə nişanına dair hüquqların verilməsi” barədə xx.xx.2017-ci il tarixli müqavilənin, bu müqavilənin qeydə alınması ilə bağlı həmin tarixli iddia ərizəsinin və bu müqavilə əsasında həmin əmtəə nişanına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqlarının qeydiyyatının etibarsız hesab olunması, iddiaçıya məxsus əmtəə nişanına dair hüquqların başqa şəxsə verilməsinin qanunsuz olaraq rəsmiləşdirlməsi, qeydə alınması və istifadə olunması ilə bağlı iddiaçıya dəymiş cəmi 10.000.000 manat məbləğində ziyanın Cavabdeh2ndən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında rəsmiləşdirilmiş “əmtəə nişanına dair hüquqların verilməsi” barədə xx.xx.2017-ci il tarixli müqavilənin, bu müqavilənin qeydə alınması ilə bağlı həmin tarixli iddia ərizəsinin və bu müqavilə əsasında həmin əmtəə nişanına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqlarının qeydiyyatının etibarsız hesab olunması, iddiaçıya məxsus əmtəə nişanına dair hüquqların başqa şəxsə verilməsinin qanunsuz olaraq rəsmiləşdirlməsi, qeydə alınması və istifadə olunması ilə bağlı iddiaçıya dəymiş cəmi 10.000.000 manat məbləğində ziyanın Cavabdeh2ndən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, “İdeal parfumery & cosmetics” əmtəə nişanı Azərbaycan Respblikası Standartlaşdrıma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2005 0372-35-ci sinif “İDEAL” təsvir və 2009 0846 -35, 39-cu siniflər “ideal” təsvir kimi qeydə alınmışdır. Göründüyü kimi əmtəə nişanı 2 sinif üçün qeydiyyata alınmışdır: 1) 35-Reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər) 2) 39- Malların qablaşdırılması və saxlanılması. Bu əmtəə nişanı ilə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi yaratdığı “İdeal parfumery & cosmetics” mağazalar şəbəkəsində fəaliyyət göstərmiş və bu mağazalar şəbəkəsi Azərbaycanda tanınmış brendə çevrilimişdir. xx xxxxxx 2007-ci il tarixdə isə 100% təsisçi payı iddiaçıya məxsus olan “xxxx” MMC-ni təsis etmişdir. xx.xx.2014-cü il tarixdə iddiaçı ilə “Lisenziat” – yəni “xxxx” MMC arasında 2006 08 46 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İDEAL perfumery & cosmetics” əmtəə nişanından istifadəyə qeyri-müstəsna lisenziya müqaviləsi əsasında “xxxx” MMC-yə istifadəyə dair hüquq verilməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqavilənin 8-ci bəndinə əsasən həmin müqavilə imzalandığı tarixdən əmtəə nişanın qüvvədə olma tarixinin bitməsi müddətinə kimi bağlanırdı. Bu müqavilə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 01 nömrəsi ilə qeydə alınmış və bu barədə iddiaçıya bildiriş təqdim edilmişdir. İddiaçının göstərilən 2009 0846 nömrəli, xx.xx.2009-cu il tarixli əmtəə nişanına 35, 39-cu siniflər üzrə hüququ xx.xx.2019-cu il tarixə qədər qüvvədə idi. Yəni “xxxx” MMC-nin də bu əmtəə nişanına dair “lisenziat” hüququ həmin tarixədək qüvvədə idi. 2017 00034 nömrə ilə “İDEAL perfumery & cosmetics” əmtəə nişanına 3-cü sinif üzrə hüquqları qeydə alınmış və bu barədə iddiaçıya xx xxxxxx 2017-ci il tarixli arayış verilmişdir. “xxxx” MMC xx xxxxxx 2007-ci il tarixdə 100% təsisçi payı iddiaçıya məxsus olmaqla iddiaçı tərəfindən təsis edilmişdir. xx xxxxxx 2011-ci il tarixdə cəmiyyətin nizamnamə kapitalı 10.000 manat miqdarında qaldırılmışdır. “xxxx” MMC 5475 manat ödəməklə Cəmiyyətin nizamnamə kapitalında hər biri 500 manat nominal dəyərə malik 20 paydan 11-ni (55 faizi) əldə etmiş, iddiaçıya isə 4500 nominal dəyərə malik 9 pay (45%) qalmışdır. xx xxxxxx 2014-cü il tarixdə “xxxx” MMC “xxxx” MMC ilə əvəz edilmişdir. Daha sonra isə “xxxx” MMC cəmiyyətdə olan paylarının tamamını X1 ötürmüş və nəticə etibarı ilə yenə də cəmiyyətdə 9 pay yəni 45% iddiaçıya, 11 pay (55%) isə X1 aid olmuşdur. İddiaçı həmdə cəmiyyətin direktoru olmuşdur. Bundan sonra şirkətin dayanıqlı inkişafı üçün bir sıra layihələri həyata keçirməli olmuşdur. Açılan yeni mağazaların təmir işləri ilə bağlı əlavə vəsait qoyuluşu tələb olunurdu. İddiaçı bu ehtiyacı ödəməkdən ötrü digər təsisçi Həmzəyeva Zərifənin əsas səhmdarı olduğu “Silk Way” Bankdan götürdüyü bank kreditinin əvəzi olaraq şirkətdəki payının 20%-ni də digər həmtəsisçiyə dövr etməli olmuşdur. Qeydiyyat şirkətin nizamnamə kapitalının 10 min manatdan 3.200.000 manata qaldırılması yolu ilə həyata keçirilmişdir. Beləliklə 2016-cı ilin noyabr ayından şirkətdəki payı 25% təşkil etmişdir. x xxxx 2017-ci il tarixdə “xxxx” MMC-nin əsassız şikayət ərizəsi əsasında iddiaçı həbs olunmuşdur. Həbsdə olduğu müddətdə düşdüyü ağır vəziyyətdən istifadə edən digər həmtəsisçi iddiaçının xx.xx.2017-ci il tarixdə saxlandığı cəzaçəkmə müəssisəsində yerdə qalan təsisçilik payının da tam olaraq Həmzəyeva Zərifəyə verilməsinə dair bir sıra sənədləri imzalamağa məcbur etmişdir. Yalnız bu sənədləri imzaladıqdan sonra iddiaçının həbsdən azad ediləcəyi ilə bağlı qarşında şərt qoyulmuşdur. Məcbur olub iddiaçıya təqdim edilən sənədləri imzalamış və həmin gün də həbsdən azad edilmişdir. Hazırda məlum olmuşdur ki, iddiaçıya imzalatdırılan sənədlər əsasında iddiaçıya məxsus olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2005 0372-35-ci sinif “İDEAL” təsvir və 2009 0846 -35, 39-cu siniflər “ideal” təsvir əmtəə nişanına aid olan hüquqları bütövlükdə “xxxx” MMC-yə verilmişdir. Həmin əmtəə nişanına dair “xxxx” MMC-nin hüquqları qeydə alınmışdır. Hazırda apardığı araşdırmalar nəticəsində iddiaçıya məlum olmuşdur ki, “xxxx” MMC ilə iddiaçı arasında rəsmləşdirilmiş xx.xx.2017-ci il tarixli müqavilə və iddiaçının adından tərtib edilmiş eyni tarixli ərizə əsasında N 2005 0372-35-ci sinif “İDEAL” təsvir və N 2009-35, 39-cu siniflər “ideal” təsvir əmtəə nişanına dair “xxxx” MMC-nin hüquqları Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydə alınmışdır. Bu qeydiyyat qanunsuzdur və etibarsız hesab edilməlidir. Eyni zamanda bu qeydiyyat üçün əsas olmuş əmtəə nişanına dair hüquqların ötürülməsinə dair iddiaçı ilə “xxxx” MMC arasında rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Belə ki, göstərilən əmtəə nişanına dair hüququnun verilməsi ilə bağlı mübahisələndirilən müqavilə iddiaçı ilə “xxxx” MMC arasında həbsdə olduğu dövrdə yəni xx.xx.2017-ci il tarixdə rəsmləşdirilmişdir. Nə müqavilədə, nə də bu müqavilənin qeydiyyatı ilə bağlı adına tərtib edilmiş iddia ərizəsindəki imzası notariat qaydasında təsdiqlənməmişdir. Bu müqavilə və iddia ərizəsini cəzaçəkmə müəssisəsində imzalamağa məcbur edilmişdir. Hətta məcburiyyət qarşısında bir sıra sənədləri imzalayarkən bu sənədlərin mahiyyətinə belə nəzər yetirməmişdir. Həmin vaxt böyük iztirablar içində olmuş və həbsi ilə bağlı ailə üzvlərinin yaşadığı üzüntülər qarşısında iddiaçıya təqdim olunan sənədləri imzalamağa məcbur olmuşdur. Çünki həbsdən azad olunması üçün qarşısına bu şərt qoyulmuşdur. “Əmtəə nişanına dair hüquqların verilməsi barədə” müqavilədən də görünür ki, güya iddiaçı bu hüquqları əvəzsiz olaraq vermişdir. Halbuki, həmin vaxt eyni əmtəə nişanına dair göstərilən lisenziya müqaviləsi əsasında bu hüquqlar “Lisenziat” kimi “xxxx” MMC-də idi və həmin müqavilənin 5.1-ci bəndinə əsasən iddiaçıya bu müqavilə əsasında lisenziya mükafatı ödənilməli idi. Lisenziya müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixə xx.xx.2019-cu il tarixə qədər idi və müqavilənin 5.1-ci bəndinə əsasən iddiaçıya lisenziya mükafatının verilməsi ilə bağlı ödəmələr həyata keçirilməli idi. Belə olan halda iddiaçı həmin müqavilə qüvvədə ola-ola öz mənafeyinə ziyan vuran yəni heç bir haqq ödənilmədən əmtəə nişanına dair hüquqlarının verilməsi ilə bağlı müqaviləni aldadılaraq imzalamağa məcbur edilmişdir. İddiaçıya məxsus əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilənin qanunsuz olaraq qeydə alınması və cavabdeh “xxxx” MMC –nin (hüquqi varisi Cavabdeh2 MMC) bu əmtəə nişanından qanunsuz istifadəsi nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. Belə ki, bu əmətəə nişanı geniş tanınmış əmtəə nişanıdır və ondan istifadə etməklə iddiaçı bir ildə ən azı 3.000.000 manat vəsait əldə edə bilərdi. Bunu “xxxx” MMC-nin bu nişandan istifadə etməklə əldə etdiyi illik mənfəətin göstəricilərindən də aydın görmək olar. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə xx.xx.2017-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və iddiaçı tərəfindən verilmiş ərizələr də daxil olmaqla şəxsən onun tərəfindən imzalanmışdır. İddiaçı özü iddia ərizəsində qeyd edir ki, qeyd olunan müqavilə və ərizələri imzalasa da, müqavilə və ərizələrin məzmunu ilə tanış olmamışdır. İddiaçı cəzaçəkmə müəssisəsində hədə-qorxu və zorakılıq təsiri altında müqavilə və ərizələri imzalamasını bildirsə də, hüquqlarının pozulması ilə bağlı bağlı nə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, nə də, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etməmişdir. Bununla da, o, göstərilən müqavilənin və ərizələrin imzalaması ilə bağlı öz iradəsini ifadəsini nümayiş etdirmişdir. İddiaçının müqaviləni və ya ərizələri oxumaması, onun iztirablar içində olması və iddiaçının qeyd etdiyi digər hallar isə iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Qeyd olunan hallar iddiaçının mülahizələrinə əsaslanır və həqiqəti əks etdirmir. İş materiallarından da göründüyü kimi, əqdlərin etibarsız hesab edilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi dövrdə hüquqlarının pozulması ilə bağlı dövlət orqanlarına hər-hansı müraciəti olmamışdır. Eyni zamanda ona, onun əmlakına və ya ailə üzvlərinə təzyiqlərin göstərilməsi ilə bağlı hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə xx.xx.2017-ci il tarixli müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla bağlanması iddiaçı tərəfindən sübut edilə bilmir. Belə olan halda isə həmin əmtəə nişanına dair “xxxx” MMC-nin, onun hüquqi varisi kimi “xxxx” MMC-nin hüquqlarının qeydiyyatı da, etibarsız hesab edilə bilməz. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona 10.000.000 manat məbləğində maddi ziyan vurulmasına istinad etsə də, yuxarıda qeyd olunduğu kimi cavabdehlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Göründüyü kimi iddiaçı istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, nəzərə almamışdır ki, qeyd olunan müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Belə ki, hazırda mübahisələndirilən müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra 2020-ci il tarixdə iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. İddiaçı müqaviləni zorakılıq və hədə-qorxu altında imzaladığına istinad etsə də, o, özünün də, iddia ərizəsində qeyd etdiyi kimi 2017-ci il tarixdə həbsdən azad olunmasına baxmayaraq, 3 ilə yaxın müddətdə hər-hansı narazılığını bildirməmiş, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bu isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, “İDEAL” perfumery & cosmetics əmtəə nişanı iddiaçının adına 35-ci sinif üzrə xx.xx.2005-ci il tarixdə N 2005 0372 nömrə ilə qeydiyyata alınmışdır. “ideal” perfumery & cosmetics əmtəə nişanı iddiaçının adına 35ci və 39-cu siniflər üzrə xx.xx.2009-cu il tarixdə N 2009 0846 nömrə ilə qeydiyyata alınmışdır. “ideal” perfumery & cosmetics əmtəə nişanını “xxxx” MMC-nin adına 03-cü sinif üzrə N 2014 1582 nömrə ilə qeydiyyata alınmışdır. “ideal” əmtəə nişanı üzrə istifadə hüququ 2015-ci il 06 yanvar tarixində 01 nömrəli qeyri-müstəsna lisenziya müqaviləsi əsasında əmtəə nişanının qüvvədə olma tarixinin bitməsi müddətinə kimi “xxxx” MMC-yə verilmişdir. İddiaçı 2017-ci il 13 yanvar tarixində N 2017 00034 nömrəli iddia sənədi ilə müraciət edərək, “İDEAL” perfumery & cosmetics əmtəə nişanlarının 03-cü, 35-ci və 39-cu siniflər üzrə qeydiyyata alınmasını xahiş etmiş və ərizəyə “xxxx” MMC-nin Baş direktoru İddiaçı tərəfindən imzalanmış və MMC-nin möhürü vurulmuş razılıq məktubu əlavə olunmuşdur. İddiaçı 2017-ci il 07 fevral tarixində ərizə ilə müraciət edərək “ekspertizanın aparılmasına nişanın keyfiyyətli və mahiyyətini dəyişməyən şəkilləri” göndərmiş və iddiaçının ərizəsinə uyğun olaraq, əmtəə nişanının şəkli dəyişmişdir. “xxxx” MMC-nin direktoru Emil İlizarov 2017-ci il 8 fevral tarixli X/0317 nömrəli məktubla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edərək, bildirmişdir ki, “xx.xx.2017ci il tarixindən etibarən “xxxx” MMC-nin təsisçisinin tələbi ilə keçirilən növbədənkənar ümumi yığıncağının qərarına əsasən İddiaçı direktor vəzifəsindən azad olunaraq X3 Cəmiyyətin yeni direktoru vəzifəsinə seçilmişdir. Eyni zamanda 2017-ci il ərzində xx.xx.2017-ci ilədək “xxxx” MMC tərəfindən ünvanlanmış bütün sənədlər və tələblər etibarsız hesab edilsin”. N 2017 00034 nömrəli iddia sənədi üzrə təqdim edilmiş “ideal” əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında 2017-ci il 6 aprel tarixli bildiriş 12 aprel tarixində göndərilmiş və 15 aprel tarixində alınmışdır. “xxxx” MMC-nin adına 3-cü sinif üzrə qeydiyyatdan keçirilmiş şəhadətnamə nömrəsi N 2014 1582 olan “ideal” perfumery & cosmetics əmtəə nişanı “ideal” perfumery & cosmetics əmtəə nişanına qarşı qoyulmuş və buna görə də oxşar əmtəə nişanı kimi qeydiyyata alına bilməz. “ideal” perfumery & cosmetics əmtəə nişanının tək 3-cü sinif deyil, həm də 35-ci və 39-cu siniflər üzrə qeydiyyatdan keçirilməsi xahiş edilmişdir. N 2017 00034 nömrəli iddia sənədi üzrə təqdim edilmiş “ideal” perfumery & cosmetics əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında 2017-ci il 28 avqust tarixli Qərar 29 avqust tarixində göndərilmiş və 30 avqust tarixində alınmışdır. İddiaçı ona məxsus N 2005 0372; 35-ci sinif olan “İDEAL” perfumery & cosmetics və N 2009 0846; 35-ci və 39-cu siniflər olan “ideal” perfumery & cosmetics əmtəə nişanlarına dair hüquqların bütövlüklə “xxxx” MM-yə verilməsi ilə bağlı 2017-ci il 15 sentyabr tarixli müqavilənin qeydiyyata alınması üçün 2017-ci il 15 sentyabr tarixində ərizə ilə müraciət etmişdir. “İDEAL” perfumery & cosmetics əmtəə nişanının qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixində bitdiyinə görə həmin əmtəə nişanına dair hüquqların digər şəxsə verilməsi qeydiyyata alınmamışdır. “ideal” perfumery & cosmetics əmtəə nişanı sahibinin hüquqları bütövlüklə “xxxx” MMC-yə verilməsi barədə müqavilə qeydiyyata alınmış, Dövlət Reyestrində 2017-ci il 15 sentyabr tarixində müvafiq qeydlər aparılmış, lakin bu barədə məlumatlar “Sənaye mülkiyyəti” (əmtəə nişanları, coğrafi göstəricilər) rəsmi bülletenində dərc olunmamışdır. N 2005 0372, 35-ci sinif olan “İDEAL” perfumery & cosmetics əmtəə nişanının qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixində, N 2009 0846, 35-ci və 39-cu siniflər olan “ideal” perfumery & cosmetics əmtəə nişanının qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Sonda cavabdehin nümayəndəsi iddia barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi uçota alınmaqla ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, “ideal” təsvir əmtəə nişanın sahibi İddiaçı olmuş, xx.xx.2009-cu il tarixdə N 2009 0846 nömrə ilə qeydiyyata alınmış, əmtəə nişanı 35-Reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər) və 39-Malların qablaşdırılması və saxlanılması sinifləri üzrə qeydiyyatan alınmış, əmtəə nişanına dair istifadə hüququ əmtəə nişanının qüvvədə olma müddətinə kimi qeyri-müstəsna lisenziya müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş, əmtəə nişanı sahibinin hüquqları bütövlükdə xx.xx.2017-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında Müqavilənin surətindən görünür ki, müqavilə iddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikası ərazisində N 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İDEAL perfumery & cosmetics” əmtəə nişanından istifadəyə qeyri-müstəsna lisenziya müqaviləsi əsasında istifadəyə hüquq verməyi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə ona iddiaçı tərəfindən verilmiş və N 2009 0846 nömrəli şəhadətnamə üzrə Azərbaycan Respublikası ərazisində təqdim edilən xidmət sahəsi üzrə göstərilən əmtəə nişanı ilə nişanlamaq, müşayiətedici və işgüzar sənədlərdə istifadə etmək hüququ almağı öhdələrinə götürmüşlər. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “ideal” təsvir əmtəə nişanın sahibi iddiaçı olmuş, xx.xx.2009-cu il tarixdə N 2009 0846 nömrə ilə qeydiyyata alınmış, əmtəə nişanı 35-Reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər) və 39-Malların qablaşdırılması və saxlanılması sinifləri üzrə qeydiyyata alınmış, əmtəə nişanına dair istifadə hüququ əmtəə nişanının qüvvədə olma müddətinə kimi qeyri-müstəsna lisenziya müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında Müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı Azərbaycan Respublikası ərazisində N 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “ideal perfumery & cosmetics” əmtəə nişanından istifadəyə qeyri-müstəsna lisenziya müqaviləsi əsasında istifadəyə hüquq verməyi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə ona iddiaçı tərəfindən verilmiş və N 2009 0846 nömrəli şəhadətnamə üzrə Azərbaycan Respublikası ərazisində təqdim edilən xidmət sahəsi üzrə göstərilən əmtəə nişanı ilə nişanlamaq, müşayiətedici və işgüzar sənədlərdə istifadə etmək hüququ almağı öhdələrinə götürmüşlər. İddiaçı ona məxsus N 2005 0372; 35-ci sinif olan “İDEAL” perfumery & cosmetics və N 2009 0846; 35-ci və 39-cu siniflər olan “ideal” perfumery & cosmetics əmtəə nişanlarına dair hüquqların bütövlüklə “xxxx” MMC-yə verilməsi ilə bağlı 2017-ci il 15 sentyabr tarixli müqavilənin qeydiyyata alınması üçün 2017-ci il 15 sentyabr tarixində ərizə ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “İDEAL” perfumery & cosmetics əmtəə nişanının qüvvədə olma müddəti xx.xx.2015-ci il tarixində bitdiyinə görə həmin əmtəə nişanına dair hüquqların digər şəxsə verilməsi qeydiyyata alınmamış, “ideal” perfumery & cosmetics əmtəə nişanı sahibinin hüquqları bütövlüklə “xxxx” MMC-yə verilməsi barədə müqavilə qeydiyyata alınmış və Dövlət Reyestrində 2017-ci il 15 sentyabr tarixində müvafiq qeydlər aparılmışdır. N 2009 0846, 35-ci və 39-cu siniflər olan “ideal” perfumery & cosmetics əmtəə nişanının qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx xxxxxxxx 2017-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən 2 il 9 ay keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. X5 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin müqavilənin qeydə alınması ilə bağlı həmin tarixli iddia ərizəsinin və bu müqavilə əsasında həmin əmtəə nişanına hüquqların qeydiyyatının etibarsız hesab olunması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin göstərilən hissəsi müqavilənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Məhkəmə iddia tələbinin ziyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı, ona 10.000.000 manat məbləğində ziyanın dəyməsini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli və iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi varisi Cavabdeh2 MMC) ilə iddiaçı arasında rəsmiləşdirilmiş “əmtəə nişanına dair hüquqların verilməsi” barədə xx.xx.2017-ci il tarixli müqavilənin, bu müqavilənin qeydə alınması ilə bağlı həmin tarixli iddia ərizəsinin və bu müqavilə əsasında həmin əmtəə nişanına “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqlarının qeydiyyatının etibarsız hesab olunması, iddiaçıya məxsus əmtəə nişanına dair hüquqların başqa şəxsə verilməsinin qanunsuz olaraq rəsmiləşdirlməsi, qeydə alınması və istifadə olunması ilə bağlı iddiaçıya dəymiş cəmi 10.000.000 manat məbləğində ziyanın Cavabdeh2ndən alınaraq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1794/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1794/2020
02.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver