Məhkəmə qərarları › İş №e-2-2(113)-1794/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1794/2023

26.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1794/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin 156 Evakuasiya Xidməti tərəfindən vurulmuş zərərin dəyəri olan 39.100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı cavabdehin 156 Evakuasiya Xidməti tərəfindən vurulmuş zərərin dəyəri olan 39.100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC neftlə çirklənmiş torpaqların neft tullantılarının təmizlənməsi işlərinin xüsusi təmizləmə qurğularından istifadə edərək həyata keçirir. xx.xx.2022-ci il tarixdə neftlə çirklənmiş torpaqların neft tullantılarının təmizlənməsi işlərinin xüsusi təmizləmə qurğusunu Ulduz metrosu yaxınlığından Zığ gölü və ətraf ərazilərinin təmizlənməsi Hövsan qəsəbəsinə aparılması ücün Cavabdeh 166 Evakuasiya Xidmətinə zəng edərək aparılması barədə razılaşmışlar. Lakin, cavabdeh tərəfindən 156 Evakuator maşını kompressor aparatını Ulduz metrosunun yaxınlığından götürmüş və Zığ gölünə apararkən sürət həddini aşaraq Cəmşid Naxcıvanski və Heydər Əliyev adına Hərbi lisey yaxınlığında yerə salaraq yararsız hala salmış, məhv etmişdir. Vurulmuş zərərin Cavabdeh tərəfindən ödənilməsi üçün onlara müraciət etsə də mürəaciəti cavabsız qalmışdır. Bununla bağlı Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsinə şikayət vermişlər. Müraciətə baxan 35-ci Polis Bölməsi mülki xarakterli oldugu ücün məhkəməyə müraciət etməyi bildirmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə pretenziya göndərmiş, nəticəsi olmamışdır. Mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün cavabdehə təklif göndərmiş, cavabdeh cavab verməmiş, mübahisə ilə bağlı ilkin mediasiya sesiası keçirilmiş, lakin, cavabdehlə mübahisənin mediasiyada həlli ilə bağlı razılaşma əldə olunmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh yalnız zəng xidməti göstərir və qəbul edilən sifarişi sürücüyə yönləndirir. Məsələnin həlli ilə bağlı sürücünü həmişə əsas gətirmişlər ki, sürücü bu məsələni həll etməlidir. Sürücü ilə cavabdeh xidmət müqaviləsi əsasında fəaliyyət göstərir və xidmət 156 zəng xidməti sürücüyə sifarişi ötürməsindən ibarətdir. Hazırda təqsirdə məsuliyyət sürücünün üzərindədir, 156 zəng xidmətinin Elvin Mirzəyev adlı sürücüsü yoxdur. Eyni zamanda sürücü bu barədə bildirmişdir ki, avadanlığın həmin hissəsi ilə bağlı boltlar düzgün bərkidilməmişdir, lakin həmin boltlar avtomobillə bağlı olan bolt deyildir. Məhkəmədən qabaq danışıqlar zamanı həmin separatorun mühərrik hissəsinin zərərli olduğunu müəyyən etmişlər, çünki zərər deyilərkən avadanlığın dəyəri yox, həmin zədəli hissənin dəyərindən söhbət getməlidir. İddia tələbi əsassızdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 852.5-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. X1 Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə verdiyi izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Ulduz metrosunun yaxınlığında yerləşən BMZ zavodunda seperator avadanlığını oradan götürərək Zığ yolunda yerləşən "xxxx" şirkətinə aparacağına dair sifariş almışdır. Sifarişi ünvana çatdıran zaman Naxçıvanski dairəsinə çatmamış Zığ yolunda döngədən dönən zaman seperator avadanlığı yerləşdiyi oturacaqların üstündə olan dörd ədəd boltlar bərkidilmədiyi səbəbindən qoparaq yola düşüb zərər dəymişdir. Avadanlığı götürən zaman boltların üstündə olub, amma boltları yaxşı bağlanmamışdır və yükü ona verən zaman bu haqda ona məlumat verməmişlər.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3906 saylı ekspert rəyindən görünür ki, X2 99N ekspert rəyinə əsasən burdan da belə nəticəyə gəlmək olar ki, çuqun hissələrinin bir-birinə müxtəlif üsullarla qaynaq olunması mümkündür. Tədqiqatı aparılan avadanlığın qopub düşmüş hissəsi hazırda mövcud olmadığından, ekspert məsləhətinə əsasən, qaynaq üçün aşağdakı hallardan istifadə etmək olar: - həmin hissənin qəlibi hazırlanmalı (bunun üçün həmin avadanlığın eynisindən istifadə edərək qəlib hazırlana bilər), qəlib vasitəsilə çuqun materialından sınmış hissə düzəldilməli və həmin hissə avadanlığın sınmış hissəsinə qaynaq olunmalı; - digər başqa bir eyni tipli istifadə olunmayan avadanlıqdan həmin hissə kəsilib götürülərək qaynaq olunmalı. Aparılmış tədqiqatlar nəticəsində, İddiaçı MMC-yə məxsus “Alfa Lava” Model FOPX 607 yağ-su ayrıcı separatorun təmir-bərpasının xüsusi növ qaynaq üsulları ilə mümkün olması müəyyən edilmişdir.Qaynaq üsulları rəyin tədqiqat hissəsində ərtaflı qeyd edilmişdir. X5-nin tərtib etdiyi mütəxəssis rəyinin nəticəsinə əsasən həmin aparatın təmirbərpası üçün çəkilən xərc təxminən 3000,0 manat müəyyən olunmuşdur. Ekspert baxışına təqdim olunmuş “Alfa Lava” Model FOPX 607 yağ-su ayrıcı separatorun hal-hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 55000 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir.

11. “X5” MMC-nin xx.xx.2023-cü il tarixli 99 saylı Qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, İddiaçı MMC-yə məxsus “Alfa Laval” Model FOPX 607 yağ-su ayırıcı separatorun təmir-bərpasının xüsusi növ qaynaq üsulları ilə mümkün olması müəyyən edilmişdir. Qaynaq üsulları rəyin tədqiqat hissəsində ətraflı qeyd edilmişdir (bax səh.4).

12. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə neftlə çirklənmiş torpaqların neft tullantılarının təmizlənməsi işlərinin xüsusi təmizləmə qurğusunu Ulduz metrosu yaxınlığından Zığ gölü və ətraf ərazilərinin təmizlənməsi ilə əlaqədar Hövsan qəsəbəsinə aparılması ücün Cavabdeh 166 Evakuasiya Xidmətinə sifariş vermiş, təmizləmə qurğusunu Ulduz metrosunun yaxınlığından götürmüş və Zığ gölünə apararkən Cəmşid Naxcıvanski və Heydər Əliyev adına Hərbi lisey yaxınlığında cavabdehin 156 Evakuator maşınından yerə düşmüş və nəticədə iddiaçıya məxsus avadanlığa zərər dəymişdir.

13. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh yalnız zəng xidməti göstərir və qəbul edilən sifarişi sürücüyə yönləndirir. Məsələnin həlli ilə bağlı sürücünü həmişə əsas gətirmişlər ki, sürücü bu məsələni həll etməlidir. Sürücü ilə cavabdeh xidmət müqaviləsi əsasında fəaliyyət göstərir və xidmət 156 zəng xidməti sürücüyə sifarişi ötürməsindən ibarətdir. Hazırda təqsirdə məsuliyyət sürücünün üzərindədir, 156 zəng xidmətinin Elvin Mirzəliyev adlı sürücüsü yoxdur.

14. Göstərilən dəlillər və cavabdehin məsuliyyəti ilə bağlı məhkəmə qeyd ki, dəlillərdən göründüyü kimi cavabdeh iddiaçıya münasibətdə sürücü X4 (daşıyıcı) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından təşkil edən şəxsdir, yəni Ekspeditordur.

15. Bu halda, Mülki Məcəllənin 852.5-ci maddəsinin tələbinə əsasən cavabdeh daşıyıcının törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 852.5-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

17. Göstərilən maddədə məsuliyyəti istisna edən hal barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı (yük göndərən) cavabdehdən (ekspeditor) daşıyıcı tərəfindən vurulmuş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır.

19. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı avadanlığın sıradan çıxmasına görə maddi ziyan əvəzi kimi cavabdehdən 39.100 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/3906 saylı ekspert rəyi və “X5” MMC-nin xx.xx.2023-cü il tarixli 99 saylı Qiymətləndirmə rəyi ilə avadanlığın təmir-bərpasının xüsusi növ qaynaq üsulları ilə mümkün olması müəyyən olunmaqla həmin xərcin 3000,0 manat olması müəyyən olunmuşdur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

23. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən ekspert rəyləri ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Çünki, ekspert rəyləri hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdurlar.

24. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus avadanlığa dəyən ziyana görə ekspert rəyi ilə müəyyən edilmiş 3000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir.

25. Eyni zamanda, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği cavabdehdən, qalan 25 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin 25 manat məbləği Cavabdeh, qalan 25 manat məbləği İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar