Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1798/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçı1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1 Cavabdeh MMC-yə qarşı ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin təqsiri üzündən ona məxsus olan ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasına dəymiş real maddi maddi ziyanın əvəzi olaraq 11.490 manat və əldə çıxmış faydanın əvəzi olaraq olaraq 30.000 manat - cəmi 41.490 manat ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 191,40 kvadrat metr olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinin bir hissəsini əvvəllər icarə müqaviləsi əsasında işlətmək üçün müxtəlif şəxslərə vermişdir. 2021-ci ildə Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin damında rabitə ötürücü antena quraşdırılmışdır. Əldə olunmuş razılığa əsasən antenanın yerində sökülüb yenidən quraşdırılması, obyektin 2-ci mərtəbəsində antena yerləşdirilməsi üçün tikili təhvil verilmişdir. Həmin yerə antena quraşdırılmışdır. 2022-ci ilin may ayında Cavabdeh MMCnin əməkdaşları müqavilənin şərtlərini pozaraq damdan rabitəötürücü antena sökülüb aparılmışdır. Nəticədə köhnə antenanın yerləşdiyi yer bərbad vəziyyətə düşmüş, dam örtüyü deformasiyaya uğramış, damın izolyasiya sistemi yararsız vəziyyətə düşmüşdür. Antenanın sökülərək quraşdırıldığı yerin təmir olunmaması nəticəsində yağmış yağış nəticəsində zalların və çardağın tavanı suyun təsiri ilə zədələnmiş, suvağı və emulsiyası qopmuş, alçipan nəmdən deformasiyaya uğramış, tavanda ləkələr, divarda çatlar əmələ gəlmişdir. Suyun təsiri nəticəsində zalların oboyları qopmuş, elektrik sistemində qısa qapanma baş vermiş, spot işıqlar və elektrik yuvalarının bir qismi yararsız vəziyyətə düşmüşdür. Qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün çardağın damında yenidən izolyasiya və beton işləri aparılmalı, zalların, kabinetin və çardağın tavanında alçıpan və bərpa işləri görülməli, oboylar sökülərək yenisi ilə əvəz edilməli, spotlar, açar və yuvalar təmizlənməli, elektirik işləri görülməli idi. Ona məxsus olan qeyri-yaşayış binasına dəymiş maddi ziyanın məbləği mütəxəssis rəyinə əsasən 16 avqust 2022-ci ilə kimi 11.490 manat təşkil etmişdir. Qeyd edildiyi kimi, qeyri-yaşayış binasının önündə rabitə ötürücü antena quraşdırılmışdır. Qurğu obyektin ön divarından 2,98 metr məsafədə yerləşir. Ötürücü qurğunun yaydığı şüalanma normadan yüksək 16,95 mkvt/sm təşkil edir ki, bu da normadan artıq hesab edilir. Bu Azərbaycan Respublikası ETSN-nin X2 Monitorinq İdarəsinin 03 avqust 2022-ci il tarixli aktında qeyd edilmişdir. Şüalanmanın normadan artıq olması obyektin terrasında əyləşən müştərilərin sağlamlığına təsir etdiyindən həmin sahədə xidmətin göstərilməsi mümkün olmamışdır. Yuxarıda göstərdiyi kimi, obyektin damında antenanın sökülərək onun quraşdırıldığı yerin təmir edilməməsi nəticəsində zaldan və otaqlardan istifadə etmək mümkün olmamış və o 30.000 manat gəlir itirmişdir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu mütəxəssis rəyi ilə təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun əmlakının bir hissəsi yararsız vəziyyətə düşmüşdür. Daha sonra İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizəni təqdim edərək, Cavabdeh MMC-nin təqsiri üzündən ona məxsus olan ünvan 1 ünvanda yerləşən qeyriyaşyış binasına dəymiş real maddi zərərin əvəzi olaraq 14.646 manat və əldən çıxmış faydaəvəzi kimi 30.000 manat -cəmi 44.646 manat maddi zərərin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması üçün ödənilmiş 400 manat, mediasiya prossesi üçün ödənilmiş 203 manat, dövlət rüsumu üçün ödənilmiş 217 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirmişdir ki, həmin vaxt o ayda 4.000 manat məbləği qazana bilərdi. Səhhətində bir az problemlər var idi. Cavabdehin ona vurduğu zərərə görə obyekti icarəyə verə bilməmişdir. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əmlakın bir hissəsini təmir etmiş, digər hissə isə təmirsiz vəziyyətdədir. Antena olan hissə bugünədək təmirsiz qalıb. Yağış yağdığı vaxt obyektə zərər dəyir. Həmin hissədə su damır. Antena götürüldükdən sonra dam örtüyü zədələndi və su axmağa başladı. Qarşı tərəf sonradan baxış keçirdi və zərərin onlar tərəfindən vurulduğunu təsdiq etdi. Sökdükləri yeri təmir etdi. Cavabdehlə barışıq əldə etmək üçün mübahisə predmeti olan obyektdə görüşdülər. Həmin vaxt belə ümumi zalda müştərilər var idi. Yəni qeyd etmək istəyir ki, onun obyektində daim müştərilər olur. Ekspert əldən çıxmış faydanı müəyyən etmək üçün icarə dəyərini hesabladı. Çünki ekspert başqa cür obyektin əldə etdiyi gəliri hesablaya bilməzdi. 2022-ci ilin may ayında antena çıxarılmışdır. May ayında 2-3 gün yağış yağdı. Dəfələrlə cavabdehin nümayəndələrindən xahiş etdi ki, sökülən yeri düzəltsinlər. Həmin vaxt dəymiş zərər 1500-2000 manat təşkil edirdi. Yağışlar yağdı və qısa müddətdə su bütün mərtəbəyə sızdı. Cavabdehə rəsmi müraciətinin olub-olmaması yadında deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia ərizəsi formal mülahizələrdən ibarətdir. Tərəflər arasında icarə münasibətləri olub. 2022-ci ilin aprel ayından etibarən iddiaçı dəfələrlə avadanlığın yerinin dəyişdirilməsini xahiş edib. Sonradan avadanlığın götürülməsini tələb etmişdir. Onlar da cavab olaraq avadanlığın götürüləcəyini bildirmişlər. Ziyan vurulmadan avadanlıqları daşımışlar. Avadanlıqlar damda yerləşirdi, odur kiŞ əmlaka ziyan dəyməsi mümkün deyil. Cavabdehin nümayəndəsi Nümayəndə əlavə olaraq izahatında bildirmişdir ki, maddi ziyan ilə bağlı ekspert rəyi ilə razı deyillər. Rəydə dəymiş zərər ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə və ziyanın həcmi səhv göstərilmişdir. İddiaçı özü də bildirdiyi kimi onlara rəsmi müraciət etməyib. Özü də qeyd edir ki, həmin vaxt zərərin həcmi 1500 manat məbləğində idi. İddiaçı vaxtlı-vaxtında müraciət etsə idi, yağan yağışlar nəticəsində su sızması bütün mərtəbəyə yayılmayacaq idi.. Əldən çıxmış faydanı sübut edən hər hansı sənəd iş materiallarına əlavə edilməyib. İddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 191,4 m2 olan qeyri-yaşayış binası İddiaçı1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı1 (icarəyəverən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış 30 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən ünvan 2 ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 15 kv.m. olan icarə obyektini icarəçinin istifadəsinə verir. Həmin müqavilənin: 2.2.4-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq icarə sahəsini yararlı vəziyyətdə saxlamaq və icarə haqqını vaxtında ödəmək; 2.2.5-ci bəndinə əsasən icarə sahəsini texniki qaydalara müvafiq istismar etmək; 2.2.7-ci bəndinə əsasən icarə sahəsində tikinti-quraşdırma işləri aparıldığı zaman sahəyə dəymiş ziyanı icarəçinin hesabına bərpa etmək icarəçinin vəzifəsidir. 3.1-ci bəndinə əsasən illik icarə haqqı 4.200 manat (vergilər daxil deyil) təşkil edir. Ödəniş xx.xx.2017-ci il tarixdən hesablanır. 4.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı andan qüvəyə minir və xx.xx.2019-cu il tarixinədək etibarlıdır. 4.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin bitməsinə 2 (iki) həftə qalmış ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin yazılı müraciəti olmadıqda, Müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və icarəçinin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Monitorinq İdarəsinin 03 avqust 2022-ci il tarixli aktından görünür ki, ünvan 3 ünvanında şüalanma selinin sıxlığının təyin edilməsi məqsədilə monitorinq keçirilmiş, monitorinq zamanı məlum olmuşdur ki, şikayətçi İddiaçı1 məxsus “Avalon” adlı ictimai iaşə obyektinin (həmçinin həmin ərazidə 53 nömrəli tam orta məktəb yerləşir) yaxınlığında Bakcell şirkətinə məxsus ötürücü quraşdırılmışdır. ATT-2592 səyyari cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəicədə müəyyən edilmişdir ki, (şüalanma selinin sıxlığı) 16,95 mkvt/sm2 təşkil etmişdir. Qeyd: norma 10 mkvt/sm2-dır, ölçmə zamanı təyin edilmiş göstərici ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Sənədə foto-şəkillər və videogörüntü əlavə edilmişdir. "xxxx" MMC-nin dəymiş maddi ziyanın və əldən çıxmış faydanın müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli UNİ/A 06-636/22 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dəymiş maddi ziyanın məbləği xx.xx.2022-ci il tarixinə 11.490 manat, həmi qeyri-yaşayış binasına dəymiş ziyan nəticəsində əldən çıxmış faydanın məbləği xx.xx.2022-ci il tarixinə 30.000 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov və Şəhriyar küçəsinin kəsişməsində yerləşən “Avalon” restoranın və məktəbin yaxınlığında keçirilən monitorinq zamanı sözügedən ünvanda yerləşən kafenin yaxınlığında Cavabdeh şirkəti tərəfindən quraşdırılmış ötürücü qurğudan ətrafa yayılan elektromaqnit şüalanma səviyyəsi iki dəfə ölçülmüş və ölçmə nəticələrinə əsasən 53 nömrəli tam orta məktəbin həyətində elektromaqnit şüalanması norma daxilində, lakin “Avalon” restoranının 2-ci mərtəbəsində müştərilər üçün nəzərdə tutulmuş xidmət sahəsində (teras) isə normadan artıq olduğu müəyyən edilmişdir. Mövcud vəziyyətə əlaqədar Bakcell MMC-yə akt və protokol tərtib olunmuş və hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə toplanmış materiallar Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 10/3434 saylı ekspert rəyindən görünür ki: Qərardadın 1-ci və 2-ci sualları üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində, yəni tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu, həmçinin mülki iş materialında olan video və foto görüntülərdə həmin tikililərə suyun axmasının əks olunduğunu nəzərə alaraq, binanın dam örtüyündə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antena) quraşdırılması və sökülməsi zamanı dam örtüyünün izolyasiya qatının zədələnməsi nəticəsində həmin hissədən, İddiaçı1 məxsus qeyriyaşayış sahəsinin damından su axdığı və nəticəsində həmin qeyri-yaşayış sahəsinə (dama, eləcə də damın altındakı sahələrə) ziyan dəydiyi müəyyən edilmişdir. Qeyriyaşayış sahəsinin 1, 2 və 5 saylı tikililərin daxilində təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Qərardadın 3-cü sual üzrə Su sızma nəticəsində, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2.680 manat məbləğində, su sızma nəticəsində, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 11.966 manat məbləğində müəyyən edilir (bu işlər tərəflərin qarşılıqlı təqdim etdiyi işlər və mülki iş materiallarında olan məlumatlar əsasında müəyyənləşdirilmişdir). Rəyə tədqiq olunan evdə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında iş materiallarında olan foto-şəkillərin, səsli danışıqların və səslivideo görüntünün qeyd edildiyi CD-diskə baxış keçirilərkən foto-şəkillərdən və səsli-video görüntülərdən görünür ki, ictimai iaşə obyektinin damında mobil telefon rabitəsinə aid texnoloji avadanlıq (rabitə ötürücü antena) quraşdırılmış, damın (rabitə ötürücü antenanın) ətrafına suyun axır, binanın dam örtüyündə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antena) söküldüyü hissədən, qeyri-yaşayış sahəsinin (ictimai iaşə obyektinin) damından su axır. Eyni zamanda CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, İddiaçı1 müxtəlif vaxtlarda ictimai iaşə obyektinin damında quraşdırılmış mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antenanın) sökülərək götürülməsi dəfələrlə tələb edilmiş, əks təqdirdə mütəxəssislərin iştirakı ilə aktlaşdırılaraq özü tərəfindən söküləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış 30 mart 2017-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov və Şəhriyar küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin damında mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 15 kv.m. olan sahəni icarəyə götürmüşdür. Daha sonra iddiaçı 2022-ci ilin aprel ayından etibarən dəfələrlə avadanlığın yerinin dəyişdirilməsini, sonradan isə avadanlıqların götürülməsini tələb etmiş və cavabdeh sözügedən avadanlığı icarə obyektindən götürmüşdür. Hazırda iddiaçı cavabdehin rabitə ötürücü antenanı ona məxsus icarə obyektinin damından sökməsi nəticəsində damın izolyasiyasının zədələndiyini, nəticədə damdan qeyri-yaşayış sahəsinə su axaraq ona maddi zərər vurulduğunu iddia edir və ona dəymiş real maddi zərərin və əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb edir. Cavabdeh MMC isə rabitə ötürücü antenanın onlar tərəfindən sökülməsi faktını təsdiq etsə də, sökülmə nəticəsində izolyasiyanın zədələnməsini, yəni faktiki olaraq onların əməlləri ilə cavabdehə dəymiş zərərin arasında səbəbli əlaqənin mövcudluğunu inkar edir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyanın vurulmasının səbəblərinin və dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə kompleks məhkəmə tikinti-texniki-əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə binanın dam örtüyündə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın (rabitə ötürücü antena) quraşdırılması və sökülməsi zamanı dam örtüyünün izolyasiya qatının zədələnməsi nəticəsində həmin hissədən, İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinin damından su axdığı və nəticəsində həmin qeyri-yaşayış sahəsinə (dama, eləcə də damın altındakı sahələrə) ziyan dəydiyi, qeyri-yaşayış sahəsinin 1, 2 və 5 saylı tikililərin daxilində təmir işlərinin aparıldığı, su sızma nəticəsində, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2.680 manat məbləğində, su sızma nəticəsində, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 11.966 manat məbləğində (cəmi 14.646 manat (11.966+2.680)) olduğu müəyyən edilmişdir(bu işlər tərəflərin qarşılıqlı təqdim etdiyi işlər və mülki iş materiallarında olan məlumatlar əsasında müəyyənləşdirilmişdir). Göründüyü kimi ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə maddi zərərin məhz cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinin damından mobil telefon rabitəsinə aid texnoloji avadanlığın sökülməsi zamanı dam örtüyünün izolyasiya qatının zədələnməsi nəticəsində vurulması, eləcə də həmin maddi zərəri aradan qaldırımaq üçün iddiaçının 11.966 manat məbləğində xərc çəkməsi və 2680 manat məbləğində xərc çəkməli olması, yəni iddiaçıya dəymiş maddi zərərin məbləğinin cəmi 14.646 (11.966+2680) manat təşkil etməsi öz təsdiqini tapmışdır. MPM-in: 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Mülki Məcəllənin: 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh icarə sahəsində tikintiquraşdırma işlərinin aparılması nəticəsində sahəyə dəymiş ziyanı öz hesabına bərpa etmək öhdəliyi daşıdığı halda həmin öhdəliyi lazımi qaydada icra etməmiş, yəni tərəflərindən avadanlığın sökülməsi zamanı zədələnmiş damın izolyasiya örtüyünü bərpa etməmiş, nəticədə cavabdeh tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçıya 14.646 manat məbləğində real maddi zərər dəymişdir. Odur ki, real maddi zərərin əvəzi olaraq pul vəsaitinin tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 14.646 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Zərərin həcminin iddiaçının təqsiri (damın zədələnməsi barədə iddiaçıya vaxtında məlumat verməməsi) üzündən artması barədə cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi, cavabdeh zərərin məbləğinin damın izolyasiya qatında zədələnmənin aşkar edildiyi vaxtdan qısa müddət ərzində aradan qaldırılmaması nəticəsində artmasını sübuta yetirməmişdir. İkincisi, cavabdeh damın izolyasiya qatının zədələnməsi barədə kifayət qədər uzun müddət ərzində məlumatlı olmasına baxmayaraq hal-hazıradək damın bərpa edilməsi istiqamətində heç bir addım atmamış, bundan əlavə axırıncı məhkəmə iclasına qədər damın onlar tərəfindən avadanlığın sökülməsi zamanı zədələnməsini ümumiyyətlə inkar etmişdir. Belə olan halda isə zədələnmənin iddiaçının onlara məlumat verməməsi səbəbindən vaxtında aradan qaldırılmaması barədə cavabdehin dəlilləri inandırıcı görünmür. İddianın əldən çıxmış faydaya görə pulun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Hazırkı işdə isə Cavabdeh MMC tərəfindən öhdəliklərin pozulması nəticəsində iddiaçıya real zərər vurulması müəyyən edilsə də, iddiaçı tərəfindən ona əldən çıxmış fayda formasında maddi zərər vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı ona əldən çıxmış fayda formasında zərər vurulmasını damın izolyasiya qatının zədələnməsi və damdan su axması nəticəsində qeyri-yaşayış sahəsinin zalından və otaqlarından istifadə etməsinin mümkün olmaması, nəticədə onun gəlir itirməsi ilə əsaslandırmaqla əldən çıxmış faydanın məbləğini "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən gəlirin işləmədiyi dövrlər üzrə aylıq (illik) icarə haqları məbləğində hesablamışdır. Halbuki iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin icarə verilməsinə hər hansı bir cəhd etməsini, bunun üçün aktiv tədbirlər görməsini, məsələn, icarə verilmə ilə bağlı elan verməsini, potensial icarəçilərlə danışıqlar aparmasını, lakin damın təmir edilməməsi səbəbindən binanı icarəyə vermək hüququnu həyata keçirə bilməməsini, eləcə də hadisədən əvvəlki dövrdə qeyri-yaşayış sahəsinin icarədə olmasını və ya həmin dövrdə qeyri-yaşayış sahəsindən istifadədən əldə etdiyi gəlirləri sübut edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 14.646 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 203 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 217 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin artırılması da nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 223,94 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. MPM-in 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, hazırda iddiaçı tərəfindən artıq ödənilmiş 196 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 140 (yüz qırx) manat və digər məsrəflərin əvəzi olaraq 150 məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 14.646 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 140 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia verilərkən artıq ödənilmiş 196 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi cavabdehdən, 50 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1798/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1798/2023
18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver