Məhkəmə qərarları › İş №e-2-2(113)-1799/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1799/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1799/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Cavabdeh3 iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh4nə (MMC), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə müraciət edərək 021R********** saylı kredit razılaşması üzrə 10000 manat məbləğində kredit borcu, 2459,63 manat məbləğində faiz borcu və 4300 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16759,63 manat məbləğinin və 200 manat məbləğində mediasiya xərcinin əvəzi olaraq pul vəsaitinin müştərək qaydada Cavabdeh4 MMC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh4 MMC ilə "xxxx" QSC arasında bağlanmış 10 mart 2020-ci il tarixli 021L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 800000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 MMC "xxxx" QSC ilə bağladığı 11 mart 2020-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24 aprel 2020-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dələlərlə yubatmış, kredit borcu va faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13 iyul 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 MMC götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 10000 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16 sentyabr 2021-ci il tarixə 430 gün üçün hesablanmış faiz borcu 2459,63 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 16 sentyabr 2021-ci il tarixə 430 gün üçün hesablanmış cərimə 4300 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yanmbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 MMC öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Sözügedən kredit razılaşması üzrə mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasıya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştiak etməmişdir. Bu barədə 15 dekabr 2021-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 200 manat haqq ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh3 iddia tələbini qismən, yəni əsas və faiz borcu hissəsində qəbul etdiyini, cərimə hissəsində isə rədd edilmləsini xahiş etmiş, həmçinin, bildirmişdir ki, Cavabdeh4 MMC-nin dövlət büdcəsinə vergi borcu mövcud olduğundan tələbin təmin olunması mümkün olmamışdır. Cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - Cavabdeh4 MMC ilə "xxxx" QSC arasında bağlanmış 10 mart 2020-ci il tarixli 021L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 800000 manat məbləğində kredit xətti açılmışdır. - Akşin 88” MMC ilə "xxxx" QSC ilə arasında bağlanmış 11 mart 2020-ci il tarixli 021R********** saylı kredit razılaşmasına əsasən 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürülmüşdür. - 021S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 10 mart 2020-ci il tarixli 021L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz öhdəsinə götürür. - 021S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 10 mart 2020-ci il tarixli 021L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz öhdəsinə götürür. - 021S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 10 mart 2020-ci il tarixli 021L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz öhdəsinə götürür. - 15 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 MMC-nin 16 sentyabr 2021-ci il tarixə borcu əsas borc 10000 manat, faiz borcu 2459,63 manat, cərimə 4300 manat olmaqla ümumilikdə 16759,63 manat təşkil edir. - 05 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 MMC-nin 11 may 2021-ci il tarixə borcu əsas borc 10000 manat, faiz borcu 1536,02 manat, cərimə 3020 manat olmaqla ümumilikdə 14556,02 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh4 MMC kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 15 dekabr 2021-ci il tarixli maliyyə arayışında faiz borcu 16 sentyabr 2021-ci il tarixə kimi hesablanmaqla 2459,63 manat, 05 may 2022-ci il tarixli maliyyə arayışında isə 11 may 2021-ci il tarixə kimi hesablanmaqla 1536,02 manat qeyd olunmuşdur. 05 may 2022-ci il tarixli maliyyə arayışı müqavilə müddətinin sonuna kimi olan dövrü əhatə etdiyindən və qanunvericilikdə və müqavilədə yalnız müqavilənin qüvvədə olduğu müddət ərzində faizlərin hesablanması nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, faiz borcunun məbləği sonuncu arayışa uyğun olaraq 1536,02 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 021S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1, 021S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və 021S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh4 MMC ilə "xxxx" QSC arasında bağlanmış 10 mart 2020-ci il tarixli 021L**********20 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün iddiaçı qarşısında tam məsuliyyəti öz öhdələrinə götürür və borclu ilə birlikdə bank qarşısında məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuş və ödənişlər vaxtında aparılmadığına görə kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən iddiaçının əsas və faiz məbləğin gecikdirilməsinə görə cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə 10000 manat məbləğində əsas borca və 2459,63 manat məbləğində faiz borcuna tənasübsüz olaraq 4300 manat məbləğində cərimənin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 4300 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 021R********** saylı kredit razılaşması üzrə 10000 manat məbləğində əsas borc, 1536,02 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12036,02 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 160 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh4nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 021R********** saylı kredit razılaşması üzrə 10000 manat məbləğində əsas borc, 1536,02 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12036,02 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh4ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 160 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh4ndən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar