Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-18/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşması üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, mediasiya xərci, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit razılaşması üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşması üzrə 24505,41 manat əsas bоrc, 7173,44 manat faiz bоrcu və 5966,9 manat cərimə borcu olmaqla ümumilikdə 37645,75 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2,94 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan XXXXndə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,0284 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 33A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və cəmi 37645,75 manat məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 021L**********16 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500 000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 021R**********S saylı, xx.xx.2020-ci il tarixli 021R**********SA saylı, xx.xx.2021-ci il tarixli 021R**********SB saylı, xx.xx.2021-ci il tarixli 021R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 2.2. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 15494,59 manat ödəmiş, onun 24505,41 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 302 gün üçün hesablanmış faiz borcu 7173,44 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-cü il tarixə 302 gün üçün hеsablanmış cərimə 5966,9 manat təşkil edir. 2.3. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən iddiaçı qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. 2.4. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan və borc alan Cavabdeh1 və iddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 021M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus XXXXndə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,0284 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 33A saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron çıxarışla XXXXndə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,0284 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 33A saylı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Fərdi yaşayış evində qeydiyyatda olanlar Cavabdeh2, X10 və X3 iddiaçıya ipoteka müqaviləsi əsasında XXXXndə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,0284 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 33A saylı fərdi yaşayış evi ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. 2.5. İpoteka saxlayan iddiaçı tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. 2.6. Hazırkı iş kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı mübahisənin həll olunması üçün mediasiyaya müraciət etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq iddiaçı tərəfindən 200 manat haqq ödənilmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448, 472-ci və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 34, 59.3-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndələri X5, X6, Nümayəndə, X4, X7 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X7 göstərdi ki, Cavabdeh1 iddiaçıya digər kredit müqaviləsi üzrə də borcu olub. Bu səbəbdən də edilən ödənişlərin bir qismi həmin borc üzrə silinib.
7. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək ipoteka predmeti olan əmlakın dəyərinin 180 000 – 200 000 manat təşkil etdiyini, etdiyi ödənişlərin isə ekspert tərəfindən tam nəzərə alınmadığını bildirdi.
8. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh1 maddi çətinliklə bağlı ödənişləri edə bilmədiyini, şərait yaradılarsa, krrediti borcunu hissə-hissə ödəyə biləcəyini bildirdi.
9. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək, atasının müflis olduğunu, maliyyə vəziyyətlərinin yaxşı olmadığını bildirdi.
10. Cavabdeh2 məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
11. Cavabdeh3 məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 021L**********16 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 40000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 48 ay razılaşdırılmışdır. Daha sonra 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasına xx.xx.2020-ci il tarixli 021R**********SA saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2020-ci il tarixli 021R**********S saylı sazişlə kredit müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2021-ci il tarixli 021R**********SB saylı sazişlə kredit müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Həmçinin sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 kredit məbləğini təşkil edən 40000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
16. İddiaçı 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 24505,41 manat əsas bоrc, 7173,44 manat faiz bоrcunun cavabdehlərdən tutulmasını tələb edir.
17. Cavabdeh1 maddi çətinliklə bağlı ödənişləri edə bilmədiyini, həmçinin etdiyi ödənişlərin nəzərə alınmadığını bildirir.
18. Cavabdeh2 atasının müflis olduğunu, maliyyə vəziyyətlərinin yaxşı olmadığını qeyd edir.
19. Cavabdeh3 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
20. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
21. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
25. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş göndərək bütün əsas borc məbləğini tələb etmiş, həmin bildiriş cavabdehə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir.
26. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
27. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).
28. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
29. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
30. Belə olan halda, iddiaçının xx.xx.2022-ci il tarixdə Cavabdeh1 bildiriş (ipoteka predmetinə tutma yönəldilməsi barədə) yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və həmin tarixdə 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması xitam edilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2022-ci il tarixə olan əsas və faiz borcunu tələb edir.
31. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, tərəflər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmiş, Cavabdeh1 sadəcə faiz məbləği hissəsində ekspert rəyi ilə razı olmadığını bildirmiş, rəydən narazılığını edilmiş ödənişlərin nəzərə alınmaması ilə əlaqələndirmişdir.
32. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1801/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2715 nömrəli 04 may 2023-cü il tarixli məhkəməmühasibatlıq ekspertizası üzrə ekspert rəyi 16 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1801/2023 nömrəli qərardadının icrası ilə bağlı iddiaçı məhkəməyə, eləcə də ekspertiza tədqiqatına əsas borclu olan Cavabdeh1 bank hesabından çıxarışı təqdim etmiş, iş üzrə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra müəyyən edilmişdir ki, iş üzrə cavabdeh (zamin) Cavabdeh2 məxsus bank hesabı vasitəsi ilə də kredit ödənişlərini həyata keçirilmişdir. Lakin iddiaçı Cavabdeh2 məxsus bank hesabından çıxarışı tədqiqata təqdim etmədiyindən, ekspert rəyində həmin ödənişlərin nəzərə alınması mümkün olmamışdır. Həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1801/2023 nömrəli qərardadı qəbul edildikdən sonrakı tarixlərdə cavabdehlər tərəfindən əhəmiyyətli ödənişlər edilmişdir.
33. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 71/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Həmin Mərkəzinin 9/8264 nömrəli 10 mart 2025-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə əsas borc 24505,41 manat, faiz borcu 6928,73 manat təşkil edir.
34. Həmin ekspert rəyinə nəzər saldıqdan aydın olur ki, xx.xx.2022-ci il tarixə faiz borcu 6506,69 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixək bir günə düşən faiz borcu 14,18 manat təşkil edir. Belə olan halda müqavilənin birtərəfli ləğvi tarixinə (xx.xx.2022-ci il) faiz borcu 6761,93 manat (xx.xx.2022-ci il tarixə olan faiz borcu 6506,69 manat + xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan 18 gün üçün faiz borcu 255,24 manat (bir günə düşən faiz borcu 14,18 manat*18 gün) ) təşkil edir.
35. Lakin məhkəməyə təqdim edilən Cavabdeh1 və Cavabdeh2 bank hesabından çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 297 manat, olmaqla ümumilikdə 4697 manat ödəniş edilmiş və əsas borca silinmişdir. Belə olan halda 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə əsas borc 19808,41 manat (24505,41 manat əsas borc – 4697 manat) təşkil edir.
36. Faiz borcuna münasibətdə isə məhkəmə göstərir ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra xx.xx.2025-ci il tarixdə 297 manat, xx.xx.2025-ci il tarixdə 396 manat, xx.xx.2025-ci il tarixdə 495 manat, xx.xx.2025-ci il tarixdə 495 manat olmaqla ümumilikdə 1683 manat ödəniş edilmiş, həmin ödənişlər iddiaçı tərəfindən faiz borcuna silinmişdir. Bu isə 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə yekun faiz borcunun 6928,73 (xx.xx.2022-ci il tarixə 6761,93 manat faiz borcu – 1683 manat) manat olduğunu deməyə əsas verir.
37. Belə olan halda, məhkəmə hesab edir ki, 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə edilmiş ödənişlər nəzərə alınmaqla iddiaçıya 19808,41 manat əsas borc və 6928,73 manat faiz borcu mövcuddur.
38. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
40. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-cu il tarixli 021L**********16 saylı uzunmüddətli kredit müqaviləsində və zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.
44. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 19808,41 manat əsas borc, 6928,73 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
45. İddia ərizəsində iddiaçı 5966,9 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
46. 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.
47. xx.xx.2019-cu il tarixli 021S**********01 saylı və xx.xx.2019-cu il tarixli 021S**********01 saylı zaminlik müqavilələrinin 3.1.2-ci bəndinə əsasən, Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq Kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zamin ödəyir.
48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
49. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
51. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, ödənişləri məhkəmə icraatında olarkən də icra etmələri, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 1100 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
52. Lakin məhkəməyə təqdim edilən Cavabdeh2 bank hesabından çıxarışdan görünür ki, iddia məhkəməyə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə edilmiş 500 manat ödəniş cərimə borcuna silinmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, cərimə borcu olaraq 600 manat (1100 manat -500 manat) pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı
53. İddiaçı eyni zamanda tutmanın Cavabdeh1 mülkiyyətində olan XXXXndə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,0284 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 33A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və cəmi 37645,75 manat məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
54. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
55. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
56. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
57. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
58. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
59. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
60. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
61. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
62. İddiaçı QSC (ipoteka saxlayan qismində) ilə Cavabdeh1 (borc alan və ipoteka qoyan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, İpoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 20 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 021L**********16 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir (1.1). İpoteka predmetinin təsviri və olduğu yer: XXXXndə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.0284 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəyerləşən 161.5 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 33 A saylı fərdi yaşayış evi (2.1). İpoteka predmetinin qeydə alındığı rəsmi reyestr: Reyestr nömrəsi **********67-10301, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi 02 may 2017-ci il tarixində daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 376 nömrəli reyestr kitabının 35168 nömrəli vərəqində qeydiyyata alınmışdır (2.2). İpoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Seriya RX ******* (2.3). İpoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 72000 (yetmiş iki min) manat təşkil edir (2.5). 3.1 Öhdəliyin mahiyyəti: Bank ilə Cavabdeh1, bundan sonra «Borc alan» adlandırılacaq, arasında 20 sentyabr 2019-cu il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 021L**********16 saylı Uzunmüddətli Kredit Müqaviləsi (3.1). Uzunmüddətli Kredit məbləği: 500000.00 (beş yüz min) manat; Uzunmüddətli Kredit Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Uzunmüddətli Kredit Müqaviləsi əsasında verilən bütün kreditlərin toplam məbləği Uzunmüddətli Kredit Müqaviləsinin məbləğini bir və ya bir neçə dəfə aşa bilər, amma Uzunmüddətli Kredit Müqavilə üzrə kreditlərin istənilən ana olan ümumi məbləği heç bir halda Uzunmüddətli Kredit Müqaviləsinin məbləğini aşa bilməz (3.2). Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 120 (bir yüz iyirmi) ay; Uzunmüddətli Kredit Müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28 (iyirmi səkkiz) %; Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla (3.3).
63. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli 021L**********16 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 120 ay müddətinə, xx.xx.2019-cu il tarixədək olan öhdəlik üzrə XXXXndə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,0284 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 33A saylı fərdi yaşayış evinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
64. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildiriş xx.xx.2022-ci il tarixdə ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.
65. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir.
66. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
67. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
68. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.
69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
70. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1801/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3836 nömrəli ekspertiza rəyində ipoteka predmetinin yerləşdiyi ərazinin xüsusiyyətləri, tikilinin xarakteristikası aydınlaşdırılmamış, obyektə vizual baxışın həyata keçirilməsinə dair sənədlər rəyə əlavə olunmamış, müqayisə obyektləri üzrə müqayisə elementləri müəyyən olunmamış, obyekt qiymətləndirilərkən yalnız bir mənbədən əldə olunan məlumatlara istinad edilməklə təsadüfi olaraq (hər hansı göstəriciyə əsaslanmadan, müqayisə elementləri nəzərə alınmadan) bir neçə müqayisə obyekti seçilmiş, ipoteka predmetinin likvid dəyəri müəyyən olunarkən tətbiq edilən azalma əmsalının hansı meyarlar əsasında tətbiq edildiyi, ümumiyyətlə, göstərilməmişdir.
71. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1801/2023 nömrəli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin Mərkəzin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-9/87xx-xx/8450 nömrəli ekspert rəyinə əsasən, XXXXndə 0,0284 ha torpaq sahəsində yerləşən 33A saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə bazar qiyməti 111 000 manat, likvid dəyəri 100 000 manat təşkil edir.
72. Cavabdeh1 qeyd edilən ekspert rəyini də mübahisələndirmiş, daşınmaz əmlakının qiymətinin 180 000 – 200 000 manat olduğunu qeyd etmişdir. Lakin xx.xx.2019cu il tarixli ipoteka müqaviləsi ilə əmlakın ilkin satış qiyməti 72 000 manat qiymətləndirilmiş, cavabdeh isə həmin qiymətə razı olmuşdur. xx.xx.2024-cü il tarixli 3-16- 16/2-9/87xx-xx/8450 nömrəli ekspert rəyi ilə isə daşınmaz əmlakın bazar dəyəri 111 000 manat, likvid dəyəri 100 000 manat olaraq müəyyən edilmişdir. Cavabdeh əmlakının dəyərinin istinad etdiyi məbləğdə olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
73. Məhkəmə ekspertiza rəyini və tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, XXXXndə yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,0284 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 33A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 100 000 manat müəyyən edilməlidir.
74. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
75. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 100 000 manat müəyyən edilməklə XXXX 0,0284 hektar torpaq sahəsində yerləşən 161,5 kv.m sahədən ibarət 33A saylı fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakların satışından əldə olunan vəsait İddiaçı QSC ilə Cavabdeh1 arasında 20 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 27337,14 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat məbləğində pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait İddiaçı QSC ilə Cavabdeh1 arasında 20 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə borcu ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
76. İddiaçı eləcə də 200 manat mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2,94 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulmasını xahiş etmişdir.
77. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-7521 nömrəli ilkin mediasiya sessiyasından sona prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödənmişdir.
78. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
79. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
80. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
81. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
82. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
83. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 9/2715 nömrəli 04 may 2023-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, 9/8264 nömrəli 10 mart 2025-ci il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2023-cü il tarixli 10/3836 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat, xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/87xx-xx/8450 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
84. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
85. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
86. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
87. Yuxarıda qeyd olunanları və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 148 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 45 manat pul cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə, ekspertiza xərci olaraq 110 manat İddiaçı QSC-dən, 290 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, ödənilmiş məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
88. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 20 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 19808,41 manat əsas borc, 6928,73 manat faiz borcu, 600 manat cərimə borcu olmaqla ümumilikdə 27337,14 manat məbləğində pul cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 148 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 45 manat pul cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 100 000 manat müəyyən edilməklə XXXX 0,0284 hektar torpaq sahəsində yerləşən 161,5 kv.m sahədən ibarət 33A saylı fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakların satışından əldə olunan vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 20 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə 27337,14 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat məbləğində pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 20 sentyabr 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 24 sentyabr 2019-cu il tarixli 021R********** saylı kredit razılaşması üzrə borcu ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 110 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 290 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova