Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-180/2024 06.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85,292 manat əsas borc, 12808,02 manat faiz borcu, 2611,06 manat cərimə borcu, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixdə BBSH-GTS-041/2016 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC90061035-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%,illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 96,793 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Qanuni nümayəndə arasında DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2022-ci il tarixli DG**********405 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 291 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85,292 manat əsas borc, 15627,39 manat faiz borcu, 3986,02 manat cərimə borcu olmaqla, cəmi 104905,41 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçınin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında kredit müqaviləsi asan imza vasitəsilə imzalanmış, cavabdeh tərəfindən təqdim edilmiş elektron çıxarış həmin kredit müqaviləsi üzrə qrafik üzrə ödənilməli olan borcları göstərir.
5. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin kredit müqaviləsi üzrə internet informasiya sistemindən çıxarışda göstərilmiş kredit müqaviləsi üzrə əsas borcu 85292 manat, faiz borcu 12627,50 manat hissəsində qəbul edirlər, cərimə borcunun silinməsini xahiş edirlər. Belə ki, cavabdehin vergi öhdəlikləri üzrə vergi orqanı tərəfindən bank hesablarına sərəncam qoyulmuş, bu səbəbdən kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında icra etmək mümkün olmamış, hazırda vergi orqanına qarşı qaldırdıqları “borcun silinməsi” tələbinə dair iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmış, hələ qanuni qüvvəyə minməmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
7. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
9. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10.İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 11 may 2016-cı il tarixli BBSH- GTS-041/2016 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusuna əsasən müştərinin müraciət əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması) ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), plastik kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.
11. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank cavabdehə illik 17 % olmaqla 96793 manat məbləğində kredit verir. Bu ərizəyə əsasən cavabdeh yaranan əsas borc, faizlər, komissiya haqqı, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərər, girov predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün pul tələblərinə təminat vermə öhdəliyi götürmüşdür (müqavilə hüquqi şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 13:08-də asan imza ilə imzalanmışdır). 12.İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış 25 aprel 2022-ci il tarixli DG**********405 nömrəli zaminlik müqaviləsinə əsasən bank və Cavabdeh1 MMC arasında bağlanmış DC90061035-02 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 96793 manat məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 13.İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00410-2023/13 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 13 iyun 2023-cü il tarixinə iddiaçı qarşısında öhdəlikləri DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85292 manat əsas borc, 12808,02 manat faiz borcu, 2611,06 manat cərimə borcu olmaqla, cəmi borcu 100711,08 manat təşkil edir. 14.İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-00952-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin 23 avqust 2023-cü il tarixinə iddiaçı qarşısında öhdəlikləri DC90061035-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 85292 manat əsas borc, 15627,39 manat faiz borcu, 3986,02 manat cərimə borcu olmaqla, cəmi borcu 104905,41 manat təşkil edir. 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli 9/7483 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC90061035-02 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 85292 manat, faiz borcu 14646,74 manat; xx.xx.2023-cü il tarixə əsas borcu 85292 manat, faiz borcu 15653,66 manat təşkil edir. Kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından cərimə hesablanmadı. 16.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə qeyd edir ki, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyi ilə 15653,66 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehlərdən tutulacaq faiz borcu 15627,39 manat müəyyən edilməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış DC90061035-02 saylı kredit müqaviləsinə əsasən hesablanmış 3986,02 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada DC90061035-02 saylı kredit müqaviləsinə əsasən 85292 manat əsas borc 15627,39 manat faiz borcu, 3986,02 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
34. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada 85292 manat əsas borc, 15627,39 manat faiz borcu, 3986,02 manat cərimə, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 105305,41 (bir yüz beş min üç yüz beş manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova