Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1800/2022 05.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6328 manat borc, 400 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, 11,50 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 90 manat mediasiya xərcinin tutulub iddiaçıya verilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhərində şadlıq evləri və hotellər götürüb işlədir. Elanların birində Səbail rayonunda yerləşən Nizami hotelin 4500 manata icarəyə verildiyini görüb hotelin sahibi X1 və onun oğlu Rəşidlə telefonda bu barədə danışdıqdan sonra metronun Nizami stansiyasının yaxınlığında yerləşən notariusda onlarla görüşmüşdür. Onlarla qiymətdə razılaşdıqdan sonra aralarında icarə müqaviləsi bağlayarkən ona məlum olmuşdur ki, ondan əvvəl hoteli işlədən şəxs hoteldən çıxarıldığına görə onlardan 150000 manat təmir üçün ödədiyi pulu tələb etdiyi üçün işləri məhkəmədədir. Bu səbəbdən o, onlarla icarəyə müqaviləsi bağlaya bilməmişdir. Həmin vaxt Rəşid ondan 2000 manat pul beh götürmüşdür. Onlar hotelə getmişlər, hotelin açarı ona verilmişdir. O, hotellə tanış olanda 130 manat işıq pulu, 80 manat işığın və suyun sayğaclar üçün təmir haqqını vermişdir. 160 manat suyun təzə hidroforuna, 18 manat kondisionerin təmiri üçün, 50 manat kimyəvi təmizləməyə, 100 manat təmizliyə görə vermişdir. Sonradan Rəşid ondan Arifə məxsus “Unibank”a aid kart hesabına 24.08.2021ci il tarixdə 230 manat və 27.08.2021-ci il tarixdə həmin hesaba təkrar 250 manat göndərmişdir. Lakin bu günə kimi Rəşid məhkəmə problemlərini həll edə bilmədiklərini ona bildirəndən sonra o, onlardan vermiş olduğu 4328 manatı geri tələb etsə də, onlar müxtəlif bəhanələr edərək pulu verməmişlər. İddiaçı 4328 manat pulun 3200 manatını metronun Nizami stansiyasının yaxınlığında, 538 manatı hotelin xərcləri üçün, 480 manatı isə kart hesabına köçürmüşdür. 1200 manatı Rəşidə verərkən onların yanında tanışı Təranə adlı qadın olmuşdur. 14.02.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etsə də X1 iştirak etməmişdir. Bununla bağlı 14.02.2022-ci il tarixli, № MBŞ/4 – 00261 saylı arayış tərtib olunmuşdur. Bundan sonra tərəfimizdən cavabdehə pretenziya göndərilmiş və 6328 manat borcun, 400 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, 11,5 manat notariat qaydasında çəkilmiş xərclərlə bağlı ödənilmiş pulun xəbərdarlıq məktubunu aldıqdan sonra qısa müddətdə (5 gün ərzində) onlar tərəfindən ödənilməsi tələb olunmuş və əks təqdirdə qeyd edilən iddia tələbi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən pretenziya alınsa da tələb hələ də icra olunmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh verdiyi pulu ala bilmədiyi üçün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə 06.09.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Müraciətinə əsasən araşdırma aparılmış və 15.09.2021-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Hazırki iş üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, o, anasına məxsus Səbail rayonu ərazisində yerləşən Nizami hoteli icarəyə vermək üçün ev alqı-satqısında işləyən şəxslərə müraciət etmişdir. 24.08.2021-ci il tarixdə sonradan tanıdığı İddiaçı onunla telefon əlaqəsi saxlayıb həmin hoteli götürmək istədiyini bildirmişdir. O, Şahinlə hoteldə görüşmüşlər, Şahin hotelə baxıb bəyənmiş və hoteli 4500 manata icarəyə razılaşmışlar. Həmin vaxt Şahinə bildirmişdir ki, hotelin əvvəlki icarədarı Cavid “Covid-19” xəstəliyi ilə əlaqədar icarə haqqını verə bilmədiyi üçün onunla aralarında olan müqaviləyə xitam vermişlər. O, da öz növbəsində anasını məhkəməyə verərək hoteli yenidən işlətmək istədiyini bildirmişdir. Pulla bağlı məhkəməyə müraciət etməmişlər. O, bir gün sonra Şahinlə danışdığı kimi anası ilə birlikdə metronun Nizami stansiyasının yaxınlığında notariat kontoruna getmişlər. Notariat kontoruna müraciət edən zaman onlara məlum olmuşdur ki, əvvəlki icarədar hotellə bağlı məhkəməyə şikayət etdiyi üçün Şahinlə icarə müqaviləsi bağlamaq mümkün deyil. Onlar hotelə gələrək Şahinə hotelin açarını vermiş və ondan 2000 manat beh almışlar. Məhkəmə bitdikdən sonra fəaliyyətə başlayacağını demişdir. Şahin ona hoteldən 130 manat işıq pulu, 80 manat işıq və sayğacın təmiri, 50 manat yataq dəstlərin, 100 manat təmizlik üçün xərclədiyini bildirmişdir. O, Şahinə etiraz etməmiş və hotelin icarəsindən çıxmasını demişdir. Məhkəmə işini həll etmək üçün ona pul lazım olduğu üçün dostu Arifə məxsus “Unibank” kartını ona çəkərək göndərmiş və ona pul atmasını bildirmişdir. Şahin isə öz növbəsində həmin kart hesabına 250 manat və 230 manat pul göndərmişdir. Şahinə hotelin açarını verdikdən sonra bir neçə gündən sonra o, hotelə getmişdir. Şahinin yanında qonşular ona bildirmişlər ki, bura əxlaqsız yuva kimi fəaliyyət göstərir və ondan xahiş etmişlər ki, icarədarı buradan uzaqlaşdırsın. O, həqiqətən hoteldə otaqlara baxarkən onların hər tərəfi yağ içində və namətizlik və çirk olduğunu görüb belə qərara gəlmişdir ki, həqiqətən qonşuların dediyi düzdür. Bu səbəbdən Şahindən hotelin açarını götürüb onunla müqavilə bağlamamaqda düzgün etdiyini, sonradan onunla problem yaşayacağını demişdir. O, Şahinə bildirmişdir ki, hazırda nəğd pulu yoxdur, hoteli icarəyə verdikdən sonra ona verdiyi 4000 manat pulu qaytaracaqdır. Şahinin hotelə çəkdiyi xərclər də onunla aralarında danışıldığı kimi həll ediləcək. Şahin ondan hotelin açarını aldıqdan sonra 10 gün işlətmiş və oradan qazanc götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini ödənilmiş icarə haqqı və digər xərclərlə bağlı təxminən 4300 manat məbləğində borcu olduğunu, lakin iddiaçının ona təxminən 3500 manat məbləğində ziyan vurduğuna görə, təxminən 800 manat məbləğində real borcun olduğunu, həmçinin 2000 manat məbləğində vəsaitin beh kimi deyil, məhz icarə haqqı əvəzi ödənildiyini və iddiaçının həmin vəsaitin beh kimi qiymətləndirdiyini və əlavə 2000 manat tələbin əsassız olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, icarə müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə 2000 manat məbləğində beh pulu, 130 manat işıq pulu, 80 manat işiğın və suyun sayğaclarının təmir haqqı, 160 manat suyun təzə olduğu hidrofora, 18 manat kondisionerin təmirinə, 50 manat kimyəvi təmizləməyə, 100 manat təmizliyə, 1200 manat məhkəmə işləri üçün, sonra isə Cahangirov Arifə məxsus “Unibank” kart hesabına 24.08.2021-ci il tarixdə 230 manat, 27.08.2021-ci il tarixdə isə 250 manat pul, ümumilikdə 4218 manat məbləğində pulu Cavabdeh İddiaçı avans kimi ödəmişdir. 22 sentyabr 2021-ci il tarixli 10 nömrəli qəbzdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi məqsədilə “Femida” Vəkil Bürosuna 400 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 491 və 492.2-ci maddələrinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında otelin ayda 4500 manat məbləğində icarəyə verilməsi ilə bağlı razılaşma əldə edilmiş və İddiaçı Cavabdeh icarə haqqı və digər xərclər kimi, ilkin ödəniş 2000 manat olmaqla cəmi 3680 manat pul ödəmiş, həmçinin oteldə olan təmir və təmizlik işləri üçün əlavə 538 manat vəsait xərcləsə də, otelin icarəyə verilməsi baş tutmamış və cavabdehin 4218 manat məbləğində borcu yaranmışdır. Cavabdeh isə təxminən 4300 manat məbləğində borcunun olduğunu, iddiaçının ona vurduğu təxminən 3500 manat məbləğində zərərə görə təxminən 800 manat məbləğində real borcunun olduğunu bildirsə də, 3500 manat zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, 4218 manat məbləğində pul, həmçinin 400 manat hüquqi yardımın göstərilməsi üçün, 90 manat məbləğində mediasiya xərci və 11,50 manat notariat qaydasında çəkilmiş xərclər hissəsində tələb əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddiaçının beh kimi qiymətləndirdiyi ilkin ödəniş kimi 2000 manatın əvəzində behin iki misli kimi, yəni əlavə 2000 manat məbləğində vəsaitin tələbi ilə bağlı isə qeyd edir ki, iddiaçı icarə haqqı kimi ödənilmiş 2000 manatı beh kimi qiymətləndirsə də, yazılı formada bağlanılması nəzərdə tutulan beh müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4218 manat məbləğində borc, hüquqi yardımın göstərilməsi üçün 400 manat, mediasiya xərci üçün 90 manat və notariat qaydasında çəkilmiş 11,50 manat məbləğində xərc cəmi 4719,50 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4218 manat məbləğində borc, hüquqi yardımın göstərilməsi üçün 400 manat, mediasiya xərci üçün 90 manat və notariat qaydasında çəkilmiş 11,50 manat məbləğində xərc cəmi 4719,50 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1800/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1800/2022
05.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver