Məhkəmə qərarları › İş №e-2-2(113)-1805/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1805/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1805/2021 19.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı "AFB Bank” ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və.s tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "AFB Bank” ASC cavabdeh "Gilan Vegetables” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Gilan Vegetables” MMC-nin iddia qaldırılan günə kredit xətti müqaviləsi üzrə banka əsas borcu 0 manat, 23.02.2021-ci il tarixə faiz borcu üzrə 39245.48 (otuz doqquz min iki yüz qırx beş manat 48 qəpik)manat, 23.02.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 28042.47( iyirmi səkkiz min qırx iki manat 47 qəpik),cəmi 67287.95 (altmış yeddi min iki yüz səksən yeddi manat 95 qəpik) manat və 30 (otuz)manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 21 may 2018-ci il tarixli, 54447-1/KX №-li kredit xətti müqaviləsinə əsasən ona illik 17(on yeddi) faiz dərəcəsi ilə 265000 (iki yüz altmış beş min) manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdehə kredit xətti 3(üç) ay müddətinə açılır. Kredit xətti müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin borcalan verildiyi gündən başlanır və kredit xətti müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək faizlərin hesablanması davam edir.Faizlər yalnız kredit xəttinin istifadə olunan hissəsinə hesablanır. Bu müqavilənin 2.9cu bəndinə əsəsan borcalan kredit xətti üzrə yaranmış borcu vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu ödəməlidir. Cavabdeh MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun iddia qaldırılan günə kredit xətti müqaviləsi üzrə banka əsas borcu 0 manat, 23.02.2021-ci il tarixə faiz borcu üzrə 39245.48 (otuz doqquz min iki yüz qırx beş manat 48 qəpik)manat, 23.02.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 28042.47( iyirmi səkkiz min qırx iki manat 47 qəpik) , cəmi 67287.95 (altmış yeddi min iki yüz səksən yeddi manat 95 qəpik) manat məbləğində borcu yaranmışdır. İş üzrə tərrəflər üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 21 may 2018-ci il tarixli, 54447-1/KX №-li kredit xətti müqaviləsi bağlanmış və sonuncuya illik 17(on yeddi) faiz dərəcəsi ilə 265.000 (iki yüz altmış beş min) manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit xəttinin rəsmiləşdirilməsinə görə borcalandan kredt məbləğinin 2(iki) faizi həcmində, nağd çıxarılmasına görə isə 0,6 faizi həcmində komisyon haqqının tutulması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 21 may 2018-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə kredt məbləğinin 2 (iki) faizi həcmində komisyon haqqı tutulmaqla 259.700 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Qeyd edilənlərə əsasən kreditin cavabdehə verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işin isə mübahisəsiz halı da ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə müəyyən olunmuş məbləğdə pul verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Məhkəmə qeyd edir ki, hazırki halda işin müəyyən edilməli olan halı müqavilənin müddətinin bitdiyi tarixə faiz borcunun nə qədər təşkil etməsini müəyyən etmək təşkil edir. Qeyd olunan halın araşdırılması xüsusi bilik tələb etdiyindən Məhkənin qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş 08 iyul 2021-ci il tarixli, 9/3367 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında imzalanmış 21 may 2018-ci il tarixli 54447-1/KX saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21.08.2018-ci il tarixə faiz borcu üzrə 11.262,50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh tərəf bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetiməməsi səbəbindən iddiaçıya müqavilə müddətinin bitdiyi 21.08.2018-ci il tarixə 11.262,50 manat faiz borcu yaranmışdır. Əsas borc məbləği isə müqavilənin müddəti bitdikdən sonra ödəndiyindən, əsas borca dair tələb yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddiası faiz borcunun tutulması hissəsində qismən əsaslıdır və cavabdehdən 11262,50 manat məbləğində faiz borcu tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, dəbbə borcunun tələb edilməsi hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdeh götürmüş olduğu 265.000 məbləğində kreditə görə müqavilənin qüvvədə olduğu 3 ay ərzində hər hansı bir ödəniş etməmişdir və hazırda da, ödənilməmiş 11.262,50 manat məbləğində faiz borcu qalmışdır. Belə olan halda, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 600 (altı yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 20 manat, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi "Gilan Vegetables” MMC-dən, 35 manat məbləğində hissəsi "AFB Bank” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "AFB Bank” ASC ilə "Gilan Vegetables” MMC arasında bağlanmış 21 may 2018-ci il tarixli, 54447-1/KX saylı kredit xətti müqaviləsi üzrə faiz borcu üzrə 11.262 (on bir min iki yüz altmış iki) manat, 50 (əlli) qəpik, dəbbə pulu olaraq 600 (altı yüz) manat məbləğində pul, cəmi 11862 (on bir min səkkiz yüz altmış iki) manat, 50 (əlli) qəpik məbləğində pul "Gilan Vegetables” MMC-dən tutularaq "AFB Bank” ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul "Gilan Vegetables” MMC-dən tutularaq "AFB Bank” ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 110 manat məbləğində hissəsi "Gilan Vegetables” MMC-dən, 35 manat məbləğində hissəsi "AFB Bank” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar