Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1806/2023 31.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqı, ziyan) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, 13/37 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 23 aylıq icarə haqqının (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) əvəzi olaraq 27.600 manat pul vəsaitinin və qeyri yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün 5000 manat pul vəsaitinin, cəmi 32.600 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reystrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bakı şəhərində tərəflər arasında imzalanmış 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyi-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. 23 dekabr 2021-ci il tarixdə icarə müqaviləsinin müddətinin bitmiş olmasına və icarəyə verən tərəfindən əvvəlcədən müddətin uzadılmayacağının icarəçiyə rəsmi şəkildə bildirilmiş olmasına baxmayaraq cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılmaması səbəbilə tərəflərindən daha əvvəl icarə obyektinin boşaldılması və boşaldılmadığı müddət ərzində əldən çıxmış faydanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Yekunda Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(005)-1071/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qeyd edilməlidir ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqı cavabdeh tərəfindən son 23 ay ərzində ödənilməmişdir. Əlavə olaraq, 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsində icarə haqqının məbləği formal olaraq 500 azn göstərilmiş olmasına baxmayaraq, icarə haqqı tərəflər arasında 1200 manat olaraq razılaşdırılmış və bu hal cavabdeh tərəfindən daha əvvəlki məhkəmə proseslərində də etiraf edilmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin 23 ay ödənilməmiş icarə haqqı olaraq cavabdehin iddiaçıya 27.600 azn borcu yaranmışdır. Əlavə olaraq, Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən əlavə qurğular quraşdırılmış və obyekt üzrində müxtəlif təmir-tikinti işləri aparılmışdır. Sözügedən obyektin hal-hazırda əvvəlki vəziyyətinə qaytarılması üçün 5000 manat pul sərf olunmalıdır. Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün cavabdehdən 5000 azn pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1806/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr üzrə 13.200 manat məbləğində icarə haqqının tutulması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə haqqı 500 manat müəyyən edilmiş, 1200 manat icarə haqqı ilə bağlı tərəflər arasında razılıq olmamışdır, icarə haqları iddia ərizəsində göstərilən dövr üzrə cavabdeh tərəfindən ödənilməmiş, səbəbi isə həmin dövrdə hamıya məlum olduğu kimi pandemiya şəraitinin olması və tətbiq edilmiş karantin şəraiti ilə bağlı idman zallarının fəaliyyət göstərməməsi olmuşdur. Bundan əlavə, iddiaçı xx.xx.2020-ci il tarixdən etibarən aylıq 1200 manat olmaqla 11 ayın icarə haqqının, ümumilikdə 13200 manat ödənilməmiş borcun ödənilməsi ilə bağlı daha əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra iddiadan imtina etmiş, onun iddiadan imtinası qəbul edilmiş, iş üzrə icraata xitam verilmişdir. Hazırkı iddia əsassızdır. Bundan əlavə, həmin icarə obyektinə cavabdeh tərəfindən xərc çəkilmiş, həmin yer onun tərəfindən təmir edilmişdir, bu səbəbdən 5000 manat əldən çıxmış faydanın tələb edilməsi hissəsində də iddia tələbi əsassızdır.
5. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı icarə müqaviləsi üzrə icarə haqları həmişə nağd qaydada ödənilmiş, cavabdeh tərəfindən son ödəniş 2020-ci ilin yanvar ayı üzrə olmuşdur. Müqavilənin qüvvədə olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün isə icarə haqqı ödənilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən aylıq 1200 manat olmaqla 11 ayın icarə haqqının, ümumilikdə 13200 manat ödənilməmiş borcun ödənilməsi ilə bağlı daha əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra həmin iş üzrə çıxarılmış yekun akta apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsində iddiaçı verdiyi iddiadan imtina etmiş, həmin qərardad qanuni qüvvəyə minmişdir. Lakin həmin dövr indiyədək cavabdeh tərəfindən ödənilmədiyi üçün iddiaçı hesab edir ki, hazırkı tələblə yenidən məhkəməyə müraciət edilə bilər. Qalan 2021-ci ilin yanvar ayından həmin ilin 23 dekabr ayınadək olan dövr üzrə borc iddiaçı tərəfindən ümumiyyətlə məhkəmə qaydasında tələb edilməmiş, həmin borcun ödəniləcəyi ehtimal edilmişdir.
6. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 316,7 kv/m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 10057 saylı vərəqində qeydiyyata alınmışdır.
9. İddiaçı (icarəyə verən) iddiaçı ilə cavabdeh (İcarəçi) cavabdeh arasında bağlanmış 24 dekabr 2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 316,7 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir: İcarəyə verən İddiaçı (tam hissə 316,7 kv.m) –İcarəçi Cavabdeh.
10. Müqavilənin 5-ci bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 500 manat icarə haqqı ödəyir.
11. Cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, icarə müqaviləsinə əsasən yaranmış borcun ödənilməsinin 7 gün ərzində təmin edilməsi xahiş olunmuşdur.
12. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, iddia ərizəsində mübahisələndirilən dövr üzrə icarə obyekti cavabdehin sahiblik və istifadəsində olmuş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə icarə haqqı ödənilməmişdir.
13. Belə ki, Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdeh icarə müqaviləsinə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozmuşdur, bu səbəbdən müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
16. Cavabdeh həmin dövr üzrə icarə haqqının ödənilməməsinin səbəbini həmin dövrdə ölkədə mövcud olmuş karantin rejimi ilə əlaqələndirsə də, məhkəmə onun bu dəlili ilə razılaşmır.
17. Cavabdehin pandemiyada karantin rejiminin tətbiqi ilə əlaqədar icarə haqlarının ödənilməməli olmasına dair dəlilləri ilə razılaşmayan Məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan dövrdə icarə haqlarının azaldılması, yaxud bununla bağlı yaranmış öhdəliklərindən azad edilməsi ilə bağlı iddiaçıya ümumiyyətlə hər hansı müraciət etməmiş, icarəyə götürdüyü sahəni öz sahiblik və istifadəsində saxlamaqda davam etmiş, müqavilənin ləğvi təşəbbüsünü irəli sürməmişdir.
18. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb olunan icarə haqqının ödənilməsinə dair dəlilləri əsaslıdır.
19. Bununla yanaşı, iddiaçı hər ay üçün icarə haqqının 500 manat olmasına baxmayaraq faktiki 1200 manat olmasını, bu səbəbdən 12 ay üzrə ödənilməmiş icarə haqlarının əvəzinin 1200 manatdan hesablanmaqla ödənilməsini tələb etsə də, məhkəmə iddiaçının bu arqumentini əsaslı hesab etmir.
20. Belə ki, tərəflər arasında bağlamış icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarə haqqının məbləğinin bir ay üçün 500 manat olması müəyyən edilmiş, göstərilən halı cavabdehin nümayəndəsi də öz izahatında təsdiq etmiş, qeyd olunan müqaviləyə əlavə və ya dəyişiklik edilməsi ilə bağlı sübutu iddiaçı Məhkəməyə təqdim etməmişdir.
21. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 6000 manat məbləğində pul (12 ay * 500 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün 5000 manat pul vəsaitinin tutulması tələbini də irəli sürmüş, iddiaçının nümayəndəsi məhkəmə iclasında tələbin bu hissəsi ilə bağlı hər hansı sübut təqdim edə bilməyəcəklərini bildirmişdir.
24. İddiaçı hazırkı tələbini Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən sübuta yetirə bilməmişdir.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova