Məhkəmə qərarları › İş №e-2-2(113)-1807/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1807/2024

31.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1807/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tələbetmə müddətinin keçməsi, həmin borcun tələb edilməsinin cavabdehə qadağan edilməsi və qeyd edilən borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun tələbetmə müddətini keçməsi, borc tələbin qadağan edilməsi, borcun silinməsi) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı borcun tələbetmə müddətinin keçməsi, həmin borcun tələb edilməsinin cavabdehə qadağan edilməsi və qeyd edilən borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə su sərfiyyatına görə hesablanmış, yaranma əsası məlum olmayan və tələbetmə müddəti keçmiş 13319,88 manat borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə su sərfiyyatına görə hesablanmış, yaranma əsası məlum olmayan 13319,88 manat (on üç min üç yüz on doqquz manat 88 qəpik) borcun tələbetmə müddətinin keçməsi, həmin borcun İddiaçıASC-dən tələb edilməsinin cavabdehə qadağan edilməsi və qeyd edilən borcun silinməsi vəzifəsinin Cavabdeh ASCnin üzərinə qoyulmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2702 saylı avtomobil müəssisəsi Sovetlər birliyi zamanından fəaliyyət göstərən təşkilat olmuşdur. “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” çərçivəsində xx.xx.1998-cı il tarixdə həmin müəssisə özəllşədirilmiş və həmin tarixdən müəssisəyə İddiaçı ASC adı verilmişdir. İddiaçı ASC xx.xx.1998-ci il tarixdə təsis edilməsinə baxmayaraq, uzun müddət heç bir fəaliyyətlə məşğul olmamış sonradan isə cəmiyyətin istifadəsində olan torpaq sahəsini, Cəmiyyətə məxsus tikililəri icarəyə verməklə fəaliyyət göstərib. Buna baxmayaraq Cavabdeh ASC müəssisəyə həmin dövrə əsassız su sərfiyyatı (içməli su və çirkab su) hesablamaqla müxtəlif məbləğlərdə qanunsuz və əsassız borc yaratmışdır. Hətta Cavabdeh ASC-nin Cəmiyyətə təqdim etdiyi abonent hesabat açıqlamasından göründüyü kimi, 2000-2009-cu illərdə Cəmiyyət demək olar ki, Cavabdeh ASC-nin xidmətlərindən istifadə etməmişdir. İddiaçı ASC Cavabdeh ASC-nin xidmətindən istifadə etmədiyi halda ona 2018-cu sonuna 13319,88 manat borc hesablamışdır. Həmin məbləğin haradan alındığı ona məlum deyildir. Qeyd olunan borc barədə məlumatı Cavabdeh ASC tərəfindən abonent hesabat açıqlaması ona təqdim etdikdən sonra olmuşdur. Cavabdehlə iddiaçı arasında olan münasibətlər, iki müəssisə arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilələr əsasında həyata keçirilmişdir. Həmin müqavilələrin adından belə göründüyü kimi, tərəflər arasında yaranmış öhdəliklər xaraktercə vaxtaşırı icra edilməli öhdəliklər kateqoriyasına aidddir. İddiaçı ASC-yə hesablanmış su sərfiyyatına dair borc məbləğinin qanunsuz və əsassız olması, həmin tələbə (borca) tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilməsi və həmin borcun hesabdan silnməsi ilə bağlı cavabdehə yazılı pretenziya qaydasına riayət etməklə müraciət etsədə bu günə kimi, qeyd olunan borc hesabdan silinməmişdir. Bu səbəbdən mübahisəni məhkəmə qaydasında həlletmək qərarına gəlmişik. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 527.1, 550, 551.2, 554.1-ci maddələrinə istinad olunmuşdur Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, o, sonradan, 2019-cü ildən həmin cəmiyyətə rəhbər təyin olunmuşdur. Mübahisə edilən borc ondan əvvəl yaranmış, həmin illərdə cəmiyyət tərəfindən ödənişlər olmamış, lakin o, təyin olunduğu vaxtdan vaxtaşırı ödənişləri tam ödəyir. Sonda o, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Hazırda iddiaçının borcu, çirkab suya görə hesablanmışdır. Həmin borcun yaranma mənbəyi əvvəlki illərdən hissə-hissə qalmış qalıq borclarla bağlı olmuşdur, çünki iddiaçı tərəf yalnız istifadə olunmuş su sərfiyyatına görə dövri ödənişləri etmişdir, artıq ödəmə edilməmişdir.Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. İİ. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Abonent haqqında məlumat cədvəlindən göründüyü kimi İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixə çirkab su üzrə qalıq borcu 13319,88 manat qeyd olunmuşdur. 12 fevral 2024-cü il tarixli ********* saylı çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC vasitəsilə 130 manat dövlət rüsumu ödənilmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Çünki iddiaçı qanunsuz və əsassız olaraq ona borc yazıldığını bildirsə də, tərəflərin məhkəmə iclasındakı izaatlarından məlum olmuşdur ki, həmin borc iddiaçının su sərfiyyatına görə deyil, axıldılmış çirkab suyuna görə illər üzrə hesablanmışdır. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə2 də etiraf etmişdir ki, o, cəmiyyətdə rəhbər olana qədərki dövrdə çirkab suyuna görə ödənişlər edilməmişdir. Bununla da borcun qanunsuz və əsassız hesablanmsı faktı öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin qanunsuz və əsassız olaraq 13319,88 manat borc hesabladığı bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa, iddiaçı tələbetmə müddətinin keçməsi əsası ilə borcun ondan tələb edilməsinin cavabdehə qadağan edilərək borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafındakı 550, 551 və 554-cü maddələrinə istinad edərək borc öhdəliyinin müddətin keçməsinə görə silinməli olduğunu, tələb olunmasının qadağan edilməli olduğunu əsaslandırmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin 5-ci paraqrafdakı müddətlərin iddia müddəti olduğunu və vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəslindəki iddia müddətləri tətbiq edilməli olduğunu qərara almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.” Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə borcludan borcun ödənilməsi tələb edilmədiyi, ona qarşı iddia qaldırılmadığı halda iddia müddətinin keçməsinə görə kreditora tələb hüququnun qadağan edilməsi və borcun silinməsi ilə bağlı hər hansı əsas, norma mövcud deyildir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı borcun əsassız və qanunsuz hesablanmasını sübut edə bilmədiyindən, həmçinin iddia müddətinin keçməsinə görə borcun tələb edilməsinin qadağan olunması və borcun silinməsi ilə bağlı iddia tələbinin qanuni əsası olmadığından iddia təmin edilməməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı borcun tələbetmə müddətinin keçməsi, həmin borcun tələb edilməsinin cavabdehə qadağan edilməsi və qeyd edilən borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı ASC tərəfindən Kapı̇ tal Bank vası̇ təsi ilə artıq ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumu (qebz № **********) ona geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar