Məhkəmə qərarları › İş №e-2-2(113)-181/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-181/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-181/2023 19.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC BOKT (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25 aprel 2013-cü il tarixli 9499 saylı kredit müqaviləsi üzrə 4921,36 manat əsas borcun, 1128,86 manat faiz borcunun, cəmi 6050,22 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus ipoteka qoyulmuş Kürdəmir rayonu, Xırdapay kəndində 0,2155 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 78 kv.m yaşayış, 80,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən yaşayış evinin ilkin satış qiymətinin 18000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və əldə edilən vəsait hesabına cavabdehin cəmi 6050,22 manat borc məbləğinin və ödənilmiş 100,0 manat mediasiya xərcinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 25 aprel 2013-cü il tarixli 9499 saylı kredit müqaviləsi üzrə 4471,36 manat əsas borcun, 1128,86 manat faiz borcunun, cəmi 5600,22 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus ipoteka qoyulmuş Kürdəmir rayonu, Xırdapay kəndində 0,2155 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 78 kv.m yaşayış, 80,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən yaşayış evin ilkin satış qiymətinin 18000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması və əldə edilən vəsait hesabına cavabdehin cəmi 6050,22 manat borc məbləğinin və ödənilmiş 100,0 manat mediasiya xərcinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının (surəti əlavə olunur) (bundan – sonra Fərman) icrası ilə əlaqədar "xxxx" ASCnin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə (bundan sonra – “Tələbin güzəştimüqaviləsi”) əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı"xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 27 sentyabr 2017-ci il tarixli, S-FK-KUR-61 saylı təhvil-təslim aktı (bundan sonra – Akt) əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildiririk ki, "xxxx" ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2013-cü il tarixli, 9499 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kafeyə avadanlıqlar alınması məqsədi ilə 24 ay müddətinə illik 20%-lə 7000,0 (yeddimin) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdehməxsus Kürdəmir rayonu, Xırdapay kəndində 0,2155 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 78 kv.m yaşayış, 80,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam ipoteka qoyulmuş və bununla bağlı "xxxx" ASC-nin Kürdəmir filialı ilə ipotekaqoyan arasında 25 aprel 2013-cü il tarixli, 19 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və "xxxx" ASC-nin Kürdəmir filialının girovu kimimüvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. 25 aprel 2013-cü il tarixli, 19 saylı ipoteka müqaviləsinin 3.3-cü bəndinə görə Cavabdeh məxsus Kürdəmir rayonu, Xırdapay kəndində 0,2155 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 78 kv.m yaşayış, 80,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin razılaşdırılmış likvid dəyəri 18000,0 (on səkkiz min) manat müəyyən edilmişdir. Cavabdehilə bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh əsas borcu 4921,36 manat, faiz borcu 1128,86 manat,cəmi borcu 6050,22 (altı min əlli manat iyirmi iki qəpik) manat təşkiledir. Sözügedən mübahisə üzrə Cavabdeh medaitor X3 tərəfindən təyin edilmiş ilkin mediasiya sesssiyası ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İlkin mediasiya sessiyasında borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Sözügedən mübahisə üzrə medaitor X3 tərəfindən MŞB/11-00079 saylı, xx.xx.2022-ci il tarixli arayış təqdim etmişdir. Qeyd olunmalıdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100,0 (bir yüz) manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Hüseynzadə iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisənin məhkəmədənkənar həlli mümkün deyildir. Bundan əlavə, materiallarda olan ekspert rəyi ilə razı deyildir, ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərildiyi kimi 18000 manat müəyyən edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 27 sentyabr 2017ci il tarixli S-FK-KUR-61 nömrəli aktdan görünür ki, Cavabdeh təhvil-təslim olan günə "xxxx" ASC-dəki şəxsi borc hesablarından çıxarışa əsasən əsas borcu 5326,36 manat, faiz borcu 1128,86 manat, cəmi borcu 6455,22 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 9499 nömrəli kredit müqaviləsindən görünür ki, müqavilənin predmeti AZN ilə ifadə edilən pul öhdəliyidir. Borc verən borc alana kafeyə avadanlıqlar alınması üçün 7000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesabanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 25 aprel 2013-cü il tarixli 19 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanla ipoteka saxlayana arasında bağıanmış 25 aprel 2013-cü il tarixli 9499 nömrəli kredit müqaviləsinə əsasən 7000 manat məbləğində 24 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş Kürdəmir rayonu, Xırdapay kəndində olan 1 mərtəbəli, 3 otaqlı 78 kv.m yaşayış sahəsi, 80.6 kv.m köməkçi sahəsi olan əmlak sonrakı ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka qoyulmuş əmlak filialın kredit qrupu tərəfindən bazar dəyəri 20.000 manat, likvid dəyəri 18.000 manat məbləğində qiymətləndirilir. Müqavilənin 4.1-ci bəndinə əsaəsn ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 25 aprel 2013-cü il tarixli 9499 nörəli kredit müqaviləsinə əsasən verilən kredit və kredit faizlərinin qaytarılmasından ibarətdir. Müqavilənin 4.2-ci bəndinə əsaəsn ipoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 7000 manat əsas kredit borcu, ona hesablanmış faizlər və dəbbə pulu təşkil edir. İddiaçı tərəfindən verilmiş Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan fiziki şəxs Cavabdeh xx.xx.2022-ci il tarixinə olan kredit əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, xx.xx.2013-cü il tarixli 9499 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin ödənilməmiş əsas borcu 4921,36 manat, faiz borcu 1128,86 manat təşkil edir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Xırdapay kəndində mülkiyyətində olan 0,2155 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 78 kv.m yaşayış, 80.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adına olan əmlak "xxxx"nın Kürdəmir filialının adına yüklü edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 10/7781, 9/8627 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 158,6 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin mövcud bazar dəyəri təqribən 39500 manat, likvid dəyəri isə 35500 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş cavabdehin xx.xx.2023-cü il tarixinə olan əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdehin əsas borcu 4471,36 manat, faiz borcu 1128,86 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq isə Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 158,6 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmiş, 4471,36 manat məbləğində əsas borc və 1128,86 manat məbləğində faiz borcu ödənilməmiş qalmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehdən yuxarıda göstərilən kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı razılaşma olmadığından, bundan əlavə, ipoteka müqaviləsinin bağlandığı müddət üzərindən kifayət qədər uzun müddət keçdiyi (ipoteka müqaviləsinin bağlandığı tarix – 2013-cü il) üçün məhkəmə tərəfindən nəzərə alınmadığından ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 25 aprel 2013-cü il tarixli 9499 saylı kredit müqaviləsi üzrə 4471,36 manat əsas borc, 1128,86 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmetinə yönəldilməli, əmlakın ilkin satış qiyməti 35500 manat müəyyən edilməklə açıq hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına göstərilən borc tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 aprel 2013-cü il tarixli 9499 saylı kredit müqaviləsi üzrə 4471,36 manat əsas borc, 1128,86 manat faiz borcu, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 5700,22 (beş min yeddi yüz manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh məxsus Kürdəmir rayonu, Xırdapay kəndində 0,2155 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 78 kv.m yaşayış, 80,6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Əmlakın ilkin satış qiyməti 35500 (otuz beş min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 25 aprel 2013-cü il tarixli 9499 saylı kredit müqaviləsi üzrə 4471,36 manat əsas borc, 1128,86 manat faiz borcu, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 5700,22 (beş min yeddi yüz manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 50 (əlli) manatla bağlı hissədə isə "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, Kod: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar