Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-181/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Nümayəndə3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, prosessual maraq, kredit müddətindən sonra dəbbə pulu və qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Nümayəndə3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X6 Azərbaycan” QSC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC), Cavabdeh3 (Cavabdeh3 MMC) və Nümayəndə3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə 300 000 manat əsas borc, 6100 manat faiz borcu, 56000 manat cərimə məbləği, 13500 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış məbləğ olmaqla ümumilikdə 375 600 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin, ödənilmiş 276,10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 18 avqust 2022-ci ildə “X6 Azərbaycan” QSC ilə Cavabdeh1 MMC arasında 361264 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, iddiaçı tərəfindən borcalan Cavabdeh1 MMC-yə digər öhdəliklərinin bağlanılması ilə bağlı 300 000 manat məbləğində pul ayrılmış və 30 dekabr 2027-ci ilədək kreditin əsas məbləği və оna illik 15% dərəcəsi olmaqla hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən geri qaytarılması razılaşdırılmışdır. 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 1 nömrəli kredit sazişinə əsasən Cavabdeh1 MMC-yə 6 ay müddətinə 300 000 manat məbləğində kredit verilmişdir. 2.2. Borcalanın 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər Nümayəndə3la 18 avqust 2022-ci il tarixli 1 nömrəli və Cavabdeh3 MMC ilə 18 avqust 2022-ci il tarixli 2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. 2.3. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh1 MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baхmayaraq, sonuncular krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi iddiaçıya оlan bоrclarını ödəməmişlər.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 465, 739-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi qeyd etdi ki, cavabdehlərdən Nümayəndə3 qarşı Türkiyə Respublikasında hazırkı müqavilə üzrə pulun tutulması ilə bağlı icra üzrə icraat mövcuddur, lakin pulun tutulmasına nail olunmamışdır. Eyni zamanda iddiaçı tərəfin 05 dekabr 2023-cü il tarixli 9/8389 nömrəli ekspert rəyinə etiraz etmədikləri bildirilmiş, iddia tələbində nəzərdə tutulmuş cərimə və əsas borca illik 5 faizlə tutulan məbləğin əsas borcun qaytarılmalı olduğu 2023-cü ilin 20 fevral tarixindən 2024-cü ilin 10 yanvar tarixinə qədər hesablandığı göstərilmişdir.
7. Məhkəmə bildirişləri cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Nümayəndə3 onların müvafiq olaraq hüquqi ünvanları və yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, Cavabdeh1 MMC və Cavabdeh3 MMC-nin X1 sistemində yaradılmış elektron kabinetlərinə, Cavabdeh3 MMC-nin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (Borcverən və ya Kreditor qismində) ilə Cavabdeh1 MMC (Borcalan və ya Kredit alan qismində) arasında bağlanmış 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit müqaviləsinin (kredit xəttinin açılması barədə müqavilənin) şərtlərindən görünür ki, «Borcverən» bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə verilən kredit(lər) üçün «Borcalana» bərpa edilən (“revolving”) kredit xətti açır, «Borcalan» isə kredit xətti üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə «Borcverənə» qaytarmasını öhdəsinə götürür. Bərpa edilən kredit xətti dedikdə həmin xətt üzrə alınmış kredit məbləğinin bir hissəsi ödənildikdən sonra, «Borcalana» bu müqavilənin 1.2 və 1.3-cü maddələri ilə müəyyənləşdirilmiş hədd və müddət çərçivəsində yeni kredit borcun verilməsi imkanı kimi başa düşülür (1.1). Kredit xəttinin məbləği (limiti) 300 000 (Üç yüz min Azərbaycan manatı) AZN təşkil edir (1.2). Kredit xətti üzrə «Borcalana» kredit(lər) 30 Dekabr 2027-ci il tarixinədək və istifadəsinə görə yuxarı həddi illik 15% faiz dərəcəsi ödəmək şərti ilə verilir. Kredit xətti üzrə kredit(lər) kredit (kredit sazişləri) (nağd) və\və ya qarantiya, akkreditiv (qarantiya, akkreditiv sazişləri) (qeyri nağd) formasında verilə bilər. Tərəflər arasında qarantiya, akkreditiv üzrə münasibətlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq sazişlərlə tənzimlənəcək. Kredit(İər) «Borcalana» bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit sazişinə(lərinə) əsasən hissə-hissə verilir (verilə bilər). Kredit xətti üzrə hissə-hissə verilən hər bir kreditin(lərin) müddəti, məbləği, məqsədi, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişi(ləri) ilə müəyyən edilir. Lakin bununla belə kredit xətti üzrə: “Borcalana” hissə-hissə verilən hər hansı bir kreditin müddəti 6 aydan artıq ola bilməz, sonuncu kredit borcu (kredit hissəsi) isə 30 iyun 2027-ci il tarixindən gec olmayaraq verilə bilər. Kredit(lər) üzrə faizlər kredit(lər) “Borcalana” verildiyi (köçürüldüyü) gündən borcun tam qaytarılması anınadək hesablanır (1.3).
12. Həmin müqaviləyə 18 avqust 2022-ci il tarixli 1 nömrəli kredit sazişinin şərtlərindən görünür ki, “Borcverən” “Borcalana” tərəflər arasında bağlanmış 18 Avqust 2022-ci il tarixli 361264 nömrəli kredit (kredit xəttinin açılması barədə) müqaviləsində müəyyən edilmiş şərtlərlə və bu Sazişin 2-ci maddəsində göstərilmiş təyinat və məqsədlə istifadə etmək üçün 300 000 (üç yüz min Azərbaycan manatı) məbləğində, 6 ay müddətinə kredit verir. «Borcalan» isə almış olduğu borc pul məbləğini (krediti) müəyyən edilmiş şərtlərlə «Borcverənə» qaytarmasını öhdəsinə götürür (1-ci bənd). Kredit sahibkarlıq məqsədi(ləri) üçün verilir və dövriyyə vəsaiti üçün istifadə ediləcəkdir. Borcalan hər hansı bir səbəb üzündən götürdüyü krediti təyinatı üzrə istifadə edə bilmədiyi halda, o, bu barədə Borcverənə məlumat verməklə kreditin əsas məbləğini və ona hesablanmış faizləri dərhal qaytarmalıdır (2-ci bənd). “Borcalan” kreditdən istifadə edilməsinə görə “Borcverənə” illik 12% (on iki) dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə faizlər verildiyi gündən borcun tam qaytarılması anınadək hesablanır. Kredit məbləği “Borcalan”a “X6 Azərbaycan” QSC-də açdığı müvafiq hesaba köçürülməklə verilir. “Borcverən” “Borcalana” verilən kredit məbləğinin 1% miqdarında komisyon haqqını “Borcalanın” hesabından tutur. Kredit üzrə faktiki illik faiz dərəcəsi (komisyon xərclər daxil olmaqla) 13% (faiz) təşkil edir (4-cü bənd).
13. İş materiallarına əlavə edilən kreditin qaytarılma qrafikindən (ödəniş cədvəli) görünür ki, faizlər üzrə ilk ödənişin 19 sentyabr 2022-ci il, sonuncu ödənişin 20 fevral 2023-cü il tarixdə edilməsi, kreditin əsas borcunun müddətin sonunda qaytarılması razılaşdırılmış, ümumilikdə 18200 manat faiz borcu şərtləşdirilmişdir.
14. Məhkəməyə təqdim edilən iddiaçı (Borcverən və ya Kreditor qismində) ilə cavabdeh Nümayəndə3 (Zamin qismində) arasında bağlanmış 18 avqust 2022-ci il tarixli 1 nömrəli və iddiaçı (Borcverən və ya Kreditor qismində) ilə Cavabdeh3 MMC (Zamin qismində) arasında bağlanmış 18 avqust 2022-ci il tarixli 2 nömrəli zaminlik müqavilələrinin şərtlərindən görünür ki, 18 Avqust 2022-ci il tarixində «X6 Azərbaycan» QSC (Borcverən) və Cavabdeh1 MMC («Borcalan») arasında bağlanmış 361264 N-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə «Borcalana» 300 000 (Üç yüz min Azərbaycan manatı) məbləğində 30 Dekabr 2027-ci il tarixinədək, yuxarı həddi illik 15% dərəcəsi ilə açılmış kredit xətti ilə bağlı «Borcverən» qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirilənədək «Zamin» «Borcalanla» tam birgə məsuliyyət daşımağını öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə (həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Azərbaycan manatı və\və ya xarici valyutada bağlanılan ayrıca saziş(lər)(müqavilələr) üzrə daxil olmaqla) ayrılmış (verilmiş) bütün vəsaitlər (borclar) üzrə «Borcalan» öhdəliklərini icra etmədiyi və\və ya lazımınca icra etmədiyi təqdirdə «Zamin» «Borcverənin» ilk tələbi ilə kredit(borc) məbləğini (əsas borc), ona hesablanmış faiz və cərimələrlə birlikdə (həmçinin borcun tutulması üzrə məhkəmə xərclərinin və “Borcalanın” kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Borcverənə” dəyən digər zərər də daxil olmaqla) dərhal «Borcverənə» ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür (1.1). İcrası zaminliklə təmin olunan öhdəliyin yaranma əsası «Borcverənlə» «Borcalan» arasında 18 Avqust 2022-ci il tarixində bağlanmış yuxarıda qeyd edilmiş kredit müqaviləsidir. Zamin, həmin müqaviləyə əsasən «Borcalanın» «Borcverən» qarşısında olan bütün öhdəliklərinin vaxtında və lazımı qaydada icra olunmasına görə, o cümlədən kredit və hesablanmış faiz (cərimə) məbləğinin(lərinin) qaytarılmasına, həmçinin həmin kreditlə əlaqədar yarana biləcək və\və ya çəkilməli olacaq hər cür xərclərin və zərərin ödənilməsinə görə məsuliyyət daşıyır (2.1).
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4270/2023 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli 9/8389 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit xətti müqaviləsi üzrə bağlanmış 1 nömrəli saziş üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borc 300 000 manat, faiz borcu isə 6100 manat təşkil edir.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 1 nömrəli sazişdən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 300 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 6 ay müddətə illik 13 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh3 MMC və Nümayəndə3 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular Cavabdeh1 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 300 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.
17. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 300 000 manat əsas borc, 6100 manat məbləğində faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
18. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
19. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
21. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
22. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
23. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.
24. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
28. X4 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
29. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
30. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə (əsas məbləğ və hesablanmış faizlər ilə) bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
31. 05 dekabr 2023-cü il tarixli 9/8389 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 1 nömrəli saziş üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borc 300 000 manat, faiz borcu isə 6100 manat təşkil edir.
32. Həmçinin məhkəməyə təqdim edilən 18 avqust 2022 – 01 fevral 2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış məlumatlarından ekspert rəyi tərtib edildikdən sonra cavabdehlər tərəfindən 18 avqust 2022-ci il tarixli 1 nömrəli saziş üzrə hər hansı ödənişin həyata keçirilmədiyi görünür.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit xətti müqaviləsi üzrə bağlanmış 1 nömrəli saziş üzrə borc məbləği 05 dekabr 2023cü il tarixli 9/8389 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq 300 000 manat əsas borc, 6100 manat faiz borcu kimi müəyyən edilməlidir.
34. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
35. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
36. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
37. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
38. Məhkəmə cavabdehlərdən Nümayəndə3la bağlı hazırkı kredit müqaviləsindən irəli gələn tələbin Türkiyə Respublikasında icra mərhələsində olması ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin tanınması və məcburi icrası barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin tanınması və məcburi icrası barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.
39. Göründüyü kimi, xarici dövlətin məhkəməsində eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla mübahisənin olması Azərbaycan Respublikası məhkəmələrində yalnız o halda nəzərə alına bilər ki, qətnamənin tanınması və məcburi icrası qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında bu barədə ərizə olsun. Hazırda isə iddiaçı və ya cavabdehlər belə bir ərizənin olması barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlərdir.
40. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Nümayəndə3 qarşı məhkəmənin beynəlxalq səlahiyyəti Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsindən irəli gəlir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Nümayəndə3 isə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq haqqında icazəyə malik olmaqla hazırda Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi, 40/42 və C.Haçıbəyli 51 küçələrinin kəsişməsi, 987-ci məhəllə, mənzil 29-da qeydiyyatdadır.
41. İddiaçı ilə cavabdeh Nümayəndə3 arasındakı mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqi imkanı isə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində təsbit olunmuş “müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir” müddəasına əsaslanır. Belə ki, 18 avqust 2022-ci il tarixli 1 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, bu müqavilədən irəli gələn mübahisələrin həlli zamanı tərəflər Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar. Tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
42. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit xətti müqaviləsi üzrə bağlanmış 1 nömrəli saziş üzrə üzrə 300 000 manat əsas borc, 6100 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Nümayəndə3 müştərək qaydada tutularaq iddiaçı “X6 Azərbaycan” QSC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra cərimənin və qanuni faizin tutulması tələbi ilə bağlı
43. İddia ərizəsində iddiaçı 56000 manat cərimənin və gecikdirilmiş vaxt üçün əsas borca illik beş faizlə hesablanmış 13500 manat məbləğin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
44. 18 avqust 2022-ci il tarixli 361264 nömrəli kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən, borcalan aldığı kreditin(lərin) və\və ya ona hesablanmış faizlərin bu müqavilə və\ və ya kredit sazişi(ləri) ilə müəyyən edilmiş qaytarılması müddətlərini və\və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir.
45. 18 avqust 2022-ci il tarixli 1 nömrəli sazişin 6-cı bəndinə əsasən, borcalan aldığı kreditin və ona hesablanmış faizlərin kredit xəttinin açılması barədə müqavilə və bu kredit sazişi ilə müəyyən edilmiş qaytarılması müddətlərini və şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir.
46. Həmçinin 18 avqust 2022-ci il tarixli 1 və 2 nömrəli zaminlik müqavilələrində zaminlərin kredit xətti üzrə cərimə ilə bağlı da məsuliyyəti nəzərdə tutulmuşdur (bax §14).
47. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... . Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
48. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi).
49. Göründüyü kimi, Konstitusiya Məhkəməsi mülki qanunvericiliyin normalarından çıxış edərək göstərmişdir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu mənada məhkəmə qeyd edir ki, 18 avqust 2022-ci il tarixli 1 nömrəli saziş üzrə kreditin müddəti 20 fevral 2023-cü il tarixdə başa çatmış, əsas borcun da məhz həmin tarixdə ödənilməsi şərtləşdirilmişdir. Həmin sazişin 7-ci bəndinə nəzər saldıqda görünür ki, tərəflər öz hüquq və vəzifələrini yerinə yetirənədək sazişdən irəli gələn öhdəliklərinin qüvvədə olmasını şərtləşdirsələr də, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq kreditin müddətindən fərqli hər hansı müqavilə müddəti razılaşdırmamışlardır.
50. Belə olan halda, məhkəmə 18 avqust 2022-ci il tarixli 1 nömrəli sazişin şərtlərindən irəli gələrək vurğulayır ki, kredit müddəti ərzində dəbbə pulunun hesablanmasına rəvac verən şəkildə əsas borcun gecikdirilməsi imkanı sazişdə nəzərdə tutulmadığından, başqa sözlə əsas borcun kredit müddətinin sonunda ödənilməsi nəzərdə tutulduğundan və belə olan halda, kredit müddəti bitənədək əsas borcla bağlı öhdəliyin gecikdirilməsi mümkün olmadığından 20 fevral 2023-cü il tarixdən sonra dəbbə pulunun hesablanmasının qanun və ya müqavilə əsası yoxdur. Belə ki, dəbbə pulu yalnız müqavilənin qüvvədə olma müddəti ərzində baş vermiş öhdəliyin pozulmasına – əsas borcun gecikdirilməsinə əsasən tətbiq edilə bilərdi.
51. Lakin Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
52. Bu mənada iddiaçı 20 fevral 2023-cü il tarixdən sonra əsas borca illik 5 faizlə hesablanmaqla müvafiq pul vəsaitini tələb edə bilər və hazırda həmin hüququnu realizə etmişdir.
53. Belə ki, iddiaçı eyni zamanda 18 avqust 2022-ci il tarixli 1 nömrəli saziş üzrə 20 fevral 2023-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək əsas borca illik 5 faizlə hesablanmış 13500 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir.
54. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan -xx.xx.2023-cü tarixədək qüvvədə olan redaksiyası), borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
55. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət 20 fevral 2023-cü il tarixdə başa çatdığından həmin dövrdən sonra əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
56. Qanuni faizin məbləğini qiymətləndirərkən göstərilir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən etibarən iddiaçının tələb etdiyi xx.xx.2024-cü il tarixədək (324 gün üçün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 13315,07 (300 000*5%/100%/365 gün*324 gün) manat təşkil edir.
57. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 13315,07 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Nümayəndə3 müştərək qaydada tutularaq iddiaçı “X6 Azərbaycan” QSC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
58. İddiaçı eləcə də 400 manat mediasiya xərcinin, 266,1 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
59. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MSB/18-00944 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödənmişdir.
60. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası və mədaxil qəbzi əsasında müəyyən olunur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ********** nömrəli qəbzlə 246,1 manat və ********** nömrəli qəbzlə 30 manat ödənilmişdir.
61. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
62. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
63. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
64. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Nümayəndə3 müştərək qaydada tutularaq iddiaçı “X6 Azərbaycan” QSC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə 300 000 (üç yüz min) manat əsas borc, 6100 (altı min yüz) manat faiz borcu, əsas borca illik 5% ilə hesablanmaqla 13 315 (on üç min üç yüz on beş) manat 07 (yeddi) qəpik olmaqla ümumilikdə 319 415 (üç yüz on doqquz min dörd yüz on beş) manat 07 (yeddi) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Nümayəndə3 müştərək qaydada tutularaq iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 (bir yüz altmış altı) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Nümayəndə3 müştərək qaydada tutularaq iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova