Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1811/2021 07.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Nümayəndə1 MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Nümayəndə1 MMC (bundan sonra – iddiaçı) cavabdeh X4 (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35.376,40 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də 2020-ci ildə keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, cəmiyyətin hesabından cavabdeh fərdi sahibkar X3 bank hesabına 22.06.2019-cu il tarixdə ƏDV hesabından 5396,40 manat, 24.06.2019cu il tarixdə bank hesabından 29.980 manat olmaqla, ümumilikdə 35.376,40 manat məbləğində vəsait köçürülmüşdur. Sözügedən 35.376,40 manat məbləğində vəsait cavabdehin hesabına köçürülsə də, tərəflər arasında hər hansı müqavilə imzalanmamış və xidmətlər göstərilməmişdir. Bundan sonra cavabdehə vəsaitin geri qaytarılması məqsədilə bildiriş göndərilsə də, nəticəsi olmamışdır. Cavabdeh hər hansı xidmət göstərilmədən iddiaçı tərəfindən köçürülmüş vəsait hesabına əsassız varlanmış və bu səbəbdən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili V.Nuhbalayev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - Köçürmənin aparılması haqqında 22.06.2019-cu il tarixli **********81122 nömrəli bildirişdən məlum olur ki, iddiaçının ƏDV sub-uçot hesabından cavabdehin (VÖEN:**********) hesabına 5396.40 manat məbləğin də pul köçürülmüşdür. - 22.06.2019-cu il tarixli EAAW seriyalı 158960 nömrəli elektron qaimədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 35376.40 manat məbləğində pulun köçürülməli olması göstərilmişdir. - iddiaçının “xxxx” ASC-də olan hesabından çıxarışdan görünür ki, 24 iyun 2019-cu il tarixdə 22.06.2019-cu il tarixli EAAW seriyalı 158960 nömrəli elektron qaimə əsasında cavabdehin hesabına 29980 manat pul köçürülmüşdür. - Ödəniş tapşırığından görünür ki, iddiaçının “xxxx” ASC-də olan müxbir hesabından cavabdehin “xxxx” ASC-də olan AZ51AZRT******************** nömrəli müxbir hesabına 29980 manat pul EAAW seriyalı 158960 nömrəli elektron qaimə əsasında köçürülmüşdür. - İddiaçı 30.10.2020-ci il tarixdə cavabdehə 201030/1 nömrəli bildiriş göndərərək 22.06.2019-cu il tarixdə 35376.40 manat məbləğində elektron qaimə təqdim olunduğunu və həmin vəsaitin iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürüldüyünü, lakin vəsaitlərin köçürülməsinə baxmayaraq tərəflər arasında hər hansı müqavilə imzalanmadığını və xidmətlərin göstərilmədiyini qeyd edib həmin vəsaitin 5 iş günü ərzində geri qaytarılmasını, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Normadan açıq-aşkar göründüyü kimi əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxs məhz məhrum olanın hesabına əmlak, əmlak hüquqları və ya qanunla qorunan hər cür maddi fayda əldə etməli və ya məhrum olan şəxs məhz əsassız varlanan şəxsin xeyrinə hansısa əmlakından, əmlak hüquqlarından və ya faydasından (gəlirindən) məhrum olmalıdır. Bundan başqa, normanın dispozitiv şərtlərindən də göründüyü kimi əsassız varlanmanı sübut etmə yükü iddiaçının üzərinə düşür və iddiaçı bu zaman aşağıdakı 3 (üç) halı sübut etməlidir.
1. əmlakından və ya əmlak hüququndan məhrum olmuşdur;
2. əldə edən məhz onun hesabına, məhz ona məxsus olan əmlak və ya əmlak hüququnu əldə etmişdir;
3. əldə etmək üçün hər hansı hüquqi əsas olmamışdır və ya həmin hüquqi əsas aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 439.4-cü öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 35376.40 manat məbləğində pul vəsaitindən məhrum olmuş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır. Hazırda iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 35.376,40 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh X2 35.376,40 manat (otuz beş min üç yüz yetmiş altı manat qırx qəpik) məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Nümayəndə1 MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova