Məhkəmə qərarları › İş №e-2-2(113)-1813/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1813/2024

21.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1813/2024 21.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı iddiaçı "xxxx" Şirkətinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X1 Şəxsinə, Sumqayıt şəhəri üzrə İcra idarəsinə və «Sərraf-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Şirkətinin adından Vəkil cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X1 Şəxsinə, Sumqayıt şəhəri üzrə İcra idarəsinə və «Sərraf-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" Şirkətinin adından iddia ərizəsini imza etmiş Vəkil verilmiş etibarnamə ərizəyə əlavə edilsə də, iddiaçı "xxxx" Şirkəti həmin etibarnamədə Vəkil yalnız “X2 and Foundry Company” MMC-yə qarşı tələblərdən irəli gələn mübahisələrlə bağlı iddiaçını məhkəmədə təmsil etmək, o cümlədən iddi ərizəsini imzalamaq səlahiyyətləri verilmişdir, halbuki Vəkil iddiaçının adından hazırda qaldırdığı iddia tələbi “X2 and Foundry Company” MMC-yə qarşı yönəlməmişdir. Belə olan halda Vəkil sözügedən etibarnamə əsasında cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X1 Şəxsinə, Sumqayıt şəhəri üzrə İcra idarəsinə və «Sərraf-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hazırki iddia ərizəsini imzalamaqda səlahiyyətli olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.2-ci maddəsinə görə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" Şirkətinin adından cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X1 Şəxsinə, Sumqayıt şəhəri üzrə İcra idarəsinə və «Sərraf-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar