Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1816/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1850 manat əsas məbləğ, ödənilmiş 38,50 manat rüsum, ümumilikdə 1888.50 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il şirkəti tərəfindən cavabdehə 1850 manat məbləğində ödəniş olunmuşdur. Şirkətləri arasında əməkdaşlıq olmadığı üçün qeyd olunan ödəniş yanlışlıq əsasında həyata keçirilmişdir. Belə ki, texniki səhv nəticəsində başqa şirkət üçün nəzərdə tutulmuş ödəniş cavabdehə ödənilmişdir. Bununla bağlı cavabdehə dəfələrlə zənglər olunmuş və məbləğin geri qaytarılması xahiş edilmişdir. Məbləğin geri qaytarılacağını bildirsələr də bu günə kimi həmin ödəniş geri qaytarılmamışdır. Bankla əlaqə saxladıqda isə ödəniş artıq hesaba keçdiyi üçün həmin məbləği geri çəkə bilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ödənişi həyata keçirməli olduqları şirkət tərəfindən onlara heç vaxt elekktron qaimə göndərilməmiş, müqavilələri də şifahi olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaiməni iddiaçı təsdiq edib ödəniş etsə də, tərəflər arasında hər hansı müqavilə mövcud deyildir. Hazırda həmin qaimənin ləğvi üçün vergi orqanına müraciət edilmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2024-cü il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına EBDY 063421 saylı elektron qaimə üzrə 1850 manat məbləğində pul köçürülmüşdür.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfidən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə göndərilmiş EBDY 63421 nömrəli 1850 manat məbləğində elektron qaimə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmişdir.
9. İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yazılmış məktubdan görünür ki, cavabdeh yalan məlumatlar əsasında müqavilə mövcud olmadan onlara EBDY 063421 nömrəli elektron qaimə göndərmiş və həmin müəssisə tərəfindən aldadılmışlar. Odur ki, elektron qaimənin ləğv edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur.
10. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə 1850 manat vəsait köçürülmüşdür.
11. İddiaçı həmin məbləğin yanlışlıqla cavabdehə ödənildiyini, cavabdehin əsassız varlandığını, bu səbəbdən həmin vəsaiti geri qaytarmalı olduğunu iddia edir.
12. Materiallardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə EBDY 63421 nömrəli 1850 manat məbləğində elektron qaimə təqdim edilmiş, iddiaçı tərəfindən həmin tarixdə qaimə təsdiq edilmiş və həmin tarixdə də ödəniş aparılmışdır.
13. İddiaçı tərəflər arasında hər hansı müqavilənin olmamasını bildirsə də, elektron qaimənin bilavasitə özü tərəfindən hansı səbəbdən təsdiq edilməsi, daha sonrakı günlərdə qaimənin ləğv edilməsi istiqamətində addım atmamasının səbəbini məhkəməyə ağlabatan şəkildə izah edə bilməmişdir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
16. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 38,50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 38,50 (otuz səkkiz manat əlli qəpik) manat dövlət rüsumu İddiaçı QSCnin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova