Məhkəmə qərarları › İş №e-2-2(113)-1816/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1816/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1816/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: delikt, maddi ziyan, sübutetmə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi iddia ərizəsi ilə müraciət edərək, vurulmuş zərər nəticəsində ödənilməli olan 980000 manatın, 1270 manat dövlət rüsumunun və hüquqi xidmət xərcləri olaraq 1000 manatın cavabdehdən alınaraq ona ödənilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru (qanuni təmsilçisi) olaraq fəaliyyət göstərmiş və xx.xx.2024-cü il tarixindən onunla olan X6 verilmişdir. Fəaliyyəti dövründə şirkətin idarəetmə fəaliyyətində baş verən nöqsanlar nəticəsində müvafiq hüquq mühafizə və məhkəmə orqanlarının qərarları ilə şirkətin bank hesablarına həbs qoyulmuş və hesablardan silinmələr həyata keçirilmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 5(009)-3491/2024 nömrəli Qərarına əsasən Şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyinin bankda olan hesablarına həbs qoyulmuş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 5(009)-6539/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 5(009)-6542/2024 nömrəli qərarlarına əsasən nümayəndəliyin hesablarından vəsaitlər silinmişdir. Aparılmış hesablamalar nəticəsində, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə "xxxx" Şirkəti arasında bağlanmış müqavilələrin hüquqi mahiyyəti, bu müqavilələr üzrə Şirkətin razılığının alınmaması, eləcə də müqavilənin predmetini təşkil edən malların sanki Azərbaycan Respublikasına idxal olunacağı ilə bağlı banklarda və digər qurumlarda verilmiş yanlış vədlərin nəticəsində Şirkətə 980000 manat məbləğində ziyan dəymişdir. Halbuki biznes fəaliyyəti düzgün şəkildə və doğru hüquqi rəylər və razılıqlar alınmaqla təşkil edilsə idi, belə problemlərlə rastlaşılmaz və müqavilə və bank köçürmə sənədləşdirilməsi düzgün aparıla bilərdi. Cavabeh fidusiar öhdəliklərini pozmuş, lazımı ehtiyatlılıq və peşəkar dəstək almadan davranması nəticəsində şirkətə külli miqdarda ziyan dəymişdir. Bu ziyan şirkətin biznes fəaliyyətinin iflic olması, əldən çıxmış gəlirlər, nüfuzuna və reputasiyasına dəymiş ziyan, habelə bank hesablarında dondurulmuş (hal-hazırda dondurulmuş qalmaqdadır) vəsaitlərin istifadə edilə bilməməsi nəticəsində yaranmışdır. Yekun olaraq iddiaçı məsələnin məhkəmədən kənar, danışıqlar yolu ilə həllinin tərəfdarı olmuş və bu səbəblə də, məsələnin məhkəməyə qədər həll olunması üçün qeyd olunan zərərin ödənilməsini tələbi ilə müvafiq pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən hər hansı bir zərər ödənilməmişdir. Məhkəməyə müraciət etməmişdən öncə elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixli P7568/2024 nömrəli pretenziya məktubu, eləcə də cavabdehin ünvanına göndərilmiş xx.xx.2024 tarixli pretenziya məktubu ilə (xx.xx.2024 tarixində cavabdeh tərəfindən qəbul olunub) cavabdehə müraciət olunaraq məsələnin məhkəməyə qədər nizamlanması barədə müraciət olunmuşdur. Eləcə də iddia ərizəsinin surətinin də cavabdehə çatdırılması təmin olunmuşdur. Hazırki iş üzrə iddiaçının vəkili tərəfindən 1270 manat dövlət rüsumu ödənilmiş eləcə də, hüquqi xidmət xərcləri olaraq isə, vəkil bürosu ilə bağlanmış müqavilə üzrə1000 manatxidmət haqqı xərcləri ödənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, vurulmuş zərər nəticəsində ödənilməli olan 980000 manat zərərin, 1270 manat dövlət rüsumunun və hüquqixidmət xərcləri olaraq 1000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələb olunur. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 21.1-ci, 49.3, 121-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə məlumat göndərərək bildirmişdir ki, Cavabdeh münasibətdə məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli iddia ərizəsinin məhkəməyə təqdim olunmasından sonra istintaq orqanlarında iddiaçıya münasibətdə qaldırılmış cinayət işi ilə bağlı məlumatlar əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktubda iddiaçının "xxxx" KB ASC-də və "xxxx" ASC-dəki hesabları üzərinə Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaqı ilə əlaqədar barəsində yekun məhkəmə qərarı çıxarılanadək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyularaq, cinayət işi üzrə depozit hesabda saxlanılması qeyd olunmuşdur. Eləcə də əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, hazırda müvafiq hesabda saxlanılan və iddiaçının istifadəsindən məhrum edilmiş vəsaitin ümumi həcmi 28878875 Avro məbləğindədir və hazırkı məzənnə ilə bu vəsait 52000000 manat təşkil edir. Həmin vəsaitin 7 ay ərzində istifadəsinin mümkün olmaması, bu müddət ərzində müvafiq agentlik fəaliyyəti üzrə müqavilələr üzrə adətən nəzərdə tutulan illik 3.5% tətbiq olunmaqla iddiaçının mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər təqribi olaraq 980000 manat vəsait olmuş olardı. Bundan əlavə yanlış hesablanmış vergi və digər ödənişlər üzrə sanksiyaların gələcəkdə iddiaçıya münasibətdə tətbiq olunması istisna olunmur, hansı ki, tələb olunan vurulmuş zərər məbləğinə əhəmiyyətli dərəcədə təsir edə bilər. İddia tələbinə cavabdeh tərəfindən etiraz təqdim edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində qeyd edilənlərə əsasən, guya onun direktor olaraq fəaliyyət göstərdiyi dövrdə şirkətin idarəetmə fəaliyyətində baş verən nöqsanlar nəticəsində müvafiq hüquq mühafizə və məhkəmə orqanlarının qərarları ilə şirkətin bank hesablarına həbs qoyulmuş və hesablardan silinmələr həyata keçirilmişdir. Belə ki, iddiaçı tərəf iddia edir ki, cavabdeh fidusiar öhdəliklərini pozmağı və lazımi ehtiyatlılıq və peşəkar dəstək almadan davranmağı nəticəsində şirkətə külli miqdarda ziyan dəymişdir. Bu ziyan şirkətin biznes fəaliyyətinin iflic olması, əldən çıxmış gəlirlər, nüfuzuna və reputasiyasına dəymiş ziyan, habelə bank hesablarında dondurulmuş vəsaitlərin istifadə edilə bilməməsi nəticəsində yaranmışdır. Halbuki guya biznes fəaliyyəti düzgün şəkildə və doğru hüquqi rəylər alınmaqla təşkil edilsə idi, belə problemlərlə rastlaşılmaz və müqavilə və bank köçürmə sənədləşdirilməsi düzgün aparıla bilərdi. Qeyd olunan iddiaların hamısı həqiqətə ziddir. Belə ki, iddiaçı öz iddialarının əsasını sübut edən dəlil təqdim etməli olduğu halda, belə dəlillər təqdim edə bilməmişdir. Məhz iddiaçı tərəfinin iddiaları həqiqətə zidd olduğuna görə, onun fidusiar öhdəliklərini pozduğuna dair heç bir dəlil ortaya qoyula bilməmişdir. İddia ərizəsində bildirilənin əksinə, əməliyyatları həyata keçirərkən şirkət peşəkar dəstək xidmətlərindən yararlanmışdır. Hətta hüquqi xidmət göstərən “SVM LEGAL” şirkəti və mühasibatlıq xidməti göstərən digər şirkətin təsisçilərin özlərinin əməkdaşlığa cəlb etdiyi və öncədən tanıdığı şirkətlər olmuşdur. Cavabdehə qarşı belə əsassız iddialar sürülməsinin səbəbi təsisçilərin öz aralarında olan hərc-mərclikdir. Sonda iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (VÖEN: **********) əvvəlki qanuni təmsilçisi X1, hazırki qanuni təmsilçisi Cavabdehdur. xx.xx.2023-cü il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin əvvəlki hüquqi ünvanı AZ1003, ünvan 1, Bakı şəhəri Nərimanov rayonu, Məsud Əlizadə, ev 117, mənzil 84-dür. xx.xx.2023-cü il tarixli, X2 ilə bağlı X3 müəyyən olunur ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi imzalanmış, sonuncu direktor təyin olunmuşdur. xx.xx.2023-cü il tarixli, X2 ilə bağlı X3 müəyyən olunur ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi imzalanmış, sonuncu direktor təyin olunmuşdur. xx.xx.2024-cü il tarixli, X6 Verilməsi İlə bağlı X3 müəyyən olunur ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli X6 verilmişdir. X6 verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndinə istinad olunmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" ASC vasitəsilə “X8” MMC tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı X9 Burosuna 1000 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən müəyyən olunur ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 1270 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı KAMAR B.V Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh iddiaçıya direktor təyin edilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri pozulmuş və əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçı iddia tələbində cavabdehin direktor işlədiyi müddətdə şirkətin fəaliyyətini düzgün təşkil etməməsi, lazımı ehtiyatlılıq və peşəkar dəstək almadan davranması nəticəsində şirkətə 980000 manat məbləğində ziyan dəymiş, həmin dəymiş ziyanı tələb etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı öz iddialarının əsasını sübut edən dəlil təqdim etməli olduğu halda, belə dəlillər təqdim edə bilməmişdir. Məhz iddiaçı tərəfinin iddiaları həqiqətə zidd olduğuna görə, onun fidusiar öhdəliklərini pozduğuna dair heç bir dəlil ortaya qoyula bilməmişdir. Cavabdehə qarşı belə əsassız iddialar sürülməsinin səbəbi təsisçilərin öz aralarında olan hərc-mərclikdir. Məhkəmə iddiaçının mövqeyinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində şirkətə ziyan dəyməsi, şirkətin əldə çıxmış gəlirinin 980000 manat olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdehin qanuna zidd əməlləri nəticəsində onun cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olması barədə də məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin hərəkəti nəticəsində 980000 manat maddi ziyan dəydiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar