Məhkəmə qərarları › İş №e-2-2(113)-1824/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1824/2022

16.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1824/2022 16.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən çıxarılmış NTQ seriyalı, 007905 saylı, xx.xx.2020-ci il tarixli akta əsasən 11/2024 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 4665 (dörd min altı yüz altmış beş) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları iddiaçının fərdi sahibkarlıq fəailiyyəti ilə məşğul olduğu rayonu, 111-0081 ünvanında yerləşən obyektə quraşdırılmış işıq sayğacına ona xəbərdarlıq etmədən, iddiaçının iştirakını təmin etmədən baxış keçirmişlər. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən NTQ seriyalı, 007905 saylı akt tərtib edilmişdir. İddiaçının işlətdiyi obyektə kənar elektrik xəttinin daxil olması bəhanə gətirilərək, onu cərimələmişlər. Aktda qeyd edilmişdir ki, “EEİQ”na uyğun olaraq sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğacın giriş kabelinin “A” fazası və “0” (sıfır) faza xətti zədələnərək kənar xətt götürülüb, kənar xətdən istifadə olunur. Baxış zamanı tərəflərindən ölçü aparılmışdır. İddiaçı hesab edir ki, cərimələnməyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı işlətdiyi obyektə, obyektin elektrik enerjisinin təmin edilməsi məqsədi ilə heç bir kənar xətt çəkməmiş və cərimə edilməyi absurddur. Cavabdeh qurumun olmayan bu xətti necə taparaq müəyyən etməsi də maraqlıdır. Eyni zamanda, vaxtlı-vaxtında işlədilən elektrik enerjisinin pulunun ödənilməsi sübut edir ki, iddiaçının əlavə xəttin çəkilməsinə də ehtiyacı yoxdur. Cərimələnməyi isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçı məcburiyyət qarşısında qalaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən obyektə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, kənar xətdən istifadə halı mövcuddur. Bu barədə akt tərtib edilmişdir. Həmin akt qanunidir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki: - "xxxx" ASC ilə İddiaçı (X1 adından) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 096775 nömrəli elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC İddiaçı icarə müqaviləsi əsasında istifadə etdiyi “Titanik” kafesini elektrik enerjisi ilə təmin etməyi, qarşı tərəf isə bunun müqabilində hər kvts üçün 0,09 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, NDQ seriyalı, 007905 saylı aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, rayonu, 111-0081 ünvanında yerləşən Allahverənov Xanəli oğluna məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın giriş kabelinin “A” fazası və “0” xətti zədələnərək kənar xətt götürülərək, kənar xətdən istifadə olunur. - "xxxx" ASC tərəfindən tərtib edilmiş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər adlı xx.xx.2020ci il tarixli sənəddə qeyd edilmişdir ki, Bakı şəhəri, rayonu, 111-0081 ünvanında yerləşən Allahverənov Xanəli oğluna məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın giriş kabelinin “A” fazası və “0” xətti zədələnərək kənar xətt götürülərək, kənar xətdən istifadə olunur. xx.xx.2020-ci il tarixli, NDQ seriyalı, 007905 saylı akta əsasən 51840 kvts ((4 kvt x 12 saat x 1080 gün) = 51840 kvts) tarif (0,09 manat)- 51840 kvts x 0,09= 4665,60 manat elektrik enerjisi sərfiyyatı hesablanmışdır. - "xxxx" ASC tərəfindən qeyd olunan ünvan üzrə abonentə ünvanlanmış xx.xx.2022ci il tarixli xəbərdarlıqdan görünür ki, 3812,94 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilmişdir. - Abunə haqqında məlumatlardan görünür ki, qeyd olunan akta əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 4665,60 manat məbləğində borc hesablanmışdır. Hal hazırda iddiaçının cavabdehə 3527,65 manat məbləğində borcu mövcuddur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında eletrik enerjisinin alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının icarə əsasında işlətdiyi obyektə baxış keçirilmiş, elektrik sayğacına müdaxilə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 007905 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən abonentə xx.xx.2020-ci il tarixli, NDQ seriyalı 007905 saylı akta əsasən 4665,60 manat məbləğində borc hesablanmışdır. Qeyd olunmalıdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, hazırda qalan borcun 3527,65 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, NTQ seriyalı, 007905 saylı akt əsasında hesablanmış 3527,65 manat (üç min beş yüz iyirmi yeddi manat altmış beş qəpik) məbləğində borc 11/2024 (**********10081) nömrəli abonent kodu üzrə (ünvan: rayonu, 111, 0081) hesabdan silinməli, idda qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, NTQ seriyalı, 007905 saylı akt əsasında hesablanmış 3527,65 manat (üç min beş yüz iyirmi yeddi manat altmış beş qəpik) məbləğində borc 11/2024 (**********10081) nömrəli abonent kodu üzrə (ünvan: rayonu, 111, 0081) hesabdan silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar