Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-183/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Mənuçehr X4 qarşı “maliyyə fəaliyyəti barədə hesabatın təqdim edilməsi və auditin keçirilməsinin təmin edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 MMC və Mənuçehr X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırki tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın (təsdiqedici sənədlərlə birlikdə) iddiaçıya təqdim edilməsi, Cavabdeh1 MMC-nin təsis edildiyi tarixdən hazırki tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair təsisçi İddiaçı MMC-nin vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin hüquqi əsaslarının dəqiqləşdirilməsi barədə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş ərizədə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC birgə təsisçilik əsasında, “Az Tikinti Ko LTD" MMC nizamnamə kapitalındakı payların 10%-i, Cavabdeh2 isə nizamnamə kapitalındakı payların 90% hissəsinə sahib olmaqla təsis edilərək, xx.xx.2010-cu ildə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 MMC faktiki olaraq 2010-cu ildən, yəni 12 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər təsisçilərin ümumi yığıncağı keçirilməmiş, habelə ümumi yığıncaq keçiriləcəyi barədə heç bir bildiriş təsisçi qismində "xxxx" MMC-yə təqdim edilməmişdir. O cümlədən, cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatının düzgünlüyünü yoxlamaq üçün də heç bir audit yoxlaması keçirilməmişdir. Bu illər ərzində cəmiyyətin fəaliyyət göstərməsinə, balansında kifayət yüzlərlə texnikanın olmasına, illik dövriyyəsinin yüz minlərlə ölçülməsinə baxmayaraq, həmtəsisçi qismində "xxxx" MMC-nə bugünə qədər gəlirdən hər hansı pay ödənilməmişdir. Qeyd edilən pozuntular səbəbindən təsisçi qismində "xxxx" MMC ümumi yığıncağın keçirilməsinin labüdlüyü nəzərə alınaraq, digər təsisçi Cavabdeh2, eləcə də Cavabdeh1 MMC-nə məktublar göndərmiş, dəfələrlə növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb etmiş, daha sonra medrasfya prosesindən keçərək, kommersiya məhkəməsinə müraciət etmişdir. Həmtəsisçi Cavabdeh2 ona göndərilmiş növbədənkənar yığıncağın keçirilməsi barədə bildirişə münasibət bldirmədiyindən və mediasiya proseslərində iştirak etmədiyindən, eyni zamanda Cavabdeh1 MMC ona qarşı irəli sürülən tələblərə (MMC-rıin təsis edildiyi xx.xx.2010- cu il tarixdən hazırkı tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın təqdim edilməsi, eləcə də "AZ Tikinti Yol” MMC-nin təsis edildiyi tarixdən hazırkı tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair təsisçi “Az Tikinti Ko LTD" MMC-nin vəsaiti hesabına auditin keçirilməsinin təmin edilməsi) heç bir münasibət bildirmədiyindən və mediasiya proseslərindən yayındığından, faktiki olaraq cəmiyyətin 2010-cu ildən hal- hazıradək fəaliyyət göstərməsinə və bu illər ərzində 'milyonlarla manat məbləğində gəlir əldə etməsinə baxmayaraq, həmin gəlir bölüşdürülmədiyindən və iddiaçı "xxxx" MMC-nə təsis payına uyğun mənfəət ödənilmədiyindən, təsisçi kimi hüquqları digər həmtəsisçi və icra orqanının rəhbəri tərəfindən kobud pozulduğundan, iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır. Mülki Məcəllənin 65-ci maddəsinə əsasən cəmiyyətin iştirakçıları bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər (65.1.1); nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər (65.1.2); mənfəət bölgüsündə iştirak edə bilər (65.1.3). Mülki Məcəllənin 87.1ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Nizamnamənin 9.4.1-ci maddəsinə əsasən Cəmiyyət MMC-nin illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə Cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb edilməlidir. (kənar audit). Cavabdeh1 təsdiq edilmiş Nizamnaməsinin 9.1.6-cı maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı icra^orqanmm, təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların təşəbbüsü ilə çağırılır. Nizamnamənin 9.1.7-ci maddəsinə əsasən iştirakçıların ümumi yığıncağı 100% paya malik iştirakçılar iştirak etdikdə səlahiyyətli hesab edilir. Nizamnamənin 9.4.2-ci maddəsinə əsasən Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlaması hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlaması həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Nizamnamənin 9.4.3-cü maddəsinə əsasən Cəmiyyətin fəaliyyətinin auditor yoxlamalarının aparılması qaydası qanunvericilik və ümumi yığıncağın müəyyən etdiyi qərarlara əsasən müəyyənləşdirilir. Qeyd edilən Mülki Məcəllənin normalarına, eləcə də Cəmiyyətin nizamnaməsinin tələblərinə əsasən MMC-nin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək, cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və hesabatları təsdiq etmək kimi müstəsna səlahiyyətlərə malik olan Ümumi Yığıncaq nizamnamənin və Mülki Məcəllənin imperativ tələblərinə əsasən ildə bir dəfədən az olmayaraq çağırılmalı olduğu halda 13 ildir ki, çağırılmır, cəmiyyətin mənfəəti barədə həmtəsisçi kimi bizə heç bir məlumat verilmir və əldə edilmiş mənfəət bölüşdürülmür. Bundan əlavə, nizamnamənin 9.4.1-ci maddəsinə əsasən hər il əmlak mənafeləri ilə Cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb edilməli olduğu halda 13 ildir ki, heç bir audit yoxlaması keçirilmir. 29 dekabr 2022-ci il tarixdə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, 2010-2018-cı illər (maliyyə illəri) üzrə olan hissəsi ilə bağlı iddia müddətini tətbiq edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, həmin iddia tələbi mahiyyət etibarilə qanunsuz və əsassızdır və bununla əlaqədar müvafiq dəlillərimizi proses zamanı təqdim edəcəyik. Bununla belə qeyd olunan məlumatların və auditin keçirilməsinin bizdən tələb olunması barədə qanunla müəyyən edilmiş müddətlər ötürüldüyündən də iddia rədd edilməlidir. Mülki Məcəllənin 373.3.-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.İddiaçı iddia ərizəsində 2010-cu ildən, yəni 12 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər təsisçilərin ümumi yığıncağı keçirilmədiyi, habelə ümumi yığıncaq keçiriləcəyi barədə heç bir bildiriş təsisçi qismində İddiaçı MMC-nə təqdim edilmədiyi, Cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatımn düzgünlüyünü yoxlamaq üçün də heç bir audit yoxlaması keçirilmədiyini bildirmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində MM-nin 91.4.-cü maddəsinə istinad edərək məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməli olduğu (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bildiyini. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparıldığını vurğulayir. Həmçinin iddiaçı Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarmın aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirildiyini bildirir. Həmçinin iddiaçı Cəmiyyətin nizamnaməsinə istinad edərək Nizamnamənin 9.4.1 -ci maddəsinə əsasən Cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə Cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb etməli olduğunu bildirir (kənar audit). İddiaçının göstərdiyi əsaslara görə və iddiaçının istinad etdiyi cəmiyyətin nizamnaməsinə və qanunvericiliyin tələbinə əsasən illik maliyyə hesabatlarının yoxlanılması üçün auditor cəlb edilməli olduğunu bildirir. Cavabdeh1 MMC-nin rəhbəri İddiaçı MMC-nin təsis edildiyi yəni xx.xx.2010-cu il tarixdən xx.xx.2017-cı il tarixədək eyni zamanda İddiaçı MMC-nin də rəhbəri olmuşdur. Həmin dövrlər üzrə nəzarət bir şəxsdə olduğundan həmin sənədlərin tərtib edilməsi və ümumi yığıncağın keçirilməsi, bildirişin göndərilməsi, audit yoxlamasının keçirilməsi və sair bu kimi tədbirlərin görülməsi tələb edilmədiyindən, zərurət olmadığından sənədlərin tərtib edilməsi və ya yoxlanışın keçirilməsi məqsədilə müvafiq hesab edilməmişdir. 27 yanvar 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinə dair açıqlama və mülahizələr təqdim edərək, bildirmişdir ki, iddia ərizəsinin birinci hissəsi - "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırkı tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın (təsdiqedici sənədlərlə birlikdə) iddiaçıya tanış olması üçün təqdim edilməsi - tələbindən ibarətdir. Maliyyə fəaliyyəti barədə ətraflı hesabat dedikdə aşağıdakılar nəzərdə tutulur: - Maliyyə vəziyyəti haqqında hesabat (Balans Hesabatı) (İllər üzrə ayrı-ayrılıqda); Dövriyyə qalıq cədvəli (İllər üzrə ayrı-ayrılıqda); Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (İllər üzrə ayrı-ayrılıqda); Debitor və Kreditor borcların açıqlaması (Alınmış və ödənilmiş avanslar nəzərə alınmaqla) (İllər üzrə ayrı-ayrılıqda); Əsas vəsaitlərin vahidlər üzrə ayrı-ayrılıqda olmaq şərtilə detallı siyahısı, hər bir əsas vəsaitin alış dəyəri, yığılmış amortizasiyası, həmçinin həmin əsas vəsaitlərin illər üzrə ayrı-ayrılıqda hərəkəti (alınması, kapitallaşması satılması,silinməsi və sair əməliyyatların aparılması); Anbarda olan malla'rın və materialların hərəkəti: xərc maddəsi ayrıayrılıqda göstərilmək şərti ilə (alınması, satılması, silinməsi, bağışlanması, xarab olması, itməsi, əksik gəlməsi və sair.) (İllər üzrə ayrı-ayrılıqda); Bank təsdiqi ilə olan bank çıxarışları (İllər üzrə ayrı-ayrılıqda); Alınmış və ödənilmiş bank kreditlərinin hərəkəti. Əsas və Faiz borcu illər üzrə ayrı-ayrılıqda göstərilmək şərtilə; Alınmış və Təqdim olunmuş bank qarantiyaları barədə məlumat və onların zəmanət, girov və sair eyni tipli sənədləri (İllər üzrə ayrı-ayrılıqda); Dividend ödənişləri barədə hesabat (illər üzrə ayrı-ayrılıqda); Təhtəlhesab şəxslərin dövriyyə cədvəli və açıqlaması (İllər üzrə ayrı-ayrılıqda); Mənfəət və Zərər haqqında hesabat (illər üzrə ayrıayrılıqda). İddia ərizəsinin ikinci hissəsi isə - auditin keçirilməsinin təmin edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması - tələbindən ibarətdir. Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarınm aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Göründüyü kimi, cəmiyyətdə hər il audit yoxlamasının keçirilməsi həm "AzTikintiYol” MMC-nin nizamnaməsində, həm də Mülki Məcəllədə qeyd edilmiş imperativ tələbdir. Həmçinin, nəzərə almaq lazımdır ki, audit yoxlamasının keçirilməsi ümumi yığıncağın qərarından asılı deyildir, bunun üçün yığıncağın keçirilməsi zəruri deyil. Məlumat üçün qeyd edlir ki, ümumi yığıncağın keçirilərək, auditin təyin edilməsi məsələsinin müzakirə edilməsi üçün 2021 -ci ildən başlayaraq, mütəmadi olaraq İddiaçı MMC tərəfindən cavabdeh “AzTikintiYol" MMC-nin həm 90% paya malik digər təsisçisinə, həm də cəmiyyətin icra orqanının rəhbərliyinə məktublar göndərilmişdir. Lakin, dəfələrlə məktubların göndərilməsinə baxmayaraq, cəmiyyət tərəfindən yığıncağın keçirilməsindən əsassız imtina edilmişdir. Bu səbəbdən audit yoxlamasının keçirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, “Az Tikinti Ko LTD" MMC tərəfindən həm məhkəməyə, həm də digər dövlət orqanlarına müraciət edərək, Cavabdeh1 MMC-nin balansında olan əmlakların qanunsuz olaraq özgəninkiləşdirilməsi, məhv edilməsi və sair bu kimi neqativ hallar barədə məlumat verərək, pozulmuş hüquqlarının bərpasını xahiş etmişdir. Belə ki, Cavabdeh1 MMC öz əmlaklarından əlavə, İddiaçı MMC-nə məxsus əmlakları da mənimsəməklə əmlak ziyanı vurmuşdur. Bundan əlavə, hazırki ərizəyə əlavə edilən Cavabdeh1 MMC-nin işçiləri adından dövlət orqanlarına ünvanlanmış müraciətin mətnindən də görünür ki, Cavabdeh1 MMC-nin balansında olan əmlaklar icarəyə verilir, müxtəlif üçüncü şəxslərin adına özəlləşdirilir və sair bu kimi qanunsuz yollar ilə balansdan çıxarılır. Bu səbəbdən məhkəmə tərəfindən auditin keçirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmaqla bu kimi halların qarşısının alınması, həmçinin qanunsuz olaraq özgəninkiləşdirilmiş əmlakların və vəsaitlərin dəyəri müəyyən edilməsi üçün tədbir görülməlidir. Göstərilənlərə əsasən hesab edir ki, "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırkı tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın, yuxarıda qeyd edilmiş 12 adda təsdiqedici sənədlərlə birlikdə tanış olunması üçün iddiaçıya təqdim edilməsi vəzifəsi və iddiaçı "xxxx" MMC-nin vəsaiti hesabına auditin keçirilməsinin təmin edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin və onun qanuni təmsilçisi Cavabdeh2 üzərinə qoyulmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil2 iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək, 2010-2018-cı illər (maliyyə illəri) üzrə olan hissəsi ilə bağlı iddia müddətini tətbiq edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsini araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sənədlərdən məlum olur ki: - Cavabdeh1 MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya X7 Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Təsisçiləri 10% paya sahib İddiaçı MMC və 90% paya sahib Mənuçehr X5r. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X7 qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********408500 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən Mənuçehr X8 eyni zamanda qanuni təmsilçidir. - İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin həmtəsisçisi Mənuçehr X4 “səhmdarların ümumi yığıncağının çağırılması barədə” bildiriş göndərilərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyi bildirilmiş və gündəliyə cəmiyyətin icra orqanının rəhbərinin fəaliyyəti barədə hesabatın, 2010-cu ildən bu günə qədər cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatlarının yoxlanılması üçün auditin cəlb edilməsi, cəmiyyətdə 2010-cu ildən bu günə qədər qanunvericiliyə uyğun mənfəətin və zərərin hesablanması, cəmiyyətin mənfəətinin təsisçilər arasında bölüşdürülməsi vəziyyəti və cari və təşkilatı məsələlərin daxil edildiyi qeyd edilmişdir. - Cavabdeh1 MMC tərəfindən xx.xx.2021-ci il tarixli, 71 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, AR Mülki Məcəllənin 10% səsə malik iştirakçıya yığıncaq çağırmaq hüququ deyil, onun çağırılmasını icra orqanından tələb etmək hüququ vermişdir. Növbədənkənar yığıncaq isə bu tələbə əsasən yalnız icra orqanı tərəfindən çağırılır. Beləliklə, vaxtını, yerini, gündəliyini müəyyən etməklə tərəfinizdən yığıncaq çağırılması MM-in 91.1.3-cü maddəsinə ziddir, belə hüququnuz yoxdur. Yığıncağın çağırılmasını icra orqanından tələb etmək hüququnuz vardır. Digər tərəfdən Cəmiyyətin təkbaşçı icra orqanı olan preziddenti Mənuçehr X8 AR hüdudlarından kənardadır və səhhəti ilə əlaqədar geri səfər etmək imkanı hələlik yoxdur. Bu səbəbdən cəmiyyətin Prezidenti Azərbaycan Respublikasına gələnədək yığıncağın çağırılması mümkün deyil, və qanuna əsasən belə səlahiyyəti olan şəxs yoxdur. Cavabdeh1 MMC-nin nizamnaməsinin 9.1.7-ci bəndinə əsasən yığıncaq 100% səsə malik iştirakçılar iştirak etdikdə səlahiyyətli sayılır. Cəmiyyətdə 90% səsə Cavabdeh2 malik olduğunu nəzərə alaraq, onun iştirakı olmadan keçirilən istənilən yığıncaq səlahiyyətli olmayacaq. - İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli, X/007/2 nömrəli məktubla Cavabdeh1 MMC-yə müraciət edilərək, təcili olaraq Cavabdeh1 MMC-nin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırki tarixədək maliyyə fəaliyyəti barədə ətraflı hesabatın (təsdiqedici sənədlərlə birlikdə) təqdim edilməsi və cəmiyyətin təsis edildiyi tarixdən hazırki tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair İddiaçı MMC-nin vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin edilməsi xahiş edilmişdir. - Cavabdeh1 MMC-nin əməkdaşları tərəfindən MMC-nin təsisçisi Mənuçehr X4 müraciət ünvanlanaraq, əməkdaşların ******* manatdan çox məbləğdə (hər gün məbləğ artır) ödənilməmiş və aylarla gecikdirilmiş əmək haqqlarının və dəymiş mənəvi ziyanın ödənilməsinin təmin olunmasında köməklik edilməsi xahiş edilmiş, müraciətdə gecikmələrin səbəbi olaraq göstərilmişdir ki, rəhbərliyin göstərişi ilə layihələrə yönəldilmiş texnikaların fəaliyyətindən gələn gəlir ancaq həmin layihə üçün işə qəbul edilmiş işçilərin əmək haqqlarının ödənilməsinə yönəldilib, yerdə qalan qiSmi isə həmin layihəyə rəhbərlik tərəfindən təyin edilmiş səlahiyyətli şəxs tərəfindən rəhbərliyin göstərişi ilə fərqli istiqamətə yönəldilmiş, Şirkət rəhbərinin göstərişi ilə şirkət balansında olan yük maşınları şirkət adından çıxarılaraq digər şirkət və ya fiziki şəxs adına rəsmiləşdirilmiş, Şirkətə məxsus ərazilərdən (fərqli regionlardakı asfalt və çınqıl zavodları) yığılan mal və materiallar (generator.çənlər, tikinti armaturları, konteynerlər, təmirə ehtiyacı olan yük maşınları və texnikalar) şirkət rəhbərinin göstərişi adı ilə Cavabdeh1 MMC- də heç bir rəsmi vəzifədə işləməyən şəxs tərəfindən metal satışı adı ilə çıxarılmış, ancaq şirkətə rəsmi olaraq heç bir vəsait mədaxil olunmamışdır. Bundan əlavə rəhbərliyin göstərişi ilə yuxanda qeyd olunan işlərdə bilavasitə və ya dolayısı ilə əlaqəli şəxslər, məsuliyyətdən yayınmaq üçün yaxın keçmişdə öz xahişləri ilə tutduqları vəzifədən azad olmuşdular. Bu an üçün şirkət işçiləri yaranmış əmək haqqı və digər əlaqəli problemlərlə bağlı sual verə biləcəkləri heç bir məsul və səlahiyyətli şəxs tapa bilmirlər. Son haqq hesablar fevral 2022-ci il tarixdən gecikir və qeyd olunan son haqq hesabların ödənilməsi ilə bağlı rəhbərlik tərəfindən vəsait ayrılmır. Şirkət rəhbəri əmək haqqı ödənişlərindən başqa, təchizatçı şirkətlər qarşısında götürülmüş öhdəliklər və ödənişlərin icrasından yayınır. Şirkət balansında olan yük maşını və texnikalarının satılaraq şirkət rəhbərinin göstərişi adı ilə fərqli ödənişlərin edilməsi üçün xərclənib. Şirkət əməkdaşlarının əmək haqqı ilə bağlı yaranmış problemin cavablandırılması üçün səlahiyyətli şəxs tapılmır, ancaq ölkə xaricində olan şirkət səhmdarının göstərişinə əsasən şirkətə məxsus zavodlar başqa şirkət və ya fiziki şəxslərə icarəyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: :49.4-cü maddəsinə əsasən maddəsinin tələbinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə sadalanan hallarda məsuliyyət daşıyır: hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması. Həmin Məcəllənin 49.6-cı maddəsinə əsasən bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürülməməlidir. İşin hallarında məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC və Mənuçehr X4 dəfələrlə rəsmi şəkildə müraciət edilərək, Cavabdeh1 MMC-nin təsdiq edildiyi, yəni 2010-cu il tarixdən maliyyə fəaliyyəti barədə ətraflı hesabatın (təsdiqedici sənədlərlə birlikdə) təqdim edilməsi və cəmiyyətin təsis edildiyi tarixdən hazırki tarixədək maliyyə fəaliyyətinin yoxlanılmasına dair İddiaçı MMC-nin vəsaiti hesabına təyin edilmiş auditin keçirilməsinin təmin edilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən hər dəfə imtina cavabı verilmiş və cəmiyyətdə 90% səsə malik Cavabdeh2 iştirakı olmadan keçirilən istənilən yığıncağın səlahiyyətli olmayacağı billdirilmişdir. Bununla da Cavabdeh1 MMC 10% paya malik olmasına baxmayaraq iddiaçı nəinki 2010-cu ildən (cəmiyyətin təsis edildiyi tarixdən) cəmiyyətin fəaliyyətində iştirak etmiş, həmçinin cəmiyyətin fəaliyyətinə dair adi sənədləri əldə edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, mülki prosesdə məhkəmələr “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipinə uyğun olaraq, tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. AR Mülki Məcəllənin 65.1.2-ci maddəsinin (təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının hüquq və vəzifələri) tələbinə görə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər. Məhkəmə qeyd edir ki, həmin maddədə qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər” və “sənədləri ilə tanış ola bilər” ifadələri təkcə dar mənada məlumatlarla və sənədlərlə yerində tanış olmaq kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, məlumatlar və sənədlərlə tanış olmaq üçün bütün şəraitin yaradılmasını, o cümlədən aktiv hərəkətlərin edilməsini, yəni məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi də qəbul edilməlidir. .Bununla bağlı əks yanaşma cəmiyyətin iştirakçılarının hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. İddiaçının tələbinin digər hissəsi- auditin keçirilməsinin iddiaçının vəsaiti hesabına təmin edilməsinə münasibətdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Cavabdeh1 MMC-nin Nizamnaməsinin 9.1.6-cı maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı icra orqanının, təftiş komissiyasının (müfəttişin) və ta bütün səslərin ən azı onda birinə malik olan iştirakçıların təşəbbüsü ilə çağırılır. Nizamnamənin 9.1.7-ci maddəsinə əsasən iştirakçıların ümumi yığıncağı 100% paya malik iştirakçılar iştirak etdikdə səlahiyyətli hesab olunur. Nizamnamənin 9.4.1 -ci maddəsinə əsasən Cəmiyyət MMC-nin illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə Cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditor cəlb etməlidir (kənar audit). Nizamnamənin 9.4.2-ci maddəsinə əsasən Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlaması hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlaması həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Nizamnamənin 9.4.3- cü maddəsinə əsasən cəmiyyətin fəaliyyətinin auditor yoxlamalarının aparılması qaydası qanunvericilik və ümumi yığıncağın müəyyən etdiyi qərarlara əsasən müəyyənləşdirilir. İş materiallarından məlum olur ki, İddiaçı MMC tərəfindən 2010-cu il tarixdən etibarən cəmiyyətin fəaliyyətinin və maliyyə hesabatlarının yoxlanılması məqsədilə auditin cəlb edilməsi məqsədilə ümumi yığıncağın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli məktubla cavabdehlərə müraciət edilsə də, cavabdeh tərəfindən onun bu hüququ hüququ təmin edilməmiş, ümumiyyətlə imtina cavabı verilmişdir. Halbu ki, qanunvericiliyin göstərişlərinə müvafiq olaraq cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydalara əsasən iştirakçının (iddiaçının) öz hesabına auditor yoxlanışının həyata keçirilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Belə ki, cavabdeh tərəf AR Mülki Məcəllənin 373.3-cü maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən vaxtaşırı ica edilməli öhdəliklər üzrə iddia müddətinin ötürüldüyünü bildirmişdir. Məcəllənin həmin normasına əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli tələblər üzrə iddia müddəti üç ildir. Lakin məhkəmə bildirir ki, qanunvericilikdə maliyyə fəaliyyəti barədə sənədlərlə tanış olunması və auditor yoxlanışının keçirilməsinin tələb edilməsi öhdəlik yox, hüquq kimi nəzərdə tutulmuşdur. Odur ki, vaxtaşırı öhdəliklərlə bağlı 3 illik iddia müddəti hazırki iş üzrə tətbiq edilə bilməz. Bundan əlavə, cavabeh ərizəsində bildirilmişdir ki, "xxxx" MMC-nin rəhbəri Cavabdeh2 xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək eyni zamanda İddiaçı MMC-nin də rəhbəri olduğundan, sənədlərin tərtib edilməsi və ya yoxlanışın keçirilməsi məqsədə müvafiq hesab edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, hazırki tələb mülki hüquq münasibətinin subyekti olaraq Cavabdeh2 deyil, hüquqi şəxs və onun adından çıxış edən şəxsə yönəlmişdir. Odur ki, ərizədə göstərilən hallar əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırki tarixədək (2022-ci il daxil olmaqla) maliyyə fəaliyyəti barədə hesabatın tanış olması üçün İddiaçı MMC-yə təqdim edilməsi və iddiaçının vəsaiti hesabına auditin keçirilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 MMC və qanuni təmsilçi Mənuçehr X4 həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2010-cu il tarixdən hazırki tarixədək (2022-ci il daxil olmaqla) maliyyə fəaliyyəti barədə hesabatın tanış olması üçün İddiaçı MMC-yə təqdim edilməsi və iddiaçının vəsaiti hesabına auditin keçirilməsi vəzifəsi cavabdehlər Cavabdeh1 MMC və qanuni təmsilçi Mənuçehr X4 həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-183/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-183/2023
27.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver