Məhkəmə qərarları › İş №e-2-2(113)-1839/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1839/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1839/2023 18.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 694,88 manat məbləğində krеdit bоrcu, 58,94 manat məbləğində faiz bоrcu və 19,18 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 773 (yeddi yüz yetmiş üç) manat məbləğində bоrcun və ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 021L**********30 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 021R********** saylı krеdit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 (min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 305,12 manat ödəmiş, onun 694,88 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 138 gün üçün hesablanmış faiz borcu 58,94 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 10.10.202-ci il tarixə 138 gün üçün hеsablanmış cərimə 19,18 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdehlər iştirak etməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 40 manat haqq ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan: - "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh3 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. - "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 021R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında Cavabdeh3 bankdan 12 (on iki) ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 (min) manat məbləğində kredit götürmüşdür. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli, 021S**********01 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "Accessbank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli, 021S**********02 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021L**********30 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - İddiaçı QSC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. - İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. - İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. - İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 1169 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 694,88 manat, faiz borcu 58,94 manat, cərimə borcu 19,18 manat olmaqla, ümumilikdə 773 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli, FT22355THQL1 ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının AZ67HAJCHCRAZN**********9001 nömrəli hesabına 40 (qırx) manat məbləğində vəsait köçürülmüşdür. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 694,88 manat məbləğində krеdit bоrcu və 58,94 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi, cavabdehlər tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini (borcalan və zaminlər), belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində tam təmin edilməli, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 694,88 manat (altı yüz doxsan dörd manat səksən səkkiz qəpik) əsas borc, 58,94 manat (əlli səkkiz manat doxsan dörd qəpik) faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 19,18 manat cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə borcunun ödənilməsinə dair iddia tələbi təmin edilməli və cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 19,18 manat (on doqquz manat on səkkiz qəpik) məbləğində cərimə borcu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Eləcə də iddiaçı cavabdehlərdən müştərək qaydada 60 (altmış) manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutulmasını xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, FT22355THQL1 ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatının AZ67HAJCHCRAZN**********9001 nömrəli hesabına 40 (qırx) manat məbləğində vəsait köçürülmüşdür. Bundan başqa, xx.xx.2022-ci il tarixli, MŞB/6-7678 nömrəli mediasiya sessitasında iştirak edilməmə barədə arayışdan da göründüyü kimi, İddiaçı QSC tərəfindən 40 (qırx) manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 40 (qırx) manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 021R********** saylı krеdit razılaşması üzrə 694,88 manat (altı yüz doxsan dörd manat səksən səkkiz qəpik) əsas borc, 58,94 manat (əlli səkkiz manat doxsan dörd qəpik) faiz borcu, 19,18 manat (on doqquz manat on səkkiz qəpik) cərimə və 40 (qırx) manat mediasiya xərci olmaqla, cəmi 813 (səkkiz yüz on üç) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar