Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1843/2023 04.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 108.664,48 manat məbləğində pul vəsaitinin və 400 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılan xx.xx.2022ci il tarixli İcarə müqaviləsinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində xüsusi mülkiyyətdə olan 1.5 ha ümumi torpaq sahəsinin üzərində yerləşən və ona məxsus istixana sahələrini, orada yerləşən əşya və avadanlıqlar ilə birlikdə cavabdehə icarəyə vermişdir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən icarə haqqına kommunal ödənişlər daxil deyildir. İcarə müddəti başlandığı gün sayğaclardakı göstəricilər aktlaşdırılır və icarə müddətində istehlak olunan bütün kommunal xərclərin dəyəri icraçı tərəfindən vaxtında ödənilir. Azəriqaz tərəfindən iddiaçıya ünvanlanmış hesablanmış qaz borcunun ödənilməsi barədə pretenziya bildirişində və eyni zamanda üzləşdirmə haqqında akta əsasən 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üzrə, yəni cavabdehin dövründə hesablanmış 108.664,48 manat borcun hesablandığı göstərilmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ödənişləri həyata keçirməmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1843 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1843 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1843 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ləğv edilməklə iş üzrə icraat təzələnmişdir.
II. Tərəflərin mövqeləri
5. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında həqiqətən də icarə müqaviləsi imzalanmış, 2022-ci ilin avqust ayında icarə sahəsi tərəfindən iddiaçıya geri təhvil verilmiş, bu zaman istixananın onun sahiblik və istifadəsində olduğu dövrdə yaranmış olan təbii qaza görə olan borc, yəni 108.664,48 manat tam şəkildə nağd qaydada iddiaçıya ödənilmiş (iki dəfə olmaqla), bu barədə müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar da iddiaçı tərəfindən təsdiq edilmişdir. Belə ki, tərəflər arasında olan razılığa əsasən icarə müddətində kommunal xidmətlərə görə yaranmış borcları o, iddiaçıya nağd qaydada ödəmiş, sayğaclar iddiaçının adına qeydə alındığı üçün iddiaçı özü həmin borcları müvafiq qurumlara ödəyirmiş. Lakin hazırkı borcun vaxtında iddiaçı tərəfindən “Azəriqaz” İB-yə ödənilməməsinin səbəbini bilmir. Onun iddiaçıya hazırda ödənilməli olan hər hansı borcu yoxdur.
6. İddiaçıya və üçüncü şəxs “Azəriqaz” İB-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə iclasının iddiaçının və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
1. İddiaçı ilə “Azəriqaz” İB arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, iddiaçının qazın alqı-satqısı üzrə yaranmış debitor borcunun məbləği 30 iyun 2022-ci il tarixə 108664,48 manat təşkil edir.
2. İddiaçı (icarəyə verən) cavabdeh (icarəçi) arasında bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində xüsusi mülkiyyətində olan 1,5 ha torpaq sahəsinin üzərində yerləşən və ona məxsus istixana sahələrini orada yerləşən əşya və avadanlıqlarla birlikdə icarəçinin istifadəsinə verir.
3. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyekti üzrə illik icarə haqqı vergilər xaric 10.000 manat müəyyən edilir.
4. Müqavilənin 5.3-cü bəndinə əsasən icarə haqqına kommunal ödənişlər daxil deyildir. İcarə müddəti başlandığı gün sayğaclardakı göstəricilər aktlaşdırılır və icarə müddətində istehlak olunan bütün kommunal xərclərin dəyəri icarəçi tərəfindən vaxtında ödənilir.
5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinə əsasən iddiaçı tərəfindən “Azəriqaz” İB-yə ümumilikdə 138070 manat pul ödənilmişdir.
6. İddiaçı ilə "xxxx" MMC-nin nümayəndəsi Bəhruz Qasımov arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşdırma aktından görünür ki, İddiaçı ona məxsus olan istixananı "xxxx" MMC-yə icarəyə verdiyi üçün "xxxx" MMC-dən tam olaraq icarə haqqını (420.000 manat) almışdır. İstixanada olan yanacağın istifadəsindən yaranan borcdan 12000 manat, 9000 manat ödənilib. Qazın istifadəsindən yaranan borcdan (108864 manat) 65000 manat ödənilib. Yekunda "xxxx" MMC ona dizeldən 3000 manat qazın istifadəsindən yaranan borc 43864 manat qalıb. Ümumi borc 46864 manat təşkil edir.
7. İddiaçı, cavabdeh və "xxxx" MMC arasında tərtib olunmuş 26 avqust 2022-ci il tarixli aktdan görünür ki, həqiqətən icarəyə götürüldüyü istixanaya görə "xxxx" MMC ilə icarəçi Cavabdeh istixana sahibi İddiaçı 46864 manat ödəyir və hal-hazırda qaz və kirayə borcu yoxdur.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
11. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
12. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
13. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
16. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçının birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
17. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona 108664,48 manat məbləğində maddi ziyanın vurulduğunu, həmin ziyanın ödənilmədiyini iddia edir.
18. Cavabdeh iddiaya etiraz edərək, həmin ziyanın tərəfindən iddiaçıya tam şəkildə 2022-ci ilin avqust ayında, yəni iddia ərizəsi verilməmişdən əvvəl tam şəkildə ödənildiyini göstərir.
19. Cavabdeh bununla bağlı Məhkəməyə tərəflər arasında tərtib edilmiş xx.xx.2022ci il tarixli və xx.xx.2022-ci il tarixli aktları təqdim etmişdir.
20. Həmin aktlardan görünür ki, göstərilən tarixlərdə iddia ərizəsində göstərilən ziyan, yəni 108664,48 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, cavabdehin iddiaçıya ödənilməli olan icarə haqqı və təbii qazdan istifadəyə görə borcun olmadığı həmin aktlarda öz əksini tapmışdır.
21. Göstərilən aktlar iddiaçının imzası ilə təsdiq edilmişdir.
22. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova