Məhkəmə qərarları › İş №e-2-2(113)-1845/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1845/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1845/2023 28.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə (bundan sonra – cavabdehlər) qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00437692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 233,681.62 manat əsas borc, 8,531.75 manat faiz borcu, 721.15 manat cərimə borcu olmaqla, cəmi 242,934.52 manat məbləğində borcun; 2. İddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 133 manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehlərdən birgə qaydada DC00437692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 233,681.62 manat əsas borc, 20779,80 manat faiz borcu, 3049,53 manat cərimə borcu olmaqla, cəmi 257510,95 manat məbləğində borcun; iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 148 manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-07433LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X4 çərçivəsində İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2022-ci il tarixli DC00437692-01 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250 000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00437692-01 saylı kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2022-ci il tarixli, DG**********127 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 140 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00437692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 233,681.62 manat əsas borc, 8,531.75 manat faiz borcu, 721.15 manat cərimə borcu olmaqla, cəmi 242,934.52 manat təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 133 manat dövlət rüsumu və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X4nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən tərtib edilmiş bank xidmətlərinin göstərilməsinə dair X2n görünür ki, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlıq bölmələrdə öz əksini tapmışdır. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair X4nun xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2022-ci il tarixli OnGTC-07433LE/2019 saylı razılaşmaya əsasən bank xidmətlərinin göstərilməsinə dair X4nun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00437692- 01 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli OnGTC- 07433LE/2019 saylı X3 əsasən 250.000 manat pulu illik faiz dərəcəsi 17 % olmaqla xx.xx.2024-cü il tarixinədək kredit verir. Müqaviləyə 01 nömrəli əlavədən görünür ki, DC00437692-01 saylı müqaviləyə əsasən cavabdehin əsas borcu 213969,59 manat, faiz borcu 1515,62 manat, gecikdirilmiş əsas borcu 19712,03 manat, gecikdirilmiş faiz borcu 1225,43 manat, cərimə faizi 87,61 manat olmaqla, ümumilikdə, 236510,28 manat təşkil edir. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasından bağlanmış 12 may 2022-ci il tarixli DG**********127 nömrəli zaminlik müqaviləsinə əsasən bank ilə müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cürə zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00075-2023/3 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə iddiaçı qarşısında kredit borcu DC00437692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 233681,62 manat əsas borc, 8531,75 manat faiz borcu, 721,15 manat cərimə borcu olmaqla, cəmi 242934,52 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PB/BPŞ-OUT-00326-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə iddiaçı qarşısında kredit borcu DC00437692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 233681,62 manat əsas borc, 20779,80 manat faiz borcu, 3049,53 manat cərimə borcu olmaqla, cəmi 257510,95 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya DC00437692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 233681,62 manat əsas borc, 20779,80 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 233681.62 manat əsas borc, 20779,80 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən maliyyələşdirmə üçün ərizəyə əsasən 3049,53 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə 03 noyabr 2020 tarixli DC00437692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 233,681.62 manat əsas borc, 20779,80 manat faiz borcu, 3049,53 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada DC00437692-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 233,681.62 manat əsas borc, 20779,80 manat faiz borcu, 3049,53 manat cərimə borcu, ümumilikdə 257510,95 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/9-00035 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 548 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə müştərək qaydada 233681,62 manat əsas borc, 20779,80 manat faiz borcu, 3049,53 manat cərimə borcu, ümumilikdə 257510,95 (iki yüz əlli yeddi min beş yüz on manat doxsan beş qəpik) manat məbləğində pul və ödənilmiş 548 (beş yüz qırx səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar