Məhkəmə qərarları › İş №e-2-2(113)-1847/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1847/2021

15.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1847/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı müqavilədən irəli gələn öhdəliyin icrası tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş sementin satışına olan maneənin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında 19 dekabr 2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı İddiaçı MMC-yə topdan sement növünü satmağı, sonuncu isə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin "xxxx" ASC götürdüyü öhdəliyi yerinə yetirməyərək müqavilə müddətinin bitməsini əsas gətirərək malların satışından imtina etmişdir.Halbuki müqavilənin 6.2-ci bəndinə görə, hazırki müqavilənin qüvvədə olma müddəti bitməmişdən 15 iş günü əvvəl tərəflərdən biri müqaviləyə xitam verməzsə, müqavilə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılır.Dəfələrlə malların alınması üçün cəhdlər edilməsinə baxmayaraq "xxxx" ASC malların satışından imtina etmişdir ki, nəticədə bu müqavilənin şərtlərinin birtərəfli qaydada pozulmasına gətirib çıxarır.Halbuki tərəflər arasında bağlanmış müqavilənin 13.1.1-ci bəndinə görə, müqaviləyə yalnız tərəflərin qarşılıqlı yazılı razılığı əsasında xitam verilə bilər.Göründüyü kimi satıcı tərəf müqavilə bağlandığı andan onda müəyyənləşdirilmiş şərtləri birtərəfli qaydada icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia əsassızdır, heç bir qanuni tələblərə istinad etmir, ona görə də rədd edilməlidir. Belə ki, İddiaçı MMC ilə olan müqaviləyə tərəflər arasında imzalanmış müqavilənin 13.1.6-cı bəndinə əsasən iki ay ərzində heç bir alqı-satqı əməliyyatı keçirilmədiyi üçün birtərəfli qaydada xitam verilmişdir. Bununla bağlı olaraq 18.03.2021-ci il tarixli bildiriş məktubu iddiaçıya çatdırılmışdır. Əlavə olaraq müqavilənin 3.3.1-ci bəndində ödənişin alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirməsi qeyd olunmuşdur ki, iddiaçı heç bir ödəniş həyata keçirmədiyi üçün müqaviləyə xitam verilmişdir. Həmçinin imzalanan müqaviləyə 1 saylı əlavədən də məlum olur ki, müqavilə üzrə sifarişlər 31 dekabr 2020-ci il tarixinə kimi razılaşdırılmışdır, hazırda isə müqavilə qüvvədən düşmüşdür.İddiaçı iddia ərizəsində alqı-satqının həyata keçirilməməsi nəticəsində onun sahibkarlıq fəaliyyətinin iflic hala düşməsini qeyd etsə də bunu heç bir halla sübut edə bilməmişdir, əlavə olaraq Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin portalından aldınmış məlumata əsasən iddaçıya məxsus olan vergi hesabı fəaliyyətini dayandırmışdır. Sonda cavabdehin nümayəndəsi qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə iddiaçının nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, cavabdeh etiraz etmədiyindən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: -19 dekabr 2019-cu il tarixli O000461855 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, hazırki müqavilə əsasında “satıcı” 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü “alıcı”ya satır, “alıcı” isə malı alır və dəyərini ödəyir. -Həmin müqavilənin 3.3.1-ci bəndinə əsasən, ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. -Həmin müqavilənin 6-cı bəndinə əsasən, hazırkı müqavilə hər iki tərəfdən imzalandığı tarixdə qüvvəyə minir və müqavilə şərtləri tərəflərin münasibətinə 01 yanvar 2020-ci ildən etibarən tətbiq edilir. Hazırki müqavilə 31 dekabr 2020-ci il tarixinədək qüvvədə qalacaqdır. -Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, hazırki müqavilənin qüvvədə olma müddəti bitməmişdən 15 iş günü əvvəl tərəflərdən biri müqaviləyə xitam verilməsinə dair digər tərəfə bildiriş göndərməzsə, müqavilə avtomatik olaraq 1 (bir) il müddətinə uzadılır. Avtomatik uzadılan dövr ərzində alıcı satıcı ilə heç bir əməliyyat aparmazsa müqaviləyə həmin ilin 31 dekabr tarixində xitam verilir. Hər bir halda, avtomatik uzadılma 3 (üç) dəfədən çox ola bilməz və bununla da, hazırki müqavilə 3 (üç) il müddətinə uzadıla bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi tərəfləri həmin ana qədər yaranmış öhdəliklərin icrasından azad etmir. -Həmin müqavilənin 13.1.6-cı bəndinə əsasən iki ay ərzində heç bir alqı-satqı əməliyyatı keçirilmədiyi hallarda satıcı müqaviləyə birtərəfli xitam verməklə müqaviləyə xitam verilə bilər. Müqavilə tərəflərin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq edilmişdir. -19 dekabr 2019-cu il tarixli O000461855 nömrəli alqı-satqı müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, "xxxx" ASC İddiaçı MMC-yə 18.03.2021-ci il tarixli məktub ünvanlayaraq 19 dekabr 2019-cu il tarixli O000461855 nömrəli alqı-satqı müqaviləsinin 13.1.6-cı və 13.2-ci bəndlərinə istinad edərək müqaviləyə 05.04.2021-ci il tarixindən xitam veriləcəyini iddiaçıya yazılı qaydada bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı iddiaçının qeyd etdiyi hallar əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilədən irəli gələn öhdəliyin icrası” tələbinə dair iddiası təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar