Məhkəmə qərarları › İş №e-2-2(113)-185/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-185/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-185/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 04 mart 2020-ci-ci il tariхli 101842-866036/1 nömrəli kredit müqaviləsi üzrə 16277.72 manat əsas borc və 3556.44 manat faiz borcu olmaqla, cəmi 19834.16 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat xərcin və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131ci məhəllə, Babək prospekti,ev 10F ünvanında yerləşən ümumisahəsi 155.3 kv.m. olan 19 nörməlimənzilə yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda sonra Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10F ünvanında yerləşən ümumi sahəsi 155.3 kv.m. olan 19 nömrəlimənzildən çıxarılması və həmin mənzilin boşaldılması haqqında barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 ilə bağlanmış 03 mart 2020-ci il tarixli GA.866036.1 nömrəli Baş sazişə əsasən borcalana 250000 (iki yüzəllimin)) manat məbləğində 84 ay müddətinə illik maksimum 30 faiz dərəcəsi ilə kredit limitiayrılmışdır. İddiaçı ASC ilə borcalanCavabdeh2ilə bağlanmış 04 mart 2020-ci il tarixli 101842-866036/1 nömrəli Kredit müqaviləsinə əsasən 24 faiz dərəcəsilə 36 ay müddətinə 50000 (əllimin)) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10F ünvanında yerləşən ümumi sahə 155.3 kv.m olan 19 nömrəli mənzil 03 mart 2020-ci-ci il tariхli GA.866036.1 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Еynizamanda, bank və digər cavabdeh – Cavabdeh1 arasında 03 mart 2020-ci il tarixli GA.866036.1/z nömrəlizaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin Baş Saziş üzrə öhdəliklərinin bоrcalan tərəfindın icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borc alana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli 001/026/3593/2023 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-185/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh2 qarşı “ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsində göstərilən borcların yaxın müddətdə tam şəkildə ödəniləcəyini bildirdi.

5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

7. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03 mart 2020-ci il tarixli GA.866036.1 nömrəli kredit limitinin ayrılması haqqında baş sazişə əsasən bank borcalana 250000 manat məbləğində 84 ay müddətinə, illik maksimum 30 faiz dərəcəsi ilə kredit limiti ayırır, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürür.

10. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2020-ci il tarixli 101842- 866036/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 50.000 manat məbləğində krediti 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə kredit verir.

11. İddiaçı tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 mart 2020-ci il tarixli 10182-866036/1 nömrəli kredit müqaviləsinə əsasən 12 iyul 2023-cü il tarixə cavabdehin iddiaçıya əsas borcu 16277,72 manat, faiz borcu 3556,44 manat, ümumilikdə 19834,16 manat təşkil edir.

12. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 mart 2020-ci il tarixli GA.866036.1/Z nömrəli zaminlik müqaviləsinə əsasən bankla borcalan arasında bağlanmış 03 mart 2020-ci il tarixli GA.866036.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür.

13. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03 mart 2020-ci il tarixli GA.866036.1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan bu müqavilənin 3-cü bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, ipotekaya verilmiş əmlakın saxlanılması və salamatlığı üçün ipoteka saxlayanın zəruri xərclərinin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsi tərəfindən qeydiyyata alınmış xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı iddiaçının xeyrinə ipoteka ilə yenidən yüklü edir.

14. Müqavilənin 2.2-ci bəndinə əsasən sonrakı ipoteka predmetinin ilkin satış qiyməti 230.000 manat müəyyən edilir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10F ünvanında yerləşən 19 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10F ünvanında yerləşən 19 nömrəli mənzil Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli 9/8572 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 04 mart 2020-ci il tarixdə bağlanmış 101842-866036/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 iddiaçıya olan xx.xx.2023-cü il tarixə (müqavilə müddəti tarixinə) əsas borcu 16277,72 manat, faiz borcu 18869,91 manat, xx.xx.2023-cü il (maliyyə arayışı tarixinə) əsas borcu 16277,72 manat, faiz borcu 20258,95 manat təşkil edir.

18. "xxxx" MMC tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli LP-260/2023 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10F ünvanında yerləşən Cavabdeh2 məxsus 19 saylı mənzilin bazar qiyməti 286000 manat, likvid qiyməti isə 258000 manat təşkil edir.

19. Məhkəmə cavabdehin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

22. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

23. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

26. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

27. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

28. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

29. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

31. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

32. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

33. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

34. Beləliklə, işin hallarından məlum olur ki, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq isə Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10F ünvanında yerləşən 19 nömrəli mənzil göstərilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

35. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin tələblərinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməlidir.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutulmalı, eyni zamanda tələb kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi göstərilmiş ipoteka predmetinə yönəldilməli, qanunvericiliyin təlbələrinə uyğun olaraq əmlakın açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti 258000 manat müəyyən edilməlidir.

37. Məhkəmə qeyd edir ki, cavabdehlərdən tutulacaq faiz borcu ekspert rəyi ilə 18869,91 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmadığı üçün cavabdehlərdən tutulacaq faiz borcu 3556.44 manat müəyyən edilməlidir.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 16277,72 manat əsas krеdit bоrcu, 3556,44 manat faiz bоrcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10F ünvanında yerləşən 19 nömrəli mənzilə yönəldilməli, həmin ipoteka predmeti ilkin satış qiyməti 258000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı və əldə edilmiş vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 200 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat xidmət haqqı da cavabdehlərə aid edilməlidir.

41. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri isə 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcləri də cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16277,72 manat əsas borc, 3556,44 manat faiz borcu, ödənilmiş 245 manat dövlət rüsumu, ümumilikdə 20079,16 (iyirmi min yetmiş doqquz manat on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti, ev 10F ünvanında yerləşən mənzilə yönəldilsin. Həmin ipoteka predmeti ilkin satış qiyməti 258000 (iki yüz əlli səkkiz min) manat müəyyən edilməklə açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 20079,16 (iyirmi min yetmiş doqquz manat on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Satışdan artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına, 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar