Məhkəmə qərarları › İş №e-2-2(113)-185/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-185/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-185/2025 21.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6718,40 manat borc olmaqla, bundan 4062,43 manat əsas, 2081,41 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 574,56 manat faiz borcu, iş üzrə ödənilmiş 87,19 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 0.0478 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 169.2 kv.m olan 1602 nömrəli bağ evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, Cavabdeh1 və X2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 may 2019-cu il tarixli 02/0372/KBK saylı Kredit müqaviləsinə əsasən borcalana 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 7000 ( yeddi min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə X4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 0.0478 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 169.2 kv.m olan 1602 nömrəli bağ evi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 14 may 2019-cu il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və X5ilə Bank arasında 14 may 2019-cu il tarixli üç tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********485 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 6718,40 manat təşkil edir. Bundan 4062,43 manat əsas, 2081,41 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 574,56 manat faiz borcu təşkil edir. İddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 295, 317.1, 319.1, 385.1, 442, 445, 449.1, 449.4, 472.1, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3, 36.2, 39.3, 47.5-ci maddələrinə istinad etmişdir. Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(113)-3160/2024 nömrəli qərardadı ilə iş üzrə icraata X4 aid hissədə xitam verilmiş, iddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, e-2-2(113)-3160/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2-2(113)- 3160/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək müqavilənin müddətinin sonradan uzadılmadığını bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında verdiyi izahatda Cavabdeh2 borcu olduğunu etiraf etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında xx.xx.2019-cu il tarixli, 02/0372/KBK saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bank müqavilənin 2.1 və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə "Kreditalan"ın mülkiyyətinə verir və kredit alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "bank"a qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 7000 manat təşkil edir. 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kredit/kredit xətti yeni salon üçün avadanlıq alınması üçün verilir. 3.2.2-ci bəndinə əsasən kredit alan bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə (əgər kredit, kredit xətti çərçivəsində verilsə, bu zaman bu müqavilənin 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilmiş məbləğdə) krediti faizi ilə birlikdə banka qaytarmağı oz öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən kreditdən istifadəyə görə kredit alan tərəfindən banka illik 23% olmaqla faiz ödənlir. 6.10-cu bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra 24 ay müddətinə qüvvədədir, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri, müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. İddiaçı ASC (bank) ilə Cavabdeh2 (borclu) və Cavabdeh1, X5 (zaminlər) arasında xx.xx.2019-cu il tarixli, 02/0372/KBK saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqaviləyə görə zamin, borclunun bank qarşısında 02/0372/KBK xx.xx.2019-cu il tarixli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zamin yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə «borclu»nun öhdəlikərinin icrasına, o cümlədən əsas borc məbləğinin, kreditdən istifadəyə görə ödəniş və hesablaşma gününə cərimə sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməsi halları da daxil olmaqla, bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Müqavilənin 3.2-ci bəndinə əsasən zaminin məsuliyyətinin əsasları aşağıdakılardır: Müqavilədə göstərilən müddətdə kreditin qaytarılmaması; Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit üzrə faizlərin ödənilməməsi: Kreditdən təyinatı üzrə istifadə edilməməsi. 4-cü bəndinə görə müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. xx.xx.2019-cu il tarixli, 02/0372/KBK saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 366.61 manat, sonuncu ay xx.xx.2021-ci il tarixdə 366,69 manat olmaqla ödəniləcək əsas məbləğ 7000 manat, faizin məbləği 1798,72 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2019cu il tarixli, 02/0372/KBK saylı kredit müqaviləsi üzrə Cavabdeh2 sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 02/0372/KBK saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixinə əsas borcu 4062 manat, faiz borcu 2081 manat, cərimə borcu 0 manat, AR MM-nin 445.7-ci madddəsinə görə gecikdirilmiş vaxt (1026 gün) üçün hesablanan faiz məbləği 574 manat olmaqla cəmi borc 6718 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC (Ləğv Prosesindədir) 87,19 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4793 saylı rəyi ekspert rəyi ilə cavabdehin xx.xx.2019-cu il tarixli, 02/0372/KBK saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitməsi tarixinə, yəni xx.xx.2021-ci il tarixinə əsas borcu 4723,64 manat, faiz borcu 1348,99 manat, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə əsas borcu 4057,26 manat, faiz borcu 815,37 manat, illik 5% faiz borcu 612,52 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. və 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki,”...iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir...” Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 02/0372/KBK saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 23% ilə 7000 manat məbləğində krеdit verilmişdir. Daha sonra Cavabdeh1 ilə iddiaçı bank arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 02/0372/KBK nömrəli zaminlik müqaviləsinə əsasən zamin, borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin X5 ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli 02/0372/KBK saylı ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 169.2 kv/m olan mənzil və ümumi sahəsi 0.0478 ha olan torpaq sahəsi İddiaçı QSC-də ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh1 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir və bu müddətin keçməsi ilə zaminə qarşı tələbə xitam verildiyi üçün, buna görə ayrıca ərizə verilməsi də tələb edilmir. Bu baxımdan, Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2019-ci il tarixdə 24 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2021-ci il tarixindən bir il ərzində İddiaçı ASC (LƏĞV PROSESİNDƏDİR) zamin Cavabdeh1 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh1 qarşı iddia tələbi əsassız olduğuna görə iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, Cavabdeh2 öhdəliklərini icra etmədiyini, nəticədə sonuncunun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini Cavabdeh2 tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı Cavabdeh2 kredit razılaşması üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə xx.xx.2019-cu il tarixli, 02/0372/KBK saylı kredit müqaviləsinə əsasən iddiaçı maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə hesablanmış 4062,43 manat əsas borc, 2081,41 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 574,56 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışında göstərilən tarixə əsas borc 4057,26 manat, faiz borcu isə 815,37 manat hesablanmışdır. Məhkəmə ekspert rəyinində göstərilən tədqiqat prosesinin təsvirini, bank hesabından çıxarışı nəzərdən keçirərək hesab edir ki, ekspert rəyinə uyğun olaraq əsas borcunun məbləği 4057,26 manat, faiz borcunun məbləği isə 815,37 manat müəyyən edilməlidir. Məhkəmə gecikdirilmiş vaxt üçün illik 5% ilə pul tələbinə münasibətdə qeyd edir ki, ekspertiza nəticəsində illik 5% faiz borcu 612,52 manat, yəni iddia ərizəsində tələb edilən illik 5% - 574,56 manat faiz borcun məbləğindən çox olduğu müəyyən edilmişdir. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə illik 5% faiz borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən illik 5% faiz borcu həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, 574,56 manat məbləğində tutulmalıdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 87,19 manat dövlət rüsumunun 74,47 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 81 manat məbləğində hissəsi Cavabdeh2, 19 manat məbləğində hissəsi isə İddiaçı ASC-dən (Ləğv prosesindədir) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 02/0372/KBK kredit müqaviləsinə əsasən 4057,26 manat əsas borc, 815,37 manat faiz boru, əsas borc məbləğinə hesablanmış illik beş faiz kimi 574,56 manat olmaqla, cəmi 5447 (beş min dörd yüz qırx yeddi) manat 19 (on doqquz) qəpik məbləğində borc, habelə iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 74 (yetmiş dörd) manat 47 (qırx yeddi) qəpiyinin əvəzi İddiaçı ASC-nin (Ləğv prosesindədir) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 81 (səksən bir) manat məbləğində hissəsi Cavabdeh2, 19 (on doqquz) manat məbləğində hissəsi isə İddiaçı ASC-dən (Ləğv prosesindədir) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar