Məhkəmə qərarları › İş №e-2-2(113)-1852/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1852/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1852/2021 31.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, tərəflər arasında bağlanmış 20 noyabr 2019-cu il tariхli, 2019/00705-EY saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh 13.835,31 ABŞ dolları məbləğində əsas borcun, ona hesablanmış 1.975,39 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.619,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 18.430,30 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması; tələbin cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 21K saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 85.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13.835,31 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 1.975,39 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.619,60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 18.430,30 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pul vəsaitinin İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2019-cu il tariхli, 2019/00705-EY saylı krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 14 800 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 21K saylı fərdi yaşayış evini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, reyestr № **********84-10301, Qeydiyyat № **********, tarix 14.06.2019) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 20 noyabr 2019-cu il tariхli, 2019/00705-EYİP №-li ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 09.12.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 85.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 26 yanvar 2021-ci il tarixinə 13.835,31 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 1 975.39 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2 619.60 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 18.430,30 ABŞ dolları məbləğində borcuyaranmışdır. Bundan sonra iddiaçının nümayəndəsi iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, 2019/00705-EY saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh 13.059,16 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 2.297,71 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.270,80 dolları məbləğində dəbbə pulu, cəmi 18.627,67 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pul vəsaitinin tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 21K saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 85.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından ədə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 13.059,16 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2.297,71 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3.270,80 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 18.627,67 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya borcunun olmasını təsdiq etdi, həmin borcu yaxın zamanda ödəyəcəyini bildirdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan işə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı BOKT ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 20 noyabr 2019-cu il tariхli, 2019/00705-EY saylı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə borc alana 60 ay müddətinə 14.800 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin: 1.5-ci bəndinə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 24%-ni təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 24,05 % təşkil edir. 3.1-ci bəndinə uyğun olaraq borc alan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Dəbbə pulu müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. 4.1-ci bəndinə əsasən müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində Şərq yaşayış sahəsində yerləşən 0,0114 ha torpaq sahəsində və üzərində olan 168,4 kv.m. ümumi sahədən ibarət 21 K nömrəli fərdi yaşayış evi (çıxarış: ƏMDK-nın DƏDRX-nin Ərazi İdarəsi tərəfindən Dövlət Reyestrində 488 nömrəli reyestr kitabının 75799 nömrəli vərəqində qeydiyyata alınıb, 14.06.2019-cu il tarixdə verilmiş **********84- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarış) ipoteka qoyulur. İpoteka predmetləri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici X1 MMC tərəfindən 02.07.2019-cu il tarixində likvid dəyəri 85.000 manat məbləğində qiymətləndirilmişdir. Əgər borc alan əsas öhdəliyin (əsas borc məbləğinin) icrasından əlavə, faiz borcları və digər xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə dəbbə hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Müqavilə borc verənin imzası və möhürü ilə, borc alanın imzası ilə təsdiq edilmişdir. İddiaçı BOKT ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 20 noyabr 2019-cu il tariхli 2019/00705-EYİP saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində Şərq yaşayış sahəsində yerləşən 0,0114 ha torpaq sahəsində və üzərində olan 168,4 kv.m. ümumi sahədən ibarət 21 K nömrəli fərdi yaşayış evi (çıxarış: ƏMDK-nın DƏDRX-nin Ərazi İdarəsi tərəfindən Dövlət Reyestrində 488 nömrəli reyestr kitabının 75799 nömrəli vərəqində qeydiyyata alınıb, 14.06.2019-cu il tarixdə verilmiş **********84- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarış) ipoteka ilə yüklü edilmişdir. 9.3-cü bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin iştirakı ilə müstəqil qiymətləndirici X1 MMC tərəfindən 02.07.2019-cu il tarixində likvid dəyəri 85.000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 02.12.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, 14.800 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı BOKT ASC tərəfindən müştəri Cavabdeh hesabına köçürülmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində Şərq yaşayış sahəsində yerləşən 0,0114 ha torpaq sahəsində və üzərində olan 168,4 kv.m. ümumi sahədən ibarət 21 K nömrəli fərdi yaşayış evi 09.12.2019-cu il tarixdən başlayaraq 20.11.2024-cü il tarixədək İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmiş və yüklülük 09.12.2019-cu il tarixdə, ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 11.08.2021-ci il tarixli, ***-**** saylı borc haqqında arayışdan görünür ki, Cavabdeh 20.11.2019-cu il tarixli, 2019/00705-EY saylı kredit müqaviləsi üzrə 11.08.2021-ci il tarixə İddiaçı BOKT ASC-yə kredit borcu 13.059,16 ABŞ dolları, faiz borcu 2.297,71 ABŞ dolları, dəbbə pulu borcu 3.270,80 ABŞ dolları, cəmi borcu 18.627,67 ABŞ dolları təşkil edir. 11.08.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 20 noyabr 2019-cu il tariхli, 2019/00705-EY saylı kredit müqaviləsi üzrə 07.01.2020-ci il tarixdə 425,20 ABŞ dolları, 03.02.2020-ci il tarixdə 440,40 ABŞ dolları, 06.03.2020-ci il tarixdə 434,53 ABŞ dolları, 21.05.2020-ci il tarixdə 293,60 ABŞ dolları, 09.06.2020-ci il tarixdə 117,44 ABŞ dolları, 29.10.2020-ci il tarixdə 705,88 ABŞ dolları, 25.01.2021-ci il tarixdə 528,48 ABŞ dolları, 26.02.2021-ci il tarixdə 1.350,56 ABŞ dolları, 15.04.2021-ci il tarixdə 440,40 ABŞ dolları, 20.04.2021-ci il tarixdə 381,68 ABŞ dolları məbləğində ödəniş etmişdir. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış 17.12.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20.11.2019-cu il tarixli 2019/00705-EY saylı kredit müqaviləsindən irəli gələn 14.133,99 ABŞ dolları məbləğində əsas borc, 1.847,16 ABŞ dolları məbləğində faiz borcu, 2.900,80 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 18.881,95 ABŞ dolları məbləğində borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 21K saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduruna başlanacağı barədə məlumat verilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin tanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı BOKT ASC-yə ünvanlanmış 14.01.2021-ci il tarixli məktubla müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 21K saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 28.07.2021-ci il tarixli, LP-118/21 saylı rəyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 21K saylı fərdi yaşayış evinin hazırkı bazar dəyəri: 115.000 manat, likvid dəyəri: 100.000 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında 20.11.2019-cu il tarixdə 2019/00705-EY saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı BOKT ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə 13.059,16 ABŞ dolları məbləğində əsas, 2.297,71 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. İddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh mübahisəli kredit müqaviləsi əsas borcu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə İddiaçı BOKT ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh 20.11.2019-cu il tarixli, 2019/00705-EY saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, İddiaçı BOKT ASC-nin isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı BOKT cavabdehdən 13.059,16 ABŞ dolları məbləğində əsas, 2.297,71 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı BOKT-un 2.619,60 ABŞ dolları məbləğində dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm borclunun əsaslı mənafelərini nəzərə alaraq tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 500 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı BOKT kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2019-cu il tariхli, 2019/00705-EY saylı ipoteka müqaviləsinə əsasən 20 noyabr 2019-cu il tariхli 2019/00705-EYİP saylı kredit müqaviləsi ilə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində Şərq yaşayış sahəsində yerləşən 0,0114 ha torpaq sahəsində və üzərində olan 168,4 kv.m. ümumi sahədən ibarət 21 K nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İşin yuxarıda göstərilən halları ilə isə təsdiq edilir ki, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, borc üzrə tutma Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində Şərq yaşayış sahəsində yerləşən 0,0114 ha torpaq sahəsində və üzərində olan 168,4 kv.m. ümumi sahədən ibarət 21 K nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılmalıdır. Bundan əlavə “İpoteka haqqında” Qanunun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetinin resal bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 115.000 manat, likvid dəyəri isə 100.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində Şərq yaşayış sahəsində yerləşən 0,0114 ha torpaq sahəsində və üzərində olan 168,4 kv.m. ümumi sahədən ibarət 21 K nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti manat 100.000 məbləğində müəyyən edilməlidir. İddiaçının ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına tələbinə münasibətdə məhkəmə qeyd edir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə əmlakın boşaldılmasının qət edilməsi hazırkı iş üzrə Cavabdeh qanunla qorunan hüquqlarını pozur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, “İpoteka haqqında” AR Qanununun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göstərilən maddənin məzmunundan da göründüyü kimi ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə həmin sahəni tərk etməyən ipoteka qoyan və onun ailə üzvlərinin həmin sahədən məcburi çıxarılması həmin sahənin boşaldılması barədə məhkəmə qərarı olmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında həyata keçirilə bilər. Odur ki, ipoteka qoyanın yaşayış sahəsindən çıxarılması barədə məhkəmə qərarının qəbul edilməsi ipoteka saxlayanın qanunla qorunan hüquqlarının müdafiəsi baxımından zəruri hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması tələbinə dair hissədə iddia rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat pul, eyni zamanda qiymətləndirici xidmətlərinə görə "xxxx" MMC-yə iddiaçı tərəfindən ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli, 2019/00705-EY N-li kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 13.059,16 ABŞ dolları (on üç min əlli doqquz dollar on altı sent) məbləğində əsas borc, 2.297,71 ABŞ dolları (iki min iki yüz doxsan yeddi dollar yetmiş bir sent) məbləğində faiz borcu, 500 (beş yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 15.856,87 ABŞ dolları (on beş min səkkiz yüz əlli altı dollar, səksən yeddi sent)məbləğində borc, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində yerləşən 21 k saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 100.000 (yüz min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılsın. Eyni zamanda qiymətləndiricinin rəyinin alınmasına görə ödənilməli olan 300 (üç yüz) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN:**********, "xxxx" ASC-nin Yasamal filialı, VÖEN: **********, kod:512565, h/h:AZE30AZRT********************, m/h:AZE02NABZ********************; SWİFT:AZRTAZ22) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar