Məhkəmə qərarları › İş №e-2-2(113)-1853/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1853/2025

05.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1853/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı, əqdin etibarlılıq şərtləri, ipoteka predmetinə sərəncam vermə qaydalarının pozulması nəticələri, əqdlərdə razılıq, ipoteka predmetinin məhv olması, subyektiv hüquq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-121/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlər arasında təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsi və 100,5 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2018-ci il tarixli 109840- 407052/2 nömrəli kredit müqaviləsinə əsasən 26 faiz dərəcəsilə, 24 ay müddətinə 20000 manat məbləğində kredit götürülmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) 25 aprel 2018 il tarixli 109840-407052/2 nömrəli sonrakı ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 26 aprel 2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün bank iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və kredit müqaviləsi üzrə yaranmış 7938,28 manat əsas borc və 2495,37 manat faiz borcu olmaqla cəmi 10433,65 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121,7 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan adıçəkilən qeyriyaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və X2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.9 kv.m olan qeyri-yaşayış sahəsindən (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.2. Məhkəmə gedişatı zamanı müəyyən olunmuşdur ki, bank qarşısında kreditin təminatı olan ipoteka predmeti digər iş üzrə mübahisə obyektidir. Buna görə də Xətai Rayon Məhkəməsinin e-2(011)-2756/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən, hazırkı iddia tələbinə dair mülki işin icraatı Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-231/2022 saylı iş baxılaraq həll edilənədək dayandırılması qərara alınmışdır. Digər mübahisə üzrə yekunda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-121/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiqlənmişdir. 2.3. Həmin barışıq sazişində aşağıda qeyd olunan şərtlər göstərilmişdir: 1.Cavabdeh1 MMC Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzil, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsini Cavabdeh2 mülkiyyətinə verir. Qeyriyaşayış sahələri ikinci və beşinci binalara bitişikdir. 2. Cavabdeh1 MMC barışıq sazişinin 1-ci hissəsində göstərilən ünvanda yerləşən əmlakların müqaviləsini və maliyyə arayışlarının verilməsi və bina dövlət qeydiyyatına alındığı anda lazımi sənədlərin dövlət reyestrinə təqdim etməyi və 5 (beş) əmlaka dair reyestrdən çıxarışların alınaraq Cavabdeh2 verilməsini öz öhdəsinə götürür. 3. Cavabdeh2 MMC tərəfindən verilmiş 5 əmlakı istəyi vaxtda istədiyi şəxslərə satışını və ya bağışlanmasını həyata keçirdikdə MMC lazımi (müqavilədə dəyişiklik, maliyyə arayışı və digər) sənədləşmə işləriniapamağı və buna dair hər hansısa pul tələbinin olmamasını MMC öhdəsinə götürür. 4. Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162 194 manat pulu heç bir mübahisə olmadan Cavabdeh2 verir. 5. Cavabdeh2 hal-hazırkı iddiasından və Xətai Rayon Məhkəməsinə verdiyi qanunsuz tikilinin sökülməsinə dair iddiadan imtina edir və işin icraatına xitam verilməsini öhdəsinə götürür. 6. Cavabdeh1 MMC Cavabdeh2 qarşı verdiyi iddiasından imtina edir. 7. Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli ümumi sahəsi 240,09 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-nin mülkiyyətinə verilməsini öhdəsinə götürür və gələcəkdə heç bir iddası və tələbi olmayacaq. 2.4. Sonradan Xətai Rayon Məhkəməsinin e-2(011)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən, xx.xx.2022-ci il tarixli qərardad ləğv olunarak iş üzrə icraat təzələnmişdir. İcraat təzələndikdən sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə iddia ərizəsinə əlavə verərək, cavabdehlər Cavabdeh2 25 aprel 2018-ci il tarixli 109840- 407052/2 nömrəli kredit müqaviləsi üzrə 7938,28 manat əsas borc və 1173,52 manat faiz borcu olmaqla cəmi 9111,8 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121,7 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240,9 kv.m olan qeyriyaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.m, 1 otaqdan ibarət olan 266 saylı mənzilə, Bakışəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.m, 3 otaqdan ibarət olan 160 saylı mənzilə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.m olan 21/A qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.m olan 22 saylı qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumisahəsi 135.70 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsinə və Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162 194 manat pula yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. 2.5. Nəticədə Xətai Rayon Məhkəməsinin e-2(011)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh2 7938,28 manat əsas borc, 1173,52 manat faiz borcu olmaqla cəmi 9111,8 manat borcun və ödənilmiş 121,7 manat dövlət rüsumunun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Xətai Rayon Məhkəməsinin e-2(011)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bankın iddia tələbi tam təmin olunmadığı üçün xx.xx.2023-cü il tarixli apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6087/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayətinin təmin edilməməsi və Xətai Rayon Məhkəməsinin e-2(011)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6087/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar edilməsi xahiş edilmişdir. Yekunda Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1323/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6087/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək işin yenidən apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. 2.6. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında Xətai Rayon Məhkəməsinin e-2(011)-45/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə yenidən baxılır. Odur ki Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-121/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 və Cavabdeh1 MMC arasında barışıq sazişi təsdiqlənərək qeyd olunan tərəflərin hüquq və öhdəlikləri müəyyən olunarkən mübahisə predmeti olan kredit müqaviləsinin təminatı kimi çıxış edən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ipoteka saxlayan iddiaçının maraqları nəzərə alınmayaraq əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ pozulmuş və bununla da banka zərər dəymişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli qərardadına qeyd olunur ki, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda tutulan ümumi əsaslarla baxıla bilər.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 337.1, 354.2-ci maddələrinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, Xətai Rayon Məhkəməsində işə baxılarkən Cavabdeh2 qeyri-yaşayış sahəsinin Cavabdeh1 MMC tərəfindən qanunsuz söküldüyü müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən ipoteka saxlayan kimi iddiaçının mövqeyi nəzərə alınmadan barışıq sazişi təsdiq edilmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, barışıq sazişinin təsdiq edilməsi barədə qərardaddan şikayət verməmişdir. Buna səbəb bankın strukturunda dəyişiklik edilməsi və borcalanın borcu ödəməsinin gözlənildiyi olmuşdur. Belə ki, Cavabdeh2 borcu ödəyəcəyini bildirmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddiaçıdan kredit götürüldüyünü, 9111 manat borcunun qaldığını, hazırda Cavabdeh1 MMC-dən əldə etdiyi əmlakları satışa çıxardığını və borcu ödəyəcəyini bildirdi.

8. Cavabdeh2 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı məlumat verməmişdir. Məhkəmə həmin cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

9. Məhkəmə bildirişləri Cavabdeh1 MMC-nin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, qanuni təmsilçisinin və nümayəndə və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

b) İddia tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki: – İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2018-ci il tarixli 109840- 407052/2 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən borcalan Cavabdeh2 42 ay müddətinə, kreditdən istifadəyə görə illik 26 faiz ödənilməsi şərtilə, 20000 manat kredit verilmişdir; – Sözügedən kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə həmin cavabdeh arasında sonuncunun Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 240.9 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçının xeyrinə ipoteka qoyulmasına dair 25 aprel 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır; – Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-121/2023 saylı qərardadı ilə Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən, Cavabdeh2 sözügedən qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-nin mülkiyyətinə verməyi, sonuncu isə Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzil, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36.75 kv.metr olan 21/A qeyriyaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsini, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 135.70 kv.metr olan 23 saylı qeyriyaşayış sahəsini Cavabdeh2 mülkiyyətinə və Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162194 manat pulu Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür; – İddiaçı ASC cavabdehlər Cavabdeh2 və X3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 25 aprel 2018-ci il tarixli 109840-407052/2 nömrəli kredit müqaviləsi üzrə 7938,28 manat əsas borc və 1173,52 manat faiz borcu olmaqla, cəmi 9111,80 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 135 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 121,70 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240,9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi, yarımzirzəmi və 1-ci mərtəbə) yönəldilməsi, tutmanın girov obyektinin əvəzinə görə verilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 11, ümumi sahəsi 44 kv.metr, 1 otaqdan ibarət olan 266 saylı mənzilə, Bakı şəhəri, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “Olympus Park” brendi ilə inşa edilən 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 3, mərtəbə 11, ümumi sahəsi 114 kv.metr, 3 otaqdan ibarət olan 160 saylı mənzilə, həmin 12 mərtəbəli, 6 girişli yaşayış binasında giriş 5, mərtəbə 1, ümumi sahəsi 36,75 kv.metr olan 21/A qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 127.55 kv.metr olan 22 saylı qeyri-yaşayış sahəsinə, həmin 12 mərtəbəli 6 girişli yaşayış binasında, giriş 5, mərtəbə 1, ümumi sahəsi 135,70 kv.mter olan 23 saylı qeyri-yaşayış sahəsinə və Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 depozitinə qoyulmuş 162 194 manat pula yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır.

14. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 121/2023 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığına, yəni ipoteka predmeti olan əmlaka sərəncam verilməsi ilə bağlı ipoteka saxlayan kimi iddiaçının razılığının alınmadığına istinad edərək həmin sazişin etibarsızlığını irəli sürür.

15. Cavabdeh2 borc məbləğini ödəyəcəyini bildirir.

16. Cavabdeh1 isə hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Əvvəla, göstərilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadına əsasən, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər. Həmin qərardadın 57-ci bəndinə əsasən, əqdin etibarsız sayılmasına əsas olan hallar Mülki Məcəllənin 339-347-ci və digər maddələrində göstərilmişdir. Həmin əsaslardan biri olduqda, qanunverici hər hansı meyara görə fərq qoymadan, hüququ pozulan şəxsin bütün əqdlərin etibarsızlığına dair iddia qaldırmaq hüququnu nəzərdə tutmuşdur. Başqa sözlə, məhkəmə qərardadı ilə təsdiqlənmiş əqdlərin etibarsızlığı ilə bağlı ümumi qaydada iddia qaldırmaq hüququ hansısa qanun norması ilə məhdudlaşdırılmamışdır.

19. Qeyd edilənlərlə əsasən, məhkəmə bu qənaətə gəlir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı tələbinə məhkəmədə baxıla bilər.

20. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

22. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

23. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

25. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

26. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).

27. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

28. Göstərilməlidir ki, əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: 1) əhəmiyyətsiz əqdlər, 2) mübahisə edilən əqdlər, 3) müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və 4) məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.

29. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

30. Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s).

31. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin əhəmiyyətsiz əqdlərdən fərqli olaraq sonradan səlahiyyətli şəxsin bəyənməsi nəticəsində əqd etibarlı hala gətirilmiş olur (Mülki Məcəllə, maddə 344, 345, 29.1, 30.1).

32. Yuxarıda qeyd edilən etibarsızlıq halları iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrə görə meydana gəlir. Bu hallarda etibarsızlıq nəticəsini məhkəmənin aktı yaratmır. Mübahisə halında məhkəmə həmin halların baş verib-vermədiyini təsbit edərək, nəticəsinə görə iddianı həll edir.

33. Bununla belə, bəzi əqdlər yalnız məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Başqa sözlə, əqdin etibarsızlığına dair hüquqi nəticəni məhkəmənin qanuni qüvvəyə minmiş aktı əmələ gətirir (Mülki Məcəllə, maddə 416, 1078-27.1.3, 1225.3). Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq, məhkəmə tərəfindən etibarsız sayılanadək hüquq və öhdəliklər yaradan etibarlı əqd kimi qəbul olunur.

34. Hazırda məcburi hüquq qaydası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda əks edilmişdir. Belə ki, Qanunun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

35. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, ipoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan aşağıdakılar-dan birini tələb edə bilər: ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını; ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini.

36. Göründüyü kimi, ipoteka qoyanın ipoteka predmetinə sərəncam verilməsinə razılığı olmadığı halda, belə bir sərəncamın verilməsi ilə bağlanmış əqdə münasibətdə qanunverici ipoteka saxlayana əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək hüququ verir. Başqa sözlə, bu tələb hüququ məhz ipoteka saxlayana mənsubdur.

37. Lakin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.4-cü maddəsinə əsasən, ipoteka predmeti məhv olduqda, ipotekaya xitam verilir.

38. Hazırkı iş üzrə ipoteka predmetinin məhv olması isə işin mübahisəsiz halıdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı ipoteka saxlayan hüquqi statusunu itirdiyindən hazırda Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 36 ünvanında yerləşən, ümumi sahəsi 240.9 kv.m. olan qeyri-yaşayış sahəsinə münasibətdə hər hansı ipoteka hüququna əsaslanmaqla hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ mövcud deyildir.

39. Digər tərəfdən, iddiaçının subyektiv hüququnun mövcudluğu qəbul edilsə belə, Mülki Məcəllənin əqlərdə razılıqla bağlı müddəaları nəzərdən keçirilməlidir.

40. Belə ki, Mülki Məcəllənin 355-ci maddəsinə əsasən, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

41. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

42. Konstitusiya Məhkəməsi də göstərmişdir ki, hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konklyudent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir (F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərar).

43. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında icraatı yekunlaşmış 2-2(103)-121/2023 saylı iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştiraka cəlb edilmiş, qərardaddan, nəticə etibari ilə sazişdən məlumatlı olmuş, lakin həmin qərardadla razı olmaması ilə bağlı iradəsini ifadə etməmiş və ya qərardaddan şikayət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə bunun səbəbinin bankın strukturunda dəyişiklik edilməsi və borcalanın borcu ödəyəcəyini vəd etməsinə görə borcun ödənilməsinin gözlənildiyi olduğunu bildirmişdir.

44. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq işin halları qiymətləndirildikdə iddiaçının hazırda etibarsızlığını irəli sürdüyü əqdə razılıq verdiyi öz təsdiqini tapır. Belə ki, etibarsızlığın digər əsaslarından fərqli olaraq hazırda etibarsızlığın hüquqi əsası kimi çıxış edən hal razılıqla bağlı məcburi hüquq qaydasının pozulmasıdır. İddiaçı ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdə razılıq vermədiyini qeyd etsə də, qərardaddan məlumatlı olduğu halda şikayət etməməsi həmin əqdi bəyəndiyini (sonradan verilən razılıq) təsdiq edir. Bu isə iddiaçının subyektiv hüququnun mövcudluğu halında belə, iddianın təmin edilməsini istisna edir.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

46. İddia ərizəsində iddiaçı 100,5 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.

47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 100 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar