Məhkəmə qərarları › İş №e-2-2(113)-1855/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1855/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1855/2025 13.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4” ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 (eyni zamanda "xxxx" MMC-nin qanuni təmsilçisi) və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, əsas və faiz borcu, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı “X4” ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 (eyni zamanda "xxxx" MMC-nin qanuni təmsilçisi) və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X4” ASC cavabdehlər "xxxx" MMC, Cavabdeh2 (eyni zamanda "xxxx" MMC-nin qanuni təmsilçisi) və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 405micNFT/23 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 22888.9 manat, faiz üzrə 3065.29 manat, cərimə üzrə 527.82 manat, cəmi 26482.01 manat və dövlət rüsumu kimi ödənilmiş 169.45 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 405micNFT/23 saylı kredit müqaviləsinə əsasən, borcluya 36 ay müddətinə, illik 23% ödəmək şərtilə, 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, 405micNFT/23 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər Qarabağ Yükdaşıma Xidməti” MMC və zaminləri müqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh Qarabağ Yükdaşıma Xidməti” MMC xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 22888.9 manat, faiz üzrə 3065.29 manat, cərimə üzrə 527.82 manat, cəmi 26482.01 manat məbləğində banka borcu vardır. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcu və cərimə borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, cavabdehlərin iddiaçıya olan borcları ödənilməlidir.

İİ Tərəflərin mövqeləri:

3. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək işə onun iştirakl olmadan baxılmasını xahiş etmiş, ekspert rəyi ilə razı olduqlarını bildirmişdir.

5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə keçirilmən məhkəmə iclaslarında iştirak etməmişlər, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Kreditor “X4” ASC ilə borclu "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 405micNFT/23-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinin: 1.1-ci bəndinə əsasən Borcverən Borcalana 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32(otuz iki) faiz, minimum 1(bir) ay, Maksimum 120(yüz iyirmi) ay müddətinə, xx.xx.2033-ci il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. Əlavə Kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər. 1.2-ci bəndinə əsasən Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri bu müqavilə çərçivəsində bağlanan Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. 1.3-cü bəndinə əsasən əlavə Kredit müqavilələri üzrə kredit proseduruna görə komissiya maksimum 3(üç) faiz müəyyən olunur. 1.4-cü bəndinə əsasən əsas Kredit Müqaviləsi çərçivəsində “Borcalan”a verilən kreditlər Əlavə Kredit Müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əlavə Kredit Müqavilələrində onun Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmasına dair şərt nəzərdə tutulmalıdır. 1.8-ci bəndinə əsasən Bu Müqavilə əsasında verilən kreditin və onun faizlərinin hesablanması və qaytarılması qaydaları, tərəflərin məsuliyyəti, həmçinin Əsas və Əlavə Kredit Müqavilələrinin şərtlərinin “Borcalan” tərəfindən pozulmasına görə “Borcalan”dan tutulan cərimə və penyaların faiz dərəcələri müvafiq Əlavə Kredit Müqavilələri ilə müəyyən olunur. 2.1-ci bəndinə əsasən Kreditin və kreditdən istifadəyə görə faizlərin “Borcalan” tərəfindən “Borcverən”ə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş cədvəli ilə və ya əlavə kredit müqavilələrində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin ödəniş cədvəli Əlavə Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsidir. 2.2-ci bəndinə əsasən “borcalan” tərəfindən ona verilmiş kreditin istifadəsi və ödənilməsi cari hesab üzrə, kreditin uçotu isə kredit hesabı üzrə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 431-ci maddəsinə əsasən borcalanın əvəzinə kreditin ödənişin üçüncü şəxs həmçinin zamin tərəfindən də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Zamin və ya üçüncü şəxslər tərəfindən ödənilən kredit üzrə borcu tam məbləğində və ya onun hər hansı bir hissəsində bir başa olaraq Borcverənə, yəni banka ödənilir. Ödəniləcək kredit üzrə borcu dedikdə burada Borcalana verdiyi kredit məbləğinin qalıq borcu, bu kredit məbləğinə hesablanmış faizlər, cərimə faizləri və dəbbə pulu nəzərə alınır 2.3-cü bəndinə əsasən Kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər “Borcverən”ə köçürmə yolu ilə və ya nağd qaytarılır. 2.4-cü bəndinə əsasən “Borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüqçü uövbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. 2.7.9-cu bəndinə əsasən bu müqavilə çərçivəsində verilən kreditlərdən hər hansı biri üzrə öhdəliklər vaxtında və tam şəkildə yerinə yetirilmədiyi təqdirdə, bu müqavilə çərçivəsində verilən digər kreditlər üzrə də, gecikmələrin olub olmamasından asılı olmayaraq bütün dövr üçün hesablanmış krediti faizi, hesablanmış cərimələri ilə birlikdə qaytarılmasım "Borcalan'dan tələb edə bilər.

8. Kreditor “X4” ASC ilə borclu qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 405micNFT/23 nömrəli əlavə kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Borcveran” 36 (otuz altı) ay müddətinə, xx.xx.2026 il tarixinədək illik 23 (iyirmi üç) faiz ödəmək şərtilə 30000 manat məbləğdə krediti 0 (sıfır sıfır) ay güzəşt müddəti ilə “Borcalan”ın mülkiyyətinə verir və "Borcalan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumnuş müddətdə onu faizi ilə birlikdə "Borcverən"ə qaytarmağı öhdəsinə götürür. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi 23 faiz təşkil edir 1.2-ci bəndinə əsasən kreditin məqsədli təyinatı: Avadanlıq alınması və digər investisiya xərcləridir. 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin "Borcalan" tərəfindən “Borcverən”ə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. 2.2-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən “Borcverən”in hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən “Borcverən”ə qaytarıldığı tarix hesab olunur. 2.3-cü bəndinə əsasən “Borcalan” və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir. 2.4-cü bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. 2.5-ci bəndinə əsasən “Borcalan” tərəfindən ona verilmiş kreditin istifadəsi və ödənilməsi cari hesab üzrə, kreditin uçotu isə kredit hesabı üzrə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 431-ci maddəsinə əsasən borcalanın əvəzinə kreditin ödənişin üçüncü şəxs həmçinin zamin tərəfindən də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Zamin və ya üçüncü şəxslər tərəfindən ödənilən kredit üzrə borcu tam məbləğində və ya onun hər hansı bir hissəsində bir başa olaraq Borcverənə, yəni banka ödənilir. Ödəniləcək kredit üzrə borcu dedikdə burada Borcalana verdiyi kredit məbləğinin qalıq borcu, bu kredit məbləğinə hesablanmış faizlər, cərimə faizləri və dəbbə pulu nəzərə alınır. 2.6-cı bəndinə əsasən kreditdən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. 2.7-ci bəndinə əsasən “Borcverən” “Borcalan”ın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1. bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər: 2.7.1-ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda; 3.1-ci bəndinə əsasən “Borcverən”: 3.1.1-ci bəndinə əsasən “Borcalan”nın bank hesablarından kredit və ona hesablanmış faiz borcunu, eləcə də ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, dəbbə pulunu (cəriməni, penyanı), həmçinin kreditin verilməsi ilə əlaqədar komisyon haqlarını ona məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə akseptsiz qaydada silə bilər. 3.2-ci bəndinə əsasən "Borcalan": 3.2.1-ci bəndinə əsasən kreditdən yalnız məqsədli təyinatına uyğun istifadə etmək şərti ilə qəbul edir, kreditdən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-qanuni yolla əldə edilmiş gəlirin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat verir və buna görə məsuliyyət daşıyır; 3.2.2-ci bəndinə əsasən krediti və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müəyyən olunmuş müddətlərdə “Borcverən’ə qaytarır; 4.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 4.2-ci bəndinə əsasən “Borcalan” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Borcalan” tərəfindən “Borcverən”i aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Borcalan” özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar(dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülkü-hüquqi öhdəliklər və s.) haqqinda verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadiğı aşkar olunduqda "Borcverən" kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı “Borcalan”a qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. 4.3-cü bəndinə əsasən «Borcalan» kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Borcverən” əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edə bilər. 4.4-cü bəndinə əsasən bu müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin “Borcalan” üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski “Borcalan"ın üzərinə düşür. Bu cür riskin baş verməsi. “Borcalan”m kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin icrasını gecikdirməsinə haqq qazandırmır və heç bir halda Borcalanın kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz. 4.5-ci “Borcalan” bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ona qarşı məhkəmədə iddia qaldırıldığı təqdirdə “Borcveran”ə bu müqavilə üzrə onun öhdəliklərinin təminatı qismində daşınmaz əmlak yaxud rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əmlak ipoteka qoyulmuşdursa 300 (üç yüz) manat, digər əmlak girov qoyulmuşdursa, yaxud hər hansı girovla təmin edilməmişdirsə 50 (əlli) manat məbləğində cərimə ödəməlidir.

9. “X4” ASC ilə zamin Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023cü il tarixli 405micNFT/23 saylı zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən zamin Kreditor qarşısında Borclunun xx.xx.2023 tarixli 405micNFT/23 saylı Əlavə Kredit Müqaviləsi (bundan sonra “Kredit Müqaviləsi” adlandırılacaq) üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə Kreditor tərəfindən Borcluya xx.xx.2026 il tarixədək 36 ay müddətinə 0 ay güzəşt müddəti ilə,kreditdən istifadəyə görə illik 23 % ödənilməsi şərtilə 30000(otuz min manat) məbləğində kredit verilir. 2.1-ci bəndinə əsasən Borclu Kreditor qarşısında Kredit Müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən zamin Borclunun Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşyır. 2.3-cü bəndinə əsasən kreditor Borclu tərəfindən Kredit Müqaviləsinin icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm Borclu, həm də Zaminə qarşı Kredit Müqaviləsi üzrə öz tələblərini İrəli sürə bilər. 3.2-ci bəndinə əsasən kreditorun hüquq və vəzifələri: - Kredit Müqaviləsinin İcra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm Borcluya, həm də Zaminə qarşı öz tələblərini irəli sürmək; - Kredit Müqaviləsi üzrə öhdəliklər Borclu tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda Borclunun və Zaminin bank hesablarından təmin edilən tələblərini tam həcmdə ödəyə biləcək məbləğdə pul vəsaitini akseptsiz qaydada silmək;

10. 405micNFT/23 saylı kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 saylı əlavəyə əsasən "xxxx" MMC-yə illik 23% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir.

11. “X4” ASC-nin xx.xx.2024-cü il tarixli, UB-BANK/PİKMD/1249016 saylı maliyyə arayışına əsasən "xxxx" MMC-nin 405micNFT/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə əsas borcu 22888,9 manat, faiz üzrə borcu 3065,29 manat, cərimə faizi 527,82 manat olmaqla cəmi borcu 26482,01 manat müəyyən edilmişdir.

12. “X4” ASC tərəfindən "xxxx" MMC-nin hesabından xx.xx.2023-xx.xx.2025-ci il tarixi əhatə edən çıxarış təqdim edilmiş, çıxarışa əsasən kredit və debet dövriyyəsi 33701.00 manat təşkil edir.

13. “X4” ASC tərəfindən Qarabağ Yükdaşıma Xidməti” MMC-yə xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlayaraq, yaranmış 22888.90 manat əsas borc, 3065.29 manat faiz borcu, 527.82 manat cərimə borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. 10.01.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən “X4” ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 169,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Beləliklə, Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. İddiaçı Müqavilə öhdəliyini pozmasına əsaslanmaqla pul öhdəliyin icrası tələbini ehtiva edir.

16. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən (“Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”), 448.2 (“Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.”) və 448.4-cü (“Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.”) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “X4” ASC və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli, 405micNFT/23-EM saylı əsas kredit və bank hesabı müqaviləsi əsasında cavabdehə bank hesabı (cari, ssduda) açılmış və xx.xx.2023-cü il tarixli, 405micNFT/23 nömrəli əlavə kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə xx.xx.2026-cı il tarixinədək 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 30 000 manat məbləğində kredit verilmiş, borc alan krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin olunması məqsədi ilə iddiaçı ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli 405micNFT/23 saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zaminlər kredit müqaviləsi üzrə borclunun öhdəliklərini yerinə yetirməməsi nəticəsində əmələ gələn borc, dəbbə pulu və faizlər və məhkəmə xərclərinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyacaqlarını üzərinə götürmüşlər.

18. Məhkəmə ilkin olaraq kredit müqaviləsinin qüvvəsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

19. AR MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

20. AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

21. İş materiallarından görünür ki, tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli müqavilənin müddətinin 36 ay müəyyən edilməsinə baxmayaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə borcalana pretenziya məktubu ünvanlayaraq müqavilə üzrə əsas, faiz və cərimə borcunun qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəldiyindən həmin tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda iddiaçı həmin tarixədək (xx.xx.2024-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb etməkdə haqqlıdır.

22. Əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

23. xx.xx.2023-cü tarixli, 405micNFT/23 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc 22899,39 manat, faiz borcu üzrə 2838,3 manat müəyyən edilmişdir.

24. İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq ekspert rəyinin nəticəsi ilə razı olduğunu qeyd etmiş, cavabdehlər tərəfindən rəyə hər hansı bir etiraz və ya əlavə sübut təqdim edilməmiş, mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.

25. Göründüyü kimi məhkəməyə təqdim edilmiş ekspert rəyində göstərilən əsas borc məbləği iddia tələbi ilə eynilik təşkil etmiş (məbləğlər arasında cüzi fərq mövcuddur), faiz borcu məbləği isə iddia tələbində qeyd olunan məbləğdən daha aşağı həddə müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, iddia tələbindən kənara çıxmamaq şərtilə ekspert rəyinə sübut kimi qiymət verərək hesab edir ki, əsas borc hissəsində iddia tələbi təmin edilməli, əsas borcun məbləği 22888.9 manat müəyyən edilməlidir. Faiz borc məbləğinə münasibətdə məhkəmə iddiaçının ekspert rəyində göstərilən məbləğlə razı olduğunu və tərəflərin mənafelərini nəzərə alaraq faiz borcunun 2838.3 manat müəyyən edilməsini qanunauyğun və ədalətli hesab edir.

26. İddiaçı eyni zamanda 527,82 manat dəbbə pulunun cavabdehlərdən tutulmasını tələb edir.

27. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MMin 462.3-cü maddəsi).

28. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq 527,82 manat dəbbə pulunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.

29. Eyni zamanda məhkəmə Cavabdeh2 və Cavabdeh3 ilə bağlanan xx.xx.2023-cü il tarixli 405micNFT/23 saylı zaminlik müqaviləsinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, zamin qismində çıxış edən şəxslər borcu ilə birgə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

30. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiklərini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli 405micNFT/23 saylı kredit müqaviləsi üzrə 22888.9 manat əsas borc, 2838.3 manat faiz borcu, 527.82 manat dəbbə pulu olmaqla, cəmi 26255.02 manat pul tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir.

31. İddiaçı həmçinin 169,45 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. İddia tələbi qismən təmin edildiyindən məhkəmə dövlət rüsumunun tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir.

34. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan ümumilikdə 100 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. V Nəticə:

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli 405micNFT/23 saylı kredit müqaviləsi üzrə 22888.9 manat əsas borc, 2838.3 manat faiz borcu, 527.82 manat dəbbə pulu olmaqla, cəmi 26255.02 (iyirmi altı min iki yüz əlli beş manat iki qəpik) manat pul məbləği, həmçinin 169.45 manat dövlət rüsumu tutularaq iddiaçı “X4” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pul məbləği cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar