Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1858/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC-yə qarşı “müqavilə üzrə icarə haqqının, gecikdirilmiş vaxt üçün illik faiz məbləğinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMCyə qarşı “müqavilə üzrə icarə haqqının, gecikdirilmiş vaxt üçün illik faiz məbləğinin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 33858 (otuz üç min səkkiz yüz əlli səkkiz) manat icarə haqqı, 5078 (beş min yetmiş səkkiz) manat cərimə pulu, 5000 (beş min) manat dəymiş mənəvi ziyan, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 43966 (qırx üç min doqquz yüz altmış altı) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2016-cı il tarixli 16-AİS-079 saylı texnika icarəsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC (“İcarəyə verən”) bu müqavilənin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnikanı (bundan sonra “icarəyə verilənlər”) “xxxx” MMC-yə (“İcarəçi”) icarəyə verməyi, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV daxil 1770 (bir min yeddi yüz yetmiş) manat icarə haqqı ödəməli, icarə haqqı müqavilə imzalandıqdan sonra hər təqvim ayının ilk 5 günü ərzində qabaqcadan ödənilməli idi. İddiaçı MMC sözügedən müqavilə çərçivəsində icarəyə verilənləri “xxxx” MMC-yə icarəyə verməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. xx.xx.2019-cu il tarixdə icarəyə verilmiş texnika cəmiyyətə qaytarılmasına baxmayaraq müqavilə üzrə icarə haqqı ödənilməmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin xx.xx.2017-ci il tarixə 6870 (altı min səkkiz yüz yetmiş) manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Nəticədə “xxxx” MMC-nin Cəmiyyətə xx xxxxxx 2019-cu il tarixə 33858 (otuz üç min səkkiz yüz əlli səkkiz) manat məbləğində borcu yaranmışdır. “xxxx” MMC-yə İddiaçı MMC qarşısında yaranmış borcun ödənilməsi barədə dəfələrlə edilən şifahi xəbərdarlıqlara və güzəştlərin edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Bu isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcarəyə verən İddiaçı MMC və icarəçi “xxxx” MMC arasında bağlanan 16-AİS-079 nömrəli xx xxxxxx 2016-cı il tarixli müqavilədən görünür ki, icarəyə verən bu müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnikanı (bundan sonra icarəyə verilənlər) icarəçiyə verir, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən, icarəyə verilən əmlak Silindir Bomag BW 203AD-4 Az1**-FX-*** texnikadır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə aylıq ƏDV daxil 1770 AZN icarə haqqı ödəyəcək İcarə haqqı müqavilə imzalandıqdan sonra hər təqvim ayının ilk 5 günü ərzində qabaqcadan ödənilir. İddiaçı MMC və “xxxx” MMC arasında tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli üzləşmə aktından görünür ki, “xxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 16-AİS-079 saylı icarə müqaviləsinə uyğun olaraq xx xxxxxx 2017-ci il tarixə ümumi borcu ƏDV daxil 6870 manat təşkil edir. “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanan xx xxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, “xxxx” MMC ilə xx.xx.2016-cı il tarixdə bağlanan 16-AİS-079 saylı icarə müqaviləsinə əsasən icarədə olan Bomag BW 203AD-4 markalı Az 1**-FX-*** dövlət qeydiyyat nişanlı asfaltbasan yanvar ayının 5-dən texniki nasazlıq yarandığı üçün təmirə dayanmışdır. Təmir müddəti iyul ayının 31-i bitmişdir. Təmirin müəyyən hissəsi müəssisənin hesabına, qalan hissəsi isə UDT-Texnika MMC-nin servisində təmir olunmuşdur. Təmirə 5100 manat xərc çəkilmişdir. Texniki nasazlıq olduğuna görə yanvariyul aylarında xidmətdən istifadə edilmədiyi üçün icarə haqqının ödənilməyəcəyinin nəzərə alınması və təmirə çəkilmiş 5100 manat məbləğin köhnə borcdan azaldılması xahiş edilmişdir. İddiaçı MMC tərəfindən “xxxx” MMC-yə ünvanlanan 062 syalı xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, icarə müqvailəsinin 2.5-ci bəndinə əsasən texnikanın istismarı zamanı texnikada yaranan nasazlıqların aradan qaldırılması üçün cari və əsaslı təmir işlərinin aparılması icarəyə götürən tərəfindən həyata keçirilir və icarəyə verən icarəyə verilənlərin təhvil verildiyi andan etibarən yaranacaq hər hansı bir nasazlığa görə məsuliyyət daşımır. Həmçinin müqavilədə icarəyə verilən texnikanın nasaz olması ilə əlaqədar icarə haqqının ödənilməməsi halı nəzərdə tutulmadığından xx.xx.2018-ci il tarixli məktubda qeyd edilənlərin təmin olunmasının qeyri-mümken olması bildirilmişdir. İddiaçı MMC tərəfindən “Bakı xxxx” MMC-yə ünvanlanan 058 syalı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı MMC ilə “Bakı xxxx” MMC arasında texnikanın icarəyə verilməsi barədə imzalanmış xx xxxxxx 2016-cı il tarixli, 16-AİS-079 saylı müqavilənin 5.2-ci bəndinə əsasən, həmin müqaviləyə xx xxx 2019-cu il tarixdən birtərəfli qaydada xitam verilir. Müqavilə ilə icarəyə verilmiş Bomag BW 203AD-4 markalı 110FX076 dövlət qeydiyyat nişanlı torpaq silindirini xx xxx 2019-cu il tarixinə kimi İddiaçı MMC-yə təhvil verilməsi və həmin müqaviləyə görə yaranmış 28320 manat icarə haqqının ödənilməsi tələb olunmuşdur. xx.xx.2019-cu il tarixli təhvil təslim aktından görünür ki, Bomag BW 203AD-4 markalı 110FX076 dövlət qeydiyyat nişanlı torpaq silindiri “Bakı xxxx” MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-nin 12.011.2020-ci il tarixli 218 nömrəli arayışından görünür ki, “Bakı xxxx” MMC ilə imzalanmış son xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2017-ci il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 6870 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər ümumi 33858,39 manat icarə haqqı hesablanmışdır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək “Bakı xxxx” MMC tərəfindən cəmi 6870 manat icarə haqqı ödənişi edilmişdir. “Bakı xxxx” MMC-nin xx.xx.2019-cu il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 33858,39 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC və “xxxx” MMC arasında 16-AİS-079 nömrəli xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqvailəyə əsasən icarəyə verən İddiaçı MMC Silindir Bomag BW 203AD-4 Az1**-FX-*** texnikanı aylıq icarə haqqı ƏDV daxil 1770 AZN olmaqla “Bakı xxxx” MMC-yə icarəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən xx.xx.2017-ci il tarixə icarə haqqı üzrə ümumi qalıq borcu 6870 manat təşkil etmiş və cavabdeh tərəfindən həmin məbləğ iddiaçıya ödənilmişdir. İcarəyə verilən Silindir Bomag BW 203AD-4 Az1**-FX-*** texnika isə xx.xx.2019-cu il tarixli təhvil təslim aktına qədər cavabdehin istifadəsində olmuşdur. Lakin 2018-ci ilin 12 ayı və 2019-cu ilin avqustun 3-ə qədər olan müddət üçün icarə haqqı ödənişi edilməmişdir. Həmin məbləğ 2019-cu ilin avqust ayı üzrə 228,39 manat olmaqla qalan 19 ay üçün hə ay 1770 manat icarə haqqı olaraq hesablanmışdır ki bu da cəmi 33858,39 manat (1770*19+228,39) təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə aylıq ƏDV daxil 1770 AZN icarə haqqı ödəyəcək və icarə haqqı müqavilə imzalandıqdan sonra hər təqvim ayının ilk 5 günü ərzində qabaqcadan ödənilir. Məhkəmə qeyd edir ki, 16-AİS-079 nömrəli xx xxxxxx 2016-cı il tarixli müqaviləyə xx xxx 2019-cu il tarixdən birtərəfli qaydada xitam verilməsinə baxmayaraq xx.xx.2019-cu il tarixə qədər əmlak cavabdehin faktiki sahibliyində olduğundan və 2018-ci ilin yanvarından 2019-cu ilin avqustuna qədər olan dövrdə icarə haqqı ödənilmədiyindən 33858,39 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi icarə haqqının cavabdehdən tutulmasə hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 5078 manat cərimənin 50 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin əməlləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini iddia etsə də, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim eməmişdir. Belə ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC-dən 33858,39 (otuz üç min səkkiz yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat icarə haqqı, 50 (əlli) manat cərimə pulu və ödənilmiş dövlə rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 33938,39 (otuz üç min doqquz yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “xxxx” MMC-dən 33858,39 (otuz üç min səkkiz yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat icarə haqqı, 50 (əlli) manat cərimə pulu və ödənilmiş dövlə rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 33938,39 (otuz üç min doqquz yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1858/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1858/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver