Məhkəmə qərarları › İş №e-2-2(113)-1859/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1859/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1859/2020 02.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə icarə haqqının, gecikdirilmiş vaxt üçün illik faiz məbləğinin və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 3800 manat icarə haqqı, 570 manat hesablanmış faiz, 1500 manat dəymiş mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5900 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında xx xxxxxx 2016-cı il tarixli 16-AİS-045 saylı texnika icarəsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC (İcarəyə verən) bu müqavilənin 2.1-ci bəndində göstərilən çeşiddə və miqdarda texnika, avtomobilləri “xxxx” MMC-yə (İcarəçi) icarəyə verməyi, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsinə əsasən, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq 4.500 manat icarə haqqı ödəməli və hər ay üçün icarə haqqı növbəti ayın ilk 2 günü ərzində həyata keçirilməli idi. xx xxxxxx 2016-cı il tarixli 16-AİS-045 saylı müqaviləyə imzalanmış xx xxxxxx 2016-ci il tarixli 1 N-li Əlavəyə əsasən icarəyə verilənlərin siyahısı dəyişdirilərək, icarə haqqı azaldılaraq aylıq ƏDV xaric 500 manat müəyyən edilmişdir. xx xxxxxx 2016-cı il tarixli 16-AİS-045 saylı müqaviləyə imzalanmış xx xxx 2018-ci il tarixli 2 N-li Əlavə ilə icarə haqqı artırılaraq aylıq ƏDV daxil 767 manat müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktına əsasən cavabdehin xx.xx.2019-cu il tarixə 24230 (iyirmi dörd min iki yüz otuz) manat məbləğində borcun təşkil etdiyi müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə icarəyə verilmiş nəqliyyat vasitəsi cəmiyyətə qaytarılmasına baxmayaraq müqavilə üzrə icarə haqqı tam ödənilməmişdir. Nəticədə “xxxx” MMC-nin Cəmiyyətimizə xx xxxx 2020-ci il tarixə 3800 manat məbləğində borcu yaranmışdır. “xxxx” MMC-yə İddiaçı MMC qarşısında yaranmış borcun ödənilməsi barədə dəfələrlə edilən şifahi xəbərdarlıqlara və güzəştlərin edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Bu isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması deməkdir. Borca görə faiz əlavəsi aşağıda qeyd edilən rəqəmlərə müvafiq hesablanmalıdır: 2017,2018,2019-cu illər üçün illik 5 % olmaqla 3800 x 5% x 3 = 570 manat. Yuxarıda göstərilənlərə əsasən, “xxxx” MMC tərəfindən Cəmiyyətə aşağıda göstərilən qaydada borc yaranmışdır: - xx xxxxxx 2019-ci il tarixədək icarə haqqı = 3800 manat; - 2017-2018-2019-cu illər üçün illik 5 % olmaqla –570 manat; dəymiş mənəvi ziyana görə - 1500 manat; - ödənilmiş dövlət rüsumu - 30 (otuz) manat. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin VÖEN: ********** “xxxx” ASC “Gənclik filialı” VÖEN:**********, Kod:200189, m/h:AZ3 7NABZ********************,S.W.İ.F.T.:AİİBAZ2X,h/n:AZİ5AİB******************** bank hesabında və digər bank hesablarındakı pul vəsaitlərinin üzərinə 5900 (beş min doqquz yüz) manat həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1859/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh “xxxx” MMC-nin “xxxx” ASC-nin Gənclik filialında olan VÖEN:**********, Kod:200189 m/h: AZ37NABZ******************** S.W.İ.F.T.: AİİBAZ2X, h/h: AZ15AİB******************** bank hesabında və digər bank hesablarında olan pul vəsaitlərinin üzərində 5900 manat həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icarəyə verən) ilə “xxxx” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 16-AİS-045 saylı icarə müqaviləsinə əsasən icarəyə verən bu müqavilənin 2.1-ci maddəsində göstərilən çeşiddə və miqdarda texnika, avtomobilləri, yəni 1 ədəd Bomag Silindr BW 138 1** FX ***, 1 ədəd Finisher Volvo 8820 1** FX ***, 1 ədəd Pikap L- 200 ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini icarəçiyə vermiş, icarəçi isə öz növbəsində icarəyə verənə bu müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı ödəməyi və icarə haqqından əlavə olaraq bu müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü əlavə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq 4500 manat icarə haqqı ödəyəcək. Hər ay üçün icarə haqqı növbəti ayın ilk 2 günü ərzində ödəniləcəkdir. Yaranacaq ƏDV mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı MMC (icarəyə verən) ilə “xxxx” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 16-AİS-045 saylı icarə müqaviləsinə xx xxxxxx 2016-cı il tarixli, 1 saylı əlavənin 1-ci bəndindən görünür ki, müqavilənin 2.1-ci maddəsindəki göstərilmiş texnika və avadanlıqlar 1 ədəd Pikap L-200 ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əvəzlənmişdir. Həmin əlavənin 2-ci bəndinə əsasən müqavilənin 2.2-ci maddəsi aşağıdakı kimi redaktə edilmişdir. Belə ki, icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə aylıq ƏDV xaric 500 manat icarə haqqı ödəyəcək. Hər ay üçün icarə haqqı növbəti ayın ilk 2 günü ərzində ödəniləcəkdir. Yaranacaq ƏDV mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənəcəkdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı MMC (icarəyə verən) ilə “xxxx” MMC (icarəçi) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 16-AİS-045 saylı icarə müqaviləsinə xx xxx 2018-ci il tarixli, 2 saylı əlavənin 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə icarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş icarəyə verilənlər üçün icarəyə verənə ödədiyi 590 manat icarə haqqının məbləği 30 % artırılaraq aylıq ƏDV daxil 767 manat müəyyən edilir. Həmin əlavənin 1.2-ci bəndinə əsasən müqavilənin 2.2-ci maddəsi aşağıdakı kimi redaktə edilir. İcarəçi bu müqavilənin 2.1-ci maddəsindəki siyahıda göstərilmiş "icarəyə verilənlər” üçün İcarəyə verənə aylıq ƏDV daxil 767 manat AZN icarə haqqı ödəyəcək.İcarə haqqı hər təqvim ayının ilk 5 günü ərzində qabaqcadan ödənilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı MMC ilə “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixinə “xxxx” MMC-nin İddiaçı MMC-yə olan ümumi borcu 24.230 manat təşkil edir. Texnika təhvil – təslim forumundan görünür ki, Mitsubishi L-200 ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən cavabdeh “xxxx” MMC-yə xx.xx.2020-ci il tarixli, 106 saylı pretenziya məktubu ünvanlanaraq xx xxxxxx 2016-cı il tarixli, 16-AİS-045 saylı icarə müqaviləsi üzrə 3800 manat məbləğində borcun 10 iş günü ərzində ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında xx xxxxxx 2016-cı il tarixli, 16-AİS-045 saylı icarə müqaviləsinəəsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavələrdə göstərilmiş avtomobilləri cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “xxxx” MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 3800 manat təşkil edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh “xxxx” MMC-dən 3800 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 3800 manat borcun ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğin illik 5% olmaqla hesablanmış faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə xx xxxxxx 2016-cı il tarixli, 16-AİS-045 saylı icarə müqaviləsi əsasında icarəyə verilmiş nəqliyyat vasitəsi xx xxxxxx 2018-ci il tarixdə icarə verənə qaytarılmaqla icarə münasibətlərinə xitam verildiyini nəzərə alaraq hesab edir ki, borcun gecikdirilməsinə görə faizlər 2018-ci ilin dekabr ayından 2020-ci ilin sentyabr ayına kimi 21 aylıq müddət üçün gecikdirilmiş məbləğin illik 5 %-i olmaqla hesablanmalı və 332,50 manat məbləğində müəyyən edilməlidir. İddianın mənəvi ziyana görə pul vəsaitinin İddiaçınə ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X1 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X1 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 3-cü bəndinə görə isə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə İddiaçı MMC-nin hüquqi şəxs olmaqla mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxx” MMC-dən 3800 manat məbləğində icarə haqqı borcu və borcun ödənilməsinin gecikdirilməsinə görə 332,5 manat məbləğində faiz, cəmi 4132,5 manat məbləğində borc İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 3800 (üç min səkkiz yüz) manat məbləğində icarə haqqı borcu və borcun ödənilməsinin gecikdirilməsinə görə 332,5 (üç yüz otuz iki manat əlli qəpik) manat məbləğində faiz, cəmi 4132,5 (dörd min yüz otuz iki manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar