Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-186/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi üçün məsuliyyət, etirafedici hərəkətlər, öhdəliyin icra edilməməsində üçüncü şəxslərin hərəkətsizliyi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 460 039 manat əsas borcun və 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 02 dekabr 2022-ci il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 460039 manat əsas məbləğ üzrə borc yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir. Həmçinin mübahisə ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ilkin mediasiya sessiyası keçirilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğlər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 739-cu maddələri göstərilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. tərəflər arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmasının hüquqi əsası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış “X12 inkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx" ASC-dən lizinq yolu ilə xaricdən gətirilmiş cins qaramalın alınmasına dair 16 iyun 2015-ci il tarixli anlaşma memorandumu olmuşdur. Həmin üçtərəfli anlaşma memorandumu (müqavilə) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə müasir fermer təsərrüfatının yaradılması və inkişafı üçün 2015-ci il tarixdə Ağcabədi rayonu Təzəkənd kəndində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən bu layihə üçün seçilmiş 25 (iyirmi beş) fermer ailəsinə - müştəriyə ümumi məbləği 483 879 manat kredit verilmişdir. Kreditlər təyinatı üzrə "xxxx" ASC-dən iribuynuzlu cins heyvanların alınması üçün ilkin ödənişə, onların saxlanması üçün xüsusi tövlələrin tikintisinə, cari mövsüm üçün həmin fermerlərin istifadəsində olan torpaq sahələrinin əkilməsinə, portatif sağım, yem doğrayan və qarışdıran aparatlarının alınmasına, həmçinin alınmış iribuynuzlu heyvanların sığortalanmasına yönəldilmişdir. 5.2. Kredit müqavilələri bağlandığı ilk vaxtlarda kreditorlar tərəfindən öhdəliklər vaxtında icra olunsa da, qısa bir müddətdən sonra bu layihə üzrə mikrokreditlərin verilməsinin özünü doğrultmaması məlum olmuşdur. Bu səbəbdən də kredit müqavilələri üzrə borclular ilk vaxtlar müqavilə öhdəliklərini qismən icra etsələr də, sonradan bu öhdəlikləri yerinə yetirmək iqtidarında olmamışlar. Bunun səbəbi pilot layihə çərçivəsində müştərilərə lizinqə verilmiş heyvanların yerli şəraitə uyğun olmaması, X10 Xidmətinin mütəxəssisləri tərəfindən heyvanlara vaxtında və lazımi baxış keçirilməməsi, bunun nəticəsində heyvanların bir qisminin qısır qalması, bir qisminin zəif, bəzən də ölü bala doğmaları, heyvanlar arasında endemik xəstəliklərin baş verməsi, damazlıq və süni mayalanma işlərinin düzgün apanlmaması, bu səbəbdən ölmüş heyvanlara görə sığorta hadisələrinin qeydə alınmaması, müştərilərə sığorta ödənişlərinin verilməməsi halları olmuşdur. 5.3. Buna baxmayaraq, verilmiş kreditlərin qaytarılması üçün "xxxx" MMC-nin əməkdaşları dəfələrlə müştərilərin yaşadığı ünvanlarda olmuş, yaranmış problemlərin həlli üçün mümkün tədbirlərin görülməsi üçün fərdi görüşlər aparılmaqla moritorinqlər keçirmişlər. Bu zaman müştərilər (fermerlər) tərəfindən yerli şəraitə uyğun olmaması səbəbindən tam tələf olmasının qarşısının alınması üçün ətlik-südlük heyvanların kütləvi şəkildə satılması faktı müəyyən edilmiş, satışdan əldə edilmiş vəsaitin kredit borclarının bir qisminin ödənilməsinə yönəldilmişdir. Müştərilər tərəfindən kredit borclarının qalan hissəsinin qaytarlması üçün görülmüş tədbirlər çərçivəsində danışıqlar aparılmış və bildirişlər göndərilmiş, lakin borclular pilot layihəni təşkil etmiş müvafiq orqanların yarıtmaz fəaliyyəti, əməkdaşlarının iş bilməməsi səbəbindən özlərini aldanmış hesab edərək pilot layihənin uğursuz olması səbəbi ilə, həm də maddi imkansızlıqlarını əsas gətirərək kredit borclarının qaytarılmasına imkanları olmaqlarını bildirmişlər. 5.4. Yaranmış problemin həlli üçün bir neçə dəfə Aqrar Kredit və İnkişaf Agentliyinə, Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verilmiş, lakin məsələnin həll olunmasına dair təkliflərin müzakirə olunduğu bildirilsə də, konkret həlli yolları barədə təkliflər verilməmişdir. Nəzərə alınsa ki, subkreditlər Ağcabədi rayonundan əlavə Bərdə və İmişli rayonlarında fəaliyyət göstərən borcalan benefisiarlara da verilmişdir və onlar da eyni problemlərlə qarşılaşmışdır, ona görə də borclular tərəfindən kreditlərin vaxtında qaytarılmamasının səbəbi tək onların məsuliyyətsizliyindən deyil, həmçinin pilot layihə kimi yerli iqlim şəraitinə uyğun olmayan cins iribuynuzlu heyvanların xaricdən ölkəyə gətirilməsini həyata keçirmiş aidİyyəti qurumlar olmuşdır. 5.5. Cavabdeh verilmiş kreditlərin məcburi qaydada qaytarılması üçün Ağcabədi Rayon Məhkəməsində bütün borclulara qarşı “borcun tutulmasına dair” iddialar qaldırılmış və 2020-ci ilin sentyabr ayında məhkəmə qaydasında işlərə baxılaraq 23 iş üzrə qətnamələr qəbul edilmiş, 2 iş üzrə borclular vəfat etdiklərindən iş üzrə icraat dayandırılmışdır. Digər işlər üzrə məhkəmə qətnamələri qanuni qüvvəsini alaraq icra üçün Ağcabədi rayon İcra şöbəsinə göndərilmişdir. İcraçı məmurları tərəfindən məcburi icra tədbirləri aparılmış, borcluların maddi vəziyətlərinə görə ödəmə imkanları məhdud olduğundan birbaşa ödəmələr aparılması mümkün olmamış, lakin işləyən və ya təqaüd alan borcluların qazanclarına tələb yönəldilmişdir. Ümumilikdə bu məbləğ aylıq olaraq 600 manatdan artıq deyildir. Əlavə olaraq, icra müddətində borclulardan bir nəfər də vəfat etmişdir. 5.6. Borclular tərəfindən öhdəliklərinin yermə yetirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş mümkün hüquq və vəzifələri cavabdeh yetirmiş və yetirməkdə davam edir. Belə ki, borclularla telefon əlaqəsi saxlanılmış, Ağcabədi Rayon Məhkəməsinə və Ağcabədi rayon İcra şöbəsinə icra hərəkətlərinin borclular tərəfindən tam icrasının təmin edilməsi üçün məktublar göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisinə, icra qurumlarına nəzarəti həyata keçirən nazir müavini Eldar Nuriyevə və cənab nazir Fikrət Məmmədova icra hərəkətlərinin effektliyinin təmin edilməsi üçün icra işlərinin nəzarətə götürülməsi barədə dəfələrlə müraciətlər olunmuşdur. Aqrar Kredit və İnkişaf Agentliyinin rəhbərliyi tərəfindən yaranmış problemin həll edilməsi üçün yollarının axtarılmasına dair cavabdehə məktub göndərilməsindən sonra bununla əlaqədar məhkəmə qətnamələrinin icrasını tam təmin edilməsi məqsədi ilə müstəqil kollektor təşkilatı “BOA” ilə danışıqlar aparılmış və onlar tərəfindən müvafiq icra sənədləri üzrə borcların yığılması öhdəliyinin öz üzərilərini götürmək istiqamətində razılıq əldə edılməsinin mümkünlüyü bildirilmişdir. Verilmiş kreditlərin dövlət vəsaiti olaraq iddiaçının təşəbbüsü ilə həyata keçirildiyini və əlavə kredit müqaviləsinin 9.0.2-ci bəndinə əsasən BOKT-nin bu müqavilənin şərt və öhdəliklərini iddiaçının razlığı olmadan dəyişdirə bilmək səlahiyyəti olmadığını nəzərə alaraq “BOA” kollektor təşkilatı ilə üçtərətli razılaşma əldə edilməsi üçün birgə müzakirə edilməsi üçün iddiaçıya rəsmi müraciətə müsbət cavab verilməmiş və əksinə öhdəlik yerinə yetirilmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 5.7. Bununla yanaşı, iddiaçı, "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış “X12 inkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx" ASC-dən lizinq yolu ilə cins qaramalın alınmasına dair 16 iyun 2015-ci il tarixli anlaşma memorandumu əsasında kreditorlara ayrılmış pul vasatinin bir hissəsi bu layihə üçün seçilmiş 25 fermerə (müştəriyə) verilmiş 178 baş qaramalın sığortalanmasına görə mülkiyyətçi "xxxx" ASC-yə ödənilsə də, "xxxx" ASC tərəfindən hər hansı sığorta şirkəti ilə müqavilə bağlanması, əgər belə müqavilə bağlanmışdırsa, hansı müddətə bağlanması, sığorta hadisə baş verməsinə görə sığortaçı tərəfindən hadisənin rəsmiləşdirilərək sığorta ödəniş edilib-edilməməsi barədə cavabdehə üçtərəfli müqavilənin tərəfi olaraq hər hansı məlumat verilməmişdir. Bundan başqa həmin vəsaitin bir hissəsi də yenə də "xxxx" ASC-dən lizinq yolu ilə portatif sağım, yem doğrayan və qarışdıran aparatlarının alınmasına yönəldilmişdir. "xxxx" ASC-yə bu barədə məlumat verilməsi üçün sorğu məktubu göndərilsə də, bunun “kommersiya sirri” olduğunu bildirərək sorğuya cavab verilməmişdir. Qanunun tələbinə görə bu hal cavabdeh üçün kommersiya sirri hesab edilə bilməz. Belə ki, "xxxx" MMC tərəfindən sığorta təyinatı üçün vəsait "xxxx" ASC-yə tərəflər arasında bağlanmış üçtərəfli müqavilə əsasında ödənilmişdir, yəni cavabdeh həmin müqavilənin iştirakçısıdır. 5.8. "xxxx" ASC məhkəmə prosesinə ikinci cavabdeh kimi cəlb edilməli və müqavilədən irəli gələn öhdəliyin icrası barədə mülkiyyətçi olaraq sığorta müqaviləsinə görə ona ödənilmiş pul vəsaitinin müqabilində öhdəliklərinin icrasına və mübahisənin həlli istiqamətində gördüyü işlərə dair müvafiq sənədlər təqdim etməlidir. Burada nəzərdə tutulur: benefisiarlar tərəfindən lizinqə götürülmüş iribuynuzlu heyvanların sığortalanması üçün "xxxx" ASC-yə ödənilmiş vəsaitin müqabilində hansı sığorta şirkəti ilə müqavilə bağlanıb-bağlanmamasının müəyyən edilməsi, əgər sığorta müqaviləsi bağlanmışdırsa, bu müqaviləyə uyğun sığorta hadisəsi baş verdiyindən sığorta hadisəsinin qeydə alınıbalınmaması, sığorta ödənişlərinin aparılıb aparılmaması, əgər apanlıbsa, bu ödəmənin benefisiarların borclarına mütənasib olaraq silinib-silinməməsi halları müəyyən edilməlidir. Bundan başqa, "xxxx" ASC-dən kreditorlar tərəfindən lizinq yolu ilə portatif sağım, yem doğrayan və qarışdıran aparatların alınmasına görə pul vəsaitinin tam və ya qismən ödənilməsi faktı müəyyən edilməlidir. 5.9. iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsinin heç bir hüququ əsası yoxdur. Əvvəla ona görə ki, ikitərəf arasında əsas kredit müqaviləsi bağlanmamışdır ki, həmin müqaviləyə də əlavə olaraq müqavilə bağlansın. Həmin müqavilə iddiaçı, "xxxx" ASC və cavabdeh arasında bağlanmış “X12 inkişafi” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx" ASC-dən lizinq yolu ilə cins qaramalın alınmasına dair 16 iyun 2015-ci ıl tarixli anlaşma memorandumu əsasında bağlanmışdır və bu memorandum da üçtərəfli razılışmadır ki, onun əsasında sonradan bağlanan müqavələ hər üç tərəfin razılığı ilə həyata keçirilməli və onlar üçün hüquq və vəzifələr yarada bilər. İkincisi, əlavə kredit müqaviləsi üzrə kreditorlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən seçilmiş və onlara veriləcək subkreditlərin şərtlərinin müəyyən edilməsi subkreditorların üstün mənafeyinin nəzərə alınması (kreditlərin girovsuz və zaminsiz verilməsi) BOKT-nin fəaliyyətini tənzimləyən qanun normalarına qismən zidd olsa da, həmin müqavilələr üzrə öhdəliklərin tam icrasına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən şifahi olaraq təminat verməsi halları qarşılıqlı etimad prinsipinə əsaslanmışdır. Bundan başqa, əlavə kredit müqaviləsində nəzərdə tutulmamışdır ki, subkredit müqavilələri cavabdehin təqsiri olmadan icra olunmadığı halda, BOKT məsuliyyət daşıyacaqdır. Yuxarıda qeyd edildiyi kimi, kreditorlar tərəfindən verilmiş kreditlərin qaytarılmaması müəyyən edildiyi vaxtdan "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirərək borclular tərəfindən verilmiş kreditlərin geri qaytanlması istiqamətində qanunla müəyyən edilmiş mümkün olan bütün tədbirləri görmüşdür.
6. İddiaya etirazda hüquq əsas kimi hər hansı hüquq normasına istinad edilməmişdir.
II. Tərəflərin mövqeləri:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, nümayəndəsi X5, X13 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, iddiaçı tərəfindən respublikanın Bərdə, Ağcabədi və İmişli rayonlarında “Müasir ailə-kəndli fermer təsərrüfatlarının yaradılması sub-layihəsi”nə start verilmişdir. Bu sub-layihədə cavabdeh əməkdaşlığa cəlb olunmuş və onunla 5 il müddətinə 08 iyul 2015ci il tarixli əlavə kredit müqaviləsi imzalanmış, sonuncuya 483 878 manat kredit vəsaiti ayrılmış, cavabdeh tərəfindən həmin kreditlər üzrə öhdəliklərdən Revolver Fond hesabına cəmi 23 840 manat ödənilmişdir.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndələri göstərdilər ki, iddiaçı tərəfindən 2012-2020-ci illərdə Azərbaycan Hökuməti, X16 və X6 üzrə Beynəlxalq Fondun maliyyə dəstəyi ilə “X12 inkişafı layihəsi” icra olunmuşdur. Layihə çərçivəsində beynəlxalq maliyyə qurumları ilə imzalanan Agent və Maliyyələşmə Sazişləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 191s saylı Sərəncamı ilə təsdiqlənmişdir. X1 şərtlərinə əsasən layihənin “kənd maliyyə xidmətləri” komponenti çərçivəsində, layihə ərazilərindəki kənd təsərrüfatı istehsalçılarına, X11, Kredit İttifaqlarına və fərdlərə subkreditlərin verilməsi üçün iddiaçı ilə cavabdeh arasında 2013-cü il 29 mart tarixli Əlavə Kredit Müqaviləsi imzalanmışdır. 2013-cü il 29 mart tarixli Əlavə Kredit Müqaviləsi üzrə cavabdehə 1 261 450 manat kredit vəsaiti ayrılmış və həmin kredit üzrə öhdəlik layihənin adına müvəkkil banklarda açılmış Revolver Fond hesablarına geri tam olaraq qaytarılmış və sözügedən müqavilə üzrə cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. 2019-cu ilin dekabr ayının 26-da cavabdeh tərəfindən "xxxx" ASC vasitəsilə layihənin "xxxx" ASC-də açılmış Revolver Fond hesabına təyinatı göstərilmədən 200 000 manat daxil olmuşdur ki, bu vəsait də daha əvvəl bağlanılan yuxarıda qeyd olunan müqavilə üzrə öhdəliklə əlaqədar borca silinmişdir.
9. Cavabdehin nümayəndə və vəkilləri X3 və Vəkil3 iddiaya etirazın məzmununa uyğun izahat verdilər və eyni zamanda bildirdilər ki, xx.xx.2019-cu il tarixdə edilən ödəniş 200 000 manat iddia tələbində nəzərə alınmamışdır. Həmçinin cavabdeh üçüncü şəxslərin – kreditlərin verildiyi şəxslərin öz öhdəliklərini yerinə yetirməməsi üçün məsuliyyət daşımır. Belə ki, malların alınması üçün məbləğlərin 50 faizi lizinq şirkətinə iddiaçı tərəfindən ödənilib. Lizinq şirkəti mülkiyyətçi olaraq öz üzərinə malların hər biri üzrə sığorta müqaviləsinin bağlanılması öhdəliyini götürsə də, sığortalanmanı təmin etməmiş, nəticədə borcalanların tələf olan mal-qarasına görə sığorta ödənişləri edilməmiş, sonuncular da bu səbəbdən cavabdehə ödənişləri edə bilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (hazırkı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi), "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh arasında bağlanmış 16 iyun 2015-ci il tarixli “X12 İnkişaf” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx" ASC-dən lizinq yolu ilə cins qaramalın alınmasına dair anlaşma memorandumuna əsasən, iddiaçı və cavabdeh arasında imzalanmış əlavə kredit müqaviləsinə uyğun olaraq iddiaçı təqdim olunan sifarişlər əsasında cavabdehi kredit vəsaiti ilə təmin etməyi, cavabdeh isə həmin vəsaiti əlavə kredit müqaviləsinin və bu memorandumun şərtlərinə uyğun olaraq müvafiq qaydada ailə-fermer təsərrüfatlarında X6 və dəstəklənməsi üçün sub-kredit hesabına biznes plana uyğun lizinq yolu ilə ətlik-südlük cins qaramalın alınmasına yönəltməyi razılaşdırmışdır. – İddiaçı ilə cavabdeh arasında 08 iyul 2015-ci il tarixdə bağlanmış əlavə kredit müqaviləsi ilə tərəflər arasında öhdəlik münasibəti yaranmış, iddiaçı Ağcabədi, Bərdə və İmişli rayonlarında südlük-ətlik heyvandarlığın inkişaf etdirilməsi üçün müqaviləyə uyğun olaraq təqdim olunan sifarişlər əsasında cavabdehi kredit xətti şəklində tranşlarla vəsaitlə təmin etməyi, cavabdeh isə öz növbəsində müqavilənin şərtlərinə müvafiq qaydada ailə fermer təsərrüfatlarına kredit xətti açaraq vəsaiti tranşlarla ayırmağı öhdəsinə götürmüşdür. – Əlavə kredit müqaviləsinin və ona dəyişikliklər edilməsi barədə xx.xx.2016-cı il tarixli razılaşmanın şərtlərinə əsasən, cavabdeh tərəfindən müqaviləyə uyğun olaraq hədəf benefisiarlara (Ağcabədi, Bərdə və İmişli rayonlarında fəaliyyət göstərən ailə fermer təsərrüfatlarına) sub-kreditlər girovsuz, 4 ilədək, güzəşt müddəti 18 ayadək (kreditin müddəti 4 ilədək olduqda güzəşt müddəti maksimum 18 ayadək, kreditin müddəti 3 ilədək olduqda güzəşt müddəti maksimum 12 ayadək, kreditin müddəti 2 ilədək olduqda isə güzəşt müddəti maksimum 6 ayadək), məbləği isə 40000 manatadək şərtlərlə verilməli, cavabdeh öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməli, iddiaçıdan aldığı vəsaitlər üzrə illik 2 faiz dərəcəsi ilə faiz məbləğini rübdə bir dəfə dövlət büdcəsinə, əsas borc məbləğini isə növbəti ayın ilk 5 iş günü ərzində iddiaçı tərəfindən açılan Revolver Fond hesabına köçürməli, subkreditlər üzrə xidmət və komissiya haqqı daxil olmaqla faiz dərəcəsi 10 faizdən çox olmamalıdır.
14. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 483 878 manat kredit cavabdehə ödəniş tapşırıqları əsasında köçürülmüşdür.
15. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 460 039 manat əsas borcun cavabdehdən tutulmasını xahiş edir.
16. Cavabdeh iddiaya etiraz edərək, 26 dekabr 2019-cu il tarixdə edilmiş 200 000 manat ödənişin nəzərə alınmadığını, alınmış vəsaitin iddiaçı ilə razılaşdırılmış layihə çərçivəsində ailə fermer təsərrüfatlarına verildiyini, lakin sonuncular kredit məbləğlərini qaytarmadığından iddiaçıya ödənişin edilə bilmədiyini və bu halla bağlı iddiaçının da təqsirli olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir.
17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
18. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, mübahisə üzrə tərəflərin hüquq və vəzifələrinin nədən ibarət olduğunu müəyyənləşdirmək üçün tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən Mülki Məcəllədə hansı müqavilə növünə uyğun olduğu araşdırılmalıdır.
19. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
22. X8 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
23. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
24. Bu mənada məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Bu müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə istifadə məqsədi kredit verən tərəfindən müəyyən edilməklə və müəyyən müddətdən sonra qaytarılması şərti ilə faizlə pul vəsaiti verilmiş, cavabdeh həmin vəsait hesabına subkreditlər verərək gəlir əldə etmişdir. Müqavilənin 10.1-ci bəndində müqavilənin müddəti 5 il müəyyən edilmiş, 4.0.1-ci bənddə qeyd edilmişdir ki, BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir.
25. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
26. Əlavə kredit müqaviləsi üzrə borcluların iddiaçı tərəfindən seçildiyi və onlara veriləcək subkreditlərin şərtlərinin müəyyən edilməsinin subkreditorların üstün mənafeyinin nəzərə alınması, (əsasən kreditlərin zaminsiz və girovsuz) verilməsinin BOKT-un fəaliyyətini tənzimləyən qanunvericilik normalarına zidd olduğuna dair cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, əlavə müqavilə üzrə borcluların iddiaçı tərəfindən seçilməsi barədə cavabdehin irəli sürmüş olduğu dəlili əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.01-ci bəndində BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malik olduğu, BOKT-un öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməli olduğu razılaşdırılmışdır. Həmçinin həmin bənddə qeyd olunmuşdur ki, BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəyi barədə razılığa gəlinmişdir.
27. Göründüyü kimi, müqavilənin bəndlərində də cavabdehin kreditin ayrılmasına yekun qərarın verilməsi hüququna malik olması qeyd olunmuşdur.
28. Cavabdehin 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəlikləri üçüncü şəxslərin hərəkətsizlikləri – benefisiarların öz borclarını ödəyə bilməməsi ilə bağlı icra edə bilməməsi barədə arqumentlərinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 443.10-cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
29. Mülki qanunvericilikdə göstərilmiş yanaşma tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsində də əks olunmuş, həmin müqavilənin 6.01-ci bəndində cavabdehin kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malik olduğu, 6.0.6-cı bənddə cavabdehin sub-kreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına özünə və "xxxx"ə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməli olduğu, 7.0.1-ci bənddə benefisiarlara ayrılan hər bir kredit tranşı üzrə vəsaitin təyinatı üzrə istifadəsinin cavabdehin nəzarəti və monitorinqi şərti ilə həyata keçirilməli olduğu təsbit edilmişdir.
30. Bundan başqa, Mülki Məcəllənnin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən müqavilə müddətinin sonunadək sub-kreditlərin qaytarılmama riski olduğunu əvvəlcədən gördüyü və ya görməli olduğu halda müqaviləyə qaytarılmamış sub-kreditlərə görə onu məsuliyyətdən azad edən şərtin əlavə edilməsini tələb etməmişdir.
31. Göstərilənlərə əsasən məhkəmə cavabdehin 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə pul məbləğini qaytarma öhdəliyinin üçüncü şəxslərin hərəkətləri ilə şərtlənməsinin öhdəliyin icrasından imtina etməyə və ya azad olunmağa əsas vermədiyi qənaətinə gəlir və cavabdehin bu kateqoriyadan olan etirazlarını da əsassız hesab edir.
32. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı aşağıdakıları qeyd edir.
33. Cavabdeh xx.xx.2019-cu il tarixdə edilən 200 000 manat ödəniş edildiyi, lakin həmin ödənişin iddia tələbi irəli sürülərkən nəzərə alınmadığına istinad edərək borcun düzgün hesablanmadığını qeyd etmiş və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmiş və məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli 9/10017 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən borc qalığının məbləğini dəqiq müəyyən etmək mümkün olmur. X14 Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş kreditlər barədə məlumata və maliyyə arayışına əsasən "xxxx" MMC-nin Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə əsas borcu 460 039,00 manat məbləğindədir.
35. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 may 2022-ci il tarixli 1300/35 nömrəli məktubdan görünür ki, cavabdeh 484079 manat kreditin ayrıldığını, 24000 manat ödənişin edildiyini və 460 079 manat məbləğində borcun qaldığını bildirir və kredit borcunun digər aidiyyəti təşkilatın xeyrinə silinməsini xahiş edir. Həmçinin cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli B0025 nömrəli məktubda da benefisiarlar tərəfindən 2019-cu ilin mart ayından etibarən pilot layihə üzrə heç bir ödənişin olmadığı göstərilmişdir. Eyni zamanda cavabdeh tərəfindən tərtib olunmuş 12 iyun 2023-cü il tarixli AO/056 nömrəli məktubda iddiaçının 460 039 manat məbləğində pul tələbi ilə bağlı cavabdeh qanun qarşısında məsuliyyət daşıdıqlarını bildiklərini qeyd etmiş, lakin ödənişlərin edilməməsini üçüncü şəxslərin hərəkətləri ilə əlaqələndirmişdir.
36. Göründüyü kimi, cavabdeh iddiaçıya ünvanladığı məktublarla 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 460 079 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri xx.xx.2019-cu il tarixdə edilən 200 000 manat ödənişin nəzərə alınmadığını göstərmişlər.
37. Həmin ödənişlə bağlı iddiaçının tərtib etdiyi arayış və iş materiallaırnda olan sənədlərdən iddiaçı ilə cavabdeh arasında 29 mart 2013-cü il tarixli əlavə kredit müqaviləsinin bağlandığı, qeyd edilən müqavilə üzrə cavabdehə ümumilikdə 1 261 450 manat məbləğində pulun köçürüldüyü görünür. AZ29PAHA35060AZNHC********** nömrəli bank hesabından çıxarışdan 200 000 manat məbləğində pulun hər hansı təyinat göstərilmədən Revolver Hesaba köçürüldüyü təsdiq edilir.
38. Mülki Məcəllənin 440.1-ci maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir.
39. Məhkəmə xx.xx.2019-cu il tarixli ödənişin təyinatının göstərilmədiyini, 06 may 2022-ci il tarixli 1300/35 nömrəli, xx.xx.2022-ci il tarixli B0025 nömrəli və 12 iyun 2023-cü il tarixli AO/056 nömrəli məktublarla cavabdeh tərəfindən borc məbləğinin etiraf edildiyini, kreditor tərəfindən edilən ödənişin daha əvvəl yaranmış öhdəlik üzrə borca silindiyini nəzərə alaraq hesab edir ki, cavabdehin 200 000 manat məbləğində pulun hazırkı tələbə aidiyyəti ilə bağlı mövqeyi əsassızdır.
40. Borcun məbləğinə münasibətdə isə iddiaçının təqdim etdiyi sonuncu arayışda göstərilən məbləğ (460 038 manat) 31 iyul 2024-cü il tarixli 9/10017 nömrəli məhkəməmühasibatlıq ekspertizası ilə təsdiq edildiyindən məhkəmə bu qənaətə gəlir ki, 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc 460 038 manat təşkil edir.
41. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 460 038 manat əsas borc cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
42. İddiaçı eləcə də 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
43. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01291 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
46. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
47. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 31 iyul 2024-cü il tarixli 9/10017 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.
49. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından 500 manat məbləğində pulun xx.xx.2023-cü il tarixli 652 nömrəli müqavilə üzrə (xx.xx.2023-cü il tarixli ******* nömrəli orderdə göstərilən müqavilə) Bakı şəhəri Mərkəz vəkil bürosunun bank hesabına köçürüldüyü görünür.
50. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması, məhkəmə iclaslarının sayını və müddətini və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
52. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1.14-cü maddəsinə uyğun olaraq qeyd edir ki, hazırkı iddianın qiymətinə (460 039 manat) uyğun ödənilməli dövlət rüsumu 750,04 manat təşkil edir və iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Həmin Məcəllənin 119.2-ci bəndinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
55. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC-dən mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, 750,04 manat məbləğində pul tutularaq dövlət büdcəsinə, ekspertiza xərci olaraq 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 460038 manat əsas borc cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, 750,04 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza xərci olaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 200 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova