Məhkəmə qərarları › İş №e-2-2(113)-1860/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1860/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1860/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X2” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, iddiaçı “X2” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı “X2” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 1568micXRD22/2 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 5590.05 AZN, faiz üzrə 1241.72 AZN, cərimə üzrə 492.46 AZN, cəmi 7324.23 AZN və dövlət rüsumu kimi ödənilmiş 93.25 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1568micXRD22/2 saylı kredit müqaviləsinə əsasən, borcluya 24 ay müddətinə, illik 26% ödəmək şərtilə, 6000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1568micXRD22/2 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər Cavabdeh3 və zaminləri müqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh3 xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 5590.05 AZN, faiz üzrə 1241.72 AZN, cərimə üzrə 492.46 AZN, cəmi 7324.23 AZN məbləğində banka borcu vardır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “X2” ASC (Borc verən) və Cavabdeh3 (Borc alan) arasında imzalanmış xx.xx.2022ci il tarixli, 1568micXRD22-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən Borcverən Borcalana 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. “X2” ASC (Borc verən) və Cavabdeh3 (Borc alan) arasında imzalanmış xx.xx.2022ci il tarixli, 1568micXRD22 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən “Borcverən” “Borcalan”a 24 ay müddətinə, xx.xx.2024-ci il tarixinədək illik 26 faiz ödəmək şərtilə 5000 (beş min manat) manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Kreditin məqsədli təyinatı –Daşınmaz əmlakın alınması, tikintisi və yenidənqurma işləridir. “X2” ASC (Kreditor) və Cavabdeh2 və Cavabdeh1 (Zaminlər) arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 1568micXRD22 saylı saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun xx.xx.2022-ci il tarixli, 1568micXRD22 saylı Əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə Borclu ilə birgə tam və məsuliyyət daşımağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə Kreditor tərəfindən Borcluya xx.xx.2024-cü il tarixədək 24 ay müddətinə 0 ay güzəşt müddəti ilə kreditdən istifadəyə görə illik 26 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verir. Müqavilənin 2.1-ci bəndinə əsasən Borclu Kreditor qarşısında Kredit Müqavilələrinin tam və lazımi icrası üçün məsuliyyət daşıyır. Müqavilənin 2.2-ci bəndinə əsasən Zamin Borclunun Kredit Müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əsas borc məbləğinin, hesablanmış faizlərin və cərimənin (dəbbə pulu), borcun tutulmsı üzrə məhkəmə xərclərinin və digər zərərin əvəzinin ödənilməsinə görə Kredit qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli iddiaçı “X2” ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, 26.12..2024-cü il tarixə Cavabdeh3 5590,05 manat məbləğində əsas, 1241,72 manat məbləğində faiz və 492,46 manat məbləğində cərimə, cəmi 7324,23 manat borcu vardır. 1568micXRD22 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə kimi tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 5000 manat olan illik faiz dərəcəsi 26% olmaqla 24 ay müddətinə verilmiş kreditə görə Cavabdeh3 22 noyabr 2022-ci il tarixdən 22 noyabr 2024-ci il tarixinə qədər hər ayın 22-si olmaqla 270 manat, sonuncu ay 255,2 manat ödəməlidir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “X2” ASC 93,25 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 1568micXRD22 saylı Əlavə kredit müqaviləsinə əsasən 5000 manat məbləğində xx.xx.2024-ci il tarixədək qaytarmaq şərtilə illik 26 faizlə kredit vermişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının xx.xx.2022ci il tarixli, 1568micXRD22 saylı kredit müqaviləsinə 5590,05 manat məbləğində əsas, 1241,72 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 1568micXRD22 saylı Əlavə kredit müqaviləsinə əsasən hesablanmış 492,46 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Qeyd edim ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmənin Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 279,5 manat müəyyən edilməlidir. Bundan başqa iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edirəm ki, ödənilmiş 93,25 manat dövlət rüsumunun 91,10 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 1568micXRD22 saylı kredit müqaviləsinə əsasən 5590,05 manat məbləğində əsas, 1241,72 manat məbləğində faiz və 279,5 manat məbləğində cərimə, cəmi 7111 (yeddi min yüz on bir) manat 27 (iyirmi yeddi) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 91 (doxsan bir) manat 10 (on) qəpiyin əvəzi iddiaçı “X2” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar