Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1862/2021 10.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və Cavabdeh2nə (Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən İ050KX19 saylı Müqavilə üzrə - 196180,57 (bir yüz doxsan altı min yüz səksən manat əlli yeddi qəpik) manat əsas, 5841,83 (beş min səkkiz yüz qırx bir manat səksən üç qəpik) manat faiz olmaqla, cəmi 202022,40 (iki yüz iki min iyirmi iki manat qırx qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı АSC ilə Cavabdeh2 MMC arasında bağlanılmış 19 avqust 2019-cu il tarixli, İ050KX19 saylı “Bərpa olunan kredit xətti müqavilə”sinə əsasən borcalana illik 16 faiz dərəcəsi ilə, 12 ay müddətinə 200000 manat məbləğindən bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış 19 avqust 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 MMC 19 avqust 2019-cu il tarixli, İ050KX19 saylı “Bərpa olunan kredit xətti müqavilə”si üzrə öhdəliklərin icrasına dair Bаnk qаrşısındа üzərinə öhdəlik götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və qaytarmağı, habelə Banka müvafiq faizləri ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklərini vaxtında lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin İ050KX19 saylı Müqaviləyə əsasən Banka olan borcu 196180,57 (bir yüz doxsan altı min yüz səksən manat əlli yeddi qəpik) manat əsas, 5841,83 (beş min səkkiz yüz qırx bir manat səksən üç qəpik) manat faiz olmaqla, cəmi 202022,40 (iki yüz iki min iyirmi iki manat qırx qəpik) manat təşkil edir. Yaranmış borcla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi bu günədək təmin edilməmişdir. Sonuncu dəfə borcalana 23 dekabr 2020-ci il tarixli, 172/20 nömrəli bildirişlə yazılı şəkildə xəbərdarlıq edilsə də, borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Beləliklə, Bank tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına riayət edilsə də, bu bir nəticə verməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - 19.08.2019-cu il tarixli, İ050KX19 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC (bank) ilə Cavabdeh2 (kredit alan) arasında bərpa olunan kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana 12 (on iki) ay müddətinə illik 16 (on altı) faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. - İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanan 19.08.2019-cu il tarixli, Z1- İ050KX19 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" MMC, borcalan bank qarşısında öhdəliklərini tam yerinə yetirənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - 02.03.2021-ci il tarixli, 331 saylı maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən kredit üzrə 02.03 2021-ci il tarixə əsas borcu 196180,57 (bir yüz doxsan altı min yüz səksən manat əlli yeddi qəpik) manat, faiz borcu 5841,83 (beş min səkkiz yüz qırx bir manat səksən üç qəpik) manat və cərimə borcu 0 (sıfır) manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4803 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 19.08.2019-cu il tarixli, İ050KX19 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 MMC-nin 19.09.2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 199909,48 manat, faiz borcu 2437,22 manat məbləğində müəyyən edilir; Cavabdeh2 MMC-nin məhkəməyə müraciət olunan tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 193816,26 manat, faiz borcu 3311,03 manat məbləğində müəyyən edilir. Həmçinin ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 482,55 manat təşkil etmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə bildiriş-pretenziya məktubu göndərilərək yaranmış borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə müqavilə şərtlərinə görə zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, cavabdehlərin öhdəliklərini lazımınca yerinə yetirmədiyini və borcun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı borcun hər iki cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin bir hissəsini cavabdehlərdən 196180,57 (bir yüz doxsan altı min yüz səksən manat əlli yeddi qəpik) manat əsas borcun tutulması təşkil edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, ekspert rəyinə uyğun olaraq, cavabdehlərdən əsas borca görə 193816,26 manat məbləğində pul tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini cavabdehlərdən faiz borcuna görə 5841,83 (beş min səkkiz yüz qırx bir manat səksən üç qəpik) manat məbləğində pulun tutulması təşkil edir. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə də qismən təmin olunmalı, cavabdehlərdən faiz borcuna görə 482,55 manat (dörd yüz səksən iki manat əlli beş qəpik) məbləğində pul tutulmalıdır. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin sonuna faiz borcu 482,55 manat təşkil etmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 9/4803 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1ndən müştərək qaydada 193816,26 (yüz doxsan üç min səkkiz yüz on altı manat iyirmi altı qəpik) manat əsas borc, 482,55 (dörd yüz səksən iki manat əlli beş qəpik) manat faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissədə isə təmin edilməməlidir. İddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 1 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 29 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 193816,26 manat (yüz doxsan üç min səkkiz yüz on altı manat iyirmi altı qəpik) əsas borc, 482,55 manat (dörd yüz səksən iki manat əlli beş qəpik) faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 194327,81 manat (yüz doxsan dörd min üç yüz iyirmi yeddi manat səksən bir qəpik) məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1862/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1862/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver