Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1863/2022 21.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbrəova Gülcan Maşallah qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixli, 101842-819184/1 saylı istehlak krediti müqaviləsi və zaminlik müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5290,91 manat məbləğində əsas bоrc və 867,16 manat faiz borcu оlmaqla, cəmi 6158,07 manat borcun və 50 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2019-cu il tariхli, 101842-819184/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 15.000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 12 dekabr 2019 il tariхli, 101842-819184/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (bоrc alan tərəfindən 12 dekabr 2019 il tariхli, 101842-819184/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 21 fevral 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5290,91 manat məbləğində əsas bоrcu və 867.16 manat faiz borcu оlmaqla, ümumilikdə 6158,07 manat məbləğində kredit bоrcu yaranmışdır. Bundan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 5290,91 manat əsas borc və 1274.89 manat faiz borcu olmaqla, cəmi 6565,8 manat məbləğində pul vəsaitinin və 200 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 5290,91 manat əsas borc, 972,41 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faiz 302,48 manat olmaqla cəmi 6565,8 manat və 200 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 faiz borcunun azaldılmasını xahiş etdi. İddiaçı və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək baxış iclasında üzürlü səbəbdən iştirak edə bilmədiklərini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 12 dekabr 2019-cu il tarixli, 101842-819184/1 saylı kredit müqaviləsinə əsasən bank 15.000 manat məbləğində krediti illik 23%-lə 18 ay müddətinə borc alanın mülkiyyətinə vermiş, borc alan isə həmin kreditdən dövriyyənin vəsaitinin artırılması məqsədi ilə istifadə etməyi və onu xx.xx.2021-ci il tarixinədək faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.3-cü bəndinə görə kredit dövriyy vəsaitinin artırılması məqsədilə verilir. 3.1-ci bəndinə görə bu Müqavilə üzrə Əsas borc və Faizlər (bundan sonra «Kredit öhdəliyi» adlandırılacaq) Ödəniş cədvəlinə (Əlavə № 1) əsasən Borcalanın Bankdakı AZ43AZEN**********4944101001 nömrəli cari hesabına köçürmə yolu ilə və ya nağd şəkildə mədaxil edilməklə həmin vəsaitin silinməsi yolu ilə Kredit müddətində tam həcmdə qaytarılır. 3.3-cü bəndinə görə kredit müddətinin axımı kredit Borcalanın cari hesabına köçürüldüyü təqvim tarixindən (bundan sonra "Kreditin verilmə tarixi" adlanacaq) başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü qurtarır. 3.4-cü bəndinə görə faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz), illik isə 360 (üç yüz altmış) gün hesabı ilə gündəlik olaraq hesablanır. 6.1-ci bəndinə görə bu müqavilə Tərəflərin imzaları və möhürü olan Tərəfin möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və Borcalan tərəfindən Əsas borcu, Faizlər və digər xərclər Banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür. 7.3-cü bəndinə görə bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş Əsas borc məbləğinə illik 46 faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz Borcalan tərəfindən tam həcmdə ödənilməlidir. 8.1-ci bəndinə görə bu Müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən Tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır. Kredit müqaviləsi hər iki tərəfin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC-nin (bank) ilə Cavabdeh2 (zamin) arasında 12 dekabr 2019-cu il tarixli, 101842-819184/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə zamin, borc alanın 12 dekabr 2019 il tarixli 101842-819184/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. 3.1.2-ci bəndinə əsasən bankın borc alan kredit müqaviləsində müəyyən edilmiş müddətdə əsas borcu və əsas borc üzrə hesablanmış faizləri qaytarmadıqda, habelə kredit təyinatı üzrə istifadə edilmədikdə, zaminə qarşı tələb yönəltmək hüququ var; 3.6.5-ci bəndinə əsasən zamin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam həcmdə icra edir, onların pozulmasına yol vermir; 3.6.6-cı bəndinə əsasən zamin zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər və Borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Borc alan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır; Müqavilə bankın imzası və möhürü, zaminin və borcalanın isə imzaları ilə təsdiq edilmişdir. 12 dekabr 2019-cu il tarixli, 101842-819184/1 saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 15.000 manat, faizin məbləği 2.877,86 manat, cəmi ödəniləcək məbləğ 17.877,86 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli kredit alan və kredit verən tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli, 9/4891 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 hesabdan çıxarış məlumatları, 12 dekabr 2019-cu il tariхli, 101842-819184/1 nömrəli istehlak krеditi müqaviləsini əsas götürülməklə, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) ödənilməli əsas borcu 10.287,93 manat, faiz borcu 72,30 manat, xx.xx.2022-ci il tarixə isə (iddia ərizəsinin verildiyi tarixə) ödənilməli əsas borcu 5.898,79 manat, faiz borcu 130,26 manat təşkil edir. Ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsində əks lunmuş hesablama cədvəindən müəyyən edilir ki, müqavilə müddətinin bitdiyi tarixə borc alana müqavilə şərtlərinə əsasən hesablanmış faiz borcu 72,3 manat təşkil etmiş, bundan sonra illik % faiz hesabı ilə xx.xx.2022-ci il tarixədək ola müddətdə borc alana illik 5% hesabı ilə 268,82 manat faiz hesablanmışdır. Müqavilə müddəti bitdikdən sonra borc alan tərəfindən faiz üzrə (həm müqavilə faizləri və MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlər) cəmi 210,86 manat məbləğində ödəniş edilmişdir. Odur ki, xx.xx.2022-ci il tarixə faiz borcu 130,26 (72,3+268,82-210,86) manat təşkil edir. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, 101842- 819184/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 sonuncu dəfə xx.xx.2021-ci ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sonuncu maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 5290,91 manat, faiz borcu 972,41 manat və gecikdirilmiş vaxt üçün illik 5 faiz 302,48 manat olmaqla, cəmi borc 6565,8 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış müvafiq olaraq xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə işin Hüquq Departamentinə təqdim ediləcəyi və cavabdehlər barəsində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2019-cu il tariхli, 101842-819184/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 15.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 iddianın qaldırıldığı tarixə əsas borcunun 5.898,79 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Belə olan halda İddiaçı ASC-nin 5290,91 manat məbləğində əsas borcun tutulması tələbini irəli sürdüyünü nəzərə alan məhkəmə işə irəli sürülmüş iddia tələbi həddində baxaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, iddiaçının xeyrinə 5290,91 manat məbləğində əsas borc tutulmalıdır. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun müqavilənin bitdiyi tarixə 72,30 manat olması, müqavilə bitdiyi tarixdən iddia qaldırıldığı tarixədək olan müddət üçün MM-in 445.7-ci maddəsinə əsasən cəmi 268,82 manat məbləğində faiz hesablanması, bundan sonra faizlər üzrə (həm müqavilə faizləri və MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlər) cəmi 210,86 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Belə olan halda isə aydındır ki, borc alan tərəfindən mübahisəli kredit müqaviləsi şərtlərinə əsasən müqavilə müddəti üçün hesablanmış faizlər tam ödənilmiş, yalnız MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərin 130,26 manat hissəsi ödənilməmiş qalmışdır. Odur ki, müqavilə üzrə hesablanmış faiz borcunun tutulması hissəsində iddia rədd edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 5290,91 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% miqdarında hesablanmış 302,48 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh1 kredit müqaviləsinə əsasən əsas borcun ödənilməsini gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı ASC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz olmaqla faizlərin tutulmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmalı olan faizin məbləğinə gəldikdə artıq qeyd edildiyi kimi ekspert rəyində xx.xx.2022-ci il tarixədək olan müddət üçün faiz borcunun qalığı 130,26 manat məbləğində müəyyən edilmişdir (Müqavilə müddəti üçün faizlərin tam ödənildiyini nəzərə alsaq həmin faizlər Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmalı olan faizin həmin tarixə qalığıdır). Həmin tarixdən sonuncu maliyyə arayışının verildiyi tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan 3 aylıq müddət üçün isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan faiz borcu isə 73,73 (5.898,79 manat 5%/12ay*3 ay) təşkil edir. Odur ki, sonuncu maliyyə arayışının və iddia tələbinin həcminin artırılması barədə ərizənin veriliyi tarixə əsas öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5%-lə hesablanmış faiz borcu 204 manat (130,26+73,73) təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 445.7-ci bəndinə əsasən faizlərin tutulması hissəsində iddia qismən təmin edilməli, iddiaçının xeyrinə mübahisəli kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə müqavilə müddəti bitdiyi tarixdən iddia tələbinin artırılması barədə sonuncu ərizə verildiyi tarixədək olan müddət üçün gecikdirilmiş məbləğin illik 5 % miqdarında hesablanmış 204 manat məbləğində borc tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı ASC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış 12 dekabr 2019-cu il tariхli, 101842- 819184/1 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında 12 dekabr 2019-cu il tarixli, 101842-819184/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 kredit alan Cavabdeh1 12 dekabr 2019-cu il tariхli, 101842-819184/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durmuşdur. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə zamin Cavabdeh2 12 dekabr 2019-cu il tariхli, 101842- 819184/1 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 100 manat pul vəsaitinin 80 (səksən) manat hissəsi cavabdehlərdən, 20 (iyirmi) manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Mediasiya xərclərinə görə 40 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 5290,91 manat (beş min iki yüz doxsan manat doxsan bir qəpik) məbləğində əsas borc, müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 %-lə hesablanmış 204 manat (iki yüz dörd manat) məbləğində faizlər, cəmi 5494,91 manat (beş min dörd yüz doxsan dörd manat doxsan bir qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaitinin 80 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1863/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1863/2022
21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver