Məhkəmə qərarları › İş №e-2-2(113)-1868/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1868/2021

16.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1868/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxx” MMC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10.12.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 99724.35 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1191.59 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 122.1 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 131014 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 10.12.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 10.12.2020-ci il tarixə yaranan borcuna görə 131014 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 04.02.2021-ci il tarixli, **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında cavabdehin nümayəndəsi M.Bağırov iddia tələbinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən borcla razı deyil, iddia ərizəsində göstərilən dövr üçün onların ödənilməli borcu yoxdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, materiallara əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən 11 noyabr 2020-ci il tarixdə cavabdehə vergi borcunun ödənilməsinə dair **********1 saylı bildiriş göndərilərək, 11.11.2020-ci il tarixinə ümumilikdə 104,259.52 manat, o cümlədən vergilər üzrə 15,827.72 manat, maliyyə sanksiyaları üzrə 88,431.80 manat, faizlər üzrə 0.00 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərara əlavələr edilməsi barədə 02.02.2021-ci il tarixli, **********2871600 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş vergi ödəyicininin əmlakının siyahıya alınması haqqında 10.12.2020-ci il tarixli **********4 saylı qərara əlavələr edilmişdir. Cavabdehə məxsus əmlak 04.02.2021-ci il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********4 saylı protokol, həmin protokola 1 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Əmlakın siyahıya alınması haqqında **********4 saylı 04.02.2021-ci il tarixli protokola edilmiş 4 saylı əlavədə cavabdehə məxsus 400 ədəd ümumi dəyəri 1200 manat olan İran istehsalı böyük şüşə meyvə qabı, 400 ədəd ümumi dəyəri 800 manat olan İran istehsalı xırda şüşə meyvə qabı, 400 ədəd ümumi dəyəri 800 manat olan İran istehsalı uzunsov şüşşə meyvə qabı, 400 ədəd ümumi dəyəri 800 manat olan İran istehsalı şüşə ləpə qabı, 1608 ədəd ümumi dəyəri 3216 manat olan Çin istehsalı 9 ölçü keramika dəm çayniki, 980 ədəd ümumi dəyəri 2450 manat olan Çin istehsalı 10 ölçü keramika dəm çayniki, 288 ədəd ümumi dəyəri 288 manat olan Çin istehsalı 7 ölçü keramika dəm çayniki, 7778 ədəd ümumi dəyəri 3888 manat olan Çin istehsalı keramika fincan, 720 ədəd ümumi dəyəri 1440 manat olan Çin istehsalı şüşə qənd qabı, 980 ədəd ümumi dəyəri 980 manat olan Çin istehsalı “Bolga” şüşə stəkan, 7200 ədəd ümumi dəyəri 18000 manat olan Çin istehsalı göy rəngli keramika nəlbəki, 7200 ədəd ümumi dəyəri 18000 manat olan Çin istehsalı qızılı naxışlı keramika nəlbəki, 7200 ədəd ümumi dəyəri 18000 manat olan Çin istehsalı keramika nəlbəki (hər dəstdə 6 ədəd), 1400 ədəd ümumi dəyəri 5600 manat olan Çin istehsalı 17 ölçü keramika boşqab, 1400 ədəd ümumi dəyəri 6300 manat olan Çin istehsalı 19 ölçü keramika boşqab, 1900 ədəd ümumi dəyəri 9500 manat olan Çin istehsalı 20 ölçü keramika boşqab, 1400 ədəd ümumi dəyəri 7700 manat olan Çin istehsalı 23 ölçü keramika boşqab, 1560 ədəd ümumi dəyəri 2340 manat olan Çin istehsalı 8 ölçü keramika dəm çayniki, 4000 ədəd ümumi dəyəri 10000 manat olan Çin istehsalı mavi keramika nəlbəki, 4000 ədəd ümumi dəyəri 10000 manat olan qırmızı Çin istehsalı keramika nəlbəki, 5000 ədəd ümumi dəyəri 10000 manat ikab Çin istehsakl keramika nəlbəki, ümumilikdə 131302 manat məbləğində əmlakı siyahıya alınmışdır. İddiaçı tərəfindən 10.02.2021-ci il tarixdə cavabdehə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq 04.02.2021-ci il tarixdə 131014 manat dəyərində olan əmlakın siyahıya alınması bildirilmiş, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən görünür ki, 11.03.2021-ci il tarixə cəmi ödənilməli olan borc 172286,21 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 1.4-ci maddəsinə görə həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan cavabdeh vergilərin, eləcə də dövlət sığorta haqlarının və işsizlikdən sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun, eləcə də dövlət sığorta haqlarına və işsizlikdən sığorta haqlarına görə borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 04.02.2021ci il tarixdə cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun 131014 manat dəyərində əmlakı siyahıya alınmışdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin vergiləri, dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun, eləcə də dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin 10.12.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 99724.35 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1191.59 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 122.1 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 131014 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən həmin borc və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin 10.12.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 99724.35 (doxsan doqquz min yeddi yüz iyirmi dörd manat otuz beş qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1191.59 (bir min doxsan bir manat əlli doqquz qəpik) manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 122.1 (bir yüz iyirmi bir manat 10 qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 131014 (yüz otuz bir min on dörd) manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 10 (on) manat məbləğində dövlət rüsumu cavabdeh “xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdeh “xxxx” MMC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar