Məhkəmə qərarları › İş №e-2-2(113)-1869/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1869/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1869/2020 27.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmaov Elçin Natiq oğlunun katibliyi, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı icarə haqqı üzrə borc, vurulmuş zərər və əldən çıxmış faydanın ödənilməsi, iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair birləşdirilmiş işlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) Cavabdeh1nə qarşı (Cavabdeh1 MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanğın nəticəsində dəymiş 7812 manat məbləğində zərər, 3500 manat məbləğində əldən çıxmış fayda, 3000 manat məbləğində icarə haqqı borcu, 8196 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22538 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100631,49 manat maddi ziyan, 5031,57 manat əldən çıxmış mənfəət olmaqla, ümumilikdə 105663,06 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 icarəçi kimi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə icarədar kimi xx xxxxxx 2018-ci il tarixli, 16/02 nömrəli müqavilə bağlayaraq “xxxx” ASC-yə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26 ünvanında yerləşən “Baza-Anbar” sahəsindəki 200 kv.m anbar binasını sahibkarlıq fəaliyyəti göstərmək üçün icarəyə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən “icarəçi” icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməyi və müqavilə ilə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinin “a” bəndinə əsasən “icarəçi” icarəyə verilmiş sahədə sanitar-gigiyena, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət edilməsinə cavabdeh olmağı öz öhdəsinə götürmüşdür. Lakin “icarəçi” müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməyərək yanğından mühafizə qaydalarını pozmuş və bu səbəbdən x xxxxxx 2018-ci il tarixində onun icarəyə götürdüyü anbar sahəsində yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində anbar istifadəyə yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi yanğın hadisəsinin təhqiqatını aparmış və onun baş vermə səbəblərinin, vurduğu ziyanin müəyyən olunması üçün müvafiq ekspertizalar təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 21270 nömrəli “Məhkəmə Tikinti-X10” ilə müəyyən olunmuşdur ki, yanğın nəticəsində anbara dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 7812 manat təşkil edir. Yanğının baş vermə səbəbləri ilə bağlı Məhkəmə Ekspertizası Mərkəsinin xx xxxxxxxx 2018-ci il tarixli, 21271 nömrəli “Məhkəmə X4” ilə müəyyən olunmuıdur ki, yanğının mənbəyi, X6 icarəsində olan sahədə, tavana yaxın sahədə olmuş və mənbə zonasında istilik ixrac edə bilən texniki qurğularda elektrik naqilləri yerləşdiyindən və həmin naqillər gərginlik altında olduğundan yanğın qeyd olunan mənbə zonasında yerləşən elektrik naqillərində qəza halının baş verməsi üçün xarakterikdir. Bununla da, “Azərbaycan Respublikasında X2” nın (YTQ N01- 2001) 1.10.2; 6.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Aparılan təhqiqatın yekunu olaraq FHN X5 tərəfindən qəbul olunmuş xx xxxxxx 2018-ci il tarixli qərarda göstərilir ki, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspert rəyləri ilə müəyyən edilmişdir ki, yanğın hadisəsi “icarəçi” tərəf olan “X11 Export” MMC-nin vəzifəli şəxsi olan X6 “X2”nın 1.10.2, 6.2-ci maddələrinin tələblərini yerinə yetirilməməsi səbəbindən, yəni icarəçinin təqsirindən baş vermişdir və yanğın nəticəsində anbarın sahibi olan “xxxx” ASC-yə 7812 manat ziyan dəymişdir. Bundan əlavə, cavabdehin təqsirindan baş vermiş yanğın nəticəsində anbar sahəsinin istifadəyə yararsız vəziyyətə düşməsi səbəbindən iddiaçı həmin anbar sahəsindən 2019-cu ilin iyun ayının 15-nə qədər istifadə edə bilməmişdir. İddiaçı anbar sahəsini öz vəsaiti hesabına və öz işçi qüvvəsi ilə təmir edərək onu 2019-cu ilin iyun ayının 15-də yenidən icarəyə vermişdir və 2019-cu ilin yanvar ayından həmin tarixə qədər olan beş ay 15 gün ərzində anbardan istifadə edə bilmədiyinə görə hər ay 600 manat olmaqla 3300 manat (600 man x 5,5 ay) məbləğində icarə haqqı almaq imkanından məhrum olmuşdur (əldən çıxmış fayda). Beləliklə, cavabdehin təqsirindən baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş zərərin ümumi məbləği 11112 manat (7812 manat anbara dəyən zərər + 3300 manat əldən çıxmış fayda) təşkil edir. Cavabdehin bağladığı icarə müqaviləsinin xx xxxxxx 2019-cu il tarixinə qədər qüvvədə olmasına baxmayaraq, o, 2018-ci ilin avqust ayından başlayaraq icarə haqqını da ödəməmişdir. Cavabdeh müqavilənin 1.2-ci maddəsinə və 3.2-ci maddəsinin “b” bəndinə əsasən icarə müddəti ərzində icarə haqqını vaxtlı-vaxtında ödəməyi, müqavilənin 2.3-cü maddəsinə əsasən isə icarə haqqınin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün ücün gecikdirilmiş məbləğin 0,5 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin iddiaçıya icarə haqqı üzrə borcu aylıq 600 manat olmaqla, 5 ay üçün 3000 manat, ödəməyi gecikdirməyə görə cərimənin məbləği isə 8196 manat təşkil edir. Yanğın nəticəsində anbara dəymiş zərəri, əldən çixmış faydanı, borclu olduğu icarə haqqını və ona hesablanmış cəriməni ödəməsi üçün cavabdehə xx.xx.2019-cu il tarixli pretenziya təqdim edilmiş, lakin ötən müddət ərzində anbara dəymiş zərər, əldən çıxmış fayda, icarə haqqı və ona hesablanmış cərimənin ödənilməsi təmin edilməmişdir. Cavabdeh bağladığı müqavilənin 1.2-ci və 3.2-ci maddəsinin “b” bəndi ilə icarə haqqını ödəməyi, 3.2-ci maddəsinin “q” bəndi ilə icarəyə götürdüyü sahədə yanğından mühafizə qaydalarına riayət etməyə cavabdeh olmağı, onun təqsiri üzündən icarəyə verilən əmlaka dəymiş zərərin əvəzini ödəməyi, “ə” bəndi ilə icarə müqaviləsinə xitam verildikdən sonra 10 gün müddətində əmlakı əvvəlki vəziyyətindən pis olmayan, normal və istifadəyə yararlı vəziyyətdə “icarədar”a təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən həmin öhdəliklər pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh1 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəmiyyətlə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında xx xxxxxx 2018-ci il tarixli, 16/02 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan sonra xx.xx.2018-ci il tarixdə icarə obyektində yanqın baş vermiş və yanğın nəticəsində icarəçiyə 100631,49 manat məbləğində ziyan dəymişdir. Cavabdeh1 tərəfindən anbar sahəsi icarəyə götürüldükdən sonra hər hansı təmir-tikinti işləri aparılmamış və anbar sahəsində olan naqillərin keyfiyyəti barədə icarəyə verənin məsul şəxləri tərəfindən məlumat verilməmişdir. Həmçinin anbar sahəsində istifadə zamanı hər-hansı əlavə gərginliyə səbəb olacaq qurğu və cihazlardan istifadə edilməmişdir. İcarəçi tərəfindən naqillərin keyfiyyəti, müqavimətliyi barədə məlumatlar icarəyə götürəndən gizlədilmişdir ki, tərəflər arasında qeyd olunan icarə müqaviləsinin bağlanmasına səbəb olmuşdur. Əgər naqillər barədə icarəçiyə düzgün məlumat verilsəydi, icarəçi həmin naqilləri öz vəsaiti hesabına yeni müqavimətə davamlı, keyfiyyətli naqillərlə əvəz edə bilərdi. Belə ki, icarəçi ümumi dəyəri 1000 manat təşkil edən təmir-bərpa işlərini yerinə yetirməməklə həmin anbarda saxlanılan 100631,49 manat dəyərində əmlakın təhlukəsizliyini riskə atmazdı. Göründüyü kimi, icarəyə verən tərəfindən icarə obyektinin qüsurları gizlədildiyindən anbarda yanğın baş vermiş, yanğın nəticəsində həm icarəyə verənə, həm də icarəçiyə maddi zərər dəymişdir. İcarəçinin əsas fəaliyyəti qida məhsullarının idxal edilərək satışıdır. Baş vermiş yanğın zamanı malların məhv olması nəticəsində dövriyyədən 100631,49 manat vəsait çıxmışdır ki, bu səbəbdən icarəyə verəndən illik 5 faiz uçot dərəcəsi ilə əldən çıxmış mənfəət olaraq 5031,57 manat icarəçinin xeyrinə tutulmalıdır. “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması və Cavabdeh1 MMC-nin iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və “xxxx” ASC-nin iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - “xxxx” ASC ilə "Cavabdeh1" MMC arasında xx xxxxxx 2018-ci il tarixli, 16/02 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarədar “xxxx” ASC tərəfindən ona məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26 ünvanda yerləşən “Baza- Anbar” sahəsindəki istifadə edilməyən 1 kv.m-i ƏDV daxil 3 manat olmaqla (3 manat x 200 kv.m = 600 manat) 200 kv.m anbar binasını sahibkarlıq fəaliyyəti göstərmək üçün 1 il müddətinə "Cavabdeh1" MMC-yə icarəyə verilmişdir. - xx.xx.2018-ci il tarixli tarixdə tərtib edilmiş aktdan görünür ki, “xxxx” ASC-yə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26 ünvanda yerləşən “Baza-Anbar” sahəsindəki 200 kv.m anbar binası "Cavabdeh1" MMC-yə təhvil verilmişdir. Aktda deyilir ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsi istifadəyə yararlıdır. Lakin onun “icarəçi” tərəfindən istifadə təyinatına uyğun olaraq qurulmasına ehtiyac vardır. Akt tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir. - İcarəyə verən “xxxx” ASC tərəfindən tərtib edilmiş tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə gecikdirilmiş icarə haqqına hesablanan cərimə məbləğinin hesabatından görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə icarəçinin ümumi 3000 manat icarə haqqı borcu üçün icarəyə verən tərəfindən 8196 manat hesablanmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, "Cavabdeh1" MMC-nin direktoru X6 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqdibinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən yanğın baş vermiş ərazidə müvafiq araşdırma ilə əlaqədar ekspertiza təyin edimişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21270 saylı ekspert rəyində qeyd olunur ki, ünvan 2 saylı ünvanda yerləşən tikili üzrə yanğın nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 7812 manat məbləğində müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 20707 saylı ekspert rəyində qeyd olunur ki, ekspert tədqiqatına təqdim olunmuş bir polietilen bağlamada olan yanğından sonrakı qalıqlar - kül qarışmış kömür nümunələrinin, şüşə qırıqlarının və ərimiş plastik hissələrin üzərində neft məhsullarına məxsus izlər müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21271 saylı ekspert rəyində qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən Nadir Quliyev adına «xxxx» ASC-nin baza anbar sahəsində yanğının mənbəyi, X6 icarəsində olan sahədə, tavana yaxın sahədə olmuşdur və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək anbar sahəsinə, qismən sol tərəfdə yerləşən qonşu anbar sahəsinin dam hissəsinə yayılmışdır. Hadisə ərəfəsində anbarın yanğın baş vermiş sahəsinə kənar müdaxilə hallarının olmadığını, o cümlədən də müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik naqillərinin yerləşdiyini və həmin naqillərin gərginlik altında olduğunu nəzərə aldıqda, yanğın qeyd olunan mənbə zonasında yerləşən elektrik naqillərində qəza /qısa qapanma, yüksək keçid müqaviməti və s. halının yaranmasından baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar, “Azərbaycan Respublikasında X2”nın (YTQ №01-2001) 1.10.2, 6,2 bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayon «xxxx» ASC-nin anbar bazasının yanğın baş vermiş sahəsinin icarəçi tərəfindən icarəsində olan sahəyə elektrik xəttinin çəkilməsinə, lakin onun tərəfindən orada yerləşən elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri normal vəziyyətlərdə müdafiəsi təmin edilmədiyinə, eləcə də icarəsində olan sahənin xx.xx.2018-ci il tarixli 16/02 nömrəli müqaviləsinin 3.2-ci maddəsinin “q” bəndinə əsasən "Cavabdeh1" MMC-nin icarəyə götürdüyü anbar sahəsində texniki təhlukəsizlik və yanğından mühafizə qaydalarına riayət edilməsinə cavabdeh olmağı öhdəsinə götürdüyünə görə, “Azərbaycan Respublikasında X2”nın (YTQ №01-2001) 1.10.2, 6,2 bəndinin tələbləri icarədarın özü, yəni X8 tərəfindən pozulmuşdur. - xx.xx.2019-cu il tarixdə «xxxx» ASC tərəfindən "Cavabdeh1" MMC-yə pretenziya göndərilərək ödənilməmiş icarə haqqı, cərimə məbləği və vurulmuş maddi ziyanın ödənilməsi xahiş olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən “xxxx” ASC-nin iddia tələbi qismən təmin edilməli, "Cavabdeh1" MMC-nin iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442, 443.1 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikasında X2”nın 1.10.2-ci bəndinə əsasən öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində X2na riayət etmək və Baş Dövlət X1 təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində tələblərdən biri kimi müəyyən edilmişdir; 6.2-ci bəndinə əsasən elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 16/02 nömrəli müqavilənin: 1.1-ci bəndinə əsasən icarədar “xxxx” ASC ona məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 26 ünvanda yerləşən “Baza-Anbar” sahəsindəki istifadə edilməyən 1 kv.m-i ƏDV daxil 3 manat olmaqla (3 manat x 200 kv.m = 600 manat) 200 kv.m anbar binasını sahibkarlıq faliyyəti göstərmək üçün 1 il müddətinə "Cavabdeh1" MMC-yə icarəyə verir. 1.2-ci bəndinə əsasən “icarəçi” icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməyi və müqavilə ilə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi icarə müddəti ərzində icarə haqqını vaxtlı-vaxtında ödəmək; İcarə müddəti ərzində icarəyə verilmiş əmlakın cari təmir işlərini öz hesabına yerinə yetirmək; icarəyə verilmiş sahədə sanitar-gigiyena, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət edilməsinə cavabdeh olmaq; İcarəçinin təqsiri üzündən icarəyə verilmiş əmlaka dəymiş zərərin əvəzini ödəmək və s. öhdəlikləri üzərinə götürmüşdür. “xxxx” ASC ilə "Cavabdeh1" MMC-nin iddia tələbinin bir hissəsini yanğın nəticəsində icarə obyektinə dəymiş 7812 manat məbləğində zərərin cavabdehdən tutulması təşkil edir. Müəyyən edilmişdir ki, icarə obyektində qeyd olunan ünvanda yanğın baş vermiş, yanğın nəticəsində icarə obyektinə zərər dəymiş, həmin zərərin həcmi ekspert rəyi ilə 7812 manat müəyyən edlmişdir. Yanğın hadisəsi zamanı “Azərbaycan Respublikasında X2”nın 1.10.2, 6.2-ci bəndlərinin tələbləri pozulmuşdur. İcarəçi icarə müqaviləsi üzrə yanğından mühafizə qaydalarına riayət edilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. "Cavabdeh1" MMC-nin nümayəndəsi icarəyə verən tərəfindən icarə obyektinin qüsurları gizlədildiyindən anbarda yanğının baş verməsini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin icarə obyektinin təhvil verilməsinə dair aktda icarəyə verilən qeyri-yaşayış sahəsinin istifadəyə yararlı olması, həmçinin onun icarəçi tərəfindən istifadə təyinatına uyğun olaraq qurulmasına ehtiyacın olduğu qeyd olunmuş və aktı hər iki tərəf imzalamışlar. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “xxxx” ASC ilə "Cavabdeh1" MMC icarə obyektinə dəymiş 7812 manat məbləğində zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “xxxx” ASC-nin iddia tələbinin bir hissəsini də 3000 manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutulması təşkil edir. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən icarəçi tərəfindən hər ay ödənilməli olan icarə haqqının ödənilməməsi səbəbindən icarəverənə borcu yaranmışdır. Belə ki, müqavilə müddətinin sonuna qədər olan 5 aylıq icarə haqqı ödənilməmişdir. Həmin hal MMC-nin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Aylıq icarə haqqı 600 manat müəyyən edildiyindən “xxxx” ASC 5 aylıq icarə haqqı olan 3000 manat icarə haqqının cavabdehdən tutulmasını tələb etməkdə hağlıdır və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “xxxx” ASC-nin iddia tələbinin bir hissəsi də borcun ödənilməsinin gecikdirilməsinə görə 8196 manat cərimənin cavabdehdən tutulmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehin öhdəliklərini vaxtında icra etməməsi, icranın gecikdirildiyi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, "Cavabdeh1" MMC-nin yanğın nəticəsində dəymiş maddi ziyanın cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda sadalananlar nəzərə alınmaqla, yanğının baş verməsinə səbəb olmuş hallar artıq müəyyən edildiyindən və bu halın birləşdirilmiş iş üzrə cavabdehlə əlaqəsi olmadığından, məhkəmə belə nəticəyə gəlir ki, həmin tələb əsassız olduğundan rədd olunmalıdır. Eyni zamanda hər iki iddia tələbinin əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər əldən çıxmış faydanın dəyərinin müəyyən edilməsini təyin edəcək sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki qüvvədə olan qanunvericliyin imperativ tələbi olaraq tərəf ona vurulmuş ziyanın təsdiq edilməsi, habelə ziyanın dəyməsində qarşı tərəfin təqsirinin olması və ziyanın həcminin müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etməlidir. Ona görə də hər iki tərəfin əldən çıxmış faydanın cavabdehdən tutlması tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC-dən yanğın nəticəsində dəymiş 7812 (yeddi min səkkiz on iki) manat məbləğində zərər, 3000 (üç min) manat məbləğində icarə haqqı borcu və 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 11112 manat məbləğində pul “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh1 iddia tələbi rədd edilməlidir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, qalan 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə qarşı iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən yanğın nəticəsində dəymiş 7812 (yeddi min səkkiz on iki) manat məbləğində zərər, 3000 (üç min) manat məbləğində icarə haqqı borcu və 300 (üç yüz) manat cərimə, dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 11127 (on bir min yüz iyirmi yeddi) manat məbləğində pul “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi onun özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar