Məhkəmə qərarları › İş №e-2-2(113)-1872/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1872/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1872/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasıbarədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış 15584 AZN məbləğində borcun, hüquqi yardıma görə 330 manat və iddia tələbi üzrə ödənilən 140 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC öz fəaliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. Cəmiyyətin Nizamnamə kapitalı Cəmiyyətin səhmdarları tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Cəmiyyət hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. 01 iyul 2022-ci il tarixində Cəmiyyət ilə Cavabdeh MMC arasında 09 №-li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq satıcı satış üçün nəzərdə tutulmuş “Holcim (Azərbatycan)” ASC-yə və digər istehsalçılardan daxil olan sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırki Müqavilədə göstərilən müddət və şərtlər əsasında Məhsulun dəyərini ödəməyi və Məhsulu qəbul etməyi öz öhdəsinə götürür. Tərəflər arasındakı müqavilə üzrə onların hər ikisinin üzərinə düşən icra hərəkətləri mövcud olmuşdur. Satıcı, yəni "xxxx" MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, alıcı tərəfdən heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, tərəflər arasında qarşılıqlı borcların razılaşdırılması barədə 01 iyul 2022-ci il tarixli əlavə razılaşmaya əsasən alıcı Cavabdeh MMC-nin satıcı "xxxx" MMC-yə 15584 AZN borclu olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddia tələbində göstərilən müqaviləyə əsasən alıcı Cavabdeh MMC-nin satıcı Cəmiyyətinə 15584 AZN borclu olduğu müəyyən edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 545.7, 442, 448.1, 448.2, 460.1, 462.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 01 iyul 2022-ci il tarixli 09 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini, satış üçün nəzərdə tutulmuş “Holcim’’(Azərbatycan) ASC-yə və digər istehsalçılardan daxil olan sementi alıcıya satmağı və çatdırmağı, “Alıcı” tərəfindən isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında Məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Bu müqavilənin predmetinə uyğun olaraq mal və qiymətlər (qiymətlər müqavilə imzalandığı tarixdən qüvvəyə minir və AZN-lə göstərilir) müqaviləyə edilən əlavələrlə müəyyənləşdirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə hesablaşma, bu Müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra, qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən, 22 (iyirmi iki) iş günü müddətində təhvil verilmiş malların dəyərinin alıcı tərəfindən satıcıya köçürmə yolu ilə ödənilməsi şəklində aparılır. xx.xx.2022-ci il tarixli Əlavə 1-dən görünür ki, tərəflər arasında “Ekspert Qalaq” adlı məhsulun 1 tonunun qiyməti 141,6 manat, daşınma xərci 7,08 manat olmaqla cəmi 148,68 manat müəyyən olunmuşdur. EBBZ seriyalı, 450157 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3743,76 manat, EBCA seriyalı, 073085 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3404,77 manat, EBCA seriyalı, 507687 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3841,89 manat, EBCA seriyalı, 508058 nömrəli, xx.xx.2022-cü il tarixli elektron qaiməyə əsasən 3770,52 manat, EBCB seriyalı, 357024 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4023,28 manat, EBCJ seriyalı, 501235 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3948,94 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, **********13 nömrəli ExpressPay qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 330 manat köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 15584 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 15584 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, 330 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 140 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən müqavilə üzrə yaranmış 15584 (on beş min beş yüz səksən dörd) manat məbləğində borc, hüquqi yardıma görə 330 (üç yüz otuz) manatın və ödənilən 140 (yüz qırx) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar