Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1873/2022 28.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı "xxxx" ASCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış 1 avqust 2018-ci il tarixli 32-İC-AX-18 nömrəli icarə müqaviləsi üzrə yaranmış 7513,91 manat icarə haqqı, 320 manat kommunal haqqı və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 1272,98 manat cərimə faizi, cəmi 9106,89 manat məbləğində pulun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 100 manat məbləğində haqqının və əlavə olaraq ödənilmiş 11,07 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 1 avqust 2018-ci il tarixli 32-İC-AX-18 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada ümumi sahəsi 62 m2-də olan ofis sahəsini 11 ay müddətinə icarəyə götürməyi və aylıq 1097,40 manat icarə haqqını və aylıq 40 manat dəyərində elektrik enerjisindən istifadə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-ci bəndinə əsasən müqaviləyə 6-cı hissəsinin müddəalarına uyğun olaraq icarə müddətinin qurtarmasından əvvəl müqaviləyə xitam verilə bilər. Eyni zamanda, müqavilənin 3.5-ci bəndinə əsasən cavabdeh icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 1%-i məbləğində cərimə ödəyir. Müqaviləyə 1 may 2020-ci il tarixli 2 saylı əlavə ilə müqavilənin müddəti 1 may 2021-ci il tarixinədək uzadılmışdır. Bundan başqa, Koronavirus (COVİD-19) pandemiyası dövründə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar müqaviləyə 1 aprel 2020-ci il tarixli 1 saylı, 1 may 2020-ci il tarixli 2 saylı, 19 iyun 2020-ci il tarixli 3 saylı, 3 iyul 2020-ci il tarixli 4 saylı, 17 iyul 2020-ci il tarixli 5 saylı əlavələrə əsasən müvafiq olaraq 2020-ci ilin aprel ayı, 1 iyun 2020-1 may 2021-ci il tarixləri üzrə 100 faiz həcmində, 21 iyun-4 iyul 2020-ci il, 5 iyul-19 iyul 2020-ci il, 20 iyul-4 avqust 2020-ci il tarixləri üzrə isə 50 faiz həcmində icarə haqqı ödənişləri ilə bağlı güzəştlərin tətbiq edilməsinə baxmayaraq cavabdeh tərəfindən Müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Beləliklə, cavabdehə 19 avqust 2021-ci il tarixli xx-xx-2021-0471 nömrəli pretenziya məktubu ünvanlanaraq 1 avqust 2018-ci il tarixli 32- İC-AX-18 nömrəli icarə müqaviləsi üzrə 7513,91 manat icarə haqqı, 320 manat kommunal borcu və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 6573,43 manat cərimə faizi, cəmi 14407,34 manat məbləğinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən müqavilənin 6.2.1-ci bəndinə əsasən iddiaçı tərəfindən 17 noyabr 2020-ci il tarixli 07-2020-0123 nömrəli birtərəfli qaydada icarə müqaviləsinə xitam verilməsinə dair bildirişlə müqaviləyə xitam verilmişdir. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə 7513,91 icarə haqqı borcu, 320 manat kommunal borcu və icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış 1272,98 manat cərimənin, cəmi 9.106,89 borcun ödənilməsi ilə bağlı mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, Cavabdeh tərəfindən təklifə münasibət bildirilməmişdir. Bununla əlaqədar Qanunun 28.3-cü və 28.4-cü maddələrinə uyğun olaraq tərəfimizdən Mediasiya Şurasına (bundan sonra - Şura) müraciət olunmuş və Şura tərəfindən X2 mediator qismində təyin olunmuşdur. Cavabdeh 7 yanvar 2022-ci il və 10 yanvar 2022-ci il tarixlərinə təyin olunmuş ilkin mediasiya sessiyalarında üzrlü səbəb göstərmədən iştirak etməmiş və bu səbəbdən də tərəflərə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 7513,91 manat icarə haqqı borcu, 320 manat kommunal haqqı və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 1272,98 manat cərimə faizi, cəmi 9106,89 manat məbləğinin ödənilməsi tələb olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 avqust 2018-ci il tarixli 32-İC-AX-18 nömrəli icarə müqaviləsindən görünür ki, "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada ümumi sahəsi 62 m2 olan ofis sahəsini 11 ay müddətinə Cavabdeh MMC-yə icarəyə vermişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən cavabdeh icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 1%-i məbləğində cərimə ödəyir. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 219466 nömrəli, xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 308062 nömrəli, xx.xx.2020-ci il tarixli EBAP seriyalı 089026 nömrəli, xx.xx.2020-ci il tarixli EBAM seriyalı 897314 nömrəli, xx.xx.2020-ci il tarixli EBAK seriyalı 835593 nömrəli, xx.xx.2020-ci il tarixli EBAH seriyalı 642255 nömrəli, xx.xx.2020-ci il tarixli EBAG seriyalı 295654 nömrəli və xx.xx.2020-ci il tarixli EBAF seriyalı 061349 nömrəli elektron qaimələrdən görünür ki, Cavabdeh MMC "xxxx" ASC-yə ƏDV daxil 320 manat məbləğində kommunal haqqı ödəməlidir. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 219704 nömrəli, xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 307977 nömrəli, xx.xx.2020-ci il tarixli EBAK seriyalı 838528 nömrəli, xx.xx.2020-ci il tarixli EBAH seriyalı 641365 nömrəli, xx.xx.2020-ci il tarixli EBAG seriyalı 295380 nömrəli, xx.xx.2020-ci il tarixli EBAF seriyalı 061404 nömrəli, xx.xx.2020-ci il tarixli EBAP seriyalı 090709 nömrəli, xx.xx.2020-ci il tarixli EBAM seriyalı 897303 nömrəli elektron qaimələrdən görünür ki, Cavabdeh MMC "xxxx" ASC-yə ƏDV daxil 7976,43 manat məbləğində icarə haqqı ödəməlidir xx.xx.2022-ci il tarixli 11922 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli 204OPXO220750059 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC 11,07 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 467, 700.1 və 700.2-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh MMC arasında qeyri-yaşayış sahəsinin 11 ay müddətinə hər ay üçün 1097,40 manat məbləğində icarə haqqı və aylıq 40 manat məbləğində elektrik enerjisindən istifadə haqqını ödəmək şərtilə icarə müqavilə bağlanmış, "xxxx" ASC öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh icarə haqqının və elektrik enerjisindən istifadə haqqının bir hisəsini ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, 7513,91 manat məbləğində pul, 320 manat kommunal haqqı, 100 manat məbləğində mediasiya xərci və 11,07 manat dövlət rüsumu hissədə tələb əsaslı olduğundan təmin olunmalıdır. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 86,09 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 7513,91 manat məbləğində icarə haqqı, 320 manat kommunal xərci və 86,09 manat məbləğində cərimə cəmi 7920 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 11,07 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7513,91 manat məbləğində icarə haqqı, 320 manat kommunal xərci və 86,09 manat məbləğində cərimə cəmi 7920 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 11,07 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1873/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1873/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver