Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1873/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, faiz borcu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 20.296 AZN (iyirmi min iki yüz doxsan altı manat) həcmində əsas borc, 412,65 AZN (dörd yüz on iki manat altmış beş qəpik) həcmində faiz borcları, 250 AZN (iki yüz əlli manat) həcmində ödənişli hüquqi xidmət xərcləri, 153 AZN (yüz əlli üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 21.111,65 (iyirmi bir min yüz on bir manat altmış beş qəpik) həcmində pul məbləğinin tutularaq İddiaçıə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (bundan sonra “İcarəçi”) ilə "xxxx" MMC (bundan sonra “İcarəyə verən”) arasında 23 sentyabr 2024-cü il tarixdə 018-KC 2024 №li İcarə müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə görə, İcarəyə verən Müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolunda əks olunmuş Texnika(ları) və/və ya Avadanlıq(ları) “İcarəçi”-yə icarəyə verir, “İcarəçi” isə Texnikaları təyinatı üzrə istifadə edib, “İcarəyə verən”ə icarə haqqı ödəyir. Müqavilənin 23 sentyabr 2024-cü il tarixli 1 №li Əlavəsinə əsasən, İcarəçi və İcarəyə verən frontal yükləyici avadanlığının aylıq icarə haqqının ümumi dəyərinin (ədv daxil) 7670 AZN (yeddi min altı yüz yetmiş manat) təşkil etməsi ilə bağlı razılığa gəlmişlər. Müqavilənin 11 oktyabr 2024-cü il tarixli 2 saylı Əlavəsinə əsasən isə dövlət qeydiyyat nişanı fərqli olan digər frontal yükləyici avadanlığının aylıq icarə haqqının da (ədv daxil) 7670 AZN (yeddi min altı yüz yetmiş manat) təşkil etməsi ilə bağlı razılığa gəlinmişdir. Müqavilənin 3.1-ci maddəsinə əsasən isə “İcarəyə verən” Texnika(lar) üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində görülmüş iş üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında “X3-Təslim Aktı” tərtib olunur, imzalanır, möhürlənir. Müqavilə üzrə görüləcək işlərin və xidmətlərin təfərrüatlı həcmi, miqdarı və vahid qiymətləri, onun ödənilməsi forması Müqavilənin ayrılmaz tərkib hissəsi olan Aktla müəyyən edilir. Belə ki, Müqavilənin 3.4-cü bəndinə əsasən Tərəflər arasında imzalanan müvafiq Aktların hər birinə əsasən Təhvil-təslim Aktının imzalanmasından sonra növbəti ayın ilk (10) iş günü müddətində İcarəçi ödənişləri həyata keçirməlidir. Lakin sentyabr, oktyabr və noyabr ayı üzrə yuxarıda adıçəkilən avadanlıq və nəqliyyat vasitələri ilə əlaqədar KC/YTS-264, KC/YTS-268 və KC/YTS-269 saylı Təhvil-Təslim Aktlarına əsasən ümumilikdə 20.296 AZN (iyirmi min iki yüz doxsan altı manat) icarə haqqının Tərəflərin imza və möhürü ilə təsdiq edilməsinə baxmayaraq Cavabdeh tərəfindən ödənilməmiş qalır. Bu hal bizim qanunla və müqavilə ilə qorunan hüquqlarımızı pozaraq, həm işgüzar, həm də maddi cəhətdən şirkətimizə mənfi təsir edir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, şirkətin iddiaçıya borcu var, lakin iddia ərizəsindəki qədər deyil. Real borc dəfələrlə şişirdilib, ödənişlər çıxılmayıb, bir qismi isə ümumiyyətlə mövcud olmayıb.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0**-KC-***4 saylı icarə müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən "İcarəyə verən” bu müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolunda əks olunmuş Texnika(ları) və / və ya Avadanlıq(ları) "İcarəçiyə"-yə icarəyə verir, "İcarəçi" isə Texnikaları təyinatı üzrə istifadə edib, "İcarəyə verən"ə icarə haqqı ödəyir.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən Texnika(lar) iş yerinə çatdıqdan sonra "İcarəçi" həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. İcarə müddəti bitdikdən sonra və ya hər hansı səbəbdən "İcarəyə verənin" göstərişi ilə Texnikanı(ları) geri göndərildikdə "İcarəçi" yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən "İcarəyə verən" Texnika(lar) üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında "X3-Təslim Aktı" tərtib olunur, imzalanır, möhürlənir.
12. Müqavilənin 3.4-cü bəndinə əsasən Müqavilə üzrə icarə haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 (on) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir.
13. Müqavilənin 5.1-ci bəndinə əsasən Hazırki müqavilə imzalandığı andan qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə qalır.
14. Müqavilənin 6.1-ci bəndinə əsasən Görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil təslim aktı tərtib edilir.Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın - Dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, iş günlərinin(saatların) sayı, aylıq icarə məbləği və yekun icarə məbləği göstərilməlidir.
15. xx.xx.2024-cü il tarixli 01 saylı razılaşma protokoluna əsasən XCMG ZL50GN markalı AZ110FB720 dövlət qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli 02 saylı razılaşma protokoluna əsasən XCMG ZL50GN markalı AZ110FC166 dövlət qeydiyyat nömrəli texnikalar/nəqliyyat vasitələri icarəçiyə icarəyə verilmişdir.
16. X3 təslimi barədə KC/YTS-264 saylı akta əsasən yekun qiymət ƏDV daxil 1622,50 manat, KC/YTS-268 saylı akta əsasən ƏDV daxil 13422,50 manat və KC/YTS- 269 saylı akta əsasən ƏDV daxil 5251 manat müəyyən edilmişdir.
17. İddiaçı tərəfindən 1622,5 manat məbləğində xidmətə dair xx.xx.2024-cü il tarixli MT2410 11043655 saylı, 13422,5 manat məbləğində xidmətə dair xx.xx.2024-cü il tarixli MT2411 11052444 saylı və 5251 manat məbləğində xidmətə dair xx.xx.2024-cü il tarixli, MT2411 11052716 saylı e-qaimələr tərtib edilmişdir.
18. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;
23. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;
24. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;
25. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
26. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 20296 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir. (Cavabdeh tərəf məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək "şirkətin iddiaçıya borcu var, lakin iddia ərizəsindəki qədər deyil. Real borc dəfələrlə şişirdilib, ödənişlər çıxılmayıb, bir qismi isə ümumiyyətlə mövcud olmayıb" bildirsə də, lakin, etirazında qeyd edilənlərə dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir).
27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
29. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
30. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
31. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
32. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
33. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
35. Məhkəmə hesab edir ki, icarəyə verilən texnikaların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla (iki tərəfli təsdiq olunmuş təhvil-təslim aktları, elektron qaimələr) təsdiqini tapdığından iddia tələbinin əsas hissədə təmin olunması üçün əsaslar mövcuddur.
36. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehdən 412,65 manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir.
37. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
38. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
40. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh 2024-cü ilin sentyabr, oktyabr və noyabr ayları üzrə icarə haqqını altı aya yaxın müddətdir ki, ödəməmişdir və iddiaçı ödənişi gecikdirilən 20296 manat borca cəmi 412,65 manat məbləğində faiz borcu hesablanmışdır.
41. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 20.296 manat əsas bоrc və illik 5% olmaqla 412,65 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
42. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 250 manat hüquqi xidmət xərcinin və 153 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 250 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş xərcə dair hər hansi sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcu hissəsində təmin edildiyi üçün iş üzrə ödənilmiş 153 manat məbləğində dövlət rüsumu xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20.296 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 412,65 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 153 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova