Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1874/2021 04.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra –iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 32152.64 AZN məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında mal alqı-satqısına dair 13 avqust 2020-cı il tarixində MH31020 saylı müqavilə bağlanmışdır. Bağlanılmış müqavilənin razılaşdırılmış qiymətlərinə əsasən onlar tərəfindən mallar alıcıya satılmışdır. Mallar elektron qaimə fakturalar əsasında təhvil verilmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çazışmazlıq aşkar edilməmişdir. Lakin alıcı müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməmiş, bununla da 32152,64 manat borcu yaranmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - iddiaçı ilə cavabdeh arasında bağlanan 13 oktyabr 2020-ci il tarixli, MH131020 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı alıya əlavə razılaşma protokolunda və ya elektron qaimə-fakturada göstərilən malları həmin müqavilənin şərtlərinə əsasən satır, alıcı isə həmin malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı malları müvafiq sənədlərlə, yəni elektron –VHF və elektron qaimə-faktura ilə birgə alıcıya təqdim edir. - Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ona göndərilmiş elektron qaimənin təsdiqlənmiş və yaxud sistem tərəfindən təsdiqlənmiş statuslu olmasına baxmayaraq, rədd etmədiyi halda malı təhvil aldığını qəbul edir. - Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər hesab-faktura və ya elektron qaimə-faktura alıcıya təqdim edildikdən sonra, 30 təqvim günü ərzində ödəniş formasında satıcının həmin müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. - EBAR 564282 nömrəli 21.10.2020-ci il tarixli elektron qaimədən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə 16954,24 manat dəyərində mallar təhvil verilmişdir. - EBAR 267600 nömrəli 14.10.2020-ci il tarixli elektron qaimədən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə 15198,40 manat dəyərində mallar təhvil verilmişdir. - iddiaçı cavabdehə pretenziya qaydasında məktub ünvanlayaraq cavabdehdən müqavilə üzrə onun üzərinə düşən öhdəliklərini icra etməyi və ondan aldığı məhsullara görə ümumilikdə 32152,64 manat olan borcunu ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə işin hallarından məlum olur ki, tərəflər arasında 13.10.2020-ci il tarixli alğısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaratmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 32152,64 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 32152,64 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 32152,64 manat (otuz iki min yüz əlli iki manat altmış dörd qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh MMC, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1874/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1874/2021
04.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver