Məhkəmə qərarları › İş №e-2-2(113)-188/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-188/2025

17.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-188/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 06/1707/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin xitam olunması, İddiaçı MMC-yə məxsus “Mercedes Benz” C457 Avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 06/1707/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixədək yaranmış 38799,61 manat əsas borc, 37709,25 manat mükafat borcu olmaqla, ümumilikdə 76508,86 manat lizinq borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 10 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 06/1707/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən bü müqavilədə göstərilən 1 (bir) ədəd 2005-ci il buraxlışı olan, “Mercedes Benz” C457 Avtobus markalı, ban WDB2112061A973583 nəqliyyat vasitəsini xx.xx.2019-ci il tarixdən etibarən X5 istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 39000 (otuz doqquz min) manat təşkil edir. Bu ümumi məbləğdən 15348 (on beş min üç yuz qırx səkkiz) manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 1509,68 (bir min beş yüz doqquz manat altmış səkkiz qəpik) manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən hər ay 1509,68 manat olmaqla, ödəniş etməli olduğu təqdirdə 2 dəfə olmaqla xx.xx.2019-cu il tarixdə 1000 manat və xx.xx.2019-cu il tarixdə 1000 manat olmaqla, cəmi 2000 manat ödəniş etmişdir. Cavabdeh lizinqə məxsus avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin birtərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa, ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Müqavilənin 13.1-ci bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda Cavabdeh “İnternet Vergi” Şəxsi kabinetinə İddiaçı MMC tərəfindən (İnternet Vergi ödəyicisinin” Şəxsi kabineti taxes.gov.az) bu iddia ərizəsi və pretenziya məktubu göndərilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448.1, 748-1.12.4, 748-10.1 maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1707/DLİZ nömrəli daxili lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinədək yaranmış 13799,61 manat əsas borc, 37709,25 manat mükafat borcu olmaqla, cəmi 51508,86 manat lizinq borcu məbləğinin, iddiaçı tərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 10 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC “lizinq müqaviləsinə xitam verilməsi və avtomobilin qaytarılması” barədə məhkəməyə iddia ərizəsi vermişdir. Lakin həmin mübahisə predmeti olan avtomobil iddiaçı tərəfindən başqa şəxsə satılmışdır və həmin avtomobilin dəyəri də həmin şəxs tərəfindən iddiaçıya tam şəkildə ödənilmişdir. Yəni bu avtomobilin lizinqə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən heç bir ziyan çəkilməmişdir. Ona görə də, iddiaçının iddiası əsassızdır. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir.

8. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X6 izahat verərək bildirmişdir ki, cavabdehlə bir qəsəbədə qalır. İddiaçı təşkilatı da ona görə tanıyırıq. 2019-cu ildən sonra pandemiya düşdü və işlər olmadı. İddiaçı təşkilatdan maşını aparanda maşın zədələndi, maşının motoru dağıldı. Bir müddətdən sonra Eldar müəllimin yanıda getdik və bildirdik ki, maşın düzəldilməlidir. Maşını apardılar və nömrəsini sökdülər. Maşını Qobudakı servis yerinə apardılar. Eldar müəllim dedi ki, 10000 manat ödəniş edilsin və ondan sonra maşın verilə bilər. Maşının motoru da dağılmışdı. Pulu verdik və maşını götürdük. Maşını təmir etdik və sonradan iş dayandı. Maşını sonradan axtarışa verdilər. Maşın 30000 manata satılıb, lakin 25000 manatlıq qəbz verdilər. Borcun tam bağlanılması barədə mənə də sənəd verdilər. Ödəniş gecikdiyi üçün maşını aparmışdılar. Maşın təxmini 1 ildən yuxarı iddiaçı təşkilatda qaldı. Maşın təmirdə 8 aya yaxın qaldı.

9. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək bildirmişdir ki, cavabdehi Qobustan qəsəbəsindən tanıyır. Cavad 2019-cu ildə avtobus aldı, girov qoydu və pul götürdü. Avtobusu Ramil idarə edirdi. Cavad avtomobili aldı və sonra pandemiya ilə bağlı iş dayandı və ödənişlər gecikdi. Sonradan maşını apardılar, yenidən pul verildi və maşını götürdülər. Maşının motoru dağılmışdı, eyni zamanda maşının valı da sınmışdı. Maşının təmiri təxmini 6,7 ay çəkdi. Avtomobili aparanda əyləcdən başqa heç nədə problem yox idi. X15 təqdim etdi. Maşını onun qardaşı idarə edirdi.

10. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək bildirmişdir ki, Cavadın maşınını idarə etmişəm. Maşın iddiaçı təşkilatda 1 ildən artıq qalıbdır. Avtomobil aparılanda ancaq əyləc sistemi nasaz idi. Təmir təxmini ay yarım, 2 ay, 1 il çəkdi.

11. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 izahat verərək bildirmişdir ki, iddiaçı təşkilatdan maşın götürmüşəm. Cavadla eyni vaxtda maşın götürmüşdük. Maşının təmiri üçün 10000 manatdan çox pul xərcləndi.

12. Lizinq verən qismində İddiaçı MMC ilə lizinq alan qismində Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 06/1707/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd, 2005-ci il buraxılışlı olan, “Mercedes Benz C457 Avtobus” markalı, mühərrik, ban WDB211061A973583 nömrəli nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq verənin tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra lizinq alandan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazimı qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərin icra edilməsini tələb etmək, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər lizinq alan tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3%-i həcmində cərimə tələb etmək, tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən lizinq alanın maliyyə lizinqi müqaviləsinə 01 saylı əlavə olan ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək, maliyyə lizinqi müqaviləsinə əsasən müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra, habelə lizinq verən qarşısında mövcud olan bütün öhdəliklər icra edildikdən sonra lizinq predmetini öz hesabına əldə edib mülkiyyətə qəbul etmək, maliyyə lizinqi müqaviləsinə xitam verildikdə, lizinq obyekti müqavilə şərtləri pozulduğuna görə lizinq alandan geri təhvil alınmalı olduqda lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla lizinq verəndən aldığı vəziyyətdə geri qaytarmaq, əks halda lizinq obyektinə dəyən bütün zərər məbləğini qeyd-şərtsiz ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 6.1ci maddəsinə əsasən lizinq obyektinin, habelə onun ayrılmaz hissəsini təşkil edən bütün ləvazimat və sənədlərin təhvil-təslimi maliyyə lizinqi müqaviləsi ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən lizinq ödənişləri maliyyə lizinqi müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə lizinq alan tərəfindən ödənilən lizinq ödənişlərinin ümumi məbləğidir və lizinq verənin xeyrinə həyata keçirilir. Həmin müqavilənin 92.-ci maddəsinə əsasən lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. Lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki ilə müəyyən edilir. Həmin müqavilənin 9.4-cü maddəsinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 39000 manat təşkil edir. Bu ümumi məbləğdən 15348 manat lizinq verənin mükafatını təşkil edir. Həmin müqavilənin 9.5-ci maddəsinə əsasən tərəflər razılaşır və qəbul edirlər ki, lizinq ödənişləri lizinq alan tərəfindən maliyyə lizinq müqaviləsi və təhvil-təslim aktı imzalandıqdan sonra bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçiriləcəkdir. Həmin müqavilənin 9.11-ci maddəsinə əsasən lizinq alan müqavilənin şərtlərini icra etmədikdə və lizinq obyektinin təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə bu lizinq alanı müqavilə üzrə öhdəliklərinən azad etmir və bu müqaviləyə uyğun olaraq lizinq verənə dəymiş zərərin əvəzi tam şəkildə lizinq alan tərəfindən ödənilir.

13. xx.xx.2019-cu il tarixli təhvil-təslim barədə aktdan görünür ki, lizinq predmeti olan “Mercedes Benz C457 Avtobus” markalı, **********3705 şassi, mühərrik, **-JU-*** qeydiyyat nişanı olan avtomobil lizinq alana təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

14. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli iltizamın məzmunundan görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli, 06/1707/DLİZ saylı müqavilədə göstərilən öhdəlik bitənə qədər, sığorta hadisəsi baş verdikdə yaranan çətinliklər-sığorta şirkəti və ya servis ilə bağlı narazılığın bank qarşısında olan aylıq öhdəliyə heç bir təsir etməyəcəyinə söz vermiş və bunu öz imzası ilə təsdiqləmişdir.

15. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki əlavə olunmuşdur.

16. xx.xx.2024-cü il tarixli mədaxil elanının məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 25000 manat ödənilmişdir. Elanın təyinatı kimi 06/1707/DLİZ müqaviləsi göstərilmiş, predmet kimi **-JU-*** qeydiyyat nişanlı avtomobil qeyd edilmişdir.

17. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş məktubun məzmunundan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Mercedes Benz C457 Avtobus” markalı, mühərrik, ban **********3705 olan, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi üzrə, etibarnamə əsasında idarə edən, ünvan 1 ünvanında qeydiyyatda olan X8 tərəfindən müvafiq lizinq müqaviləsi üzrə tam ödənilmişdir. Qeyd edilmişdir ki, həmin avtomobilin X4 adına rəsmiləşdirilməsinə etiraz edilməmişdir.

18. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2019-ci il tarixli 0611707/DLİZ X10 müqaviləsinə əsasən borcu xx.xx.2023-cü tarixədək 38799,61 manat əsas borc, 37709,25 manat mükafat borcu cəmi: 76508,86 manat təşkil edir.

19. xx.xx.2024-cü il tarixli, 06/1707 nömrəli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2019-ci il tarixli 0611707/DLİZ X10 müqaviləsinə əsasən borcu xx.xx.2024-cü tarixədək 13799,61 manat əsas borc, 37709,25 manat mükafat borcu cəmi: 51508,86 manat təşkil edir.

20. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun 5 (beş) gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7370 saylı ekspert rəyindən görünür ki, iş materiallarnda olan ödəniş məlumatlarından və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1707/DLİZ saylı saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh tərəfindən “Mercedes Benz” C457 Avtobus markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə lizinq kreditinin təyin edildiyi tarixdən etibarən Qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə göstərilən tarixlərədək, cavabdehin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 38747,5 manat, mükafat borcu 13600,98 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 38747,5 manat, mükafat borcu 13600,98 manat, xx.xx.2024-cü il tarixə əsas borcu 38747,5 manat, mükafat borcu 13600,98 manat təşkil edir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

25. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır.

26. İddia tələbinin bir hissəsini xx.xx.2019-cu il tarixli, 06/1707/DLİZ nömrəli lizinq müqaviləsi üzrə 13799,61 manat əsas borc, 37709,25 manat mükafat borcunun cavabdehdən tutulması təşkil edir.

27. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini, ekpert rəyini, hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi borcun cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, iddiaçı Cavabdeh 7708,78 manat əsas borc və 13600,98 manat mükafat borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyi ilə cavabdehin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə olan əsas borcunun məbləği 38747,5 manat müəyyən olunmuşdur. Lizinq predmeti iddiaçı tərəfindən 25000 manata satılmışdır. 38747,5 manat məbləğdən 25000 manatı çıxdıqda, qalan məbləğ 13747,5 manat (38747,5- 25000=13747,5) təşkil edir. Müəyyən olunmuşdur ki, müəyyən müddət ərzində ödənişlər edilmədiyindən lizinq predmeti iddiaçı tərəfindən götürülmüş, daha sonra geri qaytarılmışdır. Lizinq predmetinin götürülmə qaytatrılma müddəti barədə sübutlar təqdim olunmamışdır, bununla bağlı ifadə verən şahidlər fərqli, ziddiyyətli rəqəmlər (1 ilə yaxın, 6- 7 ay və s.) səsləndirmiş, iddiaçı isə qısa müddətdən sonra (təxminən 2-3, 3-4 ay) lizinq predmetinin geri qaytarıldığını bildirmişdir. Məhkəmə qeyd olunan halı nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 4 ay üzrə lizinq ödənişini təşkil edən 6038,72 manat (1509,68X4ay=6038,72) 13747,5 manatdan çıxılaraq əsas borc üzrə qalan məbləğ 7708,78 manat (13747,5-6038,72=7708,78) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda ekspert rəyinə uyğun olaraq iddia mükafat borcunun tutulması hissəsində qismən təmin olunaraq cavabdehdən 13600,98 manat mükafat borcu tutularaq İddiaçınə ödənilməlidir.

28. Eləcə də iddiaçı ödənilmiş 400 manat ilkin mediasiya xərcinin və 10 manat rüsumun cavabdehdən tutulmasını xahiş etmişdir.

29. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 170 (yüz yetmiş) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 41,40 manat (qırx bir manat qırx qəpik) hissəsi Cavabdeh, 59,60 manat (əlli doqquz manat altmış qəpik) hissəsi İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 06/1707/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixədək yaranmış 7708,78 manat əsas borc, 13600,98 manat mükafat borcu olmaqla, ümumilikdə 21309,76 manat (iyirmi bir min üç yüz doqquz manat yetmiş altı qəpik) borc, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 170 (yüz yetmiş) manat olmaqla, cəmi 21479,76 manat (iyirmi bir min dörd yüz yetmiş doqquz manat yetmiş altı qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 41,40 manat (qırx bir manat qırx qəpik) hissəsi Cavabdeh, 59,60 manat (əlli doqquz manat altmış qəpik) hissəsi İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar