Məhkəmə qərarları › İş №e-2-2(113)-1891/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1891/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1891/2021 27.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 MMC Cavabdeh1 MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 10882,34 manat və gecikdirilmiş faiz borcu üzrə illik beş faiz olmaqla 1632,69 manat, cəmi 12514.69 manat və ödənilmiş 30 manat iddiaçın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-yə 07.01.2015-ci il tarixli 03385 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətli 15000 manat məbləğində aylı 3 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı "xxxx" MMC arasında 07.01.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə dəfələrlə xəbərdarlıq edilsə də ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək, ekpertin rəydə göstərmiş olduğunu məbləğlə razı olduğunu və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bank Olmayan Kredit Təşkilatı İDK” MMC ilə Cavabdeh2 MMC arasında 07.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə aylıq 3 faiz hesablanmaqla 15.000 manat məbləğində kredit verilmişdir. 07.01.2015-ci il tarixdə 15.000 manat məbləğində pul Cavabdeh2 MMC tərəfindən kassa məxaric orderinə imza edilməklə qəbul edilmişdir Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq "xxxx" MMC ilə Cavabdeh1 MMC arasında 07.01.2015-ci il tarixdə zamnlik müqaviləsi bağlanmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9-3366 saylı, 28 iyul 2021ci il tarixli rəyindən görünür ki, 07.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-yə borcu aşağıdakı kimidir: iddia ərizəsinin verilməsi tarixinə (26.07.2021)- əsas borc üzrə 9.164,81 manat, faiz borcu üzrə 0, illlik 5 % hesablanmaqla 851,56 manat, cəmi 10.016,37 manat. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq və ekspert tərəfindən verilmiş rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borc üzrə 9164,81 manat, ödənilməmiş əsas borca illlik 5 % hesablanmaqla 851,56 manat, cəmi 10.016,37 manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia zamin Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 07.01.2015-ci il tarixli kredit müqaviləsidə tərəflər razılaşdırmışlar ki, borcalanın kreditdən istifadə müddəti 24 aydır və bu müddət bitənə qədər kredit qaytarılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, bank zamin Cavabdeh1 MMC-yə qarşı 07.01.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməli, qalan 10 manat isə iddiaçıya aid edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 40 manat məbləğində hissəsi Cavabdeh2 MMC MMC-dən, 10 manat məbləğində hissəsi "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07.01.2015-ci il tarixli kredit müqaviləsinə görə əsas borc üzrə 9164,81 manat, ödənilməmiş əsas borca illlik 5 % hesablanmaqla 851,56 manat, cəmi 10.016 (on min on altı) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 20 manat hissəsi Cavabdeh2 MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməli, qalan 10 manat hissəsi iddiaçıya aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 40 manat məbləğində hissəsi Cavabdeh2 MMC MMC-dən, 10 manat məbləğində hissəsi "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar