Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-19/2023 02.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC və "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə vurulmuş 24409,70 manat məbləğində maddi ziyanın, 160 manat vəkil xərcinin, həmçinin 30 manat dövlət rüsumunun, cəmi 24599 manatın 5000 manat hissəsinin "xxxx" ASC-dən, yerdə qalan 24099 manatın Gilan FMCG Trade and Distribution” MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, AC № 344856 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtomobil İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus həmin avtomobil yol nəqliyyat hadisəsi nəticəsində yararsız hala salınmışdır. İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, sözügedən yol nəqliyyat hadisəsi “Hyundai” minik markalı, 90JM809 qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Qeyd edirlər ki, “Hyundai” minik markalı 90JM809 qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsusdur və həmin avtomobilə dair mülki məsuliyyətin icbari sığortası barədə müqavilə digər cavabdeh "xxxx" ASC ilə bağlanmışdır. Həmçinin “Hyundai” minik markalı 90JM809 qeydiyyat nişanlı avtomobili idarə edən sürücü X4 üçüncü Cavabdeh2 MMC-də əmək fəaliyyəti ilə məşğuldur. İddiaçı hadisədən sonra "xxxx" ASC-yə sığorta ödənişinin alınması üçün müraciət etdikdə İddiaçı ASC-yə dəymiş ziyanın ümumi məbləğinin cəmi 11140 manat olması bildirilmişdir. Halbuki, "Mitsubishi Motors" regional distribütoru ilə imzalanmış sazişə əsasən Azərbaycanda "Mitsubishi Motors" şirkətinin rəsmi dileri olan "xxxx" MMCnin M1-101910 saylı qüsur aktına əsasən iddiaçıya məxsus “Mitsubishi Outlander” minik markalı 99AK135 qeydiyyat nişanlı avtomobilin bərpası üçün (ehtiyat hissələrinin alınması, təmir xərcləri) 24409,70 manat tələb edilir. Odur ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinə müraciət edərək, “İcbari sığortalar” haqqında AR qanunun 24.1.6-cı maddəsinə əsasən, İddiaçı ASC-yə dəymiş zərərin ədalətli şəkildə müəyyənləşdirilməsi məqsədilə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssisin təyin edilməsini və sığorta ödənişinin İddiaçı ASC-yə ödənilməsini təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 17 sentyabr 2020-ci il tarixli cavabdeh "xxxx" ASC-yə ünvanlandığı məktubla sonuncuya müstəqil ekspertizanın keçirilməsi və 5 iş günü ərzində keçirilmiş ekspertizanın nəticəsi barədə məlumatın Mərkəzi Banka və iddiaçıya təqdim edilməsi tapşırılmışdır. Lakin cavabdeh "xxxx" ASC iddiaçının və Mərkəzi Bankın müraciətlərinə məhəl qoymamış və iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Hazırda İddiaçı ASC-yə dəymiş maddi ziyan üzrə birgə məsuliyyəti “Hyundai” minik markalı 90JM809 qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC, mülkiyyətçisi "xxxx" MMC, həmçinin avtomobili idarə edən X2 işəgötürəni daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında yol nəqliyyat hadisəsi zamanı zərər dəyən digər iki avtomobilə müvafiq olaraq 593 manat və 267 manat, ümumilikdə isə 860 manat məbləğində ödəniş edildiyini, İddiaçı ASC-yə isə avtomobilə görə 4140 manat ödənilməsi təklifi verildiyini, lakin İddiaçı ASC “X7 Azerbaijan” MMC-nin tərtib etdiyi avtomobilə dəymiş zərərlə bağlı qiymətləndirmə aktı ilə razılaşmadığı üçün bu təklifi qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AC 344856 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi İddiaçı ASC-dir. xx.xx.2020-ci il tarixli Baş Dövlət Yol Polis İdarəsinin İddiaçı ASC-yə ünvanladığı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, AC983831 nömrəli qeydiyyat şəhadətnaməli, buraxılış ili 2010 olan “Hyundai” minik markalı, 90JM809 qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. xx.xx.2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan və ona əsasən inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Hyundai” minik markalı, 90JM809 qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və X4 40 manat məbləğində cərimə olunmuşdur. "xxxx" MMC-nin M1-101910 saylı qüsur aktından görünür ki, “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması, təmir xərclərinin cəmi 24409,70 manat təşkil edir. xx.xx.2020-ci il tarixli “X7 Azerbaijan” MMC-nin ilkin qiymətləndirmə aktından görünür ki, “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 11140 manatdır. xx.xx.2020-ci il tarixli "xxxx" ASC tərəfindən tərtib olunmuş sığorta aktından görünür ki, “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 11140 manatdır. "xxxx" ASC tərəfindən hadisə nəticəsində zərər dəymiş digər avtomobillər “Hyundai Sonata” minik markalı, 90PD409 qeydiyyat nişanlı avtomobilə 593 manat məbləğində, “Mercedes Benz C220” minik markalı, 99EG469 qeydiyyat nişanlı avtomobilə 267 manat məbləğində ödəniş edilmişdir. 20 sentyabr 2021-ci il tarixli 9/4407 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, “X7 Azerbaijan” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8085 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manatdır. 19 yanvar 2023-cü il tarixli 9/8725 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiq edilən 2012-ci il buraxılışlı “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxmaqla təxminən 13200 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manatdır. 29 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC hüquqi yardım üçün “İsmayılbəyli və Partnyorları” vəkil bürosunun hesabına 160 manat məbləğində pul köçürmüşdür. 09 aprel 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1.-ci maddəsinə əsasən,hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2.-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləğləri 5000 manat miqdarında müəyyən edilir. Tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, İddiaçı ASC-yə məxsus “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" MMC-yə məxsus buraxılış ili 2010 olan “Hyundai” minik markalı, 90JM809 qeydiyyat nişanlı avtomobil, həmçinin Hyundai Sonata” minik markalı, 90PD409 qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz C220” minik markalı, 99EG469 qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol nəqliyyat hadisəsinə görə "xxxx" MMC-nin sahibi olduğu “Hyundai” minik markalı, 90JM809 qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 təqsirli olduğu üçün sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və 40 manat məbləğində cərimə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, avtonəqliyyat vasitələrinə dəymiş zərərlə bağlı “X7 Azerbaijan” MMC tərəfindən qiymətləndirmə aktı tərtib olunmuş, həmin qiymətləndirmə aktına əsasən dəymiş zərərə görə "xxxx" MMC-nin sahibi olduğu “Hyundai” minik markalı, 90JM809 qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən “Hyundai Sonata” minik markalı, 90PD409 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə 593 manat məbləğində, “Mercedes Benz C220” minik markalı, 99EG469 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə isə 267 manat məbləğində ödəniş edilmiş, daha sonra isə “İcbari sığortalar haqqında” Qanunun 56.1.2.-ci maddəsinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləğləri 5000 manat miqdarında müəyyən edildiyindən "xxxx" ASC İddiaçı ASC-yə müraciət edərək, 4140 manat (593+267=860, 5000-860=4140) məbləğində pulun ödənilməsini təklif etmiş, sonuncu isə “X7 Azerbaijan” MMC-nin tərtib etdiyi avtomobilə dəymiş zərərlə bağlı qiymətləndirmə aktı ilə razılaşmadığı üçün bu təklifi qəbul etməmişdir. 19 yanvar 2023-cü il tarixli 9/8725 nömrəli ekspert rəyinə əsasən “Mitsubishi Outlander” minik markalı, 99AK135 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin 13200 manat təşkil etdiyini nəzərə alan məhkəmə hesab edir ki, "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Qanuna əsasən ödəməli olduğu 4140 manat sonuncudan alınaraq İddiaçı ASC-yə ödənilməli, qalan 9060 manat (13200-4140=9060 manat) məbləğində pul isə digər cavabdeh avtonəqliyyat hadisəsini törədən “Hyundai” minik markalı, 90JM809 qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-yə münasibətdə iddia rədd edilməlidir, belə ki, iddiaçı ərizəsində avtonəqliyyat hadisəsini törədən şəxs X2 Cavabdeh2 MMC-də işlədiyini bildirsə də, məhkəməyə qeyd edilənlərlə bağlı heç bir sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 9060 manat, digər cavabdeh "xxxx" ASC-dən 4140 manat məbləğində pul, həmçinin hüquqi yardım üçün ödənilmiş 160 manat və 30 manat məbləğində pul hər iki cavabdehdən müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində pul cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-dən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 9060 manat, cavabdeh "xxxx" ASC-dən 4140 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-dən hüquqi yardım üçün ödənilmiş 160 manat və 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilsin. İddia Cavabdeh2 MMC-yə münasibətdə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində pul cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-dən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-19/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-19/2023
02.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver