Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-19/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh TOO “EQER” şirkətinə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: avansın qaytarılması; xarici elementli mübahisə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh TOO «EQER» şirkətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (alıcı) ilə TOO «EQER» şirkəti (satıcı) arasında 5/19 saylı xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 4 saylı xx.xx.2019-cu il tarixli spesifikasiyada (əlavədə) təqdim ediləcək malın adı, sayı, çəkisi, qiyməti, göndərilmə-çatdırılma şərtləri, çatdırılma müddəti, ödəniş şərtləri göstərilmişdir.
2. Həmin müqavilə üzrə tərtib edilmiş 4 nömrəli invoysa əsasən TOO «EQER» şirkəti tərəfindən ümumi dəyəri 179520 ABŞ dolları təşkil edən mal (1 tonun qiyməti 660 ABŞ dolları olan ümumi çəkisi 272 ton qarabaşaq (qreçka) yarması) V-Trade MMC-yə təqdim edilməli idi.
3. xx.xx.2019-cu il tarixli Paşa Bank ASC-nin ştampı ilə təsdiq edilmiş swift göndərməsi ilə təsdiq edilir ki, V-Trade MMC tərəfindən TOO «EQER» şirkətinin (SBERBANK, Moskva) hesabına 86670 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.
4. 18.11.2019-cu il tarixli gömrük bəyannaməsi və bəyannamənin qoşma vərəqinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) TOO «EQER» şirkəti tərəfindən malı qəbul edən (idxalatçı) V-Trade MMC-yə (İddiaçı MMC) ünvanlanmış ümumi invoys dəyəri 44880 ABŞ dolları olan qarabaşaq (qreçka) yarması AR-in gömrük sərhədindən keçirilərək “V- Trade MMC-nin adına rəsmiləşdirilmişdir.
5. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı MMC "xxxx" MMC və "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və onların hüquqi varisidir.
6. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 000SWİ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (5/19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən mallara görə ödənilmiş pulun qaytarılması ilə bağlı) İddiaçı MMC-nin hesabına 4.982.68 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.
7. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 000SWİ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (5/19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən mallara görə ödənilmiş pulun qaytarılması ilə bağlı) İddiaçı MMC-nin hesabına 5000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.
8. xx.xx.2021—xx.xx.2022-ci il tarixləri arası dövrü əhatə edən xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən TOO «EQER» şirkətinin İddiaçı MMC-yə 5/19 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixə borcu 40.158,27 ABŞ dolları olmuş, xx.xx.2021 və xx.xx.2022-c il tarixlərində TOO «EQER» şirkəti tərəfindən həmin borcdan cəmi 10.000 manat ödəniş edilmiş, xx.xx.2022-ci il tarixdə TOO «EQER» şirkətinin borcuna xx.xx.2021-ci il tarixli məhkəmə qərarı üzrə 6398 manat borc əlavə edilmiş, xx.xx.2022-ci il tarixinə borc məbləği 36.556,27 ABŞ dolları təşkil etmişdir. Üzləşmə aktı tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. TOO «EQER» şirkətinin İddiaçı MMC-yə müraciət edərək, 5/19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək aparılmış üzləşmə aktına istinad edərək iddiaçıya cəmi 36.556,27 ABŞ dolları borcunun olduğunu qəbul (təsdiq) edirlər və həmin borcu xx.xx.2022-ci ilədək ödəyəcəyini bildirirlər. Müraciət TOO «EQER» şirkətinin möhürü və direktorunun imzası ilə təsdiq edilmişdir.
İİ.MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
10. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh TOO «EQER» şirkətindən 40.158,27 ABŞ dolları məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh ТОО «EQER» şirkəti arasında bağlanmış 5/19 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən ТОО «EQER» şirkətinə 86670 ABŞ dolları məbləğində pul ödənilmişdir (köçürülmüşdür). ТОО «EQER» şirkəti isə həmin ödənilən pulun qarşılığında İddiaçı MMC-yə cəmi 44880 ABŞ dolları məbləğində mal göndərmiş, 4.817,33 ABŞ dolları məbləğində pulu isə geri qaytarmışdır. Həmçinin ТОО «EQER» şirkəti tərəfindən göndərilən mallarda çatışmamazlıq aşkar olunmuşdur. İşdə olan ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən ТОО «EQER» şirkətinə 86670 ABŞ dolları məbləğində pul ödənilmişdir (köçürülmüşdür). İşdə olan gömrük bəyannaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ТОО «EQER» şirkəti tərəfindən İddiaçı MMC-yə 44880 ABŞ dolları dəyərində mal göndərilmişdir. Belə ki, ТОО «EQER» şirkətinin İddiaçı MMC-yə cəmi 40.158,27 ABŞ dolları məbləğində borcu qalmaqdadır. Bildirirlər ki, İddiaçı MMC ilə ТОО «EQER» şirkəti arasında bağlanmış 5/19 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 8-ci bəndində göstərilmişdir ki, bu müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələr, danışıqlar yolu ilə həll oluna bilmədikdə, aidiyyatı üzrə Azərbaycan Respublikasının məhkəməsinə verilir. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh ТОО «EQER»”şirkətinin ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh ТОО «EQER» şirkəti tərəfindən pretenziya (xəbərdarlıq) məktubu qəbul edilsə də, bu günədək İddiaçı MMC-yə heç bir məbləğ ödənilməmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdeh ТОО «EQER» şirkətinin ünvanına FedEx Express şirkəti vasitəsilə, mediasiya prosesinə təklif məktubu göndərilmişdir. Qeyd edilən sənəd xx.xx.2021-ci il tarixində “Nurmagambeto” tərəfindən qəbul edilsə də, bu günədək heç bir razılıq əldə olunmamışdır. ТОО «EQER» şirkəti ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən email (Elektron ünvan 1 ; Elektron ünvan 2) və poçt (FedEx) vasitəsi ilə məlumatlandırılmışdır.
12. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh ТОО «EQER»şirkətindən əsas borc məbləği üzrə 30.158,27 ABŞ dolları, cərimə məbləği üzrə 6398 ABŞ dolları olmaqla ümumilikdə 36.556,27 ABŞ dolları məbləğində pul vəsaitinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2019-cu il tarixə iddiaçıya olan borcu 40.158,27 ABŞ dolları təşkil etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə 5000 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları geri ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya qalıq borc məbləği üzrə 30.158,27 ABŞ dolları, cərimə məbləği üzrə 6.398 ABŞ dolları olmaqla ümumilikdə 36.556,27 ABŞ dolları ödənilməmiş borcu mövcuddur. Qeyd olunan xüsusatlar cavabdeh tərəfində təqdim etdiyi sənədlərdə də təsdiq və etiraf olunmuşdur.
14. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60-cı, AR Mülki Məcəlləsinin 385.1, 425.1, 445.1, 445.2.1 və 448.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
15. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin həcminin azaldılması barədə ərizədə göstərilənlərlə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
18. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
19. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
20. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV.TƏTBİQ EDİLƏN HÜQUQ
21. AR Mülki Məcəlləsinin: - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. - 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
22. AR MPM-in: - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; - 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. - 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.
23. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
24. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə hesab edir ki, iddia qismən edilməlidir.
26. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
27. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi İddiaçı MMC ilə Qazaxıstan Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan ТОО «EQER» şirkəti arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gələn tələbdir. Həmin müqavilədə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olması barədə razılaşmışlar. Bununla yanaşı iş üzrə iddiaçı Azərbaycan Respublikasının qanunlarına əsasən qeydiyyatdan keçmiş və AR-də fəaliyyət göstərən hüquqi şəxs İddiaçı MMC-dir. Bundan əlavə cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə mallar DAP Abşeron şərti ilə AR-ə göndərilərək iddiaçıya çatdırılmış, yəni müqavilə üzrə öhdəliklərin bir hissəsi AR-də icra edilmişdir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.
29. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
30. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində tərəflərin müqavilədən irəli gələn mübahisələrinə tətbiq edilməli hüquq barədə razılaşması aydın şəkildə ifadə edilmişdir. Belə ki, müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq həll edilməsi nəzərdə tutulmuşdur. Odur ki, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.
31. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh TOO “ EQER” arasında 5/19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC tərəfindən TOO “EQER” şirkətinə 86.670 ABŞ dolları məbləğində pul ödənilmiş, TOO “ EQER” şirkəti isə İddiaçı MMC-yə cəmi 44.880 ABŞ dolları məbləğində mal göndərmiş və 10.000 ABŞ dolları məbləğində avans məbləğini isə geri qaytarmışdır. Bundan sonra xx.xx.2022-cü il tarixli üzləşmə aktı ilə tərəflər qaytarılmamış avans məbləğinin 30.158,27 ABŞ dolları olmasını təsdiq etmişlər.
32. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı tərəfində cavabdehə ödənilmiş 30.158,27 ABŞ dolları məbləğində avans məbləğinin qarşılığında iddiaçıya mal təqdim edilməmiş, eləcə də həmin avans məbləği cavabdeh tərəfindən qaytarılmamışdır.
33. Odur ki, İddiaçı MMC Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən 5/19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödədiyi 30.158,27 ABŞ dolları məbləğində avansın qaytarılmasını tələb etməkdə haqlıdır.
34. Bundan əlavə iddiaçı 5/19 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borcu qaytarmadığına görə ТОО «EQER» şirkətinə hesablanmış 6.398 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
35. Məhkəmə hesab edir ki, iddia tərəfindən ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən malların təqdim edilməsinin gecikrilməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə malların göndərilməsi öhdəliyinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.
36. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1500 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
37. Cavabdehin borcların qarşılıqlı üzləşdirilməsi aktını imzalamaqla 6.398 ABŞ dolları məbləğində dəbbə pulu borcunu təsdiq etməsi barədə iddiaçının nümayəndəsinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, üzləşmə aktı ilə cavabdeh iddiaçıya 6.398 ABŞ dolları məbləğində borcunun olmasını təsdiq etsə də, həmin aktda əks olunmuş borcun müqavilə üzrə hesablanmış dəbbə pulu olması müəyyən edilmir, əksinə aktda həmin borcun əsası kimi xx.xx.2021-ci il tarixli məhkəmə qərarına istinad edilmişdir.
38. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
39. İddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
40. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 276,44 manat təşkil edir.
41. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
42. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
43. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh TOO “EQER” şirkətindən 30.158,27 ABŞ dolları məbləğində borc və 1500 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 31.658,27 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, mediasiya xərclərinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin.. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva