Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1901/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 15040,13 manat məbləğində əsas kredit borcu, 756,89 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 132,65 manat məbləğində penya olmaqla, cəmi 15929,67 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 137,79 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1090***-*******01L saylı Kredit limiti müqaviləsinə əsasən cavabdeh "xxxx" MMCyə 120 ay müddətinə illik 30%-dən çox olmamaq şərti ilə 300000 manat məbləğində kredit limit iayrılmışdır. xx.xx.2021-ci il tarixli 1090***-*******01L saylı əsas kredit limiti razılaşması çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma ilə Cavabdeh3 MMCyə illik 16 % dərəcəsi ilə haqq ödəmək şərti ilə 60000 (altmış min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi 1FİZAM110085202 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh4, 1FİZAM114259601 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 və 1FİZAM158217901 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə cavabdeh Qanuni nümayəndə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlərdir. Lakin, kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 15040,13 manat məbləğində əsas kredit borcu, 756,89 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 132,65 manat məbləğində penya olmaqla, cəmi 15929,67 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Ağamirov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2024-cü il tarixində olmuşdur.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.
5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin:
7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. İddiaçı və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1090***- *******01L saylı kredit limiti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə illik 30%dən çox olmamaq şərti ilə 300000 manat məbləğində kredit limiti ayrılmışdır.
13. İddiaçı və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma ilə Cavabdeh3 MMC-yə illik 16 % dərəcəsi ilə, 36 ay müddətinə 60000 (altmış min) manat məbləğində kredit verilmişdir.
14. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 1FİZAM110085202 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə görə zamin xx.xx.2021-ci il tarixli 1090***-*******01L saylı kredit limiti müqaviləsi və xx.xx.2022-ci il tarixli razılaşma üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
15. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 1FİZAM114259601 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə görə zamin xx.xx.2021-ci il tarixli 1090***-*******01L saylı kredit limiti müqaviləsi və xx.xx.2022-ci il tarixli razılaşma üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
16. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış 1FİZAM158217901 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə görə zamin xx.xx.2021-ci il tarixli 1090***-*******01L saylı kredit limiti müqaviləsi və xx.xx.2022-ci il tarixli razılaşma üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
17. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli razılaşma üzrə xx.xx.2024-cü il tarixə olan əsas borc 15040,13 manat, faiz borcu 756,89 manat, cərimə borcu 132,65 manat olmaqla, ümumilikdə borcu 15929,67 manat təşkil edir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmadan irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
22. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 15040,13 manat məbləğində əsas bоrc, 756,89 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən (əsas borclu və zaminlər) tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
23. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 132,65 manat dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənişlərin gecikdirilməsi faktı iş materialları öz təsdiqini tapdığı üçün iddia tələbi bu hissədə də təmin edilməlidir.
26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2022-ci il tarixli razılaşma üzrə 15040,13 manat əsas bоrc, 756,89 manat faiz borcu, 132,65 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 137,79 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 birgə (müştərək) qaydada 15040,13 manat əsas borc, 756,89 manat faiz borcu, 132,65 manat dəbbə pulu, 137,79 manat dövlət rüsumu, ümumilikdə 16067,46 (on altı min altmış yeddi manat qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova